Parlament seçkiləri kimləri sevindirə bilər?
Rauf Arifoğlu bəxtini bir daha sınayacaq.
Bu il ölkəmizdə baş tutacaq növbəti parlament seçkiləri əvvəlki seçkilərdən kəskin fərqlənəcək. Əvvəla, ölkə iqtidarı bir sıra susqun deputatları himayə etməkdən çəkiləcək. Digər tərəfdən, Beynəlxalq aləmdən artan təzyiqlər şübhəsiz ki, nəzərə alınacaq. Əlbəttə, əsas rolu mütləq seçici fəallığı və onların rəyi oynayacaq. Bu dəfə seçicilərin aktiv olacağı inandırıcı görünməsə də, namizədlərin ehtimal olunan çoxluğu, proqnozlaşdırılan gərgin mübarizə seçici fəallığına təsirsiz ötüşməyəcək. Görünən odur ki, payızda keçiriləcək parlament seçkiləri gərgin keçəcək və hazırkı deputatların əksəriyyəti növbəti dəfə mandat əld edə bilməyəcək.
Xüsusilə, YAP-ın öz siyahısında kəskin dəyişiklik edəcəyi gözlənilir. Belə ki, 2 saylı Şərur seçki dairəsindən millət vəkili seçilmiş, hazırda AMEA-nın vitse prezidenti akademik İsa Həbibbəylinin öz namizədliyini bir daha irəli sürməyəcəyi gözlənilir. Səbəb kimi isə, akademikin öz vaxtını elmi problemlərə sərf etmək istəməsi qeyd edilib. Böyük ehtimalla 6 saylı Culfa-Babək seçki dairəsindən mandat qazanmış akademik İsmayıl Hacıyev də parlamentdən kənarda qalacaq.
10 saylı Binəqədi seçki dairəsindən artıq bir neçə çağırış Milli Məclisin deputatı seçilmiş “lal” deputatlardan Madər Musayev dirəniş göstərsə də, seçiciləri ondan üz döndərəcək. Seçiciləri Hacı Madərin millət vəkili mandatından daha çox özü və qohumlarının problemlərinin həlli üçün istifadə etməsindən narazıdır.
Binəqədinin digər bir deputatı-Rafael Cəbrayılovun da mili məclisdəki yerini itirəcəyi müzakirə mövzusuna çevrilib.
Qaradağ rayonu bu il keçiriləcək seçkilərdə hər iki deputatını dəyişməyə çox yaxındır.
Xəzər rayonundan yalnız ölkənin birinci xanımı Mehriban Əliyeva öz mandatını saxlaya biləcək.
Yasamal rayonu birinci seçki dairəsindən parlamentə “vəsiqə” almış jurnalist Etibar Hüseynov üçün il çox ağır keçəcək. Milli Məclisdə bir çox qalmaqalları ilə yadda qalan həmkarımızın növbəti cəhdi uğursuz alınacaq.
Akademik Abel Məhərrəmovun da bir daha millət vəkili olmayacağı söylənilir. Belə ki, bu dəfə deputat seçiləcəyi təqdirdə BDU-nun rektorluğundan imtina etməli olacaq.
Millət vəkili kimi bir o qədər fəal görünməsə də, Ülvi Quliyevin növbəti dəfə deputat seçilmə şansı yüksək qiymətləndirilir.
Kommunist babanın müsavatçı (sabiq-N.S) nəvəsi Rasim Musabəyov da yola salınacaq. Belə ki, iqtidar real elektorata malik siyasətçilərə daha çox “stavka” edəcək. Sabiq müsavatçının isə müxalifətlə rəqabət apara biləcək gücə malik olmadığı aydın görünür.
20 saylı Nərimanov seçki dairəsindən deputat olan Adil Əliyevin bu dəfə də rəqib tanımayacağı görünəndir. Çünki seçiciləri A.Əliyevin fəaliyyətindən ağızdolusu razılıq etməklə, növbəti dəfə onu Milli Məclisdə görmək istədiklərini gizlətmirlər.
21 saylı Nəsimi birinci dairəsindən parlamentə yolu açılmış Aytən Mustafayevanın durumu çətin görünür. Çətin ki, həmin yolda bir daha yaşıl “işıq” yansın.
Nəsimi rayonunun digər deputatı Asim Mollazadənin isə, əksinə yolu bu dəfə açıq olacaq.
Nəsimi və Səbail rayonuna deputatlıq edən Ziyad Səmədzadəyə növbəti beş ilini nəvələrinə həsr etmək tövsiyyə olunacaq.
Nizami rayonundan deputat seçilmiş ARDNŞ prezidenti Rövnəq Abdullayev də növbəti seçkilərdən sonra parlamentə yalnız qonaq qismində dəvət olunacaq.
Zamanını Babəklə “qılınc oynatmağa” daha çox sərf edən Fazil Mustafanın növbəti dəfə mandat qazanacağı inanıdrıcı deyil.
Sabunçu rayonunun digər deputatı Qalib Salamzadənin qalmaqallı çıxışları böyük ehtimalla onun parlementə gedən yolunu bağlayıb.
28 saylı Sabunçu dairəsindən mandat qazanmış Kooperasiya Universitetinin rektoru Eldar Quliyevə də beş il parlementdən kənar “gəzmək” məsləhət bilinəcək.
Səbail rayonunda Fuad Muradov öz yerini qoruyub saxlaya biləcək.
31 saylı Suraxanı dairəsindən millət vəkili seçilmiş Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin öz missiyasını bitirdiyi ehtimal edilir. Çox güman ki, həmin seçki dairəsindən digər müxalifətçiyə yol açılacaq. F.Quliyevin radikal müxalifətə kifayət qədər loyal münasibəti diqqətdən yayınmayıb.
Suraxanının digər seçki dairəsindən mandat qazanmış Azərbaycan İdman Akademiyasının rektoru Ağacan Əbiyevin də bu seçkidə parlamentə düşə bilməyəcəyi barədə məlumat öözünü doğruldacaq. Ümumiyyətlə, universitet rektorları növbəti parlamentdə təmsil olunmayacaqlar. Vəzifələrindən imtina edənlərin müəyyən qədər şanslarını qoruya biləcəkləri müzakirə mövzusudur.
Xətai rayonundan növbəti dəfə parlamentə getmək istəyən Hüseynbala Mirələmovun arzusu gerçəkləşəcək. Həmin rayondan Gülər Əhmədovanın boş qalmış yerinə namizəd kimi APA informasiya agentliyinin rəhbəri Vüsalə Mahirqızının adı qeyd edilir.
“Atalar üçdən deyib” məsəli bu dəfə Ümid Partiyasının sədri İqbal Ağazadəyə şamil edilcək.Birdəfə yarımçıq, iki dəfə isə tam deputatlıq səlahiyyətlərini icra edə bilmiş İ.Ağazadəyə seçiciləri tərəfindən dəstək verilməyəcək. Son zamanlar Xətai rayonunda ağacların kəsilməsinə etiraz etməklə seçicilərin rəğbətini qazanmaq istəyi uğurlu alınmayan Ümid partiyasının sədri əvvəlki illərdəkitək ümidli görünmür. Partiyasında ard-arda başvermiş istefalar da onun siyasi durumuna təsirsiz ötüşməyib. Qarabağ seçki blokunda təmsil olunan digər partiyanın –ADP–nin sədri Sərdar Cəlaloğlunun parlamentdə təmsil olunmaq şansı daha yüksəkdir.
Səməd Seyidovun öz yerini qoruyub saxlaya biləcəyi şübhəsizdir. Onun Avropa Parlament Assambleyasındakı fəaliyyəti diqqətəlayiqdir. İqtidar partiyası onun növbəti dəfə uğur qazanması üçün lazım olan dəstəyi əsirgəməyəcək.
Baş nazirin sabiq müavini Abbas Abbasovun oğlu Aydının namizədliyini irəli sürüməyəcəyi barədə məlumatlar çox güman ki, gerçəkləşəcək. Gəncənin digər deputatları-Asəf Hacıyev və Xanlar Fətiyev növbəti 5 ildə də Milli Məclisdəki “kreslo”larını əldn verməyəcəklər.
Sumqayıtda ciddi dəyişikliklər gözləniləndir. Aldığımız informasiyalara görə həmin şəhəri Milli Məclisdə yeni deputatlar təmsil edəcək. Həmin sırada KXCP sədri Mirmahmud Mirəlioğlunun da adı çəkilir.
Abşeron rayonunu bu dəfə parlamentdə sürpriz isim təmsil edəcək.
Şirvan şəhərinin Milli Məclisdəki nümayəndəsi dəyişməz qalacaq. Azay Quliyevin öz yerini itirməyəcəyi yəqindir.
Aydın Mirzəzadə 2015-ci ildə də mingəçevirlilərin dəstəyini qazanacaq.
Qubalı deputatların seçildikləri ərazidə reytinqləri hələ də yüksək olaraq qalır. Vahid Əhmədov və Yevda Abramov iddialı görünürlər.
Sabirabadlıların bu dəfə Ceyhun Osmanlıya etimad göstərməyəcəklərini təxmin etmək bir o qədər çətin deyil.
Fərhad Qəribov, Əliağa Hüseynov, Fəzail Ağamalı Milli Məclisdə növbəti dəfə təmsil olunmaya bilərlər. Əksinə, Zeynəb Xanlarova, Cəlal Əliyev, Əhliman Əmiraslanov, İlyas İsmayılov öz istəkləri ilə seçkidən kənarda qalacaqlar.
Rəbiyyət Aslanova isə balakənlilərin etimadını itirmiş kimi görünür. Onun iş adamı İlham Rəhimovla ailə qurması və həmin izdivacın az bir zamanda pozulması deputatın nüfuzuna təsirsiz ötüşməyib. Təbii ki, deputat xanımın oğlu Elnur Aslanovun adının Fətullah Xocayla birgə hallanması da ciddi rezonans doğurub.
Qənirə Paşayevanın mandat qazanacağı şübhə doğursa da, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərova qəbələlilər növbəti dəfə böyük etimad göstərəcək.
Əli Məsimlinin beş illik fəaliyyəti yüksək qiymətləndirilsə də, onun parlametndə yenidən təmsil olunması seçki marafonundakı zəhmətindən asılıdır.
Parlament seçkilərinə xeyli müddət qalsa da, görünən odur ki, iqtidar və müxalifət partiyaları artıq seçki müzakirələrinə start veriblər.
Müxalifətin bəzi nümayənədləri hətta iqtidar yetkililəriylə gizli danışıqlara da nail olabilmiş kimi görünürlər. Bu sırada “Yeni Müsavat”ın baş yazarı Rauf Arifoğlunun adı xüsusi olaraq vurğulanır. Artıq onun rəhbərlik etdiyi qəzet parlament seçkiləri barədə iqtidar-müxalifət razılaşmasından söhbət açmağa başlayıb. Guya, YAP paramentdəki yerləri 70-in 30-a nisbətiylə bölməyə razılıq verib.
Müxalifətin bir sıra tanınmışı R.Arifoğlunun iqtidarın bir “qanadı”yla razılığa gəldiyini və “Yeni Müsavat”ın digər iqtidar nümayəndələrini yetərincə “vurması” əzəzində baş yazarın mandat əldə edə biləcəyi barədə məlumat yaymağa başlayıb. R.Arifoğlunun AXCP sədri Əli Kərimli ilə barışığa can atması da müzakirə mövzusudur. Söylənilənə görə “Yeni Musvat”ın baş yazarı namizədliyini irəli sürəcəyi dairədən “Milli Şura”nın nüfuzlu nümayəndələrindən birini ona alternativ çıxaracağından ehtiyatlanır.
AXCP sədri də iqtidarla razılaşmaya hazır kimi görünür. Böyük ehtimalla “Milli Şura”ya 3 mandat veriləcək ki, həmin mandatlara Ə.Kərimli, C.Həsənli və E.Quliyev sahib çıxacaq.
Müsavatın yeni başqanı Arif Hacılının da “mükafat”landırılacağı söylənilir. Belə ki, ölkə iqtidarının uzun illər zəiflətmək istədiyi Müsavatı A.Hacılı bir neçə ay müddətində kiçik özəyə çevirə bilib.
Mövzuya qayıdacağıq.
Nicat Sadiq