Masazırın “işıq”ları.

0
10

Masazırın “işıq”ları.

Hərdən öz-özümə fikirləşirəm. Doğrusu, düşünəndə də mütəfəkkir kimi əlimin arxasını çənəmə dəstək verib, dizimi dirsəyimə söykəyir və bu vaxt oturduğum yerdəcə kim tərəfindən yonulduğunu bilmədiyim bu heykəllə özüm arasında bağ qurmağa çalışıram. Doğrusu, axşam vaxtları, xüsusən uzun qış gecələrində digər generator almağa imkanı olmayan masazırlılar kimi mənim də düşünməkdən başqa işim olmur. Çünki indiki zəmanədə qonum-qonşu münasibətlərinin sıfırlandığı, insanların nəinki çəpərlərinin o tərəfində yaşayan həmcinsləri, hətta qohum-əqrəbaları ilə yadlaşaraq get-gəli kəsdiyi bir zamanda və texnologiyanın sürətlə həyatımızın hər anına nüfuz edərək bizi assosial fərdlərə çevirdiyi dönəmdə başqa ne edə bilərik ki? Deyə bilərsiniz, texnoloji oyuncaqlarınızla başınızı qatın. Mənim də dodağım qaçar, qəhqəhə ilə olmasa da, astaca gülərəm. Niyəsini də soruşacaq olsanız, belə deyərəm: İşığın olmadığı yerdə hansı texnoloji vasitələrlə başımızı qataq biz binəvalar? Elə düşünməyin ki, Masazır Hindistanın hələ də elektrikdən xəbəri olmayan ucqar yerlərindən biridir. Əsla elə deyil! Masazır neft və milyonlar səltənəti, Avropa enerji təhlükəsizliyinin qarantlarından biri, zəngin Azərbaycanımızın paytaxtı Bakının ən yaxın yaşayış məntəqəsidir. Elə düşünməyin ki, bizim buralarda yerli-dibli elektrik xətləri filan da yoxdur. Xeyir az da olsa, alayarımçıq da olsa bütün infrastruktur da var bizim burada. Amma nə edək ki, Abşeron enerji şirkətində çalışan məmurlar bizi qaranlıqda qoymaqdan xoşlanırlar. Başa düşə bilmirəm onlar ya gecə vaxtları buralarda biriləri ilə gizlənpaç oynayırlar, ona görə də elektrikləri kəsirlər ki, onları tapan olmasın, ya da bizi sevdiklərindən qaranlıqda qoyurlar ki, küflətcə bir otağa, lampa işığına toplanıb daha da mehriban olaq. Amma bu səbəblərin heç biri deyil, bəs onda səbəb nədir? Elektriklər kəsiləndə nə vaxt qəza xidmətinə zəng vursan deyirlər ki, naqillər qırılıb, ya da bilmirəm hansısa tərəfdə transformator partlayıb, yəni, bir sözlə, Avropa Olimpiya oyunlarını qəbul etməyə hazırlaşan Bakımızını beş addımlığındakı masazırda belə bəhanələrlə sakinlərin başını belə aldadırlar. Bir anlıq düşünək ki, qəza xidmətində telefona baxan xanım doğru söyləyir. Doğurdan da hər gün və ya günaşırı hardasa ya xətt qırılır, ya da transformator partlayır. Yaxşı, bəs bu enerji idarəsi əhalinin artım tempinə uyğun olaraq planlı şəkildə transformatorları sıxlaşdıra, xəttləri daha yüksək gərginliyə davamlı naqillərlə əvəzləyə bilmirmi ki, qəzalar biz sakinləri canımızdan bezdirməsin? Əlbəttə ki, istəsələr eləyərlər, amma eləmirlər. Görəsən niyə? Bu sualın cavabını yay uzunu elektrik kəsilmələrini qışa hazırlıq aparmaları, qış uzunu da gərginliyə dözməyən xətt və transformatorlara bağlayan məmurlar tərəfindən nə vaxtsa cavablandırılacağını ümid edirik.

Axı biz də insanıq və insan kimi dünya nemətlərindən, o cümlədən də elektrikdən istifadə etməyə haqqımız var. Yoxsa elə deyil? İşıq pulu yığarkən gecikdirməsi olanların xəttini ayıraraq ödəmələrdə Avropa standartlarını yaxalamaq istədiklərindən ağızdolusu bəhs edən məmurlar, elektrik verərkən Afrika standartları ilə verməyə utanmırlarmı? Biz binəva masazırlıların dərdi sadəcə elektriklə də bitmir. Yollarımıza yol deməyə min şahid gərək, hələ yarıya qədər çəkilmiş, o çəkilən bölümləri belə istifadəyə verilməmiş su xəttlərini demirəm. Bu kəndə hansı səbəbdən belə ögey münasibət göstərildiyini ha fikirləşirəmsə də, tapa bilmirəm. Elə bu haqda düşünərkən mütəfəkkir heykəli kimi oturub düşünməyimin əsas səbəbi o deyilmi? Deyirəm bəlkə mütəfəkkirə oxşada bilsəm, Mendeleyevin yuxusunda məşhur cədvəlini gördüyü kimi mənə də bir anlıq dahilik gələ və bu suuallarıma cavab tapam. Amma kor talenin işindəndir nədir, illərdir ki, sosial qayğılarımızla bağlı öz özümə verdiyim sualların bircəciyinə belə cavab tapa bilməmişəm. Tək cavab tapdığım şey odur ki, bu suallarımın ünvanı dəyişik düşüb. Onları cavablandırmağa əsla qadir olmayan mən deyil, əlaqədar təşkilatların rəhbərləri cavab verməlidirlər. Amma cavab da baxır kimin soruşacağına, yəni yuxarılardan biri gəlib soruşsa anında və doğru cavab verəcəklər, yox mənim kimi bir sıravi vətəndaş soruşsa…
2008- ci ildə baş verən bir hadisəni xatırlayıram. Altı gün idi ki, bizim küçəni elektriklə təmin edən transformatorun partlamasına baxmayaraq bir Allah bəndəsi gəlib maraqlanmırdı. Sadəcə Abşeron elektrik şirkətinin qəza xidmətinə deyil, rayon icra hakimiyyətinə qədər hər yerə zəng vurub şikayət etmişdim. Amma kimsə fevralın soyuğunda çarəsiz qalan bizlərin dərdi ilə maraqlanmaq istəmirdi. Əlacsız qalıb baş prokurorluğun qaynar xəttinə zəng etdim. Zəngimdən sadəcə iki saat sonra yeni transformator qoyulmuş və üç saatlıq qızma müddətindən sonra elektrik veriləcəyi bildirilmişdi. Elə də oldu. İndi biz nə edək? Hər elektrik kəsintisində baş prokurorluğamı zəng edək? Hər məmurun öz işini layiqincə görməsi daha yaxşı olmazmı? Belə olsa sadə vətəndaşlar da əziyyət çəkməz, kimsə də dövlət böyüklərindən narazı düşməz.

Nizami

LEAVE A REPLY