Keşlə bələdiyyəsində nə baş verir?
Bələdiyyəyə ayrılan maliyyə vəsaiti hara xərclənir?
Bakının Nizami rayonu ərazisində olan Keşlə qəsəbəsinə yeni bələdiyyə sədrinin seçiləcəyi gözlənilir. Bu barədə məlumatı “Millətim”ə qəsəbə sakinləri verib. Onların dediyinə görə, bu vəzifəyə keçmiş bələdiyyə sədri Ələmdar Vəfədarovun seçiləcəyi deyil, təyin olunacağı gözlənilir:
“Ona görə təyinat deyirik ki, artıq Ələmdar indidən özünü sədr kimi aparır. Təbrikləri qəbul edir, ətrafına müəyyən vədlər verir”.
Şikayətçilər Ələmdar Vəfədarovun keçmiş fəaliyyətilə bağlı maraqlı faktları açıqladılar:
“Hər il dövlət büdcəsindən sözügedən bələdiyyəyə 6 min manat datasiya ayrılır. Ancaq həmin vəsaitin necə və hara xərcləndiyi barədə müvafiq qurumlara heç bir hesabat verilməyib. Digər maraqlı məqam isə, 2011-ci ildən başlayaraq indiyə qədər ARDNŞ-ın Keşlə bələdiyyəsinə 100 min manat yardım göstərməsilə bağlıdır. Təkcə ötən il ərzində isə bu məbləğ 20 min manat olub. Hansıki, digər bələdiyyələrin belə bir şansı yoxdur. Bir belə yardımın müqabilində Keşlə bələdiyyəsi hansı işləri görüb?
Bir balaca yağış yağan kimi, Keşlədəki evlər su altinda qalır. Ələmdar Vəfədarovun gördüyü ən “böyük” işlərdən biri də qanunsuz tikilən evlərin layihəsinə dair çıxarışların hazırlanmasından ibarətdir. Bu işlər barəsində də heç bir hesabat verilməyib. Qanunvericiliyə görə, bələdiyyələr gördükləri bütün işlər barəsində yazılı hesabat verməlidir. Ən nəhayət adıçəkilən bələdiyyə “Veysəloğlu” və “Azərsun” şirkətlərindən ərzaq yardımı alır. Bu ərzaq da qəsəbədə ehtiyacı olan sakinlərə paylanmalıdır. Ancaq bələdiyyə tərəfindən belə addımın atıldığını görməmişik”.
Bütün bunların fonunda Ələmdar Vəfadarovun yenidən bələdiyyə sədri olmağa haqqı varmı?
Biz Keşlə bələdiyyəsilə bağlı deyilən faktar əsasında Bələdiyələrlə İş Üzrə Mərkəzə sorğu ünvanlamışıq. Verilən cavabla oxucuları tanış edəcəyik.
“Millətim” informasiya söbəsi