Paris terrorunun arxasında duran, islam düşmənləri!

0
7

Sevgi paytaxtına atılan nifrət toxumları…
Paris terrorunun arxasında duran, islam düşmənləri!

Son iki əsrdə özünü dünyaya, Avropanın eşq mərkəzi olaraq tanıdan Parisin bu imici artıq təhlükə qarşısındadır. Çünki bəzi qara qüvvələr sevgililər şəhərini qan və göz yaşına bulamaq üçün hərəkətə keçiblər desək, mübaliğə olmaz. Bəs, bu qara qüvvələri hərəkətə keçirən səbəb nədir? Onlar kimlərdir və yaxud əslində kimi təmsil edirlər? Nəhayət, niyə məhz Paris? Öncə bu suallarımıza cavab tapmağa çalışaq…

Bir neçə gün öncə Cəzair əsilli, fransız vətəndaşı Seyid və Şərif qardaşların Parisdə “Şarli Ebdo” jurnalinin redaksiyasında törətdiyi terror aksiyası və ardınca davam edən hərəkətli olaylarda üç terrorçudan başqa on yeddi nəfər həlak oldu. Bundan əlavə bir polis komissarı da terrorçuları zərərsizləşdirmə əməliyyatından sonra intihar etdi.
Doğrudur, bu intihar faktı hər nə qədər müəmmalı qalsa da, yerli medianın yazdığına görə həmin polis komissarı intihardan qısa müddət öncə satirik dərgiyə basqın zamanı həlak olanlardan birinin ailə üzvləri ilə görüşüb. Aralarında hansı mövzuda söhbətin keçdiyi açıqlanmasa da hadisənin məhz bu görüşdən sonra baş verdiyinə görə polisdə məhz bu məsələ ətrafında araşdırma aparır.
Ancaq biz bu gün nə satirik dərgi basqını, nə də bu basqını təşkil edən qardaşları qurtara bilmək üçün onlarla qovalamaca sonucunda mətbəədə sıxışdırıldıqları zamam supermarketə basqın edərək iyirmi nəfərə yaxın insanı əsir alan başqa bir terrorçu haqqında danışmayacağıq. Biz daha çox məsələyə geniş spektrdən baxmağa çalışaraq, bu terror faktının və ümumiyyətlə müsəlmanların Qərb dünyasında mümkün qədər vəhşi obrazında canlandıraraq onları portensial düşmən kimi dünyaya tanıtmaq və beləliklə də Avropadan sıxışdıraraq çıxarılmalarına, ayrıca Avropa xaricində yaşayanlara isə köməksiz buraxılmalarında maraqlı ola biləcək qüvvələrdən danışacağıq.
Bildiyimiz kimi ”Şarli Ebdo” jurnalına basqın edərək on iki nəfərin ölümünə səbəb olan terroristlər bu hərəkətlərini, İŞİD terror örgütünün liderinin həmin dərgidə çap olunan karikaturaları ilə izah etməyə çalışırdılar. Amma istənilən karikaturaya görə insan öldürmək nəinki insanlığa sığmaz, hətta bu elementar əxlaqi dəyərlərə hörmət edən kimsə tərəfindən şübhəsiz ki, lənətlənəcək bir addımdır. O ki qaldı özlərini şəriətin gözətçisi adlandıran şəxslər ola.
Amma mənim düşüncəmə görə bu media orqanında kiminsə karikaturasının çıxması sadəcə bəhs edilən satirik dərginin hədəf taxtasına oturdulması üçün bəhanədən başqa bir şey olmayıb. Dərgi çalışanlarının öldürülməsi Fransanı cəzalandırmaq və fransızlara müsəlmanlara yardım etməyin mesajını vermək üçün atılmış bir addım idi. Sadəcə olaraq jurnalda bəhs etdiyimiz karikaturanın çap olunması hədəf olaraq onların seçilməsinə səbəb olmuşdur. Terror aksiyasının əsil səbəbi isə tamamən başqadır.
Bildiyimiz kimi son dönəmdə Avropa parlamentlərində Fələstini dövlət olaraq tanıma meyilləri var idi. Bu xüsusən Fransız parlamentində daha da irəli getmişdi. Belə ki, Fransa senatının hər iki palatası hökumətə tövsiyə qərarı alaraq Fələstinin müstəqilliyinin tanınması barədə müsbət rəy vermişdi. Tanıma prosedurunun başa çatması üçün sadəcə hökumətin bu yöndə qərar alması qalırdı ki, Fransız hökumətinin də bu məsələyə müsbət yöndən yanaşdığı bəlli idi. BMT Təhlükəsizlik Şurasında da Fələstin məsələsi müzakirə olunarkən Fransa səsini müsbət yöndə vermişdi. Ayrıca ingilis və isveç parlamentlərində də təxminən eyni məzmunlu qərarlar alınmışdı. Amma hələ bu dövlətlərdə, nə də digər Avropa dövlətlərində Fələstinin tanınması yönündə hökumətlər nəzdində ciddi bir girişim olmasa da artıq bu məsələnin hər kəsin gündəminə gələsi üçün demokratiyanın aparıcı ölkələrindən biri tərəfindən tanınması kifayət idi.
Parisdəki faciədən sonra ABŞ xüsusi xidmət orqanlarının çıxıb bütün Avropada bənzər aksiyalar ola biləcəyi barədə xəbərdarlıq etməsi əslində Fələstini tanımaq istəyən dövlətlərə xəbərdarlıqdan başqa bir şey deyildir.
Niyə məhz Fransa, niyə məhz Paris? Sadəcə bu sual üzərində düşünmək belə bizi cavabını tapa biləcəyimiz suallara doğru aparır. Birincisi Avropanın göbəyində nümayişkaranə şəkildə, avtomat silahlarla hansısa iş yerinə girib insanları öldürmək sadəcə o insanları öldürməklə qalmayıb, həm də digər hər kəsə təhlükəsiz olmadıqları mesajı verməkdir. Bundan əlavə ölkənin gizli servislərinə meydan oxumaq və baxın, istədiyiniz qədər çalışın, amma biz istədiyimiz yerdə istədiyimiz an ortaya çıxarıq deməkdir. Amma ən önəmlisi isə bu terrorçuların arxasında durub, onları dəstəkləyən dövlətlərin vermək istədiyi mesajdır ki, bu da yuxarıda qeyd etdiyimiz kimi müsəlmanlar vəhşidirlər və onlara nə maddi, nə mənəvi, nə də siyasi arenada dəstək verməyə dəyməz mesajıdır.
Yaxşı, indi başqa bir fikir üstündə baş sındırmağa çalışaq. Bu mesajı vermək indiki siyasi şəraitdə hansı dövlətlər üçün maraqlı ola bilər? Bu hadisələr tam da Fələstinin 66 illik mübarizədən və minlərcə günahsız müsəlmanın qanının axıdılmasından sonra Fələstin məsələsinə duyarsız qalmayan dünya ictimaiyyətinin gözü qarşısında, barış və sevginin paytaxtı olaraq anılan, ayrıca dünyanın ən çox turist qəbul edən şəhərlərindən biri olan parisdə törədilməsi bizi bu yöndə düşünməyə vadar edir. Terrorçular və onların arxasında duran dövlətlər bu yolla “bir daşla ən az iki quş” vurmuş oldular. Vəhşi müsəlman obrazı Avropaya və beləliklə sivil dünyaya yenidən xatırladıldı. Fransız nazirlər hər nə qədər də çıxıb media qarşısında terrorizmlə sonuna qədər mübarizə aparacaqlarını qeyd edir və bu zaman savaşlarının dinlə deyil, radikal elementlərlə olacağını bəyan edirlərsə də, artıq Avropaya müsəlmanların giriş- çıxış şərtlərinin daha da ağırlaşdırlacağı, səfirliklərə şifahi də olsa “viza şərtlərini ağırlaşdırın” təlimatlarının göndəriləcəyi gözləniləndir. Amma bütün bunlardan əlavə, Parisdəki bu terror aksiyaları nəticəsində islam dünyası əlinə düşmüş ən böyük fürsəti- Fələstin muxtariyyətinin 66 illik mübarizədən sonra müstəqil dövlət kimi tanınma fürsətini qaçırdı. İslam dininə qulluq edər kimi görünüb, bilərək və ya bilməyərək başqalarının köləsi olan cahil insanlar üzündən on minlərcə Fələstinli şəhidin qanı yerdə qaldı. Halbuki bir vaxt İsraillə bərabərhüquqlu əsaslarla yaradılmış bu muxtariyyət nəhayət dövlət kimi tanınmaq şansı əldə etmişdi.
Terrorçuların zərərsizləşdirilməsi əməliyatından sonra Parisdə respublika meydanında əlli dövlət və hökumət başçısının iştirakı ilə terrora qarşı birlik nümayişi keçirildi. Qeyd edək ki, həmin nümayişin təhlükəsizliyini təmin etmək üçün 90 min polis və min beş yüzdən artıq əsgər səfərbər edilmişdi. Sadəcə bu özlüyündə dərgi basqınının insanlarda yaratdığı qorxunun miqyasını göstərmək üçün yetərli faktdır. Biz müsəlmanlara lazımdırmı ki, hər kəs bizi gördüyü an özünü narahat hiss etsin?
Parisdə deyil, elə bizim vətənimizin bir çox bölgələrində də avropalıların “qara qarğa” adlandırdığı tipdən, yəni sadəcə gözləri görünən və digər hər yeri ayaqlarının ucuna qədər qara çadraya bürünmüş qadınlarla rastlaşıram. Nə yalan deyim onları görəndə ətim ürpəşir. Guya şəriətə uyğun geyinən bu şəriətdən bixəbərlər əslində dinimizə nə qədər böyük zərbə vurduqlarını bir bilsələr…Və ya götürək elə hər gün ara vermədən artıb törəyən vəhhabiləri. Görəsən, bu qısa şalvar, uzun saqqallı cənablar canla-başla xidmət etdikləri vəhhabi təriqətinin kim tərəfindən və hansı məqsədlə yaradıldığından bilirlərmi? Və ya onlar elə indi də bu təriqətin hələ XIX əsrdə onları Ərəbistan torpaqlarında türkləri oralardan qovub çıxatmaq üçün ingilis xüsusi xidmət orqanları tərəfindən yaradıldığından xəbərləri varmı? Mən bütün bunlardan sıravi və yaxud əmir komanda pilləsinin orta və aşağı qisimlərində yer alan insanların xəbərsiz olduqlarından adım kimi əminəm, yuxarı rütbəliləri isə deyə bilmərəm. İngilis xüsusi xidmət orqanlarının əlində oyuncaqq olan bu insanlar dinlərinə nə qədər zərbə vurduqlarının fərqində deyillər. Güman ki, bunun fərqində olsalar liderlərinin bəlağətli nitqlərini dinləyərək vaxtlarını itirmək istəməz, təriqət sıralarını tərk edib gedərlər.
Amma məsələ burasındadır ki, istər Amerikanın Əfqanıstanda ruslara qarşı döyüşmələri üçün yaradıb uzun müddət nəzarətlərində saxladıqları Əl Kaidə olsun, istər eyni məqsədlərlə və çox daha uzun illər öncə yaradılmış Vəhhabi təriqəti olsun, ya da ruslar tərəfindən Yaxın Şərqdə İran, Türkiyəni daim bataqlıqda saxlamaq üçün yaradılmış PKK və ya PJK olsun, ya da Əl Kaidənin qolu Əl Nüsra və ya İrana yaxınlığı ilə bilinən Hizbullah olsun. Bu terror təşkilatları içində Hizbullahdan başqa qalanlarının Qərbin imperialist dövlətləri tərəfindən yaradıldığı danılmaz faktdır. İndi də ortalığa çıxan bir İŞİD var ki, apardığı antiislam reklamı sayəsində özündən əvvəlki bütün terror təşkilatlarının cəminə yaxınlaşmış və hətta keçmişdir deyə bilərik. Bu terror təşkilatının sadəcə internetdə yayınladığı başkəsmə və digər vəhşiliklərinin video görüntüləri insanları bizim özümüzdən də , dinimizdən də soyutmağa yetərlidir. Ən pisi isə odur ki, bir insanın başını kəsərkən Allah nidaları ilə bu hərəkətləri edir, başkəsmədən öncə dualar oxuyurlar. Şəriəti tətbiq etmək istədiklərindən danışan bu binəvalar əsir aldıqları qadınları qul bazarında maddiyat qarşılığı sataraq onları insandan saymadıqlarını göstərməkdən çəkinmirlər. Halbuki İslam dinindən azacıq xəbəri olan biri İslama əsil zərbəni bu zavallı cahillərin vurduğunu bilməkdədir. Çünki, müqəddəs kitabımızda da qadının ailə və cəmmiyətdə nə qədər önəmli yer tutduğu göstərilməkdədir. Ayrıca “cənnət anaların ayaqları altındadır” deyimi də məhz islam toplumunun qadına verdiyi dəyərin nə qədər yüksək olduğunu göstərməyə yetərlidir.

Bəli, indi Qərbin yaradaraq yaxamıza ilişdirdiyi bu terrorçu təşkilatlar sayəsində müasir sivilizasiyadan kənarlaşdırılma qorxusu altındayıq. Artıq Paris hansısa gizli hesabları olan qruplar tərəfindən cəzalandırıldı. Amma ABŞ xüsusi xidmət orqanlarının açıqlamalarına baxarsaq, bu son olmaya və bənzər aksiyalar digər Avropa şəhərlərində də görülə bilər. Nə edək , Allah insanlığı cahillərdən və onlardan istifadə edən oyanıqlardan qorusun!
İndi də bir-iki kəlmə Paris hadisələrinin arxasında kimlərin dura biləcəyi barədə… Yazımızın ilk qismində satirik dərginin karikatura səbəbiylə qəza qurbanı ola biləcəyindən bəhs etmişdik. Bu əlbəttə ki, olağandır. Mənim düşüncələrimə görə terror aktının əsas səbəbkarı nə Əl Kaidə, nə də İŞİD-dir. Bu terror təşkilatları olsa-olsa maşa rolunu oynamaqdan uzağa gedə bilməzdilər. Çünki fotoqrafın tamamına baxsaq, daha başqa şeylər görərik ki, bunların içində də ən önəmlisi Fələstinin tanınmasının qarşısını almaq cəhdləridir. Fransada qarışıqlıq yaradaraq müsəlmanları insanlıqdan kənar varlıqlar olaraq göstərmək və beləliklə də ictimai rəyi də İslam dininin mənsublarına qarşı çevirməkdir. Son hədəf isə bəllidir. Bütün bunlardan və Avropada həyata keçiriləcəyi barədə fərziyələr irəli sürülən digər terror aksiyalarının ümumi hədəfi Avropa dövlətlərinin Fələstini tanımasının qarşısını almaqdır. Çünki həm İsrail, həm də Yəhudi lobbisinin böyük güc sahibi olduğu ABŞ müstəqil Fələstin dövlətini İsrailə təhdid olaraq görməkdədir. Fələstinin suverenliyinin 66 ildə tanınmamasının ən önəmli səbəbi də məhz bu deyilmi?

Zaur

LEAVE A REPLY