Turan Türk
Ollandsevər müxalifətimizə verilən dərs…
Elçibəy yolu ilə Parisə qədər getmək mümkündürmü?
Bu mövzuya bir daha toxunmaq məcburiyyətində qaldım. Əslində, Fransanın prezidenti Fransua Ollanda zaman ayırmaq mənim işim olmasa da, Türk oğlu Əhmədin təhqir edilməsinə göz yummaq xarakterimə, mövqeyimə milli ruhuma uyğun gəlmədiyindən susa bilməzdim.
Düzdür, Türk oğlu Əhməd dediyim Davudoğlunun təmsil olunduğu qardaş Türkiyə Cümhuriyyətinin iqtidarına bir o qədər rəğbət bəsləmirəm. Ancaq bu heç nəyi dəyişə bilməz. Əhmədin yerə düşən dırnağını min dənə Fransuaya dəyişmərəm. Nəinki Fransuadan, hətta Obamadan çox-çox dəyərlidir mənim üçün Əhməd.
Parisdə terror əleyhinə təşkil edilmiş milyonların yürüşünə Əhməd Davudoğlu da qatılmışdı. Yürüşün sonunda digər dövlətlərin rəsmilərini bağrına basan Fransa prezidenti, Türkiyənin baş nazirinə necə deyərlər can dərdi əl uzatdı. Buna qədər isə Davudoğlunun əli bir müddət havada “asılı” qalmışdı. Belə xoşagəlməz şəraiti məhz Fransua bilərəkdən yaratmışdı. Bunu aydın sezmək mümkün olduğundan, əlavə şərhə ehtiyac duymuram. Əhmədin də pərtliyi açıq-aşkar hiss olunurdu.Onun əvəzindən məndə sıxıldım, çünki Olland bütün Türk dünyasına sayğısızlıq nümayiş etdirdi. Özü də Əhmədin simasında. Bu həmin Ollanddır ki, sevgili ermənilərinə “soyqırım”ın 100 illiyini onlarla birgə İrəvanda qeyd etməyə söz verib. Yəni, Fransua bir daha erməni aşiqi olduğunu təsdiq edib. Biz isə hələ Fransuanın da təmsil olunduğu ATƏT–in Minsk Qrupuna ümidliyik. Guya, Minsk Qrupunda təmsil olan digərləri-Obamanın ABŞ-ı, Putinin Rusiyası dostumuzdur?
Mənim üçün ölkəmizin iqtidarı, müxalifəti fərq etməz. Millətimin övladları sayılırlar. Ancaq Ollanda, Obamaya və hətta Putinə olan münasibətləri kəskin fərqlənir. Məsələn, AXCP sədri Əli Kərimli Obamadan, Ollanddan nicat gözləyir. Həbsxana həyatı yaşamağa məhkum edilmiş bir çoxları isə hətta Ollanddan imdad diləməkdədirlər. Bu şər-böhtan deyil, hamımızın gözü qarşısında baş verənlərdir.
Nədənsə Azərbaycan-Fransa münasibətlərindən söhbət açılanda Dərviş Məstəli şahla, Müsyo Jordanı xatırlayıram. Çünki Müsyo Jordan Azərbaycana xeyirxah məqsədlə gəlibmiş. Ona da bir az şübhəm var. Ola bilər ki, o da Qarabağda kəşfiyyat işləri aparıb, erməniləri cənnətməkana necə yerləşdirməyin mümkünlüyü barədə Parisə məlumatı aparmaq istəyirmiş. Bircə orda bəxtimiz gətirir ki, Paris “partlayır”, yəni inqilab baş verir. Yəqin ki, devrilmiş iqtidar Müsyo Jordanın xidmət etdiyi iqtidar olduğundan, o, inqilabi dəhşətlə qarşılayır. Onu da qeyd etməliyəm ki, Müsyo Jordan hər nə köpəyoğlu olsa da belə, heç olmasa üzdə millətimizə hörmətlə yanaşdığını nümayiş etdirməyə çalışmışdı.
Ara-sıra Parisə çal-çağırlı səfərlərimiz də olur. Nə qədər səy göstərib Fransız xalqının keyfini açmaq istəsək də, Ollandın xalqı bizim havamızla oynamaq istəmir ki, istəmir. Fransadan ölkəmizə daşıdığımız şərabın nə ləzzəti, ətirin də məstedici qoxusu qalmayıb. Sadəcə adları qalıb- “fransuzki duxi”, “fransuzki şampan”. Elə bu adlarla da keyfiyyətsiz Fransa məhsullarını millətimizə sırımaqdayıq. Olsun, ancaq bir az Fransız sayğısı da göstərsinlər barı.
Son hadisələr bir daha qoca Avropanın müsəlmanlara, xüsusilə də Türklərə münasibətini ortaya qoydu. Birmənalı sevmirlər bizi! Əllərinə çeynənmiş, paslanmış, maskası yırtılmış demokratiya adlanan silahı alıb, üstümüzə asta-asta gəlməkdədirlər. Bəzi maymaqlarımız qollarını açaraq, uşaq evində saxlanılan çocuğun görüşünə gəlmiş anasının, atasının üstünə yürüdüyü kimi Türk düşmənlərinin əllərindən öpməyə hazırdırlar. Haradan qaynaqlanır axı bu sevgi? Sevsinlər, heç buna da sözüm yox, ancaq heç olmasa sevgilərinin qarşılığına azacıq da olsa nail olsunlar. Ancaq bəri başdan həmin maymaqları xəbərdar edirəm ki, nə özünüzü aldadın, nədə ki millətimizi. Fransadan şərab, ətir gələr, ancaq bir türlü sevgi gələ bilməz. Çünki Fransadan sevgi yalnız Ermənistana ixrac edilir.
Terrorun heç tərəfdarı deyiləm. Əslində terrora nifrət edirəm. Nə yazıq ki, dünyada baş verən hər yüz terror hadisəsinin 99 qurbanı əhli müsəlman olur. Niyə dünyanın heç ruhu da incimir?
Ancaq bir xristian terrora məruz qalırsa, o zaman insanlığa təhlükə yarandığı qənaətinə gəlinir. Sirr deyil ki, islam adıyla terrorçuluğa girişənlər Avropanın öz “istehsalı”dır. Guya İŞİD-i özlərini demokratiyanın, ədalətin carçıları adlandıranlar yaratmayıb?Kim şübhə edir ki?
Bizim ana-ata müxalifətimizin Obamaya, Ollanda, ara-sıra isə Putinə sevgisi bitib-tükənmək bilmir. Dahi Şəhriyar demişkən, “bəlkə çay sandığında Çindən gələ bizə nicat”. Bəli, maymaqlar nicatı yalnız xaricdən və nədənsə xristian ölkələrindən gözləyirlər. Baxmayaraq ki, İsa Qəmbər, Rauf Arifoğlu qarışıq əksəriyyəti Məkkəni ziyarət edib, “Hacı” tituluna sahib çıxıb.
Allah qapısını açsın, Leyla Yunusun Ollanda olan sevgisini az-çox başa düşmək olar. Adam həyatı boyu Türkə nifrətini gizlətməyib, üzü gah Avroapaya, gah Şimala, gah da okeanın o tayına olub.Bəs, Əli Kərimlinin Olland sevgisini necə anlayaq? Axı, AXCP sədri özünü Elçibəy yolçusu adlandırır və hətta kabineti olanda onun şəklni başının üstünə də vurur. Məhz həmin səbəbdən də AXCP sıralarında qalmış azsaylı Türksevərlərə bir sualım var; Elçibəy yolu ilə Parisə qədər getmək mümkündürmü? Və yaxud Əli Kərimli Ollandın nəyinə vurulub?