Hərşeyşünaslığın fəsadı…

0
1

Hərşeyşünaslığın fəsadı…

Bu il qoyun ilidir deyirlər. Qoyun ruzi-bərəkət simvolu olan heyvanlardandır. Südü, əti, yunu və hətta bəzən sümüklərindən də istifadə olunur. 2015-ci ildə daha çox iqtisadi problemlərin həllinə diqqət yönəldiləcəyini düşünürdüm. Yanıldığımı etiraf etmək zorundayam.
Bu ilimiz də illərimizdən qətiyyən fərqlənməyəcək. İnsanlarımızı düşündürən problemlər qalacaq bir kənarda, müzakirələr ancaq köhnə palanları sökməkdən ibarət olacaq. ANS telekanalında millət vəkili Fazil Mustafanın tarixi qəhrəmanımız Babəkə hücum çəkməsini müşahidə etdikdən sonra belə qənaətə gəlmək zorundayam. Fazil bəyin işi-gücü qurtarıb deyəsən. Gah əfsanəvi qəhrəmanımız Koroğlunu “qılınclayır”, gah da Babəki qaralayır. Ümumiyyətlə, bir çox millət vəkilimizə, siyasilərimizə el arasında artıq hərşeyşünas adı qoyulub. Çünki istənilən məsələnin müzakirəsinə baş vurub, bildi-bilmədi ağlına və ağzına gələni ortaya tökənlərə elə hərşeyşünas deyərlər.
Bir az ehtiyat edirəm. Bir də görəcəyik ki, Milli Elmlər Akademiyasında yeni institut açıb, adını da Hərşeyşünaslıq İnstitutu qoyublar. Elmi adları da sağa-sola paylayıb, bütün dünyaya meydan oxuyacağıq ki, elmin, inkişafın zirvəsindəyik. Artıq vətəndaşlarımız elmin bütün sahələrinə mükəmməl yiyələnə bilir deyə, özümüzü fəxrlə reklam etməyə girişəcəyik. Görün necə təmtəraqlı səslənir; Hərşeyşünaslıq üzrə fəlsəfə doktoru və s.
Qayıdaq ANS telekanalındakı müzakirəyə. Tərəflərdən biri də millət vəkili Sabir Rüstəmxanlı idi. Əlbəttə, Sabir bəy gözlədiyi kimi Azərbaycan tarixinin qürur duyulacaq qəhrəman Babəkin aşağılanmasına etiraz edirdi. Hətta dindar Hacı Şahin də Babəkə bir o qədər hücum çəkmirdi ki, Fazil Mustafa sinəsini yırtıb Babəkin din düşməni olduğunu sübut etməyə çalışırdı. Nə olub axı? Nələr dəyişib ki, Fazil Mustafakimilər işlərini, güclərini buraxıb tariximizi saxtalaşdırmağa, qəhrəmanlarımızı xəyanətkar adlandırmağa baş vurublar. Axı, Babəkin illərlə qılınc vurub, qanlarını tökdüyü ərəblərin bir çox tarixi mənbələri Babəki bəşər tarixinin ən böyük qəhrəmanı adlandırmaqdan çəkinməyib. Əlbəttə, əzəli düşmənlərimiz olan ermənilərin Babəki sevmədiklərini Fazil bəy də bilməmiş deyil. Bilməməyim də problem deyil, sadəcə millət vəkilimiz bir az zaman ayırıb, başmaqtikən ərəb Curci Zeydanın ötən əsrin əvvəllərində ərsəyə gətirdiyi “Fərqanə gəlini” adlı tarixi romanını oxumalıdır. Bundan sonra Fazil bəyin Babəkə münasibətinin dəyişib-dəyişməyəcəyi artıq öz işi olacaq.
“Fərqanə gəlini” Babək barədə ətraflı bilgi almaq üçün dəyərli mənbə hesab oluna bilər. Baxmayaraq ki, başmaqtikən Curcu Zeydanın Fazil bəydən fərqli olaraq heç bir elmi dərəcəsi olmayıb, ancaq yaratdığı əsər onun obyektiv insan olmasından xəbər verir. O, hətta ermənilərin Babəkə nifrətinin səbəbini də açıqlaya bilib. Belə ki, Babək ermənilərdən qisas almaq üçün onların varlı təbəqəsinin arvad və qızlarını Bəzz qalasına toplayıb, hərəmxana yarada bilmişdi. Babəkin hərəmxanasında bir nəfər belə müsəlman və ya türk qızı olmayıb. Adını qeyd etdiyim tarixi romanda bir erməni patrikinin öz arvadını geri qaytarmaq üçün Xəlifənin ordusuna qoşulmasından da söhbət açılıb. Erməninin tərəfində vuruşduğu xilafət ordusunun müsəlmançılığa nə əlaqəsi? Ümumiyyətlə, Abbasilər sülaləsinin, xüsusilə Harun ər-Rəşidin xəlifəliyi zamanı haqdan, ədalətdən söhbət açmaq mümkün olubmu? Əlbəttə, yox!!!
Harun ər-Rəşidin bir neçə arvadı olub ki, oğlanlarının birinin anası ərəb qızı, digərininki fars qızı, Babəki məğlub etməyə nail olan Mötəsimin anası isə Türk qızı olub. Adlarını qeyd etdiyim ata Xəlifə və övladlarının zamanında Xilafətdə haqdan-ədalətdən söhbət açmaq mümkün olmayıb. Məşhur Bəhlul Danəndənin xəlifə Harun ər-Rəşidin qardaşı olması barədə çoxlu rəvayətlər, lətifələr söylənilib və bu günümüzə qədər gəlib çıxıb. Həmin rəvayət və lətifələr xəlifə Harun ər-Rəşidin qəddar biri olduğunu təsdiq edir. Elə oğulları Əmin, Məmun və Mötəsim də atalarından fərqlənməyiblər.
Bəli, Babək Vətənini zalımların, işğalçıların zülmündən qorumaq uğrunda mübarizə aparıb. Ancaq nədənsə F.Mustafa Babəki birmənalı inkar edir və hətta zaman-zaman digər əfsanəvi qəhrəmanımız Koroğlunu da bəyənməyib. Onu “bir qazan aş yeyən, qarınqulu” adlandırıb. Yəqin ki, Fazil bəyin bu gün Qərbdə çox yemək yarışlarının keçirilməsindən məlumatı var. Qaliblərin adlarını hətta Ginnesin rekordlar kitabına da salırlar. Fazil bəy isə bir sözlə Azərbaycan Türkləri sırasından qəhrəman görmək istəmir. Ən dəhşətlisi odur ki, millət vəkili IX-X əsrlərə qədər Azərbaycan ərazisində Türklərin yaşamasını inkar etdi. Yəqin Fazil bəyin Azərbaycanın bir çox ərazisində hətta ermənilərin gözünü çıxaran qədim Şumer abidələrindən məlumatı yoxdur.
Bir zamanlar “Elçibəyin yanında yox, yolunda olmaq lazımdır” söyləyən Fazil bəyin indi həmin yolda olmadığı gün kimi aydın görünür. Hərşeyşünas millət vəkilinin Fətullah Xocanın yanında olduğunu söyləyib, onu qınayanlar olsa da, Fazil bəy həmin xəttdə olmadığını bəyan edib. Təəssüf ki, danışdıqlarının əksəriyyəti Xoca əfəndinin məram-məqsədlərinə uyğun gəlir. Axı, Xoca heç Qazi Mustafa Kamal Atatürkü qəbul etmir, onu din düşməni adlandırır.
Şəhriyar zamanında yazmışdı “yaxşı bizi yaman günə qoydular”. İndi də özümüz öz əlimizlə vuruluruq. Ancaq hələ bir məqam tam aydın deyil, görəsən sifariş hardan və hansı məqsədlə verilib.
O ki qaldı hərşeyşünaslığa çoxdan baş vurmuş Fazil Mustafaya, yaxşı olar ki, millət vəkili seçildiyi Sabunçu rayonuna ara-sıra baş çəkib, onların düşündürən problemlərlə maraqlansa daha savab iş görmüş olar. Vətəni naminə bir neçə yüz min yadellini qılıncından keçirmiş Babəki müzakirə etmək hər kişinin işi deyil məncə.

Nicat Sadiq

LEAVE A REPLY