Bəşəriyyətin bəlası-terrorizm!

0
6

Qüdrət Əzizov

Bəşəriyyətin bəlası-terrorizm!

XX-XXI əsrlərin qovşağında terrorizm problemi və onunla mübarizə istər ayrı ayrılıqda hər bir dövlətin, istərsə də bütün dünya ictimaiyyətinin ən vacib məsələlərindən biridir. Bu daha çox terror aktlarının miqyasının və xarakterinin genişlənməsi ilə izah olunur. Müasir terrorizm bir sıra xarakterik xüsusiyyətlərinə görə 100 il, hətta 50 il əvvəlki terrorizmlə tamamilə fərqlənir.
Müasir terrorizmin miqyası və həyata keçirilmə mexanizmləri dəyişib. Əgər XIX əsrdə və XX əsrin I yarısında terrorizm “individual” xarakter daşıyırdısa, artıq keçən əsrin sonlarından başlayaraq bu “individuallığı” “kütləvilik” əvəz etdi. Buradakı individual və kütləvilik ifadələri terrorizmin həm obyekt və subyektlərinə, həm miqyasına, həm də həyata keçirilmə mexanizminə aid etmək olar. Yəni əvvəllər hər hansı bir terrorist soyuq və isti silahla yalnız cəmiyyətdə xüsusi çəkiyə malik olan bir və ya bir neçə şəxsi məhv etmək istəyirdilər. Nəticədə, onlar cəmiyyətdə vahimə və qorxu yaradaraq mövcud vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırdılar. Müasir terrorizmin əsas hədəfi günahsız mülki şəxslərdir. Yalnız bir terror aktı yüzlərlə, hətta minlərlə insanın məhvinə səbəb ola bilər.

Terrorizmin bugünkü inkişafı da keçən əsrlə müqayisədə “irəliləyib” ki, təkcə son 20 ildə terroristlər zəhərləyici qazlardan, kimyəvi və bioloji silahlardan, hətta sərnişinlərlə dolu qaçırılan təyyarələrdən istifadə etmişlər. Kimyəvi zavodların, atom elektrik stansiyalarının və digər təhlükəli və radiasiyaya malik texniki obyektlərin partladılması hər hansı xüsusi əhəmiyyətli bir obyektin partladılması deyil, bütünlükdə regionun məhvi deməkdir. Terrorçular özünü qurban verməyə hazırlaşan “fədai”lərlə yanaşı, bir sıra görkəmli elm xadimlərini və alimlərini öz sıralarına çəkməklə də daha kütləvi xarakter daşıyan terror aktları törədirlər.
XX əsrin 70-80-ci illərində bəzi terrorist qruplaşmalar müəyyən dövlətlərin nəzarəti altında, müəyyən məqsədlərlə yaradılırdısa, bugün terrorizm demək olar ki, nəzarətsizdir. Hal-hazırda terrorist təşkilatlar maksimal sayda insan tələfatına səbəb olacaq aktlar törətməyə çalışırlar. Beynəlxalq terrorçular bir sıra hallarda vahid rəhbərlik mərkəzi və çox ciddi tabeçilik olmadan yalnız ümumi ideologiya əsasında əlaqə saxlayırlar. Məsələn, “Əl-Qaidə” təşkilatlanmış terrorçu strukturundan cihad hərəkatının ideoloji platformasına çevrilmişdir. 2001-ci ildən başlanmış anti-terror kampaniyasından sonra bu təşkilatın rəhbər heyətinin 75 faizi məhv edilsə də, təşkilatın törətdiyi terror aktlarının intensivliyi aşağı düşməyib.
Eləcə də hələ də davam edən İŞİD terror qruplaşması. Minlərlə insanların qırılması, körpələrin, qocaların, qadınların zorakılığa məruz qalması. Hələ də bu terror qruplaşması öz vəhşiliyini davam etdirir. Bu terrorçular müasir silahlarla təchiz olunublar. Nəhəng dövlətlərin bunları bombalaması hələ də qruplaşmanı tamamilə məhv etməsinə nail olmayıblar.
Son günlərdə isə digər terror aktı Fransada baş verdi. Burada günahsız insanlar həyatını itirdi. Bütün dünyanın gözü, fikri bura yönəlsə də, terrorçular məhv edilsə də, dəyişməyən yeganə həqiqət var ki, o da həyatını itirən günahsız insanlardır.
Bəlanın hardan gələcəyi heç vaxt məlum deyil. Ona görə də bütün bunları yaşamamaq üçün hər bir dövlət öz gücünü ortaya qoyaraq bu məsələni bir həllini tapmalıdırlar. Əks halda hələ biz çox insanların ölümünün şahidi olacağıq.

LEAVE A REPLY