Tofiq Cəfərov: “Kəbirə Məmmədova məni ölümlə hədələdi”.

0
7

İş adamının şikayətlərinə nə üçün baxılmır?

Tofiq Cəfərov: “Kəbirə Məmmədova məni ölümlə hədələdi”.

Ölkəmizdəki sürətli iqtisadi inkişafı, hətta Azərbaycanı sevməyən bir sıra xarici ölkə rəsmiləri də dəfələrlə etiraf edib. İş adamları üçün kifayət qədər münbit şərait yaradılıb və dövlətimizin zaman-zaman onların fəaliyyətinin yaxşılaşdırılması üçün qərarlar qəbul etdiyinin də şahidi oluruq. Ancaq bəzi iş adamlarının yaradılmış şəraitdən sui istifadə etməklə xeyli sayda vətəndaşımızı narazı salmaqlarını görməmək mümkün deyil. Ötən saylarmızdan birində “Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmədovanın müflisləşdirdiyi iş adamı, əslən Naxçıvan Muxtar Respublikasının Culfa rayonundan olan Tofiq Cəfərovun başına açdığı müsibətlərdən söhbət açmışdıq. Təəssüf ki, ay yarımlıq müddətdə K.Məmmədova ilə əlaqə saxlamaq cəhdlərimiz uğursuz alındı. Çünki ətrafını saysız-hesabsız mühafizəçilərlə əhatə etməyə nail olmuş Kəbirə xanımın qəbuluna düşmək müşkül işdir.
Əksinə, onun “zərbə” vurduğu Tofiq Cəfərov həmin müddət ərzində dəfələrlə “Millətim”in əməkdaşları ilə görüşüb dərdini söyləmiş və bizdən səsini dövlət rəsmilərinə çatdırmağı xahiş edib. Onun vəziyyəti hədsiz gərgindir. İqtisadi sıxıntılardan əziyyət çəkən T.Cəfərov azyaşlı övladlarının ehtiyaclarını ödəyə bilmir. Deyir ki, “qızım Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müraciət edib, yeni il hədiyyəsi almaq üçün yardım istəyib. Hətta karuselə minmək istəyini də gizlətməyib. Görün, K.Məmmədova məni nə günlərə saldı ki, bir zamanlar başqalarına yardım edə bildiyim halda, indi övladım yardım istəyir. Təəssüf ki, sikayətlərimi heç kəs dinləmək istəmir. İşim-peşəm müxtəlif idarələrə, təşkilatlara şikayət ərizəsi yazmaq olub. 7 ildir haqqımı tələb etsəm də, hələlik heç bir nəticəsi yoxdur.Dəfələrlə Kəbirənin qəbuluna getsəm də, onun “başın hara bərkdir, ora vur” deməsindən və son zamanlar “uzun danışma, səni yox edərəm” hədə-qorxularından savayı heç nə eşitməmişəm. Daha heç qəbuluna da düşmək olmur. Mühafizəçilərinə məni içəri buraxmamaq barədə tapşırıq verib”.
T.Cəfərovu dinlədikcə ürək acısı çəkməmək olmur. Bir zamanlar Ukraynada ölkəmizi layiqincə təmsil etmiş iş adamının haqqı bu deyildi. İş orasındadır ki, “Binə” ticarət mərkəzinin sahibi K.Məmmədovadan zaman-zaman bir çox ticarət adamı şikayətlər etsə də, onun barəsində tədbir görülmür. Belə görünür ki, o, ölkə qanunlarını bilmir və ya bilərək tanımaq istəmir. Artıq kimsəyə sirr deyil ki, “Binə” ticarət mərkəzinə on minlərlə pul ödəyib dükan alanlar faktiki olaraq öz əmlaklarının əsil mülkiyyətçisinə çevrilə bilməyiblər.
T.Cəfərovun isə dərdi daha böyükdür. O, ödədiyi külli miqdarda pulun əvəzində heç nəyə sahib ola bilməyib. Ömrünün 25 ilini Ukraynada yaşamış sahibkar, orada həm də ictimai işlərdə fəallığı ilə seçilib. Belə ki, T.Cəfərov uzun illər Donetsk vilayətinin Slavyansk şəhərində Azərbaycan cəmiyyətinin sədri olub.Ukraynada çalışaraq Culfa rayonunda yaşayan imkansız ailələrə yardım etməsiylə çoxlarının hörmətini qazanıb. Sonradan Azərbaycana qayıdaraq burada biznes fəaliyyətini qurmaq istəsə də, “Binə” ticarət mərkəzinin direktoru K.Məmmədova onun pullarını mənimsəyib. Düz 7 ildir ki, öz haqqını tələb edən T.Cəfərov bir çoxları kimi “Binə” ticarət mərkəzinin direktoruna haqlı olduğunu sübut edə bilmir. Məhz həmin səbəbdən müflişləşmiş sahibkar yenidən “Millətim”ə üz tutub. Onu yenidən dinlədikcə biz də əzab çəkirik, çünki hələlik yazdıqlarımızın Tofiq bəyə heç bir yardım etmək gücündə olmadığının şahidiyik. Bəli, Kəbirə xanım çox zəngin və güclüdür. Onun və digər zənginlərin malında, pulunda gözümüz yoxdur. Bilirik ki, azad bazar iqtisadiyyatı zamanında yaşayırıq. Ancaq K.Məmmədova kimi zənginlərin ölkə qanunlarına məhəl qoymayaraq, digərlərinin malını və ya pulunu qeyri-qanuni üsullarla ələ keçirməsinə göz yummaq fikrindən çox uzağıq. Belə ki, dəfələrlə K.Məmmədovadan şikayət edilməsinin şahidi olmuşuq. Hətta şəhid ailəsinə qarşı qanunsuzluq etdiyindən də məlumatlıyıq. Belə özbaşınalıqların sonu olmayacaqmı?

T.Cəfərov danışır, mən yenə onu dinləyirəm. Söylədiklərinin bir çoxunu təkrar-təkrar eşitsəm də, dinləyir və qeydiyyatlar edirəm. Çalışıram ki, Tofiq bəyin fəryadını hər kəsə, o cümlədən ölkə rəsmilərinə çatdıra bilim. Müflişləşmiş sahibkarın özü də bir an belə olsun dayanmır. Yazdığı şikayət məktublarının böyük ümidlə bütün ölkə rəsmilərinə ünvanlamaqdadır. Özü də etiraf edir ki, hələlik deyəsən yazdığı məktubları ya oxumurlar, yada ki, Kəbirədən ehtiyat edirlər. Gəlin, bir daha T.Cəfərovun ürək acıdan hekayəsini elə onun öz dilindən eşidək: “Uzun müddətdir ki, YAP üzvü olan bir şəxsin “Binə” ticarət mərkəzinin rəhbərliyi tərəfindən ələ salınması, haqqını tələb edə bilməməsi ürəyimi ağrıdır. Ukraynadan böyük ümidlərlə Vətənə qayıtmışdım ki, burada fəaliyyətimi qurub, özümlə birgə bir çox vətəndaşlarımızın yaxşı yaşaması üçün şərait yaradım. İndi nə yazıq ki, Kəbirə Məmmədova kimilərin qanunsuz əməlləri sayəsində özüm və ailəm çörəklə imtahana çəkilmişik. Əvvəllər, yəni Ukraynadan Vətənə döndüyüm ilk zamanlar Culfada çalışırdım. Obyektim dövlət əhəmiyyətli işlər üçün lazım olduğundan, məmnuniyyətlə dövlətə sayılmasına razılıq verdim. Hec bir narazılığım olmadı. Həmin obyektimin pulu rəsmi qaydada, tam ödənildi. Düşündüm ki, Bakıda da belə ədalətli insanlarla rastlaşıram. Təəssüf ki, düşündüyümün tam əksi ilə qarşılaşmalı oldum. Məhz K.Məmmədovanın sayəsində… İllərdir ki, ona verdiyim pulun əvəzində nə işlək dükan, nədə ki, həmin halal pulumu geri ala bilmirəm. O, birmənalı olaraq pulumu qaytarmayacağını söyləyib “get, hara istəyirsən şikayət et” deyir. Öz gücünə inanmaqda haqlı imiş. Bütün dövlət orqanlarına şikayət etsəm də, nəticəsi olmadı. Ticarət mərkəzindəki dükan sahibləri mənə əvvəlcədən söyləmişdilər ki, Kəbirənin arxası güclüdür, ona heç kim bata bilməz. İllərdir onun zülmüylə üzləşib, müxtəlif dövlət strukturlarına şikayət etsək də, ona “gözün üstə qaşın var deyən” olmayıb. Pulunu itmiş hesab et”.
K.Məmmədovanın sahibkarlara zülm çəkdirdiyi barədə YAP yetkililərinin və millət vəkillərinin ayrı-ayrı zamanlarda münasibətləri ortaya qoyulsa da, görünən odur ki, “Binə”nin şefi həmin münasbətləri qulaqardına vurub. Suç kimdədir?
Əlbəttə, K.Məmmədova kimi ölkədə yaradılmış sabitlikdən istifadə edərək milyonları qazanıb, ölkənin müqəddəs qanunlarına, digər vətəndaşların konstitusion hüquqlarına sayğısızlıq göstərənlər də.
T.Cəfərov şikayət etdiri bütün rəsmi orqanlardan eyni tövsiyyəni eşitdiyini söyləyir: “Bütün dövlət strukturlarına etdiyim müraciətlərin nəticəsi isə məhkəməyə üz tutmaq tövsiyyəsi oldu. Axı, K.Məmmədovayla aramda olan tək mülki məsələ deyil, onun əməlində dələduzluq cinayətinin tərkibi var. K.Məmmədova 2007-ci ilin avqustunda dükan, onun təmiri və bazarın açılışı üçün məndən külli miqdarda pul alıb. Mənə 4-cü sırada dükan verəcəyini demişdi. Əlavə borc edərək həmin pulu ödədim. Dükanlar sonradan 200-250 min manata satıldı, mənə boş, yararsız torpaqda 14-15-cı sıralarda mağaza verildi. Həmin sıralardakı mağazalar demək olar ki, bu gündə işləmir. Kəbirə 2007-ci ildən mənim 91 min 500 manat pulumdan yararlanır, mən borc içində boğuluram.
2011-ci ilin 01 iyununda Qaradağ rayon İcra Hakimiyyətindən mənə zəng edib, qəbula çağırdılar. Məni Elburus müəllim qəbul edib, Heydər Əliyev Fondundan şikayətimi araşdırmaq barədə göstəriş aldığını bildirdi. Elə həmin ayın 3-də Elburus müəllimlə K.Məmmədovanın görüşünə getdik. Görüşdə “Binə” ticarət mərkəzinin direktoru pulumu qaytarmayacağını söylədi. Əvəzində isə iki mağaza əvəzinə, tam təmirli bir mağaza tikdirərək 15 gündən sonra mənim istifadəmə verəcəyini bildirdi. Uzun müddətli əzabıma rəğmən və həyəcanlı olduğumdan razılaşdım. Ancaq K.Məmmədova yenə məni aldatmışdı. Onun mənə təklif etdiyi yer, istifadəyə tam yararsız imiş. Aldandığımı anlayıb, yenidən Elburus müəllimlə müraciət etmək məcburiyyətində qaldım. O isə mənə problemi həll etməkdə gücsüz olduğunu və işin yalnız ölkə prezidenti səviyyəsində həll oluna biləcəyini söylədi.
K.Məmmədovanın mənə söz verdiyi həmin mağaza bu günə qədər də təmir olunmayıb. Pulumu tələb etdikdə isə hədələnirəm. O mənə açıq-aşkar hədə-qorxu gəlməkdən çəkinmir: “get, hara istəyirsən şikayət et. Səni itim-itim itirərəm” kimi aşağılayıcı ifadələrini dəfələrlə eşitmişəm. 2009-cu ildən Bakıda kirayə mənzillərdə yaşamaq məcburiyyətindəyəm. Çünki borclarını ödəmək üçün evimi satmalı oldum. Bunların səbəbkarı isə K.Məmmədovadır. O, məni aldadaraq müflis edib. Əslində, onun mənə qarşı dələduzluq etməsi faktdır. Ancaq nə edim, onun etdiyi bir çox qanunuzluqlar kimi, mənə etdikləri də hələlik cəzasız qalıb”.
Bu gün T.Cəfərov sözün əsil mənasında əzab-əziyyət çəkir. Ailəsinin gündəlik ehtiyaclarını ödəmək üçün hər əzaba qatlaşır. Ancaq yenə də ümidini itirməyib. İnanır ki, onun başına gətirilən müsibətlərdən bir gün mütləq ədalətinə inandığı ölkə prezidenti cənab İlham Əliyev xəbərdar olacaq. Elə biz də inanmaq istəyirik ki, K.Məmmədovaya yerini göstərən, ölkə vətəndaşlarının müqəddəs hissləriylə oynamamağı ona məsləhət edən dövlət rəsmisi mütləq tapılacaq.

Turan Türk
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

SHARE
Previous articleCəmiyyətdə dəyişiklik.
Next articleTƏKƏRLİ TABUT

LEAVE A REPLY