Ramiz Tağıyev
Geriyə dönüb baxanda…
“Ardımca addımlayan minlərlə insanın taleyindən narahat idim…”
Hər gün bir tarixdir. Keçdiyimiz həyat yoluna dönüb baxanda bunu daha aydın hiss etmək olur. Mənim də yaddaşıma əbədi həkk olmuş elə günlər var ki, həmin günləri xatırladıqca qürur hissi keçirirəm. Həmin günlər Millətimizin qəhrəmanlığının, birliyinin gücünü dünyaya təsdiq etdiyi tarixi məqamlardır. XX əsrin ən möhtəşəm tarixi hadisələrindən olan “Sərhəd Hərəkatı” barədə dəfələrlə müzakirələr aparılsa da, təəssüf ki, hələ də əsil həqiqətlər ortaya çıxarılmayıb.
(Əvvəli ötən saylarmızda)
Tutaq ki, üzdəniraq ”qəhrəman”ların “Sərhəd Hərəkatı”nın müəllifləri olduqları barədə çılpaq yalanlarını biz qəbul etdik. Bəs, onda tarixi faktları, sənədləri kimin gözünə soxaq? Axı bu möhtəşəm hərəkat birmərhələli olmayıb. Tikanlı məftilləri sökdükdən sonra qeyd etdiyim kimi sonuncu –daha çətin mərhələyə start verildi ki, bu da Cənubi Azərbaycana sadələşdirilmiş gediş-gəlişə nail olmaqdan ibarət idi.
Artıq bir həftə idi ki, çadırlarda gecələyirdik. Hamının bir-birinə xoş münasibəti, mübarizə əzmi qələbəyə inamımızı artırırdı. Culfa rayonunda müxtəlif vəzifələrdə çalışanlar da imkan tapan kimi gizlicə çadırlarımızın qonağı olur, “bizi də yanınızda hesab edin” deyib, tikanlı məftilləri doğrayacağımız gün bizimlə birlikdə olacaqlarını bəyan edirdilər. Çadırlarda gecələyənlərin əksəriyyəti gənclər idi. Cənubla bağlı maraqlı diskusiyalar olurdu. Səttarxandan, Pişəvəridən söhbət açılır, onların geçdiyi mübarizə yolundan şöhbət açılırdı. Arada o taydakı qardaşlarımıza səsgücləndirici vasitəsiylə “bizi eşidirsinizsə, işıqlarınızı söndürüb-yandırın” çağırışını edirdik. Bir anlığa o tay Culfası qaranlığa qərq olub, yenidən işıqlanırdı. Həmin anın sevincini indi təsəvvür etmək çox çətindir.
Culfa lokomotiv deposunun qəhrəman kollektivi yenə bizimlə birgə idi. Həmin kollektivdən kimi isə fərqləndirmək istəmirəm, çünki bütövlükdə deponun kollektivinin birliyi, mübarizliyi Azərbaycan tarixinə qızıl hərflərlə yazılmağa layiqdir. Dəmiryolçuların tətillərinin ardıcıl davam etməsi SSRİ və Azərbaycan rəhbərlərini narahat etməyə bilməzdi. Çünki həmin dəmiryol xətti vasitəsilə İranla və digər Şərq ölkələriylə ticarət əlaqəsi baş tutur və Ermənistanın təchizatı ödənilirdi. Moskva Ermənistanda yaranmış ərzaq qıtlığından bərk əndişələnmişdi. Bunu SSRİ-nin əsas informasiya telekanallarından –“Vremya” adlanan xəbər proqramından da hiss etmək olurdu. Erevandan bəhs edən reportajlarda, yanacaq qıtlığından avtomobillərin hərəkət edə bilməməsini müşahidə edirdik. Dükan-bazarlardakı uzun növbələr o zamankı Ermənistan rəhbərliyini Culfaya səfər etməyə məcbur etmişdi. Təbii ki, səfərə gələn erməni millətinin nümayəndəsi ola bilməzdi. Ermənistandakı SSRİ imperiyasının canişini –Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin II katibi Lobov, Azərbaycanda həmin vəzifəni daşıyan Polyaniçko ilə birgə Culfaya çox iddialı gəlmişdilər. Görkəmli tarixçi Əli Əliyev “Əlincə yaddaşı” adlı tarixi əsərində mənimlə Polyanıçko arasında baş tutmuş dialoqa da yer verib. Belə ki, mən, həm Lobova, həm də Polyoniçkoya “sizin Culfaya iddialı gəlişinizi qəbul etmirəm. Siz, rus canişinlərisiniz. Sizin əliniz Əfqanıstanda müsəlman qanına bulaşıb” deyərək, onlara qəzəbimizi ilk nümayiş etdirə bilmişdim. Bundan sonra Polyaniçko səs tonunu aşağı salıb, yalvarışa bənzər xahişlər edirdi. Həmin səfərdə Polyaniçkonun yanında o zaman Azərbaycan Respublikasının baş prokuroru vəzifəsini daşıyan İlyas İsmayılov da var idi. İlyas müəllim söhbətlərə bir o qədər müdaxilə etmir, imkan düşdükdə bizi ehtiyatlı davranmağa çağırırdı. Polyaniçkonu müşayiət edən digər rəsmi şəxs-Azərbaycan Daxili İşlər nazirinin müavini V.Barannikov daha ustalıqla söhbətə girişib, bizi müxtəlif vədlərlə ələ almağa çalışırdı.
Çox qəribədir, həmin görüşdə iştirak edən rus canişinlərinin hamısı-Polyaniçko, Lobov və Barannikov həm SSRİ imperiyasında, həm də Rusiya dövlətində yüksək vəzifələrə layiq görüldülər. Əsasən, xüsusi xidmət orqanlarının da… Həmin görüşümüz isə imperiya canişinləri üçün çox uğursuz nəticələndi.
Sonradan Naxçıvanda yerləşən diviziyanın komandiri Roxlin hərəkətə keçmişdi. Xatırlayırsınızsa, həmin yüksək çinli rus hərbçisinin sonrakı aqibəti faciəli oldu. Culfadan ermənilər üçün yol açmağa səy göstərən Roxlin sonralar Rusiya Dövlət Dumasının deputatı seçilə bilmişdi. Etiraf edim ki, deputatlıq fəaliyyəti zamanında müəyyən qədər Azərbaycanpərəst mövqe sərgiləməyi ilə diqqət çəkirdi. Söylənilənə görə, məhz həmin səbəbdən istefada olan general Roxlin ermənilər tərəfindən ələ alınmış arvadı tərəfindən qətlə yetirilib.
Təəssüf ki, bizim yaddaşımızda Roxlin qaba davranışı, ermənilərin yolunun açılması naminə ən sərt tədbirlərə əl atmağa qadir rus generalı kimi qalmışdı…
Culfalı gənclər 1989-cu il dekabrın 21-də hərəkətə keçib, gecəyarısı tikanlı məftilləri sökmək istədiklərini söylədikdə, onlara tələsməməyi məsləhət etdim. Çünki mümkün qədər Culfaya səfər edən vəzifəlilərlə danışıqlar aparıb, məhz həmin vasitəylə istəyimizə nail olmağı məqsədəuyğun hesab edirdim. Həm də qarşıdan hamının şadlıq etdiyi yeni il bayramı gəlirdi. Bu günü gözləməyimizin özəl səbəbləri var idi.
AXC Culfa rayon şöbəsinin növbədənkənar konfransını nə üçün 30 dekabr 1989-cu ildə keçirməyi qərarlaşdırdıq?
1989-cu il. 30 dekabr. AXC Culfa rayon təşkilatının “Sərhəd Hərəkatı” ilə bağlı keçirdiyi konfrans. 18 günlük çadır “istirahəti”ndən sonra çox yorğunuq.
30 dekabr 1989-cu ildə AXC Culfa rayon şöbəsinin növbədənkənar konfransını keçirməyə qərar verdik. Həmin gün son müzakirəmiz, son qərarımız olmalıydı. Konfransın gündəliyində yalnız bir məsələ var idi-ertəsi gün, yəni 31 dekabrda tikanlı məftillərlə vidalaşa bilməyimiz barədə son qərarı verməliydik.
Konfransa ciddi hazırlaşmışdıq. Rayon şöbəsinin konfransında 600-ə yaxın nümayəndə iştirak edirdi. Konfransa qonaq qismində AXC Naxçıvan Vilayət Şöbəsinin idarə heyətinin üzvü Əli Şamilov da qatılmışdı. Əli müəllim böyük hörmət bəslədiyim ziyalılardandır. Yaxşı ki, Milli Azadlıq Hərəkatının öndərləri sırasında onun kimi ziyalılarımız var idi.
Bir çoxları kimi yalandan “asıb-kəsməyi” sevməz, ən ekstremal şəraitlərdə isə sinəsinin önə verməkdən çəkinməzdi. Yüksək əxlaqa malik olan ziyalı həm də daima obyektiv mövqe sərgiləməyi ilə böyük hörmət qazana bilmişdi.
Sərhəd kənarındakı çadır şəhərciyimizi yığışdırmağımız sərhədçiləri çaş-baş etmişdi. Bizləri yaxşı tanıdıqlarından belə asanlıqla mövqeyi əldən verməyimiz onları təəccübləndirmişdi. Konfransın gündəliyi tam məxfi saxlanıldığından, ara-sıra qərargahımıza yol tapan “agent”ləri vasitəsiylə bilgi almağa çalışsalar da, buna nail ola bilmirdilər. Etiraf edim ki, soyuq havalarda 18 gün çadırın gecə-gündüz sakini olmağıma rəğmən çox yorulmuşdum. Konfransda çəkilmiş şəkildən bunu müşahidə etmək çətin deyil.
Konfransımız yüksək əhval-ruhiyyə ilə axşama qədər davam etdi. Gənclərimiz elə təhlükəsizlik tədbirləri görmüşdülər ki, konfransın keçirildiyi Mədəniyyət evinə kənar şəxs daxil ola bilməzdi. Qızğın müzakirələr nəticəsində yekdil qərar qəbul etməyə nail olduq. “Sərhəd Hərəkatı”nın uğurlu nəticələnəcəyinə içimdən gələn böyük inamı zalda bəyan etdiyimdə, davamlı alqışları yekdil qərar kimi qəbul etdik. Ertəsi gün səhər saat 09:30-a mitinq təyin edib, kəndlərdən gəlmiş nümayəndələri son hazırlıq işlərini tamamlamaq üçün yola saldıq. Qalanlarımız isə gecələmək üçün Culfa dəmiryol vağzalında yeləşən mehmanxanaya üz tutduq.
Görüş yerimiz yenə Təbriz küçəsində-həmin küçədə yerləşən Azadlıq meydanı olacaqdı…
Nə qədər etiraz etsəm də, gənclər məni sərhədə qədər əllərində apardılar.
31 dekabr 1989-cu il… Saat 09:30. Mitinqə gözlədiyimizdən də çox, minlərlə insan toplaşmışdı. Razılaşmışdıq ki, mitinqdə tək mən çıxış etməli və bundan sonra Azadlıq meydanımızdan cəmi 200 metr aralıda çəkilmiş tikanlı sərhəd simlərinə doğru hərəkət etməli idik.
Mitinq həmişə olduğu kimi Millətimizi qəhrəmanlığa səsləyən dahi Üzeyir Hacıbəyovun “Koroğlu” üverturasının səsləndirilməsiylə başladı. Çıxışım qısa və konkret oldu. Açıq bəyan etdim ki, təhlükəsizliyimizin heç bir təminatı olmasa da, qədəm basdığımız yoldan çəkilmək fikrimiz yoxdur. Belə ki, bir gün əvvəl Naxçıvan televiziyasıyla çıxış edən sərhəd dəstəsinin komandiri polkovnik Jukov yenə hədə-qorxu gələrək “SSRİ sərhədləri toxunulmazdır və ona yaxınlaşmaq istəyənlər barədə sərt tədbirlər görüləcək” ültimatumunu vermişdi.
Etiraf edim ki, hədsiz həyəcanlıydım. Özümün yox, ardımca addımlayan minlərlə insanın taleyindən narahat idim. Axı bütün bu Cənub həsrətiylə alışıb-yanan qəhrəman insanlar mənim çağırışıma səs verib, Azadlıq meydaınına toplaşmışdılar.
Çıxışımı yekunlaşdırıb, tribunadan enmək istəyirdim ki, o zaman Culfa rayonuna rəhbərlik edən-“raykom”un birinci katibi Ənvər Hüseynov da mitinq iştirakçılarına müraciət etmək istədiyini və ona çıxış üçün şərait yaratmağımızı xahiş etdi. Ənvər müəllim birmənalı söyləyə bilərəm ki, yaxşı insan idi. O, müraciətində bizi “Sərhəd Hərəkatı”ndan vaz keçməyə çağırsa da, incimədim. Təbii ki, narahat idi və öz vəzifə missiyasını yerinə yetirməyə borcluydu. Ənvər müəllim doluxsunub, “istəmirəm ki, atalar öz çiyinlərində oğul tabutları daşısınlar” deyib, çıxışını yekunlaşdırdıqdan sonra; mən bir daha, bilirəm, çətin və məsuliyyətli 200-300 addım atmalıyıq. Ola bilər ki, qan da tökülsün, ancaq mən mütləq həmin addımları atacağam. Kimsəni məcbur etmək olmaz. Ardımca gələn də, gəlməyən də haqqınızı halal edin, deyib üzümü sərhədə tərəf yönəldib, iti addımlarla irəliləyirdim. Bilmirəm, hansısa hiss məni dönüb arxaya baxmağa çağırdı. Bəlkə də sonumun çatdığını düşünərək Culfayla, mənə öz sevimliləri kimi daima dəstək vermiş culfalılarla son dəfə baxıb, vidalaşmaq istəmişdim. Ancaq tam başqa bir səhnəyə şahidlik etməli oldum ki, bundan sonra sevincdən doğan göz yaşlarımı saxlaya bilmədim. Minlərlə insan, heç bir qorxu keçirmədən üzlərində təbəssüm, sanki istirahət məkanına gedirlərmiş kimi arxamca məğrur-məğrur addımlayırdı. Bax, belədirlər bizim culfalılar. Onları heç kim qorxuda bilməyibmiş. Nə rus generalları Varennkov, Şatalin, Eqorov, nədə ki, ard-arda Culfaya səfər etmiş SSRİ imperiyasının partnomenklatura rəhbərlərindən olan Konarev, Fadeev, Pinqaryov, Polyaniçko, Lobov, Barennikov, Vəzirov, Mütəllibovun və digərlərinin hədə-qorxuları onları sarsıda bilməmişdi.
Növbəti dəfə qarşımı atam kəsmişdi. Ömrümdə ilk dəfə onu gözüyaşlı görürdüm. Məni bərk-bərk bağrına basıb: “dayanın oğul, ölüm-itim olacaq” dedi. Özümü sındırmayıb, “mən həmişə sizinlə qürur duymuşam ki, Stalin kimi tiranın repressiyası nəslimizi qorxuda bilməyib.Heç narahat olma” və zarafatla atamdan neçə oğlu olduğunu soruşdum. O, təəccüblə “bilmirsən, üç oğlum var” deyə cavab verdikdə, bəs onda nədən üçündən birini Millət və Vətən uğrunda qurban verməyə razı olmursan?- sualımın qarşısında bir an duruxub, qəddini düzəldərək yolumdan çəkildi.
Məsuliyyətimi artıran bir də o fakt idi ki, gecəyarısı AXC Naxçıvan Vilayət şöbəsinin idarə heyətinin üzvləri İbrahim İbrahimli və Arif Rəhimov Culfaya gələrək AXC rəhbərliyinin göstərişinə əsasən Vilayət şöbəsində “Sərhəd Hərəkatı”nın dayandırılması barədə qərar qəbul edildiyi xəbərini bizə çatdırmışdılar. Etiraf edib, bu Culfanın təşəbbüsüdür və xalqın bizi yalançı, qorxaq kimi tanımasını arzulamırıq, cavabını vermişdik. Sonralar Zəngilan cəbhəçiləri ilə görüşdüyüm zaman onlar 30 dekabr 1989-cu il tarixində Fərəc Quliyevin Ordubaddan telefon açıb, “Sərhəd Hərəkatı”nın dayandırılması xahişi etdiyini söyləmişdilər.
Saat 10:30… Sərhəddin kənarında, Sərhəd zastavasıyla üzbəüz dayanmışıq. Qarşı tərəfdə hazırlıqlı görünürdü. Aramızda 10-15 metr məsafə qalınca dayanmağı məsləhət bildim. Qarşı tərəfdə-Zaqafqaziya Sərhəd qoşunları komandanlığının nümayəndələri də son danışığa razı kimi görünürdülər.
Polkovnik Kamkamidze və podpolkovnik Afanasyevlə ayaqüstü söhbətimiza baş tutdu. Onlar mənə: “tələbiniz nədir?” sualıyla müraciət edib, səbirsizliklə cavabımı gözləyirdilər. Qarşılıqlı əsəbi gərginlik hökm sürsə də, Millətimiz, Vətənimiz naminə yalan danışmaq məcburiyyətində idim; “gəlin, Yeni il bayramımızda əhvalımızı korlamayaq. Bilirsiniz ki, Sərhəd simlərinin arxasında əsir qalmış Culfa qəbristanlığı var. Gəlin, razılaşaq və həmin istiqamətdən 20-30 metr tikanlı məftili söküb, Araz çayı ətrafında bayram şənliyi keçirməyimizə şərait yaradın. Sabah orda qapılar qoyarsınız ki, həmin qapılar vasitəsiylə həm qəbirləri ziyarət edib, həm də Araz çayından istifadə edə bilərik” deyə, təklifimi irəli sürdüm. Polkovnik Kamkamidze; “bizə 5-10 dəqiqə vaxt verin, Moskva ilə əlaqə saxlamalıyıq” deyib, zastavaya doğru irəlilədi. Əlbəttə, illərlə dözmüşdük, 5-10 dəqiqəni səbirli olmalıydıq. Ancaq Moskvaya elə bir sürpriz hazırlamışdıq ki, bu onları rəsmən şoka salacaqdı. Gecədən-səhərə qədər hazırladığımız planın uğurlu nəticələnəcəyinə inamımız böyük idi. Rus imperiyası bəlkə də bütün tarixi ərzində belə maraqlı atəşfəşanlıqla keçirilən yeni il gecəsinə şahidlik etməmişdi…
Budur, Kamkamidze və Afanasyev tələsik addımlarla mənə yaxınlaşırlar. Bu dəfə onların özlərini daha rahat hiss etdiklərini müşahidə etmək çətin deyildi.
Ardı var…