Milli Teleradio Şurasından Mətanət Əliverdiyevanın efirdə “şpaqat” açmasına münasibət

0
5

Milli Teleradio Şurasından Mətanət Əliverdiyevanın efirdə “şpaqat” açmasına münasibət

ATV telekanalında yayımlanan “Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyevanın efirdə “şpaqat” açması sosial şəbəkələrdə onun ünvanına sərt tənqidlərin yazılması ilə nəticələnib.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinq şöbəsinin sədri Təvəkkül Dadaşov Modern.az-a açıqlamasında qeyd edib ki, ATV kanalında yayımlanan “Gündəlik” verilişi şou xarakterli olduğundan kənaraçıxma hallarının olması mümkündür:

“Nəzərə alsaq da ki, canlı yayımdır, həm də şou verilişidir, aparıcının hərəkətində qəbahətli bir şey yoxdur”.

T.Dadaşov qeyd edib ki, aparıcının çıxışında qeyri-etik hərəkət olmadığına görə Milli Televiziya və Radio Şurası tərəfindən telekanal rəhbərliyinə hər hansı irad olmayacaq:
“Həmin vaxt aparıcının hərəkətində qanunvericiliyin pozulması halı olmadığına görə, MTRŞ hər hansı addım atmayacaq. Əgər onun hərəkəti ictimaiyyətin narazılığına səbəb olubsa, məsləhətdir ki, Mətanət Əliverdiyeva özü bunları nəzərə alıb, gələcək fəaliyyətini reaksiyalara uyğunlaşdırsın”.

Ona irad bildirənlərə cavab olaraq isə Mətanət Əliverdiyeva hərəkətində heç bir qəbahət olmadığını və insanların fikrinə hörmətlə yanaşdığını deyib:

““Şpaqat” açmaq nə vaxtdan ayıb olub? Onda gimnastikaya da, Bakıda keçirilən gözəllik müsabiqələrində çimərlik geyimində səhnəyə çıxan modellərə də baxmasınlar. “Şpaqat” akrobatik idman hərəkətdir. Hamının fikrinə hörmətlə yanaşıram, amma burada qəbahət görmürəm. Üç gündür ki, məndən yazırlar, hələ çox yazacaqlar. Birini bilirlər, birini bilmirlər. Verilişdə qonaqlar xaricdən gələn rəqqaslar idi. Onlara dedim mənə də bir-iki hərəkət öyrədin. Dedilər ki, “sən bacarmazsan”, bu sözləri məni qıcıqlandırdı. Dedim ki, mən sizin yanınızdakı xanımdan plastikəm. Azərbaycan xanımları çox plastik olur. Mənim “şpaqat” açmaq fikrim yox idi, libasım da ona imkan vermirdi. Biz sevirik xaricdən gələn qonaqları əl çalıb tərifləyək. Mənim göstərdiyim akrobatik hərəkətdən sonra onlar təəccüblənib əl çaldılar. Gərək özümüzü cılızlaşdırmayaq, göstərək ki, biz hamıdan üstünük. İnsanlar isə bunu başqa cür yozdular, onlara başqa sözüm yoxdur”.

LEAVE A REPLY