“İndi özləri həmin “məhsul”dan dadmalı olur”
alt=” Ramiz Tağıyev: "Bir vaxtlar Sərdar Cəlaloğlu Əli Kərimlinin ünvanına elə təhqiramiz ifadələr işlətdi ki…"” title=” Ramiz Tağıyev: "Bir vaxtlar Sərdar Cəlaloğlu Əli Kərimlinin ünvanına elə təhqiramiz ifadələr işlətdi ki…"”
Ramiz Tağıyev: “Bir vaxtlar Sərdar Cəlaloğlu Əli Kərimlinin ünvanına elə təhqiramiz ifadələr işlətdi ki…”
Azərbaycan siyasətində qəribə hal yaşanmağa başlayıb. Daha nəyin şahidi olmadıq? Nə qədər qəribə olsa da, ölkənin tanınmış siyasətçiləri bir-birini xanım şou-biznes nümayəndələrinə bənzətməyə başlayıb. Adamda dərhal sual yaranır: niyə məhz artistlərlə bağlı paralellər aparılır? Olmazmı ki, siyasətçilər mənfi və ya müsbət obraz baxımından da öz həmkarlarını siyasi personajlarla müqayisə etsin, barələrində paralellər aparsın?
Hər halda, dünyanın tanınmış siyasətçilərinin heç də hamısı cəmiyyətin böyük rəğbətini qazana bilməyib. Bu baxımdan da bizim siyasilər üçün mənfi paralellərin aparılması üçün də yer qalır. Bu edilmirsə və paralellər, bənzətmələr şou müğənnilərilə aparılırsa, onda bu məsələdə nəsə görünməyən məqam var. Biz də çalışıb həmin məqamı araşdıracayıq.
Bu günlərdə ADP sədri Sərdar Cəlaloğlu müsahibəsində Ə.Kərimlinin ünvanına sərt ifadələr səsləndirib. ADP sədri deyib ki, Ə.Kərimli cəbhəsi özlərinin iştirak etdiyi, içində olduğu hər şeyin düzgün olduğunu, qalanların yanlışlığını müzakirə edir: “Bu gülünc bir şeydir. Sən kimsən axı?! Sən heç özünü idarə edə bilmirsən, gəlib məni idarə edə bilərsən? Sən kimsən qiymət verirsən?! İlhamə artistlərə ad verdiyi kimi Əli Kərimli də özünə belə bir missiya götürüb. Azərbaycanda siyasi partiyalara ad qoyur ki, Müsavat filandır, AMİP filandır, bunlar satqındır. A bala, sənə bu hüququ kim verib? Sən də siyasətin primadonnasısan? Belə şey olar?”
Sərdar Cəlaloğlu Əli Kərimlini İlhamə Quliyevaya bənzədəndən sonra AXCP-dən də ona bənzər cavab verilib.
Partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov yazdığı məqalədə Sərdar Cəlaloğluna belə xitab edir: “Bunca təhqirlərdən sonra azacıq şəxsiyyəti olan adam gərək özündə təpər tapaydı. Amma şəxsiyyəti deqradasiya olan adam daha da sınıb zavallı olmağa məhkumdur. Sərdar Cəlaloğlu həmin şəxsiyyəti zəiflərdən çıxdı. Ona hakimiyyət başa saldı ki, sənin nəyin Etibar Hüseynlidən, Hafizdən artıqdır? Bir şey qoparmaq istəyirsənsə, sən də get onlar kimi ol. Özü də həyasızlıq sal, özünü şou-biznesin Rəqsanəsinin yerinə qoy, təkcə real müxalifətə qarşı böhtan, təhqir demək azdır. İndi elə et ki, camaat siyasətdən iyrənsin.
Sərdar Cəlaloğlunun son vaxtlar bütün performansları bu qeyd etdiyim direktivlərin reallaşması üçündür, başqa heç nə”.
Hazırkı siyasi mübarizə mərhələsində siyasiləri şou-biznes nümayəndələrinə hansı amil yaxınlaşdırır?
Tanınmış siyasətçi Ramiz Tağıyev qəzetimizə açıqlamasında bildirdi ki, yaşanan vəziyyət doğrudan da biabırçılıqdır. Müsahibimizin sözlərinə görə, bu vəziyyətin yaranmasında hazırda təhqir hədəfinə çevrilənlərin də rolları az olmayıb: “Çox vaxt siyasəti çirkin bir məşğuliyyət adlandırırlar. Ancaq mən bunu qəbul etmirəm. Təqsir siyasətdə deyil, günahı onunla məşğul olan adamların şəxsi keyfiyyətlərində axtarmalıyıq. Siyasətdə əxlaqını, mənəviyyatını qoruyan kişilər də az olmayıb. Hazırda dediyiniz adamların ideyası tükənib. Onların mübarizə aparmaq üçün hədəfləri belə yoxdur. İqtidardan müqayisə olunmayacaq qədər zəifdirlər. Bu səbəbdən də bir-birini təhqir edirlər. Çünki gündəmdə qalmağın başqa bir yolunu tapa bilmirlər. Bu təhqirlərin əsası çoxdan qoyulub. Bir vaxtlar Sərdar Cəlaloğlu Əli Kərimlinin ünvanına elə təhqiramiz ifadələr işlətdi ki… Sonradan Əli Kərimli yenə gedib onunla görüşüb-öpüşdü. Heç şübhə etmirəm ki, bundan sonra da bu hal təkrarlanacaq. Şou-biznes nümayəndələrinə bənzətmə şükürlüdür. Bundan sonra daha pis məxluqlarla aralarında paralellərin aparılmasına şahidlik edəcəyik. Bir daha deyirəm: “nə tökərsən aşına, o da çıxar qaşığına”. Bu adamlar bir vaxtlar ələrində olan təbliğat ruporları vasitəsilə mərhum prezidenti belə təhqir edirdilər. Bu həmin ənənənin davamıdır. İndi özləri həmin “məhsul”dan dadmalı olur. Siyasətlə məşğul olan bir insan kimi bənzər tonları, təhqirləri qəbuledilməz sayıram”.
Məhəmmədəli QƏRİBLİ