Geriyə dönüb baxanda…

0
21

Ramiz Tağıyev

Geriyə dönüb baxanda…

4 dekabr-SSRİ imperiyasını çalxalayan gün.

Hər gün bir tarixdir. Keçdiyimiz həyat yoluna dönüb baxanda bunu daha aydın hiss etmək olur. Mənim də yaddaşıma əbədi həkk olmuş elə günlər var ki, həmin günləri xatırladıqca qürur hissi keçirirəm. Həmin günlər Millətimizin qəhrəmanlığının, birliyinin gücünü dünyaya təsdiq etdiyi tarixi məqamlardır.
XX əsrin ən möhtəşəm tarixi hadisələrindən olan “Sərhəd Hərəkatı” barədə dəfələrlə müzakirələr aparılsa da, təəssüf ki, hələ də əsil həqiqətlər ortaya çıxarılmayıb. Kimisi şahidi olmadığı tarixi hadisəyə qarayaxmağa, kimisi isə özünü həmin tarixin qəhrəmanı kimi təqdim etməyə cəhd göstərib. Dəfələrlə ANS telekanalında Mir Şahinin “Ən yeni tarix”i həmin mövzuya toxunub. “Sərhəd Hərəkatı”nın əsil mahiyyətini üzə çıxarmağa çalışsa da, düşünürəm ki, həmin veriliş şou məqsədi daşımaqdan savayı nəyəsə xidmət göstərməyib. Mənə elə gəlir ki, Mir Şahin heç bir zaman çağdaş tariximizin əsil həqiqətlərinin aşkarlanmasını arzulamayıb. Belə görünür ki, o, daha çox özünün bildiklərini həqiqət hesab edir. Aparıcılıq etdiyi verilişlər də əslində Mir Şahinin reklamına xidmət göstərir. Beləliklə çağdaş tariximizin qaranlıq məqamlarına nəinki işıq salınır, əksinə, müstəqilliyimiz uğrunda mübarizə aparmış, sözün əsil mənasında tarix yazmış şəxslərin keçdiyi şərəfli mübarizə yoluna kölgə salınır.
Bildiyimiz kimi, bu il dekabrın 31-də “Sərhəd Hərəkatı”nın 25 yaşı tamam olur. Məhz həmin səbəbdən Çağdaş Milli Azadqlıq tariximizə bir daha nəzər salıb, tikanlı məftillərin üzərinə nə üçün hücum çəkdiyimizə aydınlıq gətirmək istəyirəm. Söylədiyimi mənəm-mənəmlik kimi qəbul etməyin, çünki birmənalı elan edirəm ki, “Sərhəd Hərəkatı” barədə əsil həqiqətlərin tarixini qələmə ala biləcək yeganə şəxs mən-bəndəniz Ramiz Tağıyevdir.
Bəziləri utanıb-qızarmadan “Sərhəd Hərəkatı”nın ideya müəllifi olduğunu söyləyib, hətta “getdim, sərhədləri açdım, qayıtdım” deməklə, həmin möhtəşəm tarixi hərəkatı nə qədər çılızlaşdırdıqlarının fərqində olmadılar. Digərləri isə, sərhədlərin açılmasını təxribat hesab edib, guya sərhədi açanlar naxçıvanlıları İrana köçürmək istəyirlərmiş kimi gülünc açıqlamalar etdilər. Qınamıram, çünki həmin şəxslər yalnız mikrofon vasitəsi ilə özlərinin qəhrəman olduğunu nümayiş etdirməyə alışmışlardandırlar. Onların fikrincə “biz orda olmamışıqsa, orada xəyanət olub”. Hadisələrə şahidlik edənlər yaxşı bilir ki, 1989-cu il dekabrın 31-də baş vermiş tarixi hadisədə on minlərlə vətənpərvər iştirak edib. Onların hamısı həmin günü illər uzunu arzulamış və möhtəşəm tarixi hadisəyə birbaşa şahidlik etmək istəmişdilər. Atalar yaxşı deyib “el gücü, sel gücü”. Bu gücün qarşısında nə tank dayana bilərdi, nədə ki top.

Sərhədə gedən yol hardan başladı?

Bəzən elə kəslər bir çox tarixi hadisələrlə bağlı açıqlamalar verirlər ki, təəcccüblənirəm. Axı, bilmədən nə üçün ən gözəl, ən uğurlu çağdaş tariximizi saxtalaşdırmaq istəyirlər. Bir müddət öncə partiya sədrlərindən biri SSRİ-də baş vermiş ilk dəmiryolçuların tətili barədə söhbət açmışdı. Bilmirəm məqsədi nə isi, ancaq onu dəqiq bilirəm ki, başdan-başa yalan danışıb, özünü ifşa edirdi. Nə üçün dəmiryolçuların tətilindən söhbət açıram? Çünki SSRİ-də baş vermiş dəmiryolçuların ilk tətili də, dəmiryolçular şəhəri kimi tanınmış Culfada başlanmışdı. Həmin tətil ilk dəfə Culfa rayonunun Yaycı kəndində ermənilərin Azərbaycan dəmiryolçularına etdiyi təxribatlara etiraz olaraq başlanmışdı. Bu isə 1989-cu ilin iyun ayının ortalarına təsadüf etmişdi. Sonradan tətillərin mərkəzi Culfa lokomotiv deposuna köçürülmüş və həmin tətillərin bir çox tələbi Azərbaycan və SSRİ rəhbərliyi qarşısında qaldırılmışdı. Açıq söyləyirəm, dəmiryolçuların tətili Bakıda Azadlıq meydanına toplaşan milyonlarla insanın etiraz nümayişlərindən daha çox Azərbaycan və SSRİ rəhbərliyini narahat etmişdi.
Tətillər başlandığı gündən Culfa sözün əsil mənasında mübarizə mərkəzinə-döyüşən şəhərə çevrilmişdi. Azərbaycan rəhbərliyi və eləcə də SSRİ imperiyasının yüksək çinli məmurları, generalları, marşalları ard-arda Culfaya səfər edir, müxtəlif şirnikləndirici təkliflərlə tətilin qarşısını almağa səy göstərirdilər. Ancaq bu mümkün olmurdu. İrəli sürdüyümüz tələblər qlobal problemləri əhatə etdiyindən olar kor-peşman geriyə dönməyə məcbur qalırdılar. Sirr deyil ki, həmin tələblərdən biri o zaman Moskvadan Azərbaycana dönməsinə imkan verilməyən böyük dövlət xadimi Heydər Əliyev barədə idi. Tələbimiz o idi ki, Azərbaycan xalqının tələbinə əsasən Heydər Əliyevə Vətənə dönməsi üçün şərait yaradılmalıdır. Digər tələbimiz isə Cənubi Azərbaycanla aramıza sədd çəkmiş tikanlı məftillərin yığışdırılmasıyla bağlı olurdu. Yəqin ki, naxçıvanlılar yaxşı xatırlayır, özünü islahatçı, demokrat kimi qələmə verməyə çalışan M.S.Qorbaçov SSRİ rəhbərliyini ələ keçirdikdən sonra hətta Naxçıvan ərazisində vətəndaşların sərbəst hərəkət etməsinə məhdudiyyətlər qoyulmuşdu. Məsələn, Culfadan Yaycı kəndinə və ya Ordubad istiqamətinə getmək istəyən hər kəs rus sərhədçilərinin nəzarət etdiyi sərhəd postunda yoxlanılırdı. Bundan böyük təhqir ola bilərdimi? Buna qədər isə Azərbaycanın digər bölgələrindən Naxçıvana səfər etmək istəyən şəxslərdən xüsusi buraxılış vərəqəsi tələb olunurdu.
Culfa rayonunun Yaycı kəndində Həvva adlı yaşlı bir qadın yaşayırdı. Əri 1937-ci ilin Stalin repressiyasından xilas olmaq üçün öz azyaşlı oğlu ilə birgə Arazın o tayına keçmişdi. Həvva xala 52 il göz yaşı axıdaraq öz oğluna qovuşmaq arzusuyla yaşayırdı. Əvəzində isə ermənilər o zaman SSRİ ilə İranı birləşdirən yeganə dəmiryol xətti vasitəsilə o taydan bu taya, bu taydan isə o taya sərbəst hərəkət edə bilirdilər. Dəmiryolçuların tətillərindən narahatlıq keçirib Culfaya axışan SSRİ rəhbərliyinin nümayəndələri qarşısında bunun səbəbini soruşduqda, əsaslandırılmış cavab almaq olmurdu. Həmin görüşlərdə culfalıları mən təmsil etdiyimdən, hadisələr barədə daha çox bilgiyə malikəm.
Qaldırdığımız məsələ Zaqafqaziya Sərhəd qoşunları komandanlığını da bərk narahat etmişdi. Artıq onların da nümayəndələri Culfaya səfərlər edib, dialoqlar vasitəsi ilə bizi mövqeyimizdən daşındırmağa çalışırdılar. Bizim isə qərarımız qəti idi. Keçirdiyimiz mitinqlərdə çıxışlarımın böyük hissəsini sərhədlərin açılmasına,Cənubi Azərbaycana sərbəst gediş-gəlişimizin təmin edilməsinə həsr edirdim. Xalqın böyük istəklə həmin tələbin gerçəkləşməsinə doğru addımladığını hiss etmək çətin deyildi.
1989-cu ilin oktyabr ayında Zaqafqaziya Sərhəd qoşunlarının komandanlığının nümayəndələri yenidən Culfaya səfər edib, bizimlə danışıqlara başladılar. Hətta ikitərəfli protokol imzaladıq. Bizim tərəfdən həmin protokola o zaman Culfa rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin sədri Nəsir Bayramov və AXC Culfa rayon şöbəsinin sədri kimi mən imzalamışdım. Razılaşmaya əsasən birinci mərhələdə sərhəd dirəkləri sökülməli, İranla sərhəd beynəlxalq konvensiyaya uyğun olaraq Araza çayının tam ortasından hesablanmalıydı. Səhv etmirəmsə, Naxçıvanın 17 min hektar tikanlı məftillər arxasında qalmış əkinə yararlı torpaqları xalqın istifadəsinə verilməli idi. Həmin zamana qədər Culfa bəlkə də dünyada yeganə şəhər idi ki, qəbristanlığa həsrət qalmışdı. Belə ki, dədə-baba qəbristanlığı tikanlı məftillərin arxasında qaldığından Culfa şəhərinin əhalisi dünyasını dəyişmiş əzizlərini yaxın kəndlərdə dəfn etməli olurdu. Culfa yaxınlığında yerləşən Gülüstan adlanan tarixi məqbərənin də tikanlı məftillərdən azad olunması nəzərdə tutulmuşdu. Bu işlər yekunlaşdıqdan sonra bir daha Zaqafqaziya Sərhəd Qoşunlarının komandanlığı ilə masa arxasında oturub ikinci mərhələni müzakirə etməliydik ki, həmin mərhələdə Cənubi Azərbaycana sadələşdirilmiş gediş-gəlişin əldə edilməsinə nail olmalıyıq. Çox sevinmişdik. Təəssüf ki, sevincimiz uzun sürmədi. Sərhəd qoşunlarının rəhbərliyi müqavilə şərtlərini pozaraq ağlasığmaz tələb irəli sürdü. Onlar AXC Culfa rayon şöbəsindən sərhədçilərin avtomobillər hərəkət etməsi üçün Araz çayının kənarından onlarla kilometr yol çəkilməsini tələb etdilər. Təbii ki, bu ictimai təşkilatın imkanı xaricində idi. Əslində isə tələb razılaşmanı pozmaq məqsədi daşıyırdı. Deyəsən yalvarmaqla “donuzu darıdan çıxarmaq” mümkün olmayacaqdı.

AXC Naxçıvan Vilayət şöbəsinin birinci konfransında nələr baş verdi?

11 noyabr 1989-cu ildə Naxçıvan şəhərində AXC Naxçıvan Vilayət şöbəsinin ilk konfransı keçirildi. Konfransın işində iştirak etmək üçün Bakıdan Naxçıvana AXC sədri Əbülfəz Elçibəy, yazıçı Vaqif Səmədoğlu və həmin zaman AXC idarə heyətinin üzvü olan Nemət Pənahlı təşrif buyurmuşdular. Qızğın müzakirələr gedirdi. İdarə heyətində, məclisdə çoxluq qazanmaq istəyən qüvvələrin mövcudluğu müzakirələri qarşıdurma həddinə çatdırmışdı. Etiraf edim ki, həmişə olduğu kimi heç bir qruplaşmaya daxil olmaq fikrində deyildim. Mənim öz mübariz yolum var idi. SSRİ-ni mühafizə edən sərhədlərin dağıdılması, həmin imperiyanın qan damarı sayılan dəmiryolda hərəkətin dondurulması və “KQB” adlanan onurğa sütununun “bükülmə”sinə nail olmaq. Bu bir proqram idi ki, hər üç tarixi prosesin həyata keçirilməsinə məhz Culfada nail olduq.
Konfransdakı çıxışımı planlaşdırdığımız “Sərhəd Hərəkatı”na həsr etdim. Konfrans iştirakçılarına tarixi fürsətdən yararlanmaq barədə çağırış etdim. Çoxluq təklifimi bəyəndiyindən müzakirənin davamının 17 noyabr 1989-cu ildə keçiriləcək Vilayət şöbəsinin məclisinə saxladıq.
Sirr deyil ki, bu gün özlərini “Sərhəd Hərəkatı”nın ideya müəllifləri, qəhrəmanları kimi cəmiyyətə sırımaq istəyənlərin heç biri həmin konfransda bircə kəlmə olsun həmin mövzuya toxunmaq istəmədilər. Həmin zaman onlar öz tərəfdaşlarına vəzifələr ələ keçirməyi daha məqbul hesab etmişdilər. Mən, konfransa qədər apardığım mücadiləylə yanaşı, bir sıra KİV-lərdə “Sərhəd Hərəkatı” barədə öz mövqeyimi açıqlamağa nail olmuşdum.
17 noyabr 1989-cu ildə keçirilən AXC Naxçıvan Vilayət Şöbəsinin ilk məclisində “Sərhəd Hərəkatı” barədə verdiyim təklif müzakirə olunaraq səsə qoyuldu. Cəmi bir səs üstünlüklə təklifimin qəbul edilməsindən xeyli məmnun olmuşdum. Qarşıda isə bizi daha əziyyətlərlə zəngin mübarizə günləri gözləyirdi.

“Sərhəd Hərəkatı”yla bağlı ilk ümumrespublika mitinqi harada keçirildi?

Təkliflərim sırasında “Sərhəd Hərəkatı”yla bağlı ümumrespublika mitinqləri keçirilməsi yer almışdı. Mən, 1988-ci il 17 noyabrda Bakının Azadlıq meydanında keçirilmiş 17 günlük etiraz nümayişlərinin 4 dekabr tarixində rus imperiyasının xüsusi qüvvələri tərəfindən vəhşicəsinə dağıdılmasına etiraz olaraq, bir il sonra, məhz 4 dekabrda Culfada ümumrespublika mitinqinin keçirilməsi təklifini də irəli sürdüm.
4 dekabr 1989-cu il… Culfada coşqun bayram əhval ruhiyyəsi hökm sürürdü. Hamı əl-ələ tutaraq sərhəd kənarında uzunluğu kilometrlərlə ölçülən birlik simvolu yaratmışdı. Həmin illəri xatırlayanlar yəqin ki, unutmayıblar, çox keçmədi ki, Pribaltika respublikaları da belə bir aksiyaya qoşuldu. SSRİ-nin əsas informasiya telekanalı Pribaltikada keçirilmiş aksiyanı şərh edərkən “pribaltikalılar Culfa variantından istifadə etdilər” ifadəsini işlətmişdi. Əlbəttə, qürur duyuruq, nəhayət SSRİ-nin ən sivil regionu sayılan Pribaltika bizdən dərs almışdı…
Həmin gün sevincimizi o taydakı qardaşlarımızla bölüşmək üçün sərhəd kənarında çoxlu sayda tonqallar da qalanmışdı. O tay Culfasında minlərlə insanın bizi müşahidə edərək həmrəylik bildirmələri sevincimizə sevinc qatmışdı. Sərhədin kənarında yerləşən beşmərtəbəli binadan səsgücləndirici vasitə ilə çıxış edib məqsəd və məramımızı o taylı qardaşlarımıza çatdırırdım.
Aksiyanın davamı olaraq Culfanın Azadlıq meydanında gecədən səhərə qədər mitinqimiz davam etdi. Sərt soyuq belə toplaşanların sıralarını seyrəldə bilmirdi.
Sonralar Arazın o tayındakı qardaşlarımız söhbət açırdılar ki, mitinqdəki çıxışlarımızın sədasını o tay Culfasında açıq-aydın dinləyirmişlər.
Ümumrespublika mitinqinə Naxçıvan əhalisi ilə yanaşı Bakıdan və eləcə də respublikamızın digər bölgələrindən xeyli sayda insan qatılmışdı. Culfada baş verənlər SSRİ imperiyası rəhbərliyini bərk narahat edirdi. Bir tərəfdən dəmiryolçuların uzun müddətli tətilləri SSRİ iqtisadiyyatına hər gün milyonlarla zərər vurur, digər tərəfdən isə imperiyanı bütün dünyadan təcrid etmiş tikanlı məftillərin üstünə hücumlar çəkilirdi.
O zaman Moskvada və Bakıda dərc olunan bir çox qəzetlər ünvanıma sərt ifadələr işlədir və cinayətkar adlandıraraq SSRİ iqtisadiyyatına milyonlarla zərər vurduğumdan məsuliyyətə cəlb olunmağımı tələb edirdilər. Həmin yazıların əksəriyyəti şəxsi arxivimdə saxlanıldığından, baş verən tarixi hadisələr barədə qismət olsa yəqin ki, çox söhbət açacağam.
Təəssüflənirəm ki, çağdaş tariximizin doğru-dürüst araşdırılmaması səbəbindən bir çox gənc siyasətçi və yazarlar, eləcə də həmin dövrün təlatümlü hadisələrin içində olmaqdan ehtiyatlanıb gizlənməyi üstün tutanlar, SSRİ imperiyasının hərəkatsız, etirazsız dağılacağını iddia edib, Milli Azadlıq Hərəkatına kölgə salmaq istəyirlər. Buna cavab olaraq birmənalı bəyan edirəm ki, SSRİ “KQB”-sinin Culfada fəaliyyət göstərən şöbəsinin fəaliyyətinin dondurulmasına sərəncam verib, oradakı bir çox məxfi sənədlərlə tanış olmuşam. Azərbaycan “KQB”-sinin o zamankı rəhbəri Vaqif Hüseynovun Moskvanın təlimatına uyğun olaraq “KQB”-nin rayon şöbələrinə ünvanladığı 37 səhifəlik əmr Qorbaçovun SSRİ-ni bütün vasitələrindən istifadə edərək saxlamaq istəyindən xəbər verir.

Ardı var…

LEAVE A REPLY