Cənnətdə on beş gün…

0
11

Zaur Muradxanlı

Cənnətdə on beş gün…

Əlil vətəndaşlardan diqqət və qayğımızı əsirgəməyək!

Əməkdaşımız I qrup gözdən əlil olan Zaur Muradxanlı bu yaxınlarda müalicə məqsədi ilə Şaqanda yerləşən Müharibə Əlilləri üçün Müalicə Pansionatında olub. Pansionatda əlil vətəndaşlara göstərilən xidmətin hansı səviyyədə olması, əlillərə olan münasibətlə əməkdaşımızın hazırladığı bu yazıda tanış olacaqsınız.
Pəncərənin açıq tağının qarşısında taqətsiz qollarımı sinəmdə çarpazlayaraq dayanıb bayırda yağan ağ yağışı seyr edirdim. Küləyin sovurduğu yağmur dənəcikləri milçəkdana dəyərək kiçilir, toz halına düşərək içəri dolur, alnıma, sifətimə vurur, üzümdə xoş bir qıcıqlanma yaradırdı. Yağmurun beləsi az tapılardı buralarda…
Anidən basdıran qısamüddətli, olduqca iridamlalı yağmur… Ən çox sevdiyim yağmur tipidir beləsi. Xüsusən ağ yağış dayandıqdan sonra həmən ardından başlayan və aralıqlarla sürən çiskin yağışlar… Necə sevərdim belə yağışın altında gəzməyi. Bizim oralarda belə yağış yağanda “qurd balalayır” deyərdilər. İndi burda, qərib eldə pəncərənin açıq tağına körpücük sümüyümlə söykənərək, ağ yağışın simfonik harmoniyasını dinləyərək məst olmuş, digər tərəfdən də bunları düşünürdüm.

Harda qaldı o məsum uşaqlıq, o dəliqanlı gənclik günləri? Qəza keçirdikdən sonra don vurmuş ağacın yarpaqları tökülən kimi dost- tanış çəkilib getmiş, həyat çölündə tək-tənha qalmışdım. İş tapmaq üçün müxtəlif vaxtlarda bir neçə yerə baş vursam da aldığım cavab mənə acımalarından başqa bir şey olmadığından bu da qürurumu incitmiş, ruhumu əzib bükülən cismimin içində sahibsiz buraxmışdı. Bəzən bilgisayarımın önündə əyləşib yazılarımla məşğulkən, ya da internetdən kitab dinləyərkən bu sıxıntı qarşısında acizliyimi hiss edir, dərindən bir ah çəkərək “Of Tanrım” deyə qıcadığım dişlərimin arasından hikkəylə fısıldayıb alnımı masanın tininə sıxmaqdan başqa bir şey də gəlmirdi əlimdən. Bütün bunlar insanı nə qədər üzüb əldən sala bilərsə, mən də o qədər əldən düşmüşdüm. Bəzənsə öz- özümə “bu yaşadığım dünyadakı cəhənnəm olsa gərək” deyə düşünürdüm. Niyə də düşünməsəydim ki? Buna görə nə Allah məndən inciyər, nə peyğəmbər küsər.
Dərdimi qısa yoldan anlatacam. Bir insana sadəcə və sadəcə lazımsız yararsız olduğunu incədən-incəyə xatırladan, bir parazit kimi artıqdan nəfəs alaraq digər canlıların oksigen payına şərik çıxdığını, boşuna suyumuzu istifadə etdiyini bildirin. Əlbəttə, ən mümkün mərtəbə nəzakət qaydalarını pozmadan. O insan dəli olar, vallah olar. Çünki bir əlilin qazandığı ən böyük şey fiziki qüsuru deyildir, ətrafındakıların ona acıyaraq baxmalarıdır, hətta bəzən o insanın içində nə cövhərlərin olduğunu anlamayacaq qədər geri zəkalı olsalar belə.
Eləcə dayanıb yağmurun damı döyəcləməsini, novalçalardan süzülüb tökülərkən çıxardığı səsləri dinləyir, bir tərəfdən də durumumun nə vaxtadək belə davam edəcəyini düşünməyə başlamışdım.
Can sıxıntısından təngə gələrək əsəbimdə boğulacaq kimi olur, qeyri ixtiyari ovuşdurmağa başladığım boğazımı sıxmaqdan qızartdığımı hiss edirdim.
Ani bir hərəkətlə pəncərədən ayrıldım, dönüb iti addlmlarla mətbəxə gedərək telefonu götürüb yeddi rəqəmi yığaraq xəstə adamın ürək döyüntüsü kimi fasilələrlə gələn “qudok”ları dinləməyə başladım. İlk yoxlamadan bir şey çıxmadı, telefonu açan olmamışdı, amma inadım tutmuşdu, ikinci dəfə təkrar düyməsindən həmən nömrəni yığdım. Sonunda dəstəyin digər ucunda incə və gümrah səsli xanım cavab verdi:
-Alo.
-Salam, Kəmalə xanım.
-Salam.
-Bağışlayın, rahatsız etmirəm ki?
-Xeyr, buyurun, nə lazımdı?
-Mən birinci qrup əliləm, adım Zaurdur, sizin pansionatda müalicə almaq istərdim.
-Siz əvvəlcə burda müalicə almısız?
-Xeyr, xanım.
-Yəqin ki, növbəyə də durmamısınız?
-Elə onun üçün sizi narahat edirəm…
-Axı, indi növbəyə durmaq vaxtı deyil, hər il dekabrın birindən sonra cari il üçün zəng edib və ya yaxınlaşaraq növbədə dayanmalısız.
-Bağışlayın, Kəmalə xanım, bunları bilmirdim. Mənə istədiyim vaxt gedib boş yer olub olmadığını soruşmağım, boş yerin olacağı vaxt üçün göndərişlə müraciət edə biləcəyim deyilmişdi.
-Zəhmət olmasa, bir dəqiqə gözləyin müdriyyətlə əlaqə saxlayım, boş yer varsa yazarıq gələrsən, olmasa dekabrda növbəyə durmalısınız.
-Aydındır, Kəmalə xanım.
Bir dəqiqə hər nə qədər uzun çəksə də, sonuc sevindirici idi. Boş yer var imiş və noyabrın on doqquzu üçün adım siyahıya salınmışdı. Dəstəyin o biri tərəfindən Kəmalə xanım şəfqət dolu səsi ilə mənə gələndə hansı sənədləri gətirməli olduğumu anladırdı:
-Gedin, VTK-dan göndəriş alın, əlillik və şəxsiyyət vəsiqələrinizlə birgə gətirib gələrsiz.
-Baş üstə, Kəmalə xanım, təşəkkür edirəm.
Dəstəyi asdıqdan sonra həyətə çıxdım. Artıq yağış səngimiş, incədən- incəyə çisələyirdi. Əllərimi arxamda qovuşdurub düşüncəli- düşüncəli gəzişməyə başladım. Arada başımı yuxarı qaldırır, üzümə düşən büllur dənəciklərindən hədsiz zövq alırdım. Bir az islandıqdan sonra evə döndüm və anama:
-Ana, sabah VTK gedək.
-Xeyirdimi?
-Hə, göndəriş alacam, gedib Şaqanda dincəlmək istəyirəm.
-Şaqan haradı?
-Əlillərin müalicə pansionatı var orda. Mərdəkanda yerləşir.
-İnşallah, gedərik, niyə getmirik ki…
Noyabrın on doqquzu artıq Mərdəkanda müalicə pansionatımızın önündə idik. Bura hektarlarca ərazidə əkilmiş həmişəyaşıl ağacların əhatəsində bir-birinə bitişik dörd korpusdan ibarət nəhəng səhiyyə ocağıdır. 250 çarpayılıq xəstə alma qabiliyyəti, onlarca müalicə profilaktika bölməsi, ayrıca zəngin kitabxanası və mədəniyyət evi ilə birlikdə nəhəng bir sağlamlıq kompleksi olan müalicə pansionatımızda bura müraciət edən xəstələrin könlünü alan, onları bura qəlbdən bağlayan bir şey var ki, bu hər çeşid müalicədən daha üstün, istənilən elmi naliyyətdən daha əhəmiyyətlidir. Pansionatımızın çalışanlarının reabilitasiya görən əlillərə insanca yaxınlaşaraq onların dərdlərinə şərik olmaları, əlil olduqlarını unutdura bilmək üçün bütün səmimiyyətləri ilə çalışmalar olduqca təqdirəlayiq haldır. Bir ara öz- özümə düşündüm, görəsən sadəcə mənə qarşı bu cür isti və sanki hər biri doğmalarıymışam kimi münasibət var, yoxsa bu sevgi seli hər kəsə qarşı eyni səviyyədədir? Bunu öyrənməyin ən qısa yolu pasiyentlərdən bir neçəsi ilə bu barədə söhbət etməkdir. İlk müsahibim Bayramova Barat xanım oldu.

-Salam, Barat xanım.
-Salam, oğlum.
-Lütfən xəstəlik tarixçənizi və pansionatla bağlı düşüncələrinizi oxucularımızla paylaşardınız…
-Mən on il öncə insult keçirdim. Beş il Naxçıvanda müxtəlif xəstəxanalarda müalicə aldıqdan sonra, birinci qrup əlillik dərəcəsi ilə təqaüdə çıxarıldım. Üstəlik şəkərim də var. Beş ildi ki, müalicə üçün bura gəlirəm. İlk gəldiyimdə sağ qolum qucağımda idi, sağ ayağım da tutmurdu. Allah Cəfərova Məlahət həkimdən razı olsun. Dedi, Xanım, ürəyini sıxma, səni burda sapasağlam eləyib göndərəcəyik evinizə. Amma gərək bir neçə il davamlı gələsən müalicəyə. Mən də düz beş ildi ki, hər il eyni vaxtda gəlirəm. Şükür indi əlim başıma qalxır, sərbəst yeriyir, özüm öz işimi görürəm.
Ayrıca tibb bacılarından Zülfiyə xanımdan danışarkən də dili ağzına yerləşməyən Barat xanım onun xüsusən insancıl tərəflərini qabardaraq, “oğlum birdən elə bilərsən yerlim olduğuna görə tərifləyirəm, qətiyyən yox, burda kimdən soruşsanız mən deyəni deyəcək” deyib, əlavə etdi: hər kəs tibb bacısı ola bilər. Önəmli olan iynə vurmaq, sistem qoşmaq deyil ki, önəmli olan Zülfiyə xanım kimi mehriban, istiqanlı ola bilmək, xəstələrinə can yandıraraq onların hər dərd-səri ilə maraqlana bilməkdir.
Daha sonra adlarının çəkilməsini istəməyən daha bir neçə pasiyentlə söhbət etdim. Bu söhbətlərimiz adətən yeməkxanada, masa başında və ya axşam yeməklərindən sonrakı konsert proqramlarından öncə ayaqüstü olaraq baş tuturdu. İstisnasız olaraq söhbət etdiyim hər kəs bu müalicə pansionatdakı müalicə tədbirləri, tibb heyəti və texniki işçilərin onlara yaxınlaşma tərzindən razılıqla bəhs edir. Səhiyyə nazirliyi və pansionatımızın müdriyyətinə onlara yaratdıqları gözəl şəraitə görə təşəkkürlərini bildirirdilər. İndi isə, gəlin, bir az da öz təəssüratlarımdan danışım. Pansionata qəbul olunduğum ilk gün sənədlərim qaydaya salındıqdan və hər kəsə olduğu kimi mənə də daima isti-soyuq suyu olan ikiçarpayılıq, rahat otaqda yer ayrıldıqdan sonra əşyalarımı yerləşdirib aşağı, birinci mərtəbəyə, müalicəsinə yazıldığımız Sevinc həkimin yanına endik. Öncə Sevinc xanımla bağlı qısa arayış:
Məmmədova Sevinc Mərdəkan qəsəbəsində doğulub. Orta təhsilini müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan dövlət tibb universitetinin müalicə işi fakultəsinə daxil olub və 2006 ildə həmin fakultənin Endekrinologiya bölümündən məzun olub. 2007- ci ildə internanı bitirib öncə Mərdəkandakı 12 nömrəli Uşaq xəstəxanasında çalışıb. 2011-ci ildən etibarən müalicə pansionatında çalışır. Evlidir, dörd övladı var.
Daha ilk qarşılaşmamızdaca Sevinc xanımın nə qədər pozitiv, sevgi dolu insan olduğunu anladım. O, ətrafını öz şəfqət dolu enerjisi ilə sarıb sarmalayaraq insanın ürəyinə işləyir, qəlbini qızındırırdı. Xəstələrə sadəcə bir həkim deyil, həm də böyük ürək sahibi, əsil Azərbaycan xanımı və hər şeydən öncə bir ana kimi yaxınlaşaraq, müalicə təyin etməklə öz işini bitmiş hesab eləmir. Pasiyentlərinə daha çox psixoloji yöndən yaxınlaşaraq onların ruhi durumunun düzəldilməsi üçün əlindən gələn dəstəyi əsirgəmirdi. Nə yalan deyim, adətən olduğu kimi sadəcə işi ilə maraqlanan həkim gözlədiyim halda, qarşıma əynindəki ağ xalatı qəlbinin yaydığı enerjidən görünməz olan bir xanımla qarşılaşmam ilk öncə xəfifdən də olsa məni qafil avladı. Bir an hara gəldiyimi unutdum. Burda müalicəyə gəlmiş xəstə deyil, anasının şəfqətli qollarında hüzura qovuşmuş uşaq kimiydim. Bu hiss nə gözəldir, bir anlada bilsəm…. Sevindirici haldır ki, bu gözəl xüsusiyyət sadəcə Sevinc xanımda yox, pansionatımızın əksər kollektivinin xarakterik xüsusiyyətlərindən idi. Burda adını vurğulamaq istədiyim həkimlərdən biri də Ağayeva Nigardır. Qısa arayış:
Nigar xanım Sumqayıt şəhərində doğulub, bu şəhərimizdə böyüyüb başa çatıb. Elə orta təhsilini də Sumqayıtda aldıqdan sonra ali təhsilini Azərbaycan Dövlət Tibb universitetində davam etdirmək qərarına gəlib və bu yolda başarılı da olub. 2010-cu ildə həmin universitetin müalicə işi fakültəsinin terapiya bölümündən məzun olub. Ali təhsilini başa vurduqdan sonra keçdiyi xüsusi kurslarla tibb elminin incəliklərinə daha yaxından bələd olan Nigar xanım eyni zamanda akapuktura sahəsində qərar qılıb. Halhazırda pansionatımızda yeni açılan şöbələrdən biri olan bu sahədə xəstələrə xidmət etməkdədir. Bu pansionatda çalışan hər bir tibb işçisinin onu digərlərindən fərqləndirən xüsusiyyəti vardır. Bu Nigar xanımda sonsuz sadəlik və qüsursuz insancıllıqdır. Əgər bunun başqa bir adı varsa, onu ya mən bilmirəm, ya da ifadə edə biləcək söz tapa bilmirəm. Əminəm ki, Nigar xanım bu gözəl xüsusiyyətləri sayəsində ən qısa zamanda pansionatın ən çox sevilən həkimləri sırasında layiqli yerini tutacaqdır. Çünki on üç ildir xəstəxanaları arşınlamağıma baxmayaraq onun kimi eqoizmdən uzaq, istiqanlı, hətta öz yeməyini xəstəsi ilə bölüşəcək qədər zərif ruhlu bir həkim görməmişəm.
Qeyd etmişdik bu pansionatdakı hər tibb xidmətçisinin nə qədər yüksək insani dəyərlərə sahib olduğunu. Tibb bacılarından da bir neçəsinin adını çəkmədən keçə bilməyəcəm. Xüsusən Abdıyeva Vəfa xanım. O, 2002-ci ildə Tibb texnikumundan məzun olub. Artıq on iki ilə yaxındır ki, fasiləsiz olaraq pansionatın fizioterapiya şöbəsində sehirli aparatının yardımı ilə xəstələrə şəfa verməkdədir. Hələ də Vəfa xanımın ”acıqlanaraq”, “Zaur, sənin bu nazın öldürəcək məni” dediyini duyar kimiyəm. Amma o əslində mənim naz elədiyimi deyil, aparatının zəhmindən bağrımın yarıldığını bilir, sadəcə cəsarət vermək üçün belə deyirdi. Eh, Vəfa xanım, sonunda ayaqlarımı qurtardım sənin tokundan…
Bir də başqa xanım vardı ki, onun da haqqında danışmadan keçə bilməyəcəm. Bu nöqtə masaj şöbəsində çalışan Baxışova İradə xanımdır. O, 1989-cu ildə tibb məktəbini qırmızı diplomla bitirdikdən sonra, keçmiş Kirov adına Elmi Tədqiqat İnstitunda yerləşən təbii üsullarla masaj bölümünə daxil olub və 1991-ci ildə həmin təhsil müəssisəsini nöqtə masaj bölümündən də fərqlənmə ilə məzun olduqdan sonra, müxtəlif yerlərdə çalışıb. 2003-cü ildən pansionatda gecə növbətçisi vəzifəsində çalışan İradə xanım 2011-ci ildən etibarən ehtiyacı olan xəstələrə nöqtə masajı sahəsində yardımını əsirgəməməkdədir.
Ayrıca gülərüzlülük və səmimiyyətləri ilə seçilən tibb işçilərindən Həqiqət xanım, Samirə xanım, Aygün xanım və Anar müəllimin də adından bəhs etməsək olmaz. Çünki yuxarıda adlarını sadaladığımız və adını bilmədiyim daha neçə-neçə tibb işçiləri vardır ki, hər biri birər insanlıq abidəsidirlər.
Bir az da müalicə pansionatımızın direktoru Pərvanə xanımdan bəhs edək. Qısa arayış:
Hacıyeva Pərvanə Zakir qızı, 1995-ci ildə Azərbaycan Dövlət Tibb universitetinin müalicə işi fakültəsini müvəffəqiyyətlə bitirib. Müxtəlif səhiyyə ocaqlarında çalışdıqdan sonra uzun müddət ağıldan kəm uşaqlar üçün məktəbdə direktor olaraq çalışıb. 17 fevral 2014-cü ildən isə müalicə pansionatımızın direktoru vəzifəsinə təyin edilib.
Müalicə Pansionatından ayrılmadan öncə gördüyüm xoş münasibət və səmimi davranışa görə Pərvanə xanımla görüşüb qısa zamanda yaratdığı gözəl ab-hava üçün təşəkkür etmək istədim. Xahişim üzərinə məni qəbul etdi və bir neçə dəqiqə səmimi söhbət etmə şansım oldu. Eqoizmdən əsər görməməm məni xeyli cəsarətləndirdi. (Söyləmə səbəbim çəkingən yaradılışlı olduğumdandır. Əgər eqoist xanım olsaydı hər halda söhbətimiz o qədər də səmimi alınmazdı-Z.M). Bir maestronun orkestirini tək barmağı ilə idarə etdiyi kimi bu nəhəng sağlamlıq ocağını qüsursuz şəkildə idarə edən Pərvanə xanım üzərimdə yaratdığı təəssüratdan da anladığım kimi bu nəaliyyətə zəhm və qabalıqla deyil, xoş təbəssüm, gülərüzlülük, mehribanlıq və səmimiyyətin toplamının yaratdığı kumilyativ enerji sayəsində nail olub. Daha çox pansionatın gələcəyi ilə bağlı görüləcək işlərdən danışdıq. Burdan bütün əlillərə sevindirici xəbər vermə fürsətini də qaçıra bilmərəm. Həm də ilk ağızdan. Belə ki, Pərvanə xanımla söhbətimiz zamanı o bura direktor təyin edildikdən sonra gördüyü işləri böyük təvazakarlıqla anladarkən bu işlərin və onun planlarının əslində heç də təvazökarlıqla keçilə bilinməyəcək qədər dəyərli olduğunu gördüm. Bunlardan ən önəmlilərindən biri yeni açılan akapunktura şöbəsindən sonra avtolmiologiya şöbəsinin də açılması üçün işlərin aparıldığı və yaxında görmə çətinliyi çəkən əlillərimizin bu sahədəki şikayətlərini müalicə olunacağı şöbə olacaq. İkincisi isə sentyabrda Litvadan işgüzar səfərdə olan Pərvanə xanım bu ölkənin Vilnüs və Kaunas şəhərlərində yerləşən reabilitasiya mərkəzlərində olduğunu və bu ölkədə tətbiq edilən müasir reabilitasiya üsullarını ölkəmizdə də tətbiq etmək istədiklərini bildirdi. Burda xüsusən Avropada əmək, amma bizdə tibbi reabilitasiyaya üstünlük verildiyini vurğulayan Pərvanə xanım bundan sonra Azərbaycanda da əmək reabilitasiyası sahəsində işlərin görüləcəyini bildirdi. İlk addım kimi yaxında əlillərimizdən birinin rəsm sərgisinin açılacağının da müjdəsini verdi. Bütün bunlar əlbəttə bir başlanğıc, bir addımdır, əsil böyük yeniliklər isə pansionatın təmirindən sonra olacaq. Şübhəsiz ki, üfüqdə Avropanın ən böyük və ən modern reabilitasiya və fizioterapiya mərkəzləri arasında təcrübə mübadiləsi vardır. İnşallah təmir mümkün qədər tez olar. Bu arada diqqətinizdən qaçmadısa müalicə pansionatından danışarkən davamlı olaraq “pansionatımız” deyə bəhs etdim. Bunun sirrini bilmək istəyirsinizsə, buyurun gəlin, siz də dincəlin. Əmin olun, gedən növbəti dəfə qayıdacağı günü iplə çəkəcək, içinizdən bir şeyin burda qaldığına inanacaqsınız.
Nəhayət əlillər günündən bir gün öncə ayrıldım sevimli pansionatımızdan. Burda keçirdiyim günlər mənim üçün cənnətdən bir əsintidən başqa bir şey deyildi. Növbəti dəfə gələcəyim günün həsrətini qəlbimdə daşıyaraq, sevimli həkimlərimə və tibb bacılarıma yenidən qovuşacağım günü daha indidən özləyərək, ayrılıram burdan. Eynən Adəm peyğəmbərin cənnəti tərk etdiyindən sonra insan oğlunun ora qayıtmağı özlədiyi kimi, hələlik sevimli pansionatımızın fədakar çalışanları. Bədirlənmiş ay kimi gözəl çöhrənizdən təbəssüm, gözlərinizdən işinizi başarmanın verdiyi qürur parıltıları, dodaqlarınızdan gülücüklər, qəlbinizdən fərəh, səsinizdən sevinc tonları əskik olmasın. Qəlbimdə daşıyacam hamınızı, əzizlərim. Yenidən görüşmək ümidiylə…

LEAVE A REPLY