Azər Əsgərovdan yeni ittihamlar…

0
5

Azər Əsgərovdan yeni ittihamlar…

Qəhrəmana çevirdiklərini düşmən hesab edənlərin məqsədi nədir?

Bir neçə ay öncə mülkü qaz balonunun partlaması nəticəsində yararsız hala düşərək sökülməyə məruz qalmış iş adamı Azər Əsgərov AXCP sədri Əli Kərimlini ağır ittihamlara məruz qoyub. Belə ki, əvvəl sahibi olduğu ikimərtəbəli mülkünü Açıq Cəmiyyət Partiyasına (ACP), sonradan isə AXCP-yə icarəyə vermiş A.Əsgərov Ə.Kərimlinin hökumətlə əlbir olaraq onun mülkünü yararsız hala saldığını söyləyib: “Mülkümlə bağlı mənə təklif olunan məbləği sənin alacağına əminəm. Mülkdə baş verən partlayışdan 9 ay ötür; AXCP üzvləri isə hələ də məni sosial şəbəkələrdə təhqir edirlər” kimi açıqlamalar edən iş adamı AXCP rəhbərliyinin onu hüquqları uğrunda mübarizədə tək qoyduğunu bəyan edib. Bunun qarşılığında A.Əsgərov Ə.Kərimlinin ünvanına sərt ittihamlar səsləndirərək AXCP sədrini ifşa edib. O bildirib ki, mülkünün sökülməsindən keçən 9 ay ərzində AXCP susqun mövqe nümayiş etdirir: “Bu gün mülkümün dağıdılmasından 9 ay ötür. Bu müddət ərzində nə təzminat verdilər, nə də əşyalarımı qaytardılar. Məhkəmə prosesi yubadılır. Mənə acıq gələn odur ki, bu barədə nə “Azadlıq” qəzeti, nə də AXCP rəhbərliyi maraqlanmır. Belə görünür ki, mülkümün dağıdılmasında bunların hökumətlə bərabər əlləri olub”.
A.Əsgərov bəzi məqamlarda səhv etsə də, Ə.Kərimli haqqındakı açıqlamalarıyla razılaşmamaq olmur. Çünki son on beş il ərzində AXCP sədrinin atdığı hər addım yalnız öz şəxsi məqsədinə xidmət göstərib. Ə.Kərimlinin çətin anlarda ən yaxın dostlarını taleyin ümidinə buraxması dəfələrlə təsdiqlənib.Onun yaxından tanıyan hər kəs münasibətlərinə birdəfəlik nöqtə qoyub. Kimləri misal gətirək; Fazil Mustafa, Qulamhüseyn Əlibəyli, Asim Mollazadə, Qüdrət Həsənquliyev, Əli Məsimov, Mirmahmud Mirəlioğlu, Ramiz Tağıyev, Akif İslamzadə, Qorxmaz İbrahimli, Fuad Mustafayev və bir çox tanınmış siyasətçilər zaman-zaman Ə.Kərimlinin etibarsızlığına, cığallığına, pulgirliyinə etiraz olaraq onunla yola davam etməkdən imtina etmədilərmi?A.Əsgərov bunlardan xəbərdar ola-ola Ə.Kərimliyə mülkünü etibar etməkdə səhv etməmişdimi?
Şübhəsiz, iş adamı araşdırmalarını davam etdirsə, mülkünün Ə.Kərimlinin sifarişi ilə partladığını sübut edə biləcək. Çünki həmin mülkün partladılması iqtidarın heç bir işinə yaramırdı. Axı, orada AXCP nə xariqələr yaradırdı ki, iqtidar bundan narahat olub, qərargah kimi AXCP-yə icarəyə verilmiş mülkün partladılmasını istəsin?

Düşünürəm ki, təxribat iqtidar tərəfindən təşkil edilsəydi partlayışın gücü daha dağıdıcı olardı. İş orasındadır ki, həmin qərargahda AXCP üzvləri növbə çəkirlərmiş. Mülkün- AXCP-nin A.Əsgərovdan icarəyə götürdüyü müvəqqəti qərargahın partladılması yalnız Ə.Kərimlinin xeyrinə işləyə bilərdi. O, bununla beynəlxalq aləmə car çəkib, iqtidara əsas rəqib olduğum üçün məndən qorxurlar və fəaliyyəti əngəlləməkdən ötrü bütün vasitələrdən istifadə edirlər, söyləyəcəkdi ki, bunu da etdi.
Ə.Kərimlinin siyasi oyunbaz, dələduz birisi olduğunu indi dərk edən A.Əsgərov onu daha sərt ifadələrə qonaq edib: “4 aya yaxındır ki, AXCP ümumiyyətlə, mənimlə maraqlanmayıb. Əvvəllər Gözəl Bayramlı zəng vururdu. İndi isə o da zəng vurmur. Hətta deyirlər ki, kirayə pulumuzu vermişik. Əli Kərimli, sənə heç 1 milyona da yer verməzdilər. Özün bizə satqın deyirsən, satqının ən yekəsi sənsən… Sabah hakimiyyətə gəlsən, xalqa yox, qrant aldığın adamlara işləyəcəksən.”
Görünən odur ki, A.Əsgərov 9 ay müddətində AXCP sədrinin hansı xislətin sahibi olduğunu müəyyən edə bilib. Nəzərə alsaq ki, iş adamının icarə verdiyi mülkün dəyəri yüz minlərlə ölçülürdü, onda onun qəzəblənməsinin səbəbini müəyyən etmək çətin olmazdı. A.Əsgərov daha incə mətləblərə toxunaraq, Ə.Kərimlini partiyanı hökumətdən aldığı pullarla saxladığına işarə vurub: “Sən bu partiyanı nə ilə saxlayırsan? Hökumətdən pul alıb, partiya saxlayırsansa, səndən nə müxalifət lideri olar? Xarici dövlətlərdən pul alırsansa, demək o dövlətlərə satılmısan. Məhz buna görə ətrafında adamlar günbəgün azalır. Əli Kərimli, sən meydanda tək qalacaqsan. Sizlər vəhşi insanlarsınız. Ağıllı adamlar AXCP-dən gedir. Mülkümü onlara verəndə gənclərdən Əbülfəz Qurbanlı adlı birisi var idi. Mənə deyirdi ki, mülkü qoruyacağıq. Nə bilim mühafizə təşkil edəcəyik. Amma partlayış olandan bir dəfə də üzünü görməmişəm. Partlayış nəticəsində mülkümə ciddi zərbə dəymişdi. Sadəcə mən Türkiyədən gələnə kimi əlbir olub dağıtdılar. Öz əşyalarını aparırdılar. Mən isə heç nə götürə bilmədim. Mirzə Sakit düz deyir, bunlar qaniçən quldurlardır. Əsil cəbhəçilər tezliklə bunların sifətini görüb gedəcəklər.”
A.Əsgərov sosial şəbəkələrdə AXCP üzvləri tərəfindən təhqir olunduğunu da bildirib: “İndiyə qədər çox nazirliyi tənqid etmişəm. Heç biri məni təhqir etməyib”. Mülk sahibinin söylədiklərinə inanmamaq olmur. Çünki sosial şəbəkələrdə ən çox təhqiredici ifadələrdən istifadə edənlər məhz Əli Kərimli tərəfdarlarıdır. Onlar rəqibləri ilə dialoqa girmək səviyyəsində olmadıqlarından daha çox küçə söyüşlərindən istifadə edirlər. Barələrində inzibati tədbir görülən kimi isə dünya aləmə xəbər yayıb, hüquqlarının pozulduğunu iddia edirlər.
A.Əsgərov mühacirətdə yaşayan Mirzə Sakiti xatırlamaqla, bir daha Ə.Kərimlinin öz silahdaşlarına necə xəyanət etdiyini təsdiqləmək istəyib. Çünki bir neçə il öncə həbsdən azadlığa çıxmış M.Sakitin şeirlərinin “Azadlıq” qəzetində dərc olunmasına qadağa qoyan AXCP sədri bəzi iqtidar məmurlarından xeyli “yardım” ala bilmişdi. Ə.Kərimlinin belə addımından narazı qalan M.Sakit AXCP-dən istefa vermiş və bir az sonra xaricə mühacirət etmək məcburiyyətində qalmışdı. Satırık yazarı AXCP sıralarını tərk etdikdən sonra keçmiş partiyadaşları hətta xəyanətdə suçlamışdılar. Şübhə yoxdur ki, bu da Ə.Kərimlinin xüsusi göstərişi ilə baş verirdi.
İndi A.Əsgərov belə təhqirlərə məruz qalıb. Bunlara toxunan iş adamı Ə.Kərimlinin başında olan 5-10 nəfər xuliqan tərəfindən AXCP sədrinin təlimatına uyğun olaraq təhqir edildiyini söyləyib: “Hətta yazırlar ki, bir də Ə.Kərimlinin əleyhinə danışsan, səni öldürərik. Sən, böyük partiyanın rəhbərisən.(burada A.Əsgərov yanılıb, Ə.Kərimlinin uğursuz siyasəti nəticəsində AXCP sıralarında təxminən 200-250 üzv qalıb-T.Türk). Sabah necə hakimiyyətə gələcəksən? Sizlər qorxmuş müxalifətsiniz. Sənə mülkümü vermişəm. Partlayış olanda sən harda idin? Niyə gəlmədin? Demək, sənin bu işdə barmağın var. Hakimiyyətlə əlbir olmusan. Mənə məlumatlar gəlir ki, mülkümü qorumaq üçün xeyli sayda cəbhəçi gəlib. Hamısını geri qaytarıblar. Ə.Kərimli, sən lidersən? Gəncləri ətrafına yığıb həyatlarını məhv etdirirsən. Mənə veriləcək təzminat barədə hansı beynəlxalq təşkilat qarşısında məsələ qaldırmısan? Hökumətə söz vermisən?”
A.Əsgərova xatırlatmaq istəyirəm ki, Ə.Kərimli cəsarətsiz və qorxağın təki olub, bu gün də qətiyyən dəyişməyib. O, hələ 2001-ci ildə onun siyasətindən narazı olub AXCP-ni tərk edənlərin,AXCP-nin Xaqani -39 ünvanında yerləşən müvəqqəti qərargahını zəbt etdikləri zaman da qorxusundan həmin narazılar qərargahı tərk etməyənə qədər ortalıqda görünməmişdi.
A.Əsgərov danışır və yəqin ki, hələ çox danışacaq. Ə.Kərimlinin hiyləgərliyi və beynəlxalq təşkilatlar qarşısında imic qazanmaq məqsədi ilə partlatmağa nail olduğu mülkünün xiffətini uzun zaman çəkməli olacaq. Sonda iş adamına bir daha xatırlatmaq istərdim, cənab A.Əsgərov, siz Ə.Kərimlinin yüzlərlə insana xəyanət etməsindən, xaricilərin agenti olaraq Vətəninə qarayaxma kompaniyası apardığından məlumatsız idinizmi? Onun öz lideri Əbülfəz Elçibəyə dəfələrlə xəyanət edib, bunun əvəzində deputatlıq mandatı əldə etdiyini bilmirdinizmi? Nə isə…
Ataların bir gözəl məsəlini xatırlatmaq məncə yerinə düşərdi: “özü yıxılan ağlamaz”. Kaş ki, bundan sonra Ə.Kərimli kimsənin evini yıxa bilməyəydi…

Turan Türk

LEAVE A REPLY