Qəmə

0
13

Zaur Muradov

Qəmə

(Əvvəli ötən saymızda)

Amma neyləsin ki, o, hələ sadəcə bir uşaqdı və bütün uşaqlara xas olan qadağan olunmuşa qarşı hədsiz maraq hissi onda da var idi. Elə bu maraq onun qanına girmiş, bir günlük belə olsa özünü bu qiymətli əşyanın sahibi kimi görmək istəyi üstün gəlib, qəməni xəlvətcə yerindən götürüb otlağa gətirməsinə səbəb olmuşdu. İndi gördüyü oğurluq işin cəzasını çəkməyə hazır olmalı, ya da yerin deşiyindən də olsa qəməni tapıb çıxarmalı idi.
Qəmə əmisinden yadigardı. Uzun illər öncə tutulan əmisi həbsxanada olarkən düzəltmiş, onu yoluxmağa gedən atasına hədiyyə etmişdi. Həbsxanadan çıxdıqdan sonra cəmi ikicə il yaşayan əmisi evlənməyə macal tapmadan özü ilə gətirdiyi xəstəlik üzündən vəfat etmişdi. Ardından onu xatırladacaq bir şey qalmamışdı. Sadəcə atasına bağışladığı qəmə qalmışdı. Əlbəttə bütün bunlar nəinki Tunar doğulmamışdan, hətta atası evlənməmişdən çox daha öncə olmuşdu. Amma atası yenə də mərhum qardaşından qalan tək əşyanı göz bəbəyi kimi qoruyur, sadəcə ən hörmətli qonaqlar xahiş etdikdə duvardan asıldığı yerdən, xalçanın üstündən götürüb onlara göstərirdi.
Qəmənin qəbzəsi qəhvəyi rəngin tünd və açıq çalarlarının bir-birini əvəzləməsi nəticəsində dalğalı fonun gözəl rəngində idi. Ayrıca qəbzənin içi oyularaq yerləşdirilən müxtəlif rəngli şüşələrlə əmisinin və atasının adlarının baş hərifləri yazılmışdı. Tiyəsi təkağızlı olub, ta pıçağın ucuna qədər qızıl balığın pulları kimi iç-içə keçmiş naxışlı halqalarla bəzədilmiş ağızlığı elə bir ustalıqla itilənmiş və bülövlənmişdi ki, ülgüclə bəhsə girərdi.
İndi o atasının gözü kimi baxdığı və evdə ən dəyərli əşya kimi qoruduğu bu qəməni gətirib dağın başında, bir qarış hündürlüyündəki otların içində itirmişdi. Nə edəcəkdi? Necə tapacaqdı? Bu barədə heç nə bilmirdi, bildiyi tək şey var idi, atasının qəməsini tapmadan evə getməyəcəkdi. Əgər gedərsə və bir də atası hər axşam qonaq otağına girəndə etdiyi kimi ilk duvara vurulmuş xalçanın üstünə baxıb qəməni orda görməsəydi vay halına. O zaman onu kim qurtaracaqdı atasının əlindən? Çünki o sadəcə qaraqabaq deyildi. Həm də olduqca əsəbi idi. Çox tez özündən çıxar, sözünün qabağına söz deyəni vurub şil-küt eləyərdi.
Evdə acıqlandıqda anasına bağırıb çağırar, dişlərini qıcaya- qıcaya söyüb sayardı. Bacılarını döyməzdi. Onlara sadəcə olaraq tərs-tərs baxıb dişlərinin arasından ilan kimi fısıldayaraq; rədd olun gözümün qabağından, it küçükləri deyər və qızları bu baxışları görüb, atalarının lopa buğlarının örtdüyü qalın dodaqlarının altından çıxan o fısıltılı səsi duyduqları an döyülmüşdən betər olardılar. Qorxudan tir-tir əsən bacılar evin bir küncünə qısılar, başlarını aşağı salıb sakitcə oturardılar. Sanki atalarının üzlərinə baxsa gözlərində, ya da başqa bir yerlərində görə biləcəyi hər hansı bir ifadə və ya bir mimikaya əsəbləşə biləcəyindən qorxar, çağrılmayınca başlarını yerdən qaldırmaz, ifadəsiz baxışları ilə qəzil palazın üstündəki naxışları saymağa davam edərdilər. Balaca qardaşlarını da döyməzdi ki, onlar hələ uşaqdırlar. Nə qədər büruzə verməməyə çalışsa da kiçik oğlanlarını digər övladlarından çox sevdiyini bəlli edər, axşamları yanında oturtduğu oğlanlarını iri əlləri ilə oxşar, onlarla yalançıqdan güləşib uduzardı. Amma Tunara qarşı belə deyildi. Evdə işə buyurulacaq biri olsa öncə Tunar yada düşərdi. O, sevilib oxşanmazdı, çünki sən böyüksən, artıq balaca deyilsən deyərlərdi. Böyüklər acıqlanıb birini döymək istədikdə yenə Tunar var idi. Çünki o artıq böyümüşdü və anasının yun çubuğu, atasının iri əlləri ilə endirdiyi zərbələrə dözə bilərdi.
Beləcə evdə biri əsəbləşəcək olsa və birini oxşamaq istəsə qabaq həmişə Tunarın başına partlayardı.
İndi də evə qəməsiz dönərsə atasının iri əlləri ilə qəşəngcə oxşanacağını bilirdi. Bəzən olduğu kimi atasının sol biləyinə dolanmış kəmərinin kürəyində ildırım kimi şaqqıldayaraq qıvrılıb açılacağından şübhəsi yox idi. Bu səhne bütün dəhşəti ilə gözlərinin önündə canlanır, cılız bədəni şaxta vurmuşcasına tir-tir əsirdi. Bu kiçik ömründə bu qədər qorxduğunu xatırlamırdı. Qorxunun gətirdiyi acizanə itaətkarlıqla nənəsindən öyrəndiyi bütün duaları oxuyur, Allahı və adını bildiyi digər müqəddəsləri adbaad çağıraraq yardım istəyir, qəməni tapmasına kömək etmələri üçün yalvarırdı.
Ərzaq çantasını çıxarıb atmış, gəvənlərin dibini oyub köklərini çıxardığı yerə doğru qaçırdı. Köpəkləri de onun bu halından bir şey anlamadan ardınca qaçır, hürə-hürə kol- kosun diblərinə dürtülür, sanki o da itiyini axtarırdı.
Kiçik bir yoxuş sonu görünməyən yola dönmüş, bayaqdan üzüyuxarı qaçmasına baxmayaraq bitmək bilmirdi ki, bilmirdi. Artıq taqəti tükənmiş, dizlərində dərman qalmamışdı. Elə təngənəfəs olmuşdu ki, sürətlə qalxıb enən sinəsinin altındakı ciyərlərinin indicə partlayacağını sanardın. Qaçırdı, həm də dəlilər kimi, gözü ayağının altını görmədən, kola-kosa ilişə-ilişə, yıxıla-dura qaçırdı… Amma heç cürə iki addımlıq yolu başa vura bilmirdi ki, bilmirdi. Qorxunun gətirdiyi dəhşətlə böyüyən gözlərində sonsuzluğa qədər uzanan yol o an ona o qədər uzaq görünürdü ki, yoxuşun heç vaxt bitməyəcəyini sandığından ürəyi partlayacaq kimi olurdu. Zamansız və məkansız idi, boşluğa düşmüş qu tükü kimi havada ağır-ağır uçur, cismindən ayrılmış ruhu onu tərk edib getmiş, ortalıqda dolanan quru cəsədi birbaşına qalmışdı.
Əslində o balaca yoxuşu bir neçə saniyədə qaçıb bitirmiş, qəməni itirdiyini düşündüyü yerdə axtarmağa başlamışdı belə. Sadəcə həmin anda onunçün zaman durmuş, saniyələr axmaz olmuşdu. Hər an bir ildən daha uzun gəlir, həyatın durduğunu zənn edirdi.
Dəlicə qorxu ilə axtarırdı qəməni, qan basmış gözləri bərəlib hədəqəsindən çıxmış, sel kimi axan yaş gözlərinin önünə pərdə çəkib kor etmişdi. O, ağlamırdı, gözlərindən başlayan leysan yağmurları novalça əvəzi yanaqlarından, ağzından, burnundan axıb bir- birinə qarışır, çənəsindən yenişə süzülürdü.
Artıq hava qaralmağa üz tutmuşdu, amma o hələ də axtarırdı. Nə axtardığını bilmədən, yanınca o tərəf bu tərəfə qaçıb heç nə anlamadan onu təqlid edən köpəyini də, quzularını da unudaraq axtarırdı. Nəyisə itirdiyini belə unutmuşdu artıq. Yaşlı gözlərinin önündə atasının düyünlənmiş qaşları, əsəblə seyirən dodaqları və kəmərini səridiyi sol biləyindən başqa heç nə görmürdü. Tunarın o ankı axtarışı ancaq Həcərin Merva və Səfa dağları arasında qaçaraq su axtarması ilə müqayisə oluna bilərdi. Tək şey fərqli idi. Biri övladı üçün su, digəri canından qorxduğu üçün itiyini axtarırdı. Məqsədləri fərqli olsa da məsumluqları və istəklərinə çatma arzuları eyni səviyyədə idi.

Artıq günəş uzaq dağların ardında gizlənmiş, günbatana səpələnmiş qızılı şəfəqlərini də toplayıb evinə, anasının qoynuna dönürdü. O hələ də axtarırdı, özündən keçmiş halda ağlayaraq, dua edərək, Allaha və tanıdığı bütün müqəddəslərə yardım edib hamısını köməyə çağıraraq axtarırdı. Hər an keçdikcə cəllad tərəfindən sürükləndiyi dar ağacına bir az daha yaxınlaşan məhkum kimi hədəqədən çıxan gözləri, keyləşən beyni və müqəvvaya dönən ruhsuz cismi ilə axtarırdı. Toran düşdüyündə hələ də tapmamışdı, amma artıq nə axtardığını da tamamən unutmuş, meşənin başlanğıcındakı alçaq və seyrək kolluqların, gəvənlərin arasında səbəbini bilmədən ora-bura qaçırdı. Artıq ağlamırdı, gözündən axan yaş suratında donmuş, qızaran gözləri baxanda heç nə görməz olmuşdu. Sadəcə hıçqırırdı və niyə hıçqırdığını da bilmirdi. Arabir əsməcə tutmuş kimi şaqqıldayaraq bir-birinə deyən dişləri sınacaq kimi olur, amma sağlam olduqlarındandı, ya nədənsə sınmırdı.
Quzuları qeyri iradi olaraq, instinktlə evin yolunu tutalı çox olmuşdu. Vəfalı köpəyi arxa ayaqlarının üstünə çökərək dilini bir qarış çıxarmış, ləhləyə-ləhləyə ona baxır. Heç vaxt görmədiyi bu mənzərədən çaş-baş qaldığı bəlli idi. Amma nə edə bilərdi ki?
Yorulmuşdu, belkə də yorğunluğunu hiss edə biləcək qədər anlaqlı durumda olsa dizləri qatlanar olduğu yerə yıxılıb qalardı. Amma ayaqları beynindən əmr almağı tərgidəli çox olmuşdu. Odur ki, nəinki yorğunluq hiss eləmir, hətta ona elə gəlirdi ki, puçu burulmuş saat kimi vaxt tamam olmayınca dayana bilməyəcək.
Umudsuzluğunun zirvə nöqtəsində idi. Qələmi qırılmış məhkumdan fərqsiz idi artıq. Heç nə onu qaçılmaz sondan qurtara bilməz, heç kim atasının qızmış aslan kimi kükrəməsinin qarşısına çıxıb onu müdafiə edəcək cəsarəti göstərə bilməzdi. Ən pisi isə hər kəsin onu qınayacağı, ”günah özündədi axı, ay bala, sənin nə işin qalmışdı atanın qəməsiynən ki, indi də qara tuluğa dönəsən” deyəcəkdi. Hətta arabir ona elə gəlirdi ki, artıq bu sözləri deməyə başlayıblar belə… Özündən böyüklər, anasının refiqələri, qoca qarılar… Qarşısına çıxan hər kəs ona acıyır və eynən yuxarıdakı cümləni təkrar edib dururdu.
Dövrələrinin, birində anidən gözü bir qadına sataşdı. Arxası ona tərəf oturmuşdu, sadəcə qara çadrasından başqa heç nə görünmürdü. Onu gördüyü an beynində şimşək çaxdı bayaqdan niyə bu dağın başında dönüb durduğunu xatırladı. Tez yanına qaçıb soruşmaq istədi:
-Xala, mənim qəməmi görmədin?
Ona yaxınlaşdıqda nə görsə yaxşıdı? Qəmə az irəlidə, parçalanmış gəvənin altında…
Gəvənin altından qəməsinin qəbzəsini gördüyü an hər şeyi unutdu, indicə gördüyü çadralı xanımı da, evə getməli olduğunu da, quzuları da…
Belə itikləri tapanda insanın içini bürüyən sevinc dalğasını heç cür cilovlamaq olmaz. İndi o da belə vəziyyətdə idi. Elə ordaca qəmənin yanında dizüstə düşüb qaldı, balaca əlləri ilə qavrayıb özünə çəkdiyi qəməni öpür öpürdü…
Köpəyinin hürməsi onu özünə gətirdi. Ayağa qalxıb ətrafına göz gəzdirdi. Quzuları dərənin ayağından kəndlərinə doğru gedən son dönəməcdə görünürdü. Qaçıb ərzaq çantasını götürdü, bərk-bərk qucaqladığı qəməsini sinəsinə sıxaraq quzularının ardınca qaçırdı.
Quzuları gec gətirdiyi üçün atası acıqlandı, amma döyülməkdənsə tərs baxış daha yaxşı idi. Axşam heyvanlarını rahatladıqdan sonra hər kəs evə yığışanda ağlamaqdan qan çanağına dönmüş gözlərini, şişib qızarmış sifətini görməsinlər deyə birbaşa qardaşları ilə bərabər yatdığı kəllə otağa keçdi. Bəxti gətirmiş, toranlıqda kimsə ona fikir verməmiş, buna görə də vəziyyətini anlamamışlardı. Qəməni isə bacısına verib heç kimə demədən yerinə asmasını xahiş etmişdi. Bir şey yemədən yatdı, gecə yarısı hövlank yuxudan oyanıb anasıgil yatan otağa keçdi, yorğanı qaldırıb onun yanına girdi anası yuxulu-yuxulu:
-Niyə yerində yatmırsan?
-Bilmirəm.
-Dur, dur get yerində yat.
-Ana nolar, qoy yatım sənnən.
-Offf, Tunar, yorğunam, həm səs eləmə atan ayılar.
İkisi də susdular, atasının traktor mühərrikinin çalışmasını xatırladan xorultusu otağı doldurduğu kimi pəncərələrdən çölə də daşırdı.
-Ana, bilirsən bu gün nə oldu?
-Nə?
-Mən dağda bir arvad gördüm.
-Nə arvad?
-Çadralı.
Anası ona tərəf dönüb dirsəkləndi, sonra əlini alnına, boyun-boğazına sürtüb istiliyi olub olmadığını yoxladı.
-Harda gördün?
-Quzu otardığım yerdə.
-Ona görə yubandın?
-inanmırsan, ana?
Sonra başına gələn əhvalatı danışdı. Tunarı dinlədikcə həyəcandan gözləri böyüyüb hədəqəsindən çıxan anası onu özünə tərəf çəkib qucaqladı, bağrına basıb üstünü yorğanı ilə örtdü, saçlarını oxşayıb alnından yanaqlarından öpdü. Tunar anasının gözlərindən süzülən inci damlalarının yanaqlarından aşağı yuvarlanıb onun üz-gözünü, daha sonra saçlarını islatmasını hiss elədi, pişik balası kimi cəldcə irəli soxulub qollarını anasının boynuna doladı.
-Ana ağlama, sən niyə ağlayırsan?
-Heç bilirsən, sən kimi görmüsən?
-Nə bilim, çadralı bir arvadıydı, heç üzünü görmədim ki…
-O cənabi Zeynab imiş, ya da Fatimeyi Zəhra…
Anası bunu deyərkən qulaqdan dolma din bilgisinin köməyi ilə oğlunun Allah qatında qorunduğuna inanır, onun hələ günahsız uşaq olduğu üçün Allahın dualarını eşitdiyini, bəlkə də qəmənin yerini göstərmək üçün bir mələk göndərdiyini deyirdi. O bir ana olaraq bu hadisədən, oğlunun duasının Allah qatında qəbul edilməsindən nə qədər qürurlanırdısa da bunu gizli saxlaması heç kimə söyləməməsi üçün onu tənbehlədi.
-Yaxşı, ana, heç kimə demərəm.
-Əgər desən bir də duan qəbul olmaz, nə vaxtsa çətinliyə düşsən
daha heç vaxt elə mələklər köməyinə gəlməz.
Tunar başını anasının çənəsinin altına gömdü.
-Yaxşı, ana, söz heç kimə demərəm.
Bir neçə saniyə sonra ağır keçən günün yorğunluğundan gözləri qapanan Tunar anasının qoynunda mışıl-mışıl yatmaqdaydı. Bu dəfə anasının yuxuları qaçmışdı. O usulca oğlunun saçlarını oxşayır, onun başına gələn möcüzəni təkbaşına düşünərək dərk etməyə çalışırdı.

Son

LEAVE A REPLY