Ekologiya naziri Qubada 5 kilometrlik meşə zolağını məhv edib

0
8

Ekologiya naziri Qubada 5 kilometrlik meşə zolağını məhv edib

Hüseynqulu Bağırov Qəçrəş yolunda kəsilən ağacların yerində qolf meydançası tikdirir; nazir bacısının adına sənədləşdirdiyi ərazidə çayın da qarşısını kəsib
Qubadan Qəçrəşə uzanan yolun kənarındakı geniş meşə massivi tamamilə zəbt olunub. Bir il əvvələ qədər yaşıllıq olan, təxminən 5 kilometrlik bu meşə zolağı hazırda daş, dəmir hasarlarla mühasirəyə alınıb və içəriyə kənar şəxslərin girişi qadağan edilib. Ərazidə yaşıllıqlar məhv edilməkdədir, təbiət qətliamla üzləşib, iri gövdəli ağaclar kökündən çıxarılıb. Ancaq bu ekoloji cinayəti həyata keçirən və onun altına birbaşa şəxsi imzasını atan heç də idman naziri, gömrük komitəsinin sədri və ya digər məmurlar deyil.
Qəçrəş massivində 5 kilometrə yaxın massivi “yaşıl terror”a məruz qoyan elə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun özüdür. Ekologiya naziri sözügedən ərazini hasarlatdırıb, bacısı Düriyyə Bağırovanın adına rəsmiləşdirib. Ancaq faktiki bu yerin sahibi ekologiya naziridir və o, yaşıllıqları məhv edərək, yerində qolf meydançası tikdirməyə hazırlaşır. Ərazidən axan çayın qarşısını kəsən nazir burada süni göl yaradıb və balıq saxlayır. Qubada Hüseynqulu Bağırovun ağac kəsmə əməliyyatları haqda hər kəs eşidib, bircə icra başçısının bu məsələdən məlumatlı olub-olmaması bilinmir. Bu əraziyə kənar şəxslərin girişinə qadağa qoyulması da birbaşa nazirin göstərişidir.

Belə ki, H.Bağırov şəxsən özü tez-tez zəbt etdiyi əraziyə gələrək gedən işlərlə maraqlanır, tapşırıqlarını verir. Nazir deyib ki, burada övladlarının və özünün istirahəti üçün qolf meydançası salmaq niyyətindədir. Ona görə də ərazi dəmir hasarlarla əhatələnib və meşə zolağına giriş mümkün deyil. Bununla belə, biz çəkiliş apara bilmək üçün hasarı çətinliklə aşıb, gizlicə içəri daxil olduq.
Burada gördüklərimiz isə deyilənlərdən heç də fərqlənmədi. Ekologiya naziri səfalı təbiəti, təmiz havası olan bu ərazidə ekoloji “terror”a əl atıb, yaşıllıqlara divan tutub. Yerdə dibindən kəsilən ağaclar, kəsilib kənara atılmış ağac budaqları gözə dəyirdi.
Əraziyə əsas giriş qapısı qıfıllanıb, hündür çəpərlərlə mühasirə olunub, içəri daxil olmadan kənardan baxanda ərazidə nə iş getdiyini müəyyən etmək olmur. Nazir yaşıl qətliamı hasar arxasında həyata keçirtdirir. Artıq ərazidə kəsilmiş ağacların yerində tala əmələ gəlib.
Və ağacların kütləvi məhvi nazirin 5 kilometlik “örtülü bazar”ında hər gün davam edir. Üstəlik, nazir etdiyi bu ekoloji qanunsuzluğa kimsə şahid olmasın deyə massivə nəzarət üçün təhlükəsizlik kameraları quraşdırıb. Sakinlər deyir ki, H.Bağırov həmin kameralar vasitəsi ilə Bakıda, nazir kreslosunda oturub da özünün şəxsi meşə massivinə nəzarət edir. Nə qədər qəribə görünsə də, nazirlik qanunsuz ağac kəsilməsinə görə ayrı-ayrı şəxsləri cərimələyir, H.Bağırovun öz əməli isə ört-basdır edilir.
Nazirin özəl meşəyə sahiblik ehtirası yaxınlıqdakı evlərin yolunu da kəsib. Bundan başqa qonşuların evlərinin qarşısı nazirin ucaltdığı hasarlarla bağlanıb. Ekologiya naziri meşəni hasarlatmaqla ətrafda yaşayanların beynəlxalq hüquqla qorunan gün işığı hüququnu da tapdamış olub…
Qubada danışırlar ki, bunu bir başqa məmur etsəydi, başa düşmək olardı. Ekologiya nazirinin təbiətə düşmən kəsilməsi isə ikiqat cinayətdir. Qubada danışırlar ki, H.Bağırovun rayonda bir neçə villası, meşə zolağı var. Amma görünür, nazir həmin malikanələrlə qane olmayıb və daha böyük bir ərazini zəbt etmək fikrindədir. Beləliklə, nazir öz bacısının adına torpaqları sənədləşdirərək qolf meydançasına bütün yaşıllığı qurban verir.
Buna görə ona “gözünə üstə qaşın var” deyən də yoxdur. Bu, AFFA prezidentinin futbolu ölkədə qadağan etməsinə, stadionları ləğv etdirməsinə bənzəyir. Ümumiyyətlə, respublika ərazisində, paytaxtın özündə dəfələrlə “yaşıl soyqırım” olub.
Bakının Xətai, Nizami, Binəqədi rayonlarında ağacların qırılması haqda dəfələrlə yazılıb.
Bu dəfə isə nazir özü birbaşa təbiətə qənim kəsilib və qolf meydançasına görə geniş yaşıllıq zolağı xəritədən silinir.
Quba sakini Tahir İsabalayev deyir ki, nazir yerli adamdır: “Hüseynqulu müəllim yerli adamdır. Bütün nazirlərin burada bağ-bağatı var. Hüseynqulu müəllimin niyə olmasın? Qoy bir meşə də onun olsun. Köhnə ağacları kəsib, yerində yenilərini əkər. Nazir yerli adamdır”.
Arif Həsənəliyev həmyerlisinin sözünü kəsir. Deyir ki, H.Bağırov 5 kilometrlik ərazidə ağacları kəsməklə yanaşı, sakinlərin mal-heyvanının çaydan su içməsinin qarşısını da alıb: “Heyf o ağaclardan ki, məhv edildi. Bu ərazinin qabağında çay var. Necə gözəl bir mənzərəni xarabalığa qoydular. Əksinə, o yaşıllığı daha da artırmaq olardı. Təzə ağaclar əkə bilərdilər, yaşıllığa cavanlaşdırardılar. Gəl ki, nazir Qəçrəş massivində ağacları dibindən kəsdirdi. Özü də Hüseyn müəllimin Qubada neçə yerdə ev-eşiyi, villası var. Onun nə ehtiyacı var ki, bu ərazini işğal edib? Bir adam ayağını ora qoya bilməz. Əraziyə müşahidə kameraları da yerləşdirib ki, gəlib-gedəni izləsinlər”.

Məhəmmədəli

LEAVE A REPLY