“Bələdiyyə sistemində ciddi islahatların aparılması qaçılmazdır”

0
8

“Bələdiyyə sistemində ciddi islahatların aparılması qaçılmazdır”

Arzuxan Əlizadə:“Siyasi partiyalar bu seçkiyə lazımı diqqət yetirsə, bu özü-özlüyündə seçici fəallığına səbəb ola bilər”

AMİP-nın baş katibi Arzuxan Əlizadənin qəzetimizə verdiyi maraqlı müsahibəni oxuculara təqdim edirik.

-Arzuxan bəy, ölkədə bələdiyyə seçkilərinə hazırlıq necə gedir, bu proses sizi qane edirmi?

-Dekabrın 23-də ölkədə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Müstəqil Azərbaycanın tarixində bu seçkilər sayca dördüncü bələdiyyə seçkiləridir. Lakin təəssüf ki, bu yerli özünüidarəetmə orqanının yaranmasından 15 il ötsə də, bələdiyyələr hələ də özünü tam təsdiq edə bilməyib. Bu baxımdan digər seçkilərlə müqayisədə bələdiyyə seçkilərinə maraq azdır. O ki, qaldı seçkilərə hazırlıqla bağlı məsələyə, Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilər elan olunandan bu günə kimi prosesin gedişinə heç bir iradımız yoxdur. Yerlərdə partiya üzvlərimizdən aldığımız məlumatlara əsasən deyə bilərəm ki, namizədliklərin irəli sürülməsi, imza vərəqələrinin alınması, imzaların toplanması ilə əlaqədar heç bir maneə ilə rastlaşmamışıq. Seçki prosesinin digər mərhələlərinə isə prosesin sonunda qiymətimizi verəcəyik. Amma bütün bunlara baxmayaraq əvvəldə dediyim kimi, bələdiyyə seçkilərinə marağın azlığı ümumilikdə ölkədə seçki ab-havasının lazımı səviyyədə olmamasına gətirib çıxarıb. Bu isə siyasi partiya olaraq əlbəttə ki, bizi qane etmir. Təəssüf ki, Siyasi partiyalar da bələdiyyə seçkilərinə kifayət qədər ciddi əhəmiyyət vermirlər. Halbuki, biz başqa ölkələrin təcrübəsinə baxsaq, görərik ki, siyasi partiyalar bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşırlar. Hesab edirəm ki, ən azından siyasi partiyalar bu seçkiyə lazımı diqqət yetirsə, bu özü-özlüyündə seçici fəallığına səbəb ola bilər.

-Sizcə, bələdiyyələrə marağın belə olması nədən qaynaqlanır?

-Konstitusiyada və bələdiyyələr haqqında qanunda da göstərilir ki, bələdiyyələr hakimiyyətlə vətəndaşlar arasında yerli özünüidarəetməni tənzimləməli, yəni təmsil etdiyi əhalinin problemləri ilə maraqlanmalı, əhatə etdiyi ərazidə infrastrukturun qurulmasını, təhsil, səhiyyə, rabitə müəssisələrinin, park və yolların təmir-bərpasını vaxtlı-vaxtında təmin etməlidir. Amma statistika da göstərir ki, bələdiyyələr əllərində olan vəsaitləri yalnız öz işçilərinin maaşlarını verməyə xərcləyir. Ötən il işçilərinin saxlanılmasına az qala büdcəsinin yarısını xərcləyən bələdiyyələrin siyahısında kommunal və yolların salınması xərcləri ən son sıralarda dayanıb. Vəziyyət heç bu il də dəyişməyib. Amma bu o demək deyil ki, bələdiyyələr gəlirsiz sahədir. Çünki bələdiyyələr həm əhalidən əmlak və torpaq vergisi toplayır, həm də əllərində olan torpaqları icarəyə vermək, satmaqla məşquldurlar. Bu rəsmi statistikada da açıq-aydın görünür. Ötən il bələdiyyələrin gəlirlərinin yarıdan çoxu torpaq satışından və torpaqlarının icarəyə verilməsindən əldət olunub. Üstəlik hər il dövlət büdcəsindən bələdiyyələrə dotasiya da ayrılır. Amma reallıq budur ki, bələdiyyələr hətta əllərində olan bu vəsaitləri də düzgun istifadə etmirlər. Bütün bunlar da bələdiyyələrə marağın azalmasına gətirib çıxarır və bu qurumun əhəmiyyətsizliyi barədə fikir formalaşmasına səbəb olur.

-Siz özünüz də bələdiyyə üzvüsünüz, kifayət qədər təcrübəniz var. Sizcə bələdiyyələrdə nələr çatmır, yaxud da nə maneçiliklər qabağınıza çıxır?

-İlk əvvəl onu deyim ki, bu gün mövcud bələdiyyələrdə ixtisaslı kadrlara çox böyük ehtiyac vardır. Bunun da başlıca səbəblərindən biri yaxşı mütəxəssislərin bələdiyyələrə marağının olmamasıdır. Əlbəttə ki, bu məsələdə bir sıra obyektiv və subyektiv amillərin rolu vardır. Eyni zamanda maliyyə azlığı ucbatından bələdiyyələr əhali ilə işləyə bilmirlər. Bu da əhalidə bələdiyyələrin faydasız bir qurum olması fikrini formalaşdırır. Digər məqam isə, bələdiyyələrlə icra qurumları arasında səlahiyyət bölgüsünü tənzimləyən qanunların olmamasıdır. Belə qanunlar olarsa, bələdiyyələrin işinə müdaxilələr də az olar və nəticədə onlar öz seçicilərinin problemlərini lazımı səviyyədə həll edə bilərlər. Heç şübhəsiz ki, bələdiyyələri əhəmiyyətli strukturlara çevirmək istəyiriksə bələdiyyə sistemində ciddi islahatların aparılması qaçılmazdır. Əgər bələdiyyə qanunvericiliyində müəyyən dəyişikliklər qəbul edilərsə, onların maliyyə imkanlarının genişləndirilməsi istiqamətində hansısa addımlar atılarsa, bu müəyyən qədər bələdiyyələrə marağı dəyişə bilər. O cümlədən siyasi partiyalar da bu istiqamətdə fəallıqlarını artırmalıdır.

-AMİP bələdiyyə seçkilərinə qoşulub, bildiyimiz qədər də bir neçə rayonda regional müşavirələr keçirmisiz. Bu müşavirələrdən sonra qənaətiniz necə oldu?

-Hələ mart ayında AMİP Mərkəzi Şurası bələdiyyə seçkilərində iştirakla bağlı müsbət qərarını vermişdi. Seçkilərə rəsmi start verilməsindən bir qədər əvvəl isə AMİP Siyasi Şurasında partiyanın iştirakı məsələsi bir daha müzakirə olunaraq yekun qərar verildi. Bundan sonra əvvəlcə Bakı və Sumqayıt şəhər, eləcə də Abşeron rayon təşkilatlarının fəallarının iştirakı ilə toplantılar keçirilərək partiya üzvlərinin bələdiyyə seçkilərində iştirakı ilə bağlı müzakirələr aparıldı. Növbəti mərhələdə Partiya rəhbərliyinin iştirakı ilə Siyəzən, Şabran, Xaçmaz, Xudat, Quba və Qusar rayon təşkilatlarının fəalları ilə şimal bölgəsi üzrə, Salyan, Biləsuvar, Masallı, Lənkəran, Astara və Lerik təşkilatlarının fəalları ilə cənub bölgəsi üzrə regional müşavirələr keçirilib. Ölkənin digər bölgələrində də regional müşavirələr keçirilməkdədir. Bu müşavirələrdə seçki öncəsi durum və partiya üzvlərinin bələdiyyə seçkilərində iştirakı müzakirə obyekti olub. Müşavirə iştirakçıları bir qayda olaraq yerli idarəetmə haqqında qanunvericiliyin yetərincə işləməməsi səbəbindən yerlərdə bələdiyyələrin nüfuzunun aşağı olduğunu və bu baxımdan həmin sahədə vəziyyətin qənaətbəxş olmadığını vurğulamaqla yanaşı seçkilərdə iştirakın vacibliyini də qeyd edirdilər. Nəticə etibarı ilə ölkə üzrə bələdiyyələrə marağın az olması ümumi işimizə xələl gətirsə də Partiya üzvlərimiz yerlərdə aktiv şəkildə seçki prosesinə qoşulublar.

-İndiyədək nə qədər AMİP-çi bələdiyyə üzvlüyünə iddiasını ortaya qoyub?

Dəqiq rəqəm deyə bilməyəcəyəm, çünki aparılan müzakirələrin sonucu olaraq AMİP üzvlərinin bələdiyyə seçkilərində partiyalılıqlarını qeyd etmək şərti ilə fərdi qaydada namizədliklərinin irəli sürülməsi qərarına gəlinib. Bu gün də proses davam edir. Onu deyə bilərəm ki, biz ölkə üzrə əksər bələdiyyələrdə namizədlərimizin olacağını proqnozlaşdırmışıq.

-Müxalifətin bələdiyyə seçkilərinə birgə yaxud da müxtəlif əməkdaşlıq formatlarında getməsinə nə mane olurdu? Axı bələdiyyələrdə irəli süsürləcək namizədlər bir birinə maneə yaratmırlar, əksinə dəstək ola bilərdilər?

Bu bizim hər birimizin ağrılı yerimizdir. Əlbəttə ki, müxalifət partiyaları ən azından bələdiyyə seçkilərində vahid mövqedən çıxış edərək ölkə üzrə bütün bələdiyyələrə razılaşdırılmış namizədlərini birgə dəstəkləməklə qoşula bilərdi. Amma təəssüflər olsun ki, Azərbaycan müxalifəti yekcins deyil. Müxtəlif yanaşmalar, yersiz ambisiyalar, qarşılıqlı inamın olmaması və burada sadalamaq istəmədiyim onlarla səbəb var ki, buna mane olur. Bu çox dərin kökləri olan və ayrıca olaraq ciddi müzakirə olunmasına ehtiyacın olduğu bir məsələdir.

-Sonda, partia yetkilisi olaraq ümidləriniz necədir, AMİP bu seçkidən uğurla çıxa biləcəkmi?

-Hadisələri qabaqlamaq istəmirəm. Bunu zaman göstərəcək. Hər halda gələcəyə nikbin baxmağın tərəfdarıyam.

Söhbətləşdi: Leyla

LEAVE A REPLY