Azərbaycanı həzm edə bilməyənlər!
Yenə Ermənistan işğalçılıq siyasətini yürütməkdə davam edir. Ermənistan helikopter olayına qədər, Azərbaycanın güclü orduya,güclü silaha malik olduğuna şübhə ilə yanaşırdı.Ama helikopter olayından sonra, Ermənistanın əməlli başlı sözün əsil mənasında ağlı başına gəldi. Ordu onların təxribat xarakterli addımına layiqli cavabı verdi. Mən fəxr edirəm ki, Azərbaycan belə möhtəşəm orduya və əsgərə malikdir.
Bildiyiniz kimi,ötən həftə Ermənistan ordusu işğal altında olan Azərbaycan ərazilərində Dağlıq Qarabağdakı separatçı dəstələrlə birgə “Birlik-2014” adlı hərbi təlimlərə start vermişdi.Təlimə 6 ədəd helikopterin,2 ədəd”Mİ-28″və 4 ədəd”Mİ-24″cəlb olduğuna dair məlumatlar mövcud idi. Azərbaycan tərəfi Ermənistanın işğal olunmuş ərazilərində hərbi təlim keçirməsinə qarşı, sərt bəyənatlar səsləndirmişdi. Buna baxmayaraq, Ermənistan öz bildiyini etdi və cavabın aldı.
Noyabrın 12-də Ağdam rayonunun Kəngərli kəndində Ermənistan Respublikasının Silahlı Qüvvələrinə məxsus “Mİ-24” tipli helikopter döyüş kursuna enərək, mövqelərimizə hücuma cəhd etmişdi. Qoşunlarımız cavab atəşi nəticəsində helikopter məhv edildi. Helikopterdə olan 3 ekipaj üzvü dünyasını dəyişdi. Ermənistanın bu təxribatı da alınmadı. Ermənistan tərəfi bu hadisənin ardınca helikopterin “Dağlıq Qarabağ Respublikasına” aid olduğunu iddia etdi. Amma ekipaj üzvlərinin üçü də Ermənistan vətəndaşları idi.
Mən hələ dünyada ikinci dövlət tanımaram ki, öz əsgərlərini bilə-bilə iyrənc təxribatlarına qurban versin!
Ermənistan bu addımı ilə sanki Azərbaycana qarşı mənfi imic formalaşmağa çalışırdı. Azərbaycanı beynəlxalq arenaya “işğalçı” dövlət kimi göstərmək istəyinə nail ola bilmədi. Bəs Ermənistandan soruşan yoxdurmu ki, sən Azərbaycan Resuplikasında nə cürətlə və nə haqla hərbi təlim keçirdirsən? Sənin döyüş helikopterin Azərbaycanın torpaqlarında nə qələt edir? Axı bu haqsızlıqdı! Azərbaycan dəfələrlə beynəlxalq qanunlara əsasən və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qanunlarına söykənərək,işğal olunmuş ərazilər üzərində bütün aviauçuşlara qadağa qoyulduğunu və həmin ərazilərdə razılaşdırılmamış uçuşlar ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcəyi və hava koridorlarımızı pozanlara qarşı Azərbaycanın hərbi aviasiyası və hava hücumundan müdafiə sistemləri tərəfindən dərhal məhv ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Ermənistan tərəfi xəbərdarlığı qulaq ardına vurub, bu hadisəyə addım atdı.
Helikopterin vurulma anından sonra, sərgilədiyi mövqeyə görə mən Amerikaya çox təəsüf hissi ilə yanaşıram. Hər zamankı kimi ermənipərəstliklərini burada da biruzə verdilər. ABŞ Departamentinin sözçüsü Cen Psaki məhv edilən erməni helikopterinin 3 ekipaj üzvünün ölməsinə çox üzüldüklərini və ölkəsini narahat etdiyini dilə gətirmişdi. Bəylər, burada haqsızlıq var axı! Cen Psakidən soruşanda ki, ermənilər Kəlbəcərdə Azərbaycanlı Şahlar Quliyevi və Dilqəm Əsgərovu girov götürüb, Həsən Həsənovu isə qətlə yetiriblər. Siz buna necə yanaşırsınız? Psaki isə bu məlumatdan xəbərsiz olduqlarını bildirmişdi. Hələ bunu da nəzərə alaq ki, ölən (mülki şəxs) Həsən Həsənova görə başsağlığı belə verməmişdi. Axı, nə səbəbə görə? ABŞ və başqa özlərini hegemon sayan dövlətlər bu hadisəyə açıqlamalarını bildirərkən, həmişə Azərbaycanla, Ermənistana eyni bəyənatlar səsləndirirlər. İşğalçılıq siyasətini edən onlar, qonşu dövlətin hava məkanını pozan onlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl etməyən onlar, amma bəyanat verəndə iki dövlətə də eynisini verirsiz! İnsanın gözündə “tərəzi” yaxşı şeydi, bəylər! Sizin bəyanatlarınızda, heç bir hüquq normasından söhbət gedə bilməz! Elə sizin ucbatınızdan,Ermənistan bölgədə at oynadır. Ermənistan sizə arxalanır! Amerikadan və beynəlxalq qurumlardan bir nəfərdə olsun düz adam görmədim ki, çıxıb Ermənistandan nə üçün ədalətsizlik etdiyini soruşsun!
Axı, bunlar gerçəkdi! Adamın içi ağrıyır bunları yazanda. Niyə dünya ölkələri buna səssiz qalır?! Bax sizin üzünüzdən, Dağlıq Qarabağ məsələsi 20 ildən çoxdur ki, uzanıb. 20 ildir ki, həll etmək istəyirik bu məsələni, amma siz bu məsələyə mane olursunuz!
Bu gün Azərbaycan Ermənistana məxsus helikopteri məhv edərək, böyük uğur qazandı. Orduda döyüş hissi oyandı.Amma bu bir dəfə ilə həll olan məsələ deyil. Bunu təkrarlamaq lazımdı! Çünki Azərbaycanın güclü ordusu və güclü dövləti var!
Seymur Süleymanov