Alabaş

0
14

Alabaş

(Əvvəli ötən saylarımızda)

Kiçicik, gur, ipək saçlı, ağappaq oğlanları olardı. Gözəlliyini anasından boy-buxununu atasından alan bu şirin balanı yaşı tamam olan kimi bağçaya, üç yaşında üzgüçülüyə qoyar, onu pullu məktəblərdə oxudub, gələcəyini indidən təminat altına alardılar. Oğlanları məktəbi bitirəndən sonra Harvard, Qalatasaray, ya da Oksford universitetlərindən birinə daxil olub, heç nə ilə əvəz edilməyəcək qədər gözəl olan tələbəlik illərində həmçinin müxtəlif sosial quruluşların fəal üzvlərindən biri olar, idmanda da təhsil həyatı kimi ard-arda başarılar qazanardı.
Ən böyük xəyalları oğlanlarının dünya və olimpiya çempionu olması, rəsminin hər yerdə yuxarıdan asılması idi.
Universiteti bitirdikdə onu əsgərliyə göndərəcək, Vətən qarşısında borcunu verib peyğəmbər ocağından döndükdən sonra sevib-seçdiyi bir xanımla evləndirəcək, nəvə görmə sevincini yaşayacaqdılar.
Əlbəttə bunların hamısı sadəcə olaraq xəyaldan başqa bir şey deyildi, amma bəzən özünü bu xəyallarına o qədər qapdırırdı ki, düşündüklərinin tamamının gerçək olduğuna inanır, gerçəkliyə döndüyündə qəlbi iztirabdan duracaq kimi olurdu. Çox vaxt xəyali söhbətlərini bitirməz, ardını sonraya saxlayardı. Çünki belə daha rahat olar, hər şeyin bitmədiyinə, utopik dünyasındakı hər şeyin nə vaxtsa gerçəkləşəcəyinə inanardı.
Axı adı üstündə xəyal dünyası sadəcə olmayanları deyil, həm də olması mümkün olmayacaqları gerçəkmiş kimi düşünmək deyildimi?
Sesli düşünməyi sevirdi,bəzən kimsə yanından keçəndə ayaq saxlayıb nəsə deyib demədiyini soruşurdu. Çünki ehmalca danışır, diqqət kəsilməsən anlaşılması zəif səslə xəyal aləmində gəzişir, bəzən sadəcə öz-özünə danışırdı.Bir sentyabr günü güllər üçün tikilmiş alçaq səkinin kənarında əyləşib əlləri ilə üzünü qapayaraq öz dünyasına qərq olmuşdu. Çatıq qaşları və sıxılmış dodaqlarına baxan nəsə önəmli düşündüyünü güman edərdi. Əslində bu dəfə gerçəkdən ciddi şeylər düşünürdü və bunlar sağlamlığı ilə bağlı idi. Son həkim müayinəsindən sonra dərman müalicəsinin xəstəliyinin gedişatına heç bir təsir göstərə bilmədiyi ortaya çıxmış,qısa zaman sonra artıq hərşeyi unutmuş və kimsəni xatırlanmayacaq qədər hafizəsini itirəcəyi ortaya çıxmışdı. Bu ağırdərd idi. Xəstənin özünü öz halından xəbərdar olması və durumunun ümidsiz olduğunu bilməsi isə daha da acınacaqlı idi. Lakin nə etmək olardı? Bu illətə bir dəfə yaxalanmışdı və ömrünün sonuna qədər də çəkmək məcburiyyətində idi. Onu dəhşətə düşürən və ümidlərini qıran şey xəstəliyi deyildi. Əslində, Elçin o qədər də qorxaq və sinik biri deyildi. Sadəcə olaraq xəstəliyin son mərhələsində insanı necə hala saldığından, döndərib ayaqüstə gəzən ölüyə çevirməsindən xəbəri var idi və onun yerində kim olsa ən az onun qədər qorxub ürpənərdi. Çünki qorxu canlılara məxsus hiss idi və sonradan qazanılma deyildi,təbii hisslərdən biri olaraq hər canlı dünyaya göz açdıqda onunla birgə doğulur, o ölmədən də vəfalı köpək kimi sahibini qoyub əsla getməzdi.
İndi payız günəşinin altında səknin üstündə əyləşib düşünürdü, nə olacaqdı onun sonu? Qarşısında iki seçənək vardı: ya taleyin cilvəsinə baş əyib yeriyən ölüyə dönməyi və nə vaxtsa gələcək ölümü gözləməli, ya da ani bir hərəkətlə indidən həyatla vidalaşıb bütün ağrı acılardan, onlarla bərabər xəstəliyi ilə bağlı qorxularından da canını qurtarmalı idi. Hansı yolu seçəcəyini bilmirdi, bu barədə hələlik qərarsızdı. Düşüncələrində əcəlini gözləmədən, elə indi, bu dəqiqə həyatla vidalaşmaq fikri ağırlıq qazanır, amma intihar edənlərin haqqında quranda bir surədə yazılan “bir mömin müsəlmanı öldürməmiş, beləliklə də öldürülməsinə yer qoymamış bir müsəlmanı öldürmək dünyadakı bütün mömin müsəlmanları öldürmək kimidir” cümləsini xatırladıqca özünü öldürməyin nə qədər ağır vəbal olduğunu düşünüb, bu fikrindən vaz keçirdi.
Doğrudur o qədər də dərin dini biliklərə sahib biri deyildi, amma bununla bərabər dindar bir ailədə böyümüşdü və kifayət qədər inanclı idi. Elə bu günə qədər özünü öldürməmişdisə və hələ də bu həyatda idisə bunu ailəsindən ona keçən dini bağların möhkəmliyinə bağlı idi. Qanında azacıq ateizmə meyillilik olsaydı indi, yəqin ki, çoxdan artıq torpağın üstündəkilərlə əbədiyyən vidalaşıb sonsuzluğa yola çıxmışdı.
Arada heç nə düşünmür, sadəcə üzünü qapadığı əllərinin barmaqları arasından yerə döşənmiş tünd gilənar rəngli daşların üstündəki naxışları sayır, o naxışları bir biri ilə əlaqələndirərək müxtəlif həndəsi fiqurlar yaradır, gah da, xəfifcə əsən payız küləyinin havada sovurub yerdən-yerə vurduğu saralmış yarpaqlara tamaşa edirdi. Yarpaqları izləyərkən qəribə bir tərzdə onlarla özü arasında bağ qurur, insanların da digər canlı və ya cansız məxluqat kimi konkret vəzifəsi olduğunu, bu dünyaya gələn hər varlığın təbiətdəki döngüyə öz töhfəsini verərək, yəni çoxalıb sonra da qocalıb ölərək, məsələn elə yarpaqların saralması da bir qocalmaq əlaməti deyildimi? Nəhayət, vəzifəsini başa vurduqdan və bu döngüdəki rolunu tamamladıqdan sonra özündən sonra gələnlərə yer açmaq üçün çürüyüb torpağa qarışmaq üçün öləcəyini anlayırdı.
Arada, hafizəsi yerində olanda yadplanetlilər barədə düşünürdü. Doğrudur, xəstəlik tapmazdan öncə onlarla ilgili bir az oxumuşdu və müəyyən qədər məlumata sahib idi. Amma özünün də anlamadığı bir tərzdə nə zaman yadplanetlilərdən düşünərsə canını bir ürpərti sarardı. Özündən asılı olmayaraq ətrafına boylanar və bu məxluqatın nə vaxtsa onu aparmaq üçün gələcəyinə inanardı. Arada bu inancı özünə belə gülünc görünsə də hər halda o, yadplanetlilərdən qorxar, onlarla qarşılaşmağı heç istəməzdi. Əslində heç vaxt belə bir qarşılaşmanın olmayacağına adı kimi əmin idi, amma yenə də özü öz xəyallarından qorxacaq vəziyyətə gəlmişdi. Bu qeyri- normal xəyalları ilə bərabər payızı başa vurdu. O aralar güzgüyə baxmaq ağlına gəlmirdi, yoxsa ilk baxışdan son bir neçə ayda nə qədər qocaldığının fərqinə varar, dəhşətə düşərdi.
Qışın necə keçdiyini xəyal-məyal xatırlayırdı… Arada pəncərənin önündə dayanıb küləyin sovurduğu qara, yalquzaq kimi ulaşıb bir-birinə dolaşmaq üçün can atan elektrik məftillərinə, bacalardan çıxıb əyilə qalxa göy üzünə yüksələn dumana baxıb ah çəkir, nəmlənən gözləri ilə harada olduğunu xatırlamaq istəyir, amma əksər hallarda buna müvəffəq ola bilmirdi.
Xəstəliyindəki bu sürətli irəliləyiş bəlkə də onun həyatdan bezməsi, yaşama şövqünün qırılması ilə də bağlı idi. Arabir həyətə çıxanda soyuqdan büzüşüb yumağa dönmüş alabaşın qabağına qaçıb yalmanmasına fikir vermir, onun hardan gəldiyini, kimin köpəyi olduğunu xatırlamağa belə çalışmırdı.
Fəsil yaza doğru irəlilədikcə şiddətlənən xəstəliyi qarşısında əməlli-başlı yenik duruma düşən Elçin çox vaxt nə anasını, nə də başqa kimsəni tanımırdı. Aylar öncə onu tərk edib gedən və alabaş qədər vəfası olmayan xanımı keçmişin tozlu səhifələrində yox olub getmişdi. Arada sinəsində bir yerlərin göynədiyini hiss edirdi. Düzü bilmirdi bu ürəyidi, ya başqa orqanı… Bəlkə də açılarla dolu ruhunun cisminə verdiyi ağırlıqdan başqa bir şey deyildi, artıq bu vəfasız dünyada girələnməkdən yorulub təngə gəlmiş, çıxıb getmək üçün sahibini tələsdirirdi. O, heç nə bilmirdi, sadəcə irilib hədəqədən çıxmış, parlaqlaşaraq hər kəsə hüzün və müəmma dolu yalvarışla baxan gözləri ilə “mən kiməm” demək istəyirdi. Artıq olduqca gec-gec və zəif bir halda yerinə gələn hafizəsi hər döndüyündə ona əzabdan başqa bir şey gətirmirdi.
Bütün qışı istisnalar xaric həyətə çıxmadan öz otağında keçirdi. Bayram ayından sonra anası kömək edib həyətə çıxardığında rəngi ağappaq ağarmış saçlarına ordan-burdan dən düşmüş, ən pisi isə hərəkətləri mütənasibliyini itirmişdi. Bu yaz artıq gəzişmirdi, harda əyləşdirsələr ordaca oturub qalır, arabir qeyri ixtiyari instinklə getdiyi darvazanın dəstəyindən çəkişdirib aça bilmir və geri dönürdü.
Aprelin sonu mayın əvvəlləri yeni cücələri çıxmışdı. Amma artıq sadəce onunla maraqlanan və həyətdə olduğu vaxt dünya dağılsa belə bir an yanından ayrılmayan alabaşı o evdə olduğu vaxtlarda da qapının önündə gözlədiyindən arabir həyət düşə bilən pişiklər dadanıb cücələrini daşıdı. Onun alabaşı zəif bir küçük kimi həyətə gətirməsindən keçən altı ildə ilk dəfə idi ki, onların həyətindən pişiklər cürət edib cücə aparırdılar. Halbuki daha öncələri cücə oğurluğuna gələn pişiklərdən ikisi canından olmuş və bu digərlərinə dərs olmuşdu. Pişiklərin üstünə cumub, onları çaşdıraraq ağzını ağzına alıb sıxan və bu yolla boğub öldürən alabaş sahibinin malına göz qoyanlara qarşı hər zaman amansız idi.
Təpədəki günəşin açıqda qalan hər şeyi yandırıb yaxdığı bir iyun günü o hələ də həyətdə kətilin üstündə əyləşib əncir ağacının nəvazişkar ana kimi onu günəşdən qorumağa çalışan yarpaqlarının gölgəsində boş gözlərlə ətrafını seyr edirdi. Arabir əlindəki şüşədən su içir,digər əli ilə tərləyən alnını,gicgahlarını silir, köynəyinin yaxalığından tutub çəkişdirirdi. Dizinin dibində yatmış alabaşın bir qarış çölə çıxmış dilinin ucundan su damlayır, açıq qalmış ağzı və körük kimi tez-tez yatıb qalxan boyürləri onun istidən nə çəkdiyini anladırdı. Evin yan tərəfindəki tut ağacının altında tək ayaq üstə dayanıb ləhləyən toyuqlar, çeşmədən damlayan suyun başına toplaşmış it arıları və güllərin dibində vızıldaşan ağcaqanad və milçək sürüləri qızmar yay günü mövzulu peyzaj tablosunu tamamlayırdı.
Anidən əlindəki su şüşəsini atıb qalxdı, darvazaya tərəf getdi, amma bu dəfə xeyli qalmış geri döndü, elə əncir ağacına yenicə çatmışdı ki, yenidən geri döndü. İti addımlarla darvazaya sarı yönəldi. Bayaqdan yatdığı yerdən onu izləyən alabaş nəsə olacağını hiss edibmiş kimi yerindən qalxıb sahibinə tərəf qaçdı. Ona yetişdiyində Elçin artıq kiminsə unutqanlığından açıq qalmış darvaza qapısından çıxıb küçəyə addım atdı, sağa dönüb irəliləməyə başladı. Qapıdan çıxdığı andan etibarən artıq o, itmişdi. Çünki pozulan hafizəsi ilə heç nə xatırlamırdı və hara getdiyindən də xəbərsiz idi. Sadəcə yol onu hara qədər aparsa gedəcək, sonra da ya bir yerdə yıxılıb qalacaq və ya bəxti yavər getsə bir tanıyan çıxıb qolundan tutub evlərinə qaytaracaqdı.
Bəxti yavər getmədi amma… Bəlkə də belə yaxşı idi, bəlkə də bu daha xeyirli idi… Amma hər halda o hara getdiyini bilmədən irəliləyir, günün şaqqamasında kimsənin olmadığı bu məhlə arası dar küçələrlə baş alıb gedirdi. Çox öncə yox sadəcə keçən il olsaydı getdiyi yolun onu dəmir yol keçidinə apardığını bilər, hələ yaddaşı tam itmədiyi üçün evlərinə dönə bilərdi. Amma artıq keçən il deyildi, o da keçən ilki Elçin deyildi.
Bərəlmiş gözlərindən boş baxışlarla ətrafını tanımağa çalışaraq bəlkə heç buna da çalışmayaraq irəliləyirdi. O zaman nə düşündüyünü heç vaxt heç kim bilməyəcəkdi. Əslində heç özü də bilmirdi. Özünün bilmədiyi bir şeyi başqası necə bilərdi ki?
Alabaş evdən çıxdıqdan sonra onu yalnız buraxmamışdı. İsti günəşin pişirdiyi başını soxa bilmək üçün umudsuzca gölgə axtarır, bir tərəfdən də sahibini gözdən qoymamağa çalışırdı.
Nəhayət evləri keçib düzənliyə çıxdılar. Az o tərəfdə kiçik gölməçə və qamışlıq və qamışlıqdan həmən sonra dəmir yol xətti görünürdü. Dəmir yolundan sonra hələ ev tikilməmişdi və yolun digər tərəfi bomboz düzənliklərdən başqa bir şey deyildi. Hər şey keçən il qoyub getdiyi kimi idi, heç nə dəyişilməmişdi və bəlkə daha on illər boyu bu düzənlik elə beləcə də qalacaqdı.
O, buraları yaxşı tanıyırdı, amma neyləsin ki, xəstəliyi onu elə hala salmışdı ki, daha keçən yaya qədər alabaşıyla gəlib gəzişdiyi bu çölləri deyil, özünü belə tanıya bilmirdi.
Qamışlığa çatdıqlarında alabaş irəli atılıb su gölməçələrindən birindən su içdi. Daha sonra qamışların arasından başını uzadıb sahibinə baxdı və kəsik-kəsik hürdü. Sanki yalvarır və getmə demək istəyirdi.
Elçin yorulub ağırlaşmış ayaqlarını ardınca sürüyərək dəmir yoluna doğru irəlilədi. Susuzluq bir tərəfdən başının üstündəki günəş o biri tərəfdən onu əldən salmış, qupquru qurumuş dodaqları və gicgahlarından süzülən isti tər durub dincəlməyə məcbur edirdi. Amma o nə tərləməsinə, nə də dodaqlarının quruyub çatlamasına fikir vermir, qeyri iradi bir dürtü ilə məchul bir nöqtəyə doğru hərəkət edir, varmaq istədiyi yerə çatmadan durub dincəlmək haqqında düşünmək istəmirdi.
Arıqladığından armud saplağına dönmüş boğazının çiyinləri üstündə saxlamağa çalışdığı halsız başı,dişlərinin çoxu töküldüyü üçün açıq olduğu vaxtlarda kahanı xatırladan iri ağzı, ətrafındakı havanın tamamını ciyərlərinə çəkəcəkmişcəsinə acgözlüklə nəfəs alan sinəsi körük kimi qalxıb endikcə xışıldayır, görüntüsünə daha bir əcaiblik qatırdı.Sinəsində getdikcə artıb şiddətlənən və bir əl kimi yuxarı qalxaraq hülqumunu sıxıb nəfəsini kəsən sancıdan canını qurtarmaq istəyir, ağrıyan nahiyəni əli ilə ovuşdurur, gah da güc-qüvvətini itirmiş barmaqları ilə qoparıb atmaq, beləliklə də ondan birdəfəlik xilas olmaq istəyirdi.
Yaxşı deyiblər “dərd gələndə batmanla gelər”. Elə bil Elçinin də dərdləri batmanla gəlmişdi. Əvvəlcə ortaya çıxdığı gündən dünyasını alt-üst edən şizofreniya, sonra içdiyi dərmanların təsirindən qaraciyərində baş verən funksional pozğunluqlar və ardınca xanımının onu taleyin ümidinə buraxaraq getməsi və nəhayət ürəyində başlayan ağır tutmalar. Bu qədər dərdi dəvəyə yükləsən aparmazdı, zavallı Elçin nə edə bilərdi ki?
O, gedirdi, dünyadan xəbərsiz, özündən keçmiş, ruhu cismindən ayrılmışcasına. Uzaqlarda görünüb itən ilğım onu çağırır, ağuşuna almaq üçün tələsdirirdi.
Artıq yolun iki addımlığında idi. Birdən dodağı qaçdı, relslərin xəfifcə titrəşib oynaşması, sanki rəqs edərcəsinə hərəkətlənməsi ona qəribə gəlmişdi. Bir addım daha atdı və bu zaman öncə kəsik, həmən ardından uzun fit səsi eşitdi. Amma səsə əhəmiyyət vermədi, çünki diqqət edəcək halda deyildi. Bir kərə gözləri getdikcə artan tempdə titrəşib oynaşan relslərə ilişmişdi və assimmetrik tərzdə rəqs edən relslər onu əfsunlayıb özünə çəkirdi. Bir an öncə onlara toxunmaq niyə və nə səbəbə oynaşdıqlarını bilmək istəyirdi. Yorğun olsa da son gücünü toplayıb relsə doğru iri bir addım atdı… Lakin bu vaxt arxadan dişlərini ayağına keçirib onu saxlamaq istəyən alabaşı nəinki hiss etmədi, hətta onu da özü ilə sürükləyib apardı. Bu vaxt yetişən lokomotivin güclü zərbəsi ilə havaya sovruldu və metrələrcə öndə yenə çatmaq istədiyi relslərin üzərinə düşdü. Havaya uçduğu an ondan çıxan dəlicə bağırtını da, eyni küçükkən əmziyi buraxmayıb onunla birgə sovrulan alabaşın bu dəfə də onu buraxmayıb birgə sovrularkən çıxardığı zingiltini də lokomotivin güclü mühərrikinin səsi və hava fitinin içində ağcaqanad vızıltısı kimi itib getdi.
Relslərin üzərində yatan yaralı bədənini saniyələr çəkmədən çeynəyib keçən qatarın uzun uzadıya ötən yanıqlı fiti onun vəfalı alabaşıyla sonsuzluğa yola çıxdığını xəbər verir, bacasından çıxan qapqara duman kənd əhalisini matəmə çağırırdı…

Son
Zaur Muradxanlı

LEAVE A REPLY