Xətai rayonunda nələr baş verir?
Arzu etdiklərimiz həyata keçəcəkmi?
Sözün düzü daima tənqidi mövzulara üstünlük vermişəm. Ancaq saytların birindəki sorğunu gördükdən sonra baş redaktorumuz Lalə xanıma müraciət edib, Xətai rayonu barədə yazmaq istədiyimi bildirdim. Belə ki, nəzərdən keçirdiyim saytın əhalisi arasında rayon İcra hakimiyyətlərinin fəaliyyəti haqqında sorğu keçirməsi məni də belə bir mövzuya həvəsləndirmişdi. Əlbəttə, düşünürdüm ki, tənqiddən də yan keçməyəcəm. Ancaq Xətai rayonunda gördüklərim planımı alt-üst etdi.
Şəhərin mərkəzindən Nobel prospekti ilə hərəkət etməyə başladım. “Ağ şəhər”dəki möhtəşəm işləri seyr edə-edə Zığ şosesi adlanan əraziyə gəlib çatdıqda, görülən yaşıllıq işləri diqqətimi cəlb etdi. Axı bəzi bədxahlar söyləyirdilər ki, Xətai rayonunda yaşıllığa qarşı “genosid” aparılıb. Rastlaşdıqlarım söylənənlərin tam əsasız olduğunu təsdiq etdi. Əksinə, bu rayon yaşıllığın qorunub saxlanıldığı, yeni-yeni yaşıl zonaların salındığı məkan kimi alqışa layiqdir.
Rayon məsulları ilə görüşmək fikrində olmadığımdan digər əraziləri də Zığ şosesindən Gəncə prospektinə üz tutdum. Bura isə əsil tikinti meydançsını xatırlatdı. Prospektin yol örtüyü təzələnirdi. Asfaltlaşma işinin yüksək keyfiyyətlə aparıldığını sezmək üçün mütəxəssis olmağa ehtiyac duyulmurdu.İkitərəfli yolun salınması hərəkətin təhükəsizliyinə təminat üçün əsas sayıla bilər. Paytaxtımızın əsas problemlərindən sayılan səkilərin yenilənməsi Gəncə prospektini daha baxımlı göstərirdi. Prospektdə yaşıllıq zolaqları tam qorunub saxlanılmış və əlavə olaraq böyük əraziyə yaşıl ot döşənməkdə idi. Yenilənmiş işıq dirəkləri prospektə özünəməxsus gözəllik verməklə yanaşı, gecələr işıqlandırmanı yüksək səviyyədə təmin edir.
Gəncə prospekti Ukrayna dairəsi adlanan ərazidə yekunlaşır ki, burada Xətai rayonu sakinlərinin ən çox üz tutduğu məkan-Heydər Əliyev adına park yerləşir. Həmin park yaşıllıq barədə şəhərimizin ən gözəl istirahət güşələrindən biri sayılır. Sakinlərin istirahət etməsi üçün demək olar ki, lazım olan bütün şərait yaradılıb. Əsasən də, azyaşlılar bu məkanda əylənməkdən doymaq bilmirlər. Yaxşı olar ki, gələcəkdə Ümummilli liderin adını daşıyan parkın ərazisi bir qədər də yeniləşdirilsin. Təbii ki, bu rayon əhalisinin ən böyük arzularından biridir.
Əvvəllər parkın ərazisinə keçmək istəyənlər yolları keçmək üçün prblemlə qarşılaşsalar da, indi həmin problem qismən həll edilmiş kimi göründü. Yeraltı və yaxud yerüstü piyada keçidləri olmasa da, son zamanlar asfalt örtük üzərində aydın cizgiləniş xətlər piyadaların hərəkəti üçün xeyli rahat şərait yarada bilib.
Ukrayna dairəsindən Neapol dairəsi istiqamətində də quruculuq, abadlıq işlərinə başlanması diqqətimi çəkdi. Bu ərazidə kifayət qədər yaşıllıq zolaqları salınıb. Yol kənarlarına tökülmüş torpaq qalaqları söyləməyə əsas verir ki, yaxın zamanlarda həmin ərazi yaşıl otlarla örtüləcək.
Neapol dairəsində salınmış kiçik parkda maraqlı məkandır. Burada həm də Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Xətai rayon sakinlərinə abidə ucaldılıb. Ümumiyyətlə, bu rayonda şəhid adı daima uca tutulur, şəhid ailələrinin qayğılarına xüsusi diqqət yetirilir. Bunu rastlaşıb, söhbətləşdiyimiz insanların dilindən eşitmək əhvalımı bir qədər xoş etdi.
Rayon ərazisində salınmış uşaq əyləncə mərkəzi körpələrin sevimli yerlərindən biridir. Burda istirahət etmək, əylənmək pulsuzdur. Aztəminatlı ailələr burada övladlarının sevincini gördükdə Xətai rayonunun rəhbərliyinə ağızdolusu minnətdarlıq etməyi unutmurlar.
Rayon ərazisndə ən müasir ticarət obyektləri fəaliyyət göstərməkdədir. Kənd təsərrüfatı mallarının Xətai rayonu Məhəmməd Hadi küçəsində təşkil olunmuş satış yarmarkası bu işin paytaxtda ən yaxşı qurulmuş məkandır. Rayon rəhbərliyinin yarmarkanı daima diqqətdə saxlaması Xətai rayonunda kənd təsərrüfatı məhsullarının rayon sakinlərinə daha sərfəli qiymətdə satılmasına şərait yaradıb.
“Bakı” kinoteatrının yerləşdiyi “Sarayevo” küçəsini şəhərimizin mərkəzində “Torqovı” adlanan əraziyə bənzətdim. Bura əhalinin daha çox hərəkət etdiyi ərazidir. Çünki həmin küçədə ən müsir ticarət obyektləri yerləşib. Düşünürəm ki, Xətai rayon rəhbərliyi həmin ərazidə bir az abadlıq işlərinə diqqət yetirsə, həmin küçə paytaxtımıza təşrif buyurmuş turistlərin də diqqətindən yayınmayacaq. Eləcə də “Bakı” kinoteatrının ciddi təmirinə ehtiyac duyulduğuna Mədəniyyət və Turizm Nazirliyi diqqət yetirsə yaxşı olardı.
Əlbəttə, Xətai rayonu barədə yazdıqlarım, gördüklərimin nəticəsidir. Rayon sakinlərinin mövqeyini öyrənmədən mövzunu yekunlaşdırmaq natamamlıq təəssüratı yaratmasın deyə, bir neçə sakinin mövqeyini də oxuculara çatdırmağı məqbul hesab etdim. Əminə Piriyeva uzun illər Xətai rayonunda yaşadığını söylədi: “Bu rayonda yaşayıram. Son illər rayonumuzda görülən işləri müsbət qiymətləndirirəm. İndi şikayətlərimizi dinləyib, dərdimizə şərik olanlar var. Razim müəllim (rayonun İcra Hakimiyyətinin başçısı Razim Məmmədov nəzərdə tutulur-N.Sadiq) başçı təyin edildikdən sonra vəziyyət xeyli dəyişib. İndi həmin aparata istənilən vaxt gedib, sözümüzü deməyə şərait yaradılıb. Problemlərimizin əksəriyyəti həll edilib. Çox razıyam.”
Ağsaqqal Nadir kişi də öz mövqeyini açıqlamaqda həvəsli göründü:”Daha nə etməlidirlər. Əvvəllər icra hakimiyyətinin qapısından içəri girə bilmirdik. İndi vəziyyət yaxşıdır. Elə bu yaxınlarda nəvəmin işiylə bağlı icra hakimiyyətinə getmişdim. Müavini Rafiq müəllim məni qəbul etdi. Sağ olsun, problemi yerindən həll etdi. Mərifət, qabiliyyət sahibidirlər”.
Universitet tələbəsi olduğunun söyləyən Səmədin də açıqlamaları maraqlı oldu: “Rayonumuzda asudə vaxtını keçirmək üçün əla şərait yaradılıb. Kifayət qədər idman qurğuları yaradılıb. Ancaq istəyərdim ki, rayonumuzun ərazisində böyük stadion inşa edilsin. Xətai rayonunun öz futbol komandası olsun, həmin komandaya azarkeşlik edək.”
Gözəl arzudur, elə deyilmi? Səmədin sözündə böyük həqiqət var. Paytaxtımızın hər bir rayonunun futbol komandasının olması, futbolumuzun inkişafına töhfə verməzdimi? Rayonlararası sağlam rəqabət bütün sahələrdə olduğu kimi, idmanımızın, həm də ki, milyonların oyunu sayılan futbolun inkişafına təsir göstərə bilər. Nəzər alınsa ki, paytaxtımızın əksər rayonlarında böyük stadionlar, futbol meydançaları inşa edilib, gənclərimizin istifadəsinə verilib, inanmaq olar ki, Xətai rayon rəhbərliyində apardıqları böyük işlərinə, stadion tikintisini də əlavə edəcək.
Xətai rayonunda gördüklərim məni də tanınmış saytın sorğusunda iştirak etməyə həvəsləndirdi. Nədən rəqabət olmasın, görülən işlərə qiymət verilməsin?- deyib, səsimi Xətai rayonuna verdim. Axı, nədən həmişə tənqidə imza atmalıyıq sualı üzərində bir daha düşündüm. Görülən işlərə öz qiymətimizi verməliyik və eşitdiklərimizə, gördüklərimizə əsasən öz təkliflərimizi irəli sürməliyik qənaətinə gəldim. Görüləcək işlər isə hələ çoxdur. Xətai rayonunda gördüklərim məndə belə bir təəssürat yaratdı ki, rayon rəhbərlərinin fəaliyyətindən çox şey asılıdır. Bu baxımdan Xətai rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədov və onun komandasına gələcək işlərində uğurlar arzulayıb, əhalini düşündürən problemlərin həllində daha çevik fəaliyyət diləyirəm.
Nicat Sadiq