Şənlik anarxiyasında mübarizəni kim başlamalı?!

0
7

Vəfa Allahverdiyeva

Alim Qasımov, Tahir Əmiraslanov örnəyi…

Şənlik anarxiyasında mübarizəni kim başlamalı?!

Yas mərasimləri ilə bağlı mövcud vəziyyətdə səliqə-səhman ideyasının, daha doğrusu, kampaniyanın axırı nə oldu? Qadağalar mənasız ritualları, ölüm yükündəki ənənəvi yanaşmanı dəyişməkdə hələ güclü çıxa bilmir. Aş qazanlarını, dovğa vedrələrini oğrun-oğrun ortaya çıxarıb, ölüsünə ehsan verənləri öz çevrəmizdən görə də bilirik, eşidirik də. Hüzr çadırlarının, mərhum ünvanlarının polis və icra strukturlarının nəzarəti altında saxlanmasından irəli gedən vacib nəticələr yoxkən, toy mərasimlərindəki anarxiyanın həlli istiqamətində kampaniya start götürüb. İqtisadiyyat və Sənaye Nazirliyi əhaliyə toyların təşkili ilə əlaqədar uzun bir məsləhət paketi müəyyənləşdirib.
Yas məsələsi ilə buradakı fərq nəzarətin insanların öz ixtiyarına buraxılması, əsas nəzarətedici vətədbirlər görməyə səlahiyyətli orqanların isə ikinci planda gəlməsidir. Guya ki, vətəndaşın menyuya müdaxiləsi, onu iki-üç yemək səviyyəsinə salmaq istəyi, ərzağın keyfiyyətinə baxış tələbi şadlıq evlərinin adminstiratorları tərəfindən dərhal yerinə yetiriləcək, yetirilməyəndə isə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidməti cızığından çıxana sanksiyalar tətbiq edəcək. İnandırıcıdırmı?!
Yeni tədris ili başlayandan hər birimizin rastlaşdığıadi bir fakt səlahiyyətli qurumların işgüzarlıq görüntüsünün, tapşırıq xarakterli sözlərinin necə yalana çıxdığını hamıya sübut edə bilir. Məsələn, təhsil naziri dəfələrlə deyir ki, çantaların ağırlığı uşaqların bel sütununu əyir, ümumiyyətlə, əhalinin sosial vəziyyətinə mənfi təsir etdiyindən, iş dəftərlərini almaq vacib deyil! Amma məktəblər bu sitatı xatırladandan sonra da belə, nazirin mövqeyinə zidd tələbdə bulunursa (məcburən aldırılan və satdırılan bəzi fənnlər üzrə iş dəftərlərinə tədris boyu, ya bir cızıq da çəkilmir, ya da görüntü naminə iki-üç səhifə üzərində iş aparılır- texnologiya və musiqi iş dəftəri), deməli, heç kəs X kiminsə kitab, dəftər biznesindəki maraqlarına toxuna bilməz. Belə çıxır ki, vətəndaşın, eləcə də olsun istehlakçının, aidiyyatı ünvanla mübahisəsində birincinin yanında görünən kimi təqdim edilən tərəf, əslində heç də dürüst deyil və anarxiyanın aradan qaldırılmasında nə səmimiyyəti, nə gücü çatır. Çünki bu, kiminsə biznes maraqlarını birbaşa öz ismiylə sarsıtmaq demək olardı.
9 milyonluq xalq üçün həddindən artıq çox olan dəbdəbəli şadlıq sarayları ona görə tikilməyib ki, bir gün camaatın maraqları naminə öz biznes hiyləsindən, məkrindən, mənafeyindən geri dursun. Özü də mübarizəni kim aparacaq-vətəndaş özü. Halbuki toy sahibi yox, hətta 200-300 toy dəvətlisi birləşsə belə, talançı saraylar, onların arxasındakı güclü əllər qarşısında o qədər acizdir ki, hansısa nöqsan, dələduzluq faktı ilə şikayətçi olsa, həmin şadlıq sarayları,nə ciddi bir şey itirəcək, nə də islah olunacaq.

Heydər Əliyev “Barmek”in Azərbaycandakı fəaliyyəti dönəmində elektrik enerjisi və istilik təminatı ilə bağlı müşavirələrin birində enerji borclarında məmur təbəqənin çəkisinin kasıb kəsimdən çox gəldiyinə, onların təkcə şəxsi mənzillərində deyil, hətta sahib olduqları şadlıq saraylarında enerjinin necə israf edildiyinə diqqət çəkmişdi. Şadlıq evləri biznesi o zamandan üzü bu tərəfə öz sahibi, sahibinin tayfasından başqa, nə dövlətə xeyir verir – çünki onun vergisi, sosial fonda ödəməsi də elə bu vəziyyətdir – nə də vətəndaşın mənafeyinə. Amma mübarizə kimin öhdəsinə buraxılır? Əlində heç bir təsir rıçağı, effektli mübarizə üsulu olmayan vətəndaşın.

Üstəlik, bu vətəndaş da Şərq təbiətini daşıdığından dəbdəbəni, imkanlı görünməyi, yemək bolluğu ilə öyünməyi, zənginlərlə bəhsləşməyi o qədər sevir ki, birinci onun özünün nəfsi, lovğalığı, fərqlənmək iddiası, qısası şüuru dəyişməlidir. Bu dəyişilmə isə cəmiyyətin tanınan və üstün təbəqəsinin qabağa düşməsi, müsbət örnəklər ortaya qoymasından keçir. Hətta yas məsələsində belə.
Son 7-8 ildə ən yaxşı toy nümunəsini muğam ustası Alim Qasımovla Milli Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov yaratdı. Amma bildiyimiz qədər belə toy dəbindən örnək götürən olmadı. Təbii ki, Alim Qasımov olmaq asan idi, çünki təbiət qoynunda nə dələduz administiratorlar var, nə xaotik menyu, nə böyük xərcə düşmək, nə gəlinin girov təhlükəsi. Əksinə, evlənən cütlüyə fayda gətirən qeyri-ənənəvi, milli- klassik üslubda toylar dəvətlilərə əsl istirahət və əyləncə zövqü bağışlayır.
Tahir Əmiraslanov modeli milli, klassik model olmasa da, Avropa standartlı toy nümunəsinə yaxın idi və Azərbaycan şəraitində bunu Tahir Əmiraslanovdan başqa çoxları-məsələn, məmurlar edə bilərdi. Yəni üzəri boş stollar dəbdəbədən xali, yemək çeşidi naməlum idi. Toy dəvətlisinin sifarişi əsasında menyu gətirilirdi, insan orqanizminə təhlükə verən amillərə heç kəs məcbur qalmırdı, bununla da əsl yemək mədəniyyəti nümayiş etdirilirdi. Lakin bildiyimiz qədər qeyd edilən metodun qarşılığında restoranı yetərli yer haqqı ödəməsi ilə razı sala biləcək məmurlarımız da bu örnəyin ardınca getmədi. Niyə? Ya Şərq təbiətimiz imkan vermədi,-yəni, biz özümüzü kiməsə göstərməyə, pullarımızı səyahətə, istirahətə yox, geyimə, yeməyə, dəbdəbəyə xərcləməyə meylliyik, ya da talançılıq metodu qarşısına optimal və pozitiv bir örnək çıxarmaq nümunəsinin öz şəxsi adlarıyla bağlanması güclülərin maraqları naminə istənilmədi. Axı belə toy qaydasında itirən restoran biznesi, qazanan toy ailəsi və toy iştirakçısıdır! Üst təbəqə isə cəmiyyətə yaxşı bir nümunə olsun deyə, fərqli yemək, əyləncə təşkilinə öz çevrəsini qurban verməyə əsla maraqlı deyil.
Ərəb ailələrinin, ərəb zənginlərinin toy xüsusiyyətlərinə yaxın şüur səviyyəmiz və milli zənginlərimizin maraq buxovunda saxlanmağımız bizi burnumuzun ucundakı Türkiyə örnəyinə sarı getməyə də qoymur. Halbuki, prezident Ərdoğanın istər baş nazir, istər dövlət başçısı kimi nikah şahidi olaraq qatıldığı sadə toy kadrları bizdəki dəbdəbəni uçurmalı, yerində evlənən cütlüyün təminatına xidmət edən modelə bünövrə verməlidir.
Şənlik anarxiyasında mübarizə sadə təbəqənin potensialına qətiyyən uyğun gəlmir və onu öz çabasında ehtiyac, kasıblıq mənaları ilə utandırır. Amma bu mübarizənin məmurlar, nüfuzlu təbəqə tərəfindən başlanması onları pərt vəziyyətdə buraxmır, çünki onlar öz pulları ilə bir gündə on toy belə, təşkil etməyə qadirdir. Hansısa bir millət vəkilinin, icra başçısının öz övladı üçün sadə menyu, sadə dekorasiya əsasında düzənlədiyi toy mərasimi isə artıq cəmiyyətə informasiya, onun yaxın qohumlarının şüuruna siqnal verir və bu siqnal cəmiyyətdəki dərin təbəqələşməni virtuallaşdıran, hamını bərabərləşdirən bir toy örnəyini meydana çıxara bilir. Görəsən, bizim bunu istəyən və buna psixoloji hazır olan nə qədər zənginimiz var?!.

LEAVE A REPLY