Müsavatla AXCP-nin toy davası və yaxud siyasi meydan kimlərin əlində qalıb?

0
1

Müsavatla AXCP-nin toy davası və yaxud siyasi meydan kimlərin əlində qalıb?

Arif Hacılı Müsavatı dağılmaqdan xilas edə biləcəkmi?

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının müsavatçı sabiq deputat İkram İsrafilin oğlunun toy mərasiminə YAP-çı deputat Aydın Mirzəzadəni dəvət etməsi barədə söylədikləri, onsuzdakı düşmənçilik səviyyəsində olan AXCP-Müsavat münasibətlərini daha da gərginləşdirib. Toydan 10 gündən artıq bir müddət keçmsinə baxmayaraq qarşıdurmalar səngimək bilmir.
Fəal tərəf AXCP olsa da cəmiyyətdə F.Qəhrəmanlının açıqlamasına münasibət birmənalı olmayıb. Görünən odur ki, aranın qarışmasında ən maraqlı şəxs AXCP sədri Əli Kərimlidir. O, toy mövzusunun önə çəkilməsiylə “Milli Şura”nın 12 oktyabr tarixində keçirdiyi uğursuz mitinqin yaddaşlardan silinməsi arzusundadır. Hətta “Azadlıq” qəzetində dərc edilən bəzi yazılara Ə.Kərimlinin müəlliflik etdiyi mübahisə mövzusuna çevrilib. Mətbuata açıqlama verən İ.İsrafil bu məsələ barədə danışıb: “Mənə bu barədə açıq fikir bildirmək yaraşmaz. Qəzetin açıq ideoloji xətti var. Bu qəzetdə mövzu ilə bağlı geniş yazıların dərc olunmasının Əli Kərimli ilə əlaqədar olması ilə bağlı fikir söyləmək doğru olmaz. Amma hesab edirəm ki, bu barədə Əli bəy fikir bildirməli idi. AXCP-də kifayət qədər dostlarım var. Hətta mənə bu məsələdə dəstək oldular. Adlarını çəkmək etik qaydalara uyğun olmaz. Oğlumun toyunda AXCP Rəyasət Heyətinin üzvü, həmkəndlim, ən yaxın dostlarımdan biri Sahib Kərimli iştirak edib. Onun timsalında mənə dəstək olan, düzgün analiz çıxaran bütün cəbhəçilərə öz təşəkkürümü bildirirəm. Hesab edirəm ki, toy və yas mərasimlərini siyasiləşdirmək əxlaqsızlıq, tərbiyəsizlikdir. Bu mövqeni tutanlara başucalığı gətirmir”.
İ.İsrafil mətbuat vasitəsiylə bir daha oğlunun toy mərasimində iştirak etmiş millət vəkili A.Mirzəzadəyə təşəkkür etməyi də unutmayıb. AXCP-Müsavat qarşıdurmasına müxalifət düşərgəsinin digər nümayəndələri də qoşulub. Azadlıq partiyasının sədri Əhməd Oruc da toy davasına münasibət bildirən yazıyla siyasi gündəmdə görünməyi lazım bilib: “İkram İsrafilin oğlunun toyunda çəkilmiş bir şəklin bir qisim Şarikovlar tərəfindən bu cür qılıncla qarşılanacağı gözlənilən deyildi. Açığı, bir sıra məqalə və müsahibələrimdə AXCP-nin demokratik düşərgədə dağıdıcı bir mövqedən çıxış etdiyini, bu yolun səhv olduğunu və tezliklə bu mövqedən çəkinəcəyinə inandığımı bildirmişdim. Amma bu müxalifət daxili barışmaz mövqenin AXCP tərəfindən düşmənçilik, qisasçılıq mövqelərinə qədər irəliləyəcəyini gözləmirdim”.
Ə.Oruc hesab edib ki, sosial şəbəkələrdə xüsusi fəallığı ilə seçilən və “yetənə yetib, yetməyənə də bir “daş” atmağa adət etmiş AXCP mətbuat xidmətinin rəhbəri Natiq Adilovun etdiyi qeydlər AXCP sədri Əli Kərimliyə məxsusdur:”Eks millət vəkili İkram İsrafilin oğlunun toyuna millət vəkillərini (o cümlədən YAP-dan olanları) dəvət etməsini “milli xəyanət” səviyyəsinə qaldırıblar. Bu işin başında Əli Kərimlinin birinci müavini və mətbuat xidmətinin rəhbəri, yəni dolayısı ilə Əli bəyin özü durur.”

Fazil Mustafa “balta”nı kökündən vurdu…

BQP-nin sədri, millət vəkili Fazil Mustafa paylaşdığı statusda “balta”nı kökündən vurub: “Bizdə el arasında maraqlı bir deyim var, “keçinin qoturu bulağın gözündən su içməz”. Paylaşacağım statusla tanış olan istənilən ağlı başında olan Azərbaycan vətəndaşı əminəm ki, bu qənaətə gələcəkdir. Demək mən, keçmiş deputat yoldaşımız Müsavat partiyasının üzvü İkram İsrafilin dəvəti ilə Müstəqillik günündə oğlunun toy ziyafətinə qatılmışam. Toy sahibinin ayırdığı masada oturmuşam və orada iştirak edən Müsavat partiyasının keçmiş başqanı İsa Qəmbər və əsasən bu partiyanın rəhbərliyində olan şəxslərlə görüşərək insanların sevicli günündə yer almışam. Qeyd edim ki, istənilən siyasi görüşə sahib insanlar mənə qarşı ədəbsizlik etmədiyi ana qədər normal insani münasibətlərin qorunmasına xüsusi diqqət yetirirəm. Bu demək deyildir ki, mənim yolumu və fikirlərimi bəyənməyən kimsəyə düşmən kimi yanaşmalıyam. Fikrimcə, bu ölkənin hər bir vətəndaşına qucaq açacaq qədər geniş ürəkli olmağı hər bir siyasətçi özünə təlqin etməyi bacarmalıdır. Normal olaraq oradan çəkilən şəkillər sosial məkanda paylaşılıb və ağlı başında olan insanların hamısı da bu şəkilləri normal qarşılayıb. Ancaq bu ölkədə ağlı başında olmayan insanlar var ki, bu şəkillərə baxanda iyrəniblər ki, necə olur ki, siyasi baxışları fərqli olan insanlar bir masa arxasında otura bilirlər. İl ərzində onlarla toya, yasa gedirik, hamı da bizim vətəndaşlardır, orada insanların alnına yazıb yapışdırmalıyıq ki, sən hansı partiyadansan və onları da seçib ayrı-ayrı masalarda oturtmalıyıq? AXCP-də, “Azadlıq” qəzetində qalmış bəzi qotur keçilərin düşüncəsinə görə, onlar kimi düşünməyən kimlər varsa, bir toyda, bir yasda qətiyyən iştirak etməməlidirlər. Hələ üstəlik də belə hallar olursa, bu qotur keçilər iyrənirmişlər. Siyasəti bir kənara qoyun, sadəcə insan kimi qiymət verin, bunun adı nədir: vəhşilik, yoxsa mədəniyyətsizlik? Zavallı uşaqlar, dəstə başçısının rəhmətlik Əbülfəz Elçibəyə qarşı etdiyi mənəviyyatsız hərəkətləri, sizlər artıq bütün cəmiyyətə qarşı edirsiniz!”

Ramiz Tağıyev: “Avropa Birliyi ilə Assosiasiya sazişini arzu edənlərin öz daxilimizdə düşmənçilik toxumu səpmələrinə ad tapmaq çətindir”

Canımız Azərbaycan Naminə (CANP) sədri Ramiz Tağıyev də Müsavatla-AXCP arasındakı səs-küylü toy davasına münasibət bildirib: “Doğrusu Fuad Qəhrəmanlının açıqlaması mənim üçün çox gözlənilməz oldu. AXCP sıralarında böyük hörmət bəslədiyim, yüksək əxlaqi keyfiyyətlərinə şübhə etmədiyim şəxslərdən biridir. Ola bilsin ki, Fuad bəy Müsavat yetkililərinin onun Əhəd Abıyevlə qohumluq əlaqələrinə ilişdirməsindən qəzəblənib və tələsik sərt açıqlamayla çıxış edib. Ancaq məsələnin bu səviyyədə böyüməsinin arxasında AXCP sədri Əli Kərimli olmamış deyil. Ə.Kərimlinin bir missiyası var- ölkə daxilində qarşıdurma yaratmaq. Yaxşı deyirlər ki, AXCP sədri ermənilərə qarşı belə aqressiv deyil. Bütün uğursuzluqlarını belə yersiz çəkişmələrlə kompensasiya etmək niyyətini gizlətmək istəsə də, bu özünü açıq-aşkar büruzə verir.
Millət vəkili A.Mirzəzadə ilə heç bir şəxsi tanışlığım olmasa da, Milli Məclisdə, mətbuatda və telekanallardakı çıxışları onun barəsində müsbət təəssürat yaradıb. Onun toyda iştirak etməsini də müsbət qarşılayıram. Axı şəxsi münasibətlərin, dostluğun, qohumluğun siyasətə nə aidiyyatı var? Mənim kifayət qədər YAP-çı dostum, qohumum, tanışım var. Vaxtaşırı görüşüb, söhbətləşməyimiz indiyə qədər heç bir problem yaratmayıb. Əksinə, qoy müxalifətçi dostlarım inciməsinlər, müşahidələrim, çətin durumlarda gördüklərim söyləməyimə əsas verir ki, YAP-çılar dostluğa daha sədaqətlidirlər. Ümumiyyətlə isə, bizim bir məramımız var; millətimizin şərəfli, ləyaqətli övladlarının hamısının bir-birinə can deyib, can eşitməsinə nail olmaq. Dəfələrlə söyləmişəm nə şəxsi, nə siyasi müstəvidə iqtidara və ya müxalifətə heç bir qərəzimiz yoxdur. İndi özünüz qiymət verin, AXCP iddia edir ki, Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamağın guya tərəfdarıdır. İnanaqmı? Axı belə diletant mövqeləri bunu söyləmir. Necə ola bilər ki, ölkə içində düşmənçilik toxumu səpənlər o böyüklükdə ittifaqa qoşulub, orada mehriban yaşamağı arzu etsinlər.
Ənənəvi radikal müxalifətin nümayəndələri yas mərasimlərində də ayrı seçkiliyin tərəfdarıdırlar. Mən bunu dəfələrlə müşahidə etmişəm. Dəvət edildiyim toy, eşidib-bildiyim yas mərasimlərində iştirak etməkdən qalmamışam. İstər həmin mərasimlər iqtidar nümayəndəsinə, istərsə də müxalifət nümayəndələrinə aid olsun. Yayda, uzun illər Daxili İşlər orqanlarında çalışmış, Stalin repressiyası barədə bir neçə kitabın müəllifi, istefada olan polkovnik, əmim dünyasını dəyişmişdi. Onun 20 il əvvəl təqaüdə çıxmasına baxmayaraq Daxili İşlər naziri Ramil Usubovun rəhbərliyi ilə bütün DİN əməkdaşlarının həm dəfndə, həm də yas mərasimində iştirakından çox razı qaldıq. Çox böyük diqqət göstərdilər. Təəssüf ki, ömrümün böyük hissəsini müxalifətə sərf etsəm də, onlardan heç bir zaman elə diqqət görməmişəm. Bir sözlə, ənənəvi müxalifətin toy-yas mərasimləriylə gündəmdə qalmaq istəklərini, bir-birilərini bitirmək çabalarını qəbul edə bilmirəm. Bundansa siyasətlə deyil, uğur qazana biləcək, səviyyələrinə uyğun gələn işlərlə məşğul olsalar daha yaxşı görünə bilərlər.”

Müsavat dağılmaqdan xilas ola biləcəkmi?

F.Qəhrəmanlının açıqlamasını acı bağırsaq kimi uzatmaqla siyasi gündəmi zəbt etmək istəyən Müsavat yetkililərinin də gizli məqsədləri aşkarlanmaqdadır. Belə ki, Müsavat son 20 ilin ən ağır dönəmini yaşamaqdadır. Müsavatın rayon şöbələri bir-bir sıradan çıxır, təşkilata isə bir nəfər olsun belə yeni nəfəs qatılmayıb. Bu səbəbdən AXCP yetkililəri toy davasının Müsavatın yeni başqanı Arif Hacılı tərəfindən uzadıldığını iddia edirlər. Əlbəttə, bu versiya da inandırıcıdır. Müsavata Tofiq Hüseynli (Qara Tofiq) kimi nüfuzlu, Milli Azadlıq Hərəkatından bu yana müstəsna xidmətləri olmuş şəxsiyyətlərin istefası öldürücü təsir etməmiş deyil. Ardınca isə Vurğun Əyyub Müsavatın məclislərində iştirak etməkdən birmənalı imtina etdiyini bəyan edib. Qubad İbadoğlunun, Səxavət Əlisoyun geri çəkilməyəcəyi də sirr deyil. Hələlik kabinetini əldən verməyən sabiq başqan İsa Qəmbərin seçkilərdən sonra olan-qalan nüfuzunu itirməsinə rəğmən, partiyada barışdırıcı missiyanı daşıya bilməyəcəyi də görünəndir. Müsavata ən böyük zərbəni isə A.Hacılının qardaşları Vaqif və Müstafa Hacıbəylilərin vurduğunu anlayan müsavatçıların artıq yeni başqanın ətrafında tolaşmayacaqları da bəlli olub. Sıravi müsavatçılar Hacıbəyli qardaşlarının Müsavatı intriqa ocağına çevirdiklərini söyləməkdən çəkinmirlər.Görünən odur ki, həm Müsavat, həm də ki AXCP-nin toy davasıyla siyasi gündəmdə qalmaq istəkləri baş tutmacaq. CANP sədri R.Tağıyevin təbirincə söyləsək, hər iki partiya nə qədər gec deyil adlarından imtina etməli, böyük öndərlər M.Ə.Rəsulzadə və Ə.Elçibəyin yaratdıqları təşkilatların yalnız istiqlal muzeyində ləyaqətlə xatırlamasına şərait yaratmalıdırlar.

Turan Türk

LEAVE A REPLY