Zaur Muradxanlı
Baş nazir, yoxsa baş kukla?
Türkiyədə avqust ayı baş tutan seçimlərdən sonra prezident seçilən Ərdoğan və onun partiyası (AKP) verdiyi sözü tutmayaraq keçmiş prezidenti passivləşdirmə yoluna getdi. Halbuki ictimaiyyət və mediada seçimlərdən sonra yerdəyişmə olacağı və R.T.Ərdoğanla Abdullah Gülün dövlətin zirvəsindəki statuslarının dəyişiləcəyi barədə söz-söhbət gəzirdi. Bu barədə hər hansı müsahibə verməkdən və olacaqlarla bağlı təhəddüd altına girməkdən çəkinən AKP idarəçilərindən ilk bəyənat seçimdən dərhal sonra gəldi.
Samsunda media mənsublarını bilgiləndirən Hüseyn Çəlik, yəni baş nazirin işçlərindən biri, yeni bir millət vəkili olacağını bildirərək, əslində A.Gülə baş nazirlik qapısını sonunadək bağlamış olurdu. Bu A.Gül üçün qürur qırıcı davranış idi. Çünki AKP ondan prezidentliyi müddətincə notariat kontoru kimi istifadə etmiş, səlahiyyət müddəti başa çatdıqda isə lazımsız əşya, artıq yük kimi bir kənara atmışdı. Avqustdan sonra daha öncə aktiv siyasətdə davam etmək istədiyini bildirmiş olsa da, Abdullah Gülün üzərindən öz partiyası tərəfindən “xətt” çəkilmiş oldu. Mövzudan kənara çıxıb buna haqq oldu da deyə bilərik çünki, prezidentlik kimi önəmli bir vəzifəyə seçilən şəxs bu vəzifə üçün ödənəcək hər hansı bir əvəzin ola bilməyəcəyini, olarsa bunun Vətənə xəyanətlə bərabər tutulacaq bir davranış olduğunu biləcək qədər geniş dünya görüşünə sahib biri olmalıdır.
Türkiyənin yeni baş nazirinin adı çox çəkmədən açıqlandı. Gözlənildiyi kimi bu eks xarici işlər naziri Ərdoğanın ən sadiq kadrlarından biri Əhməd Davudoğlundan başqası deyildi.
Davudoğlunun nə dərəcədə sərbəst çalışacağı əvvəlcədən mübahisə mövzusu idi. Çünki Ərdoğanın yaltaqlıq və şəxsiyyətinə pərəstiş edənlərdən həzz aldığı, hər zaman ətrafının onu tərifləyib mədhiyyələr düzən yaltaqlar tayfası ilə dolu olduğu sirr deyildir. Bu xarakterdə olan bir insanın sərbəst düşüncə sahibi olan kimsəylə çalışmaq istəməyəcəyi qədər təbii nə ola bilər ki. Odur ki, Ərdoğanın da, Ə.Davudoğlunun da bir baş nazir kimi axtaracağı xarakterik cəhətlərdən önəmlilərinin nə olacağı özlüyündə ortaya çıxırdı. Ayrıca Ərdoğan özü baş nazir işləyən vaxtkı müşavirlərindən Yalçın Akdoğanı baş nazir müavini olaraq təyin etdirməsi də əslində onun nazirlər kabinetinə qoyduğu nəzarətçidən başqa bir şey deyildi. Bu nəzarətçiləri Ərdoğanın daha öncələri media qruplarına qoyduğunu da eşitmişdik. İndi isə özü prezident seçildikdən sonra hər nə qədər Davudoğlunun sədaqətindən şübhə etməsə də “insan oğlu çiy süd əmib” deyərək onun yanına öz adamını yerləşdirməsi anlaşılmayan deyildir.
Baş nazir olaraq kabinetini formalaşdırdıqdan sonra Davudoğlu (təbii ki, Ərdoğanın istəyi əsasında) öz müşavirini təyin etmək istədi. Öncə baş müşavirlik postu üçün “Haber türk” gəzetinin baş redaktoru Fatih Altaylının adı keçsə də, az sonra bu şəxsin Ərdoğan tərəfindən veto edildiyi ortaya çıxdı. Nəhayət oktyabr ayında bir başqa media mənşəli şəxs və millyətcə erməni olan Etyən Mahcubyan həmin posta təyin edildi. Əlbəttə bu təyinatın Davudoğlunun deyil, Ərdoğanın istəyi ilə olduğu və müşavir məsələsində ona sadəcə icraçıdan başqa birisi olmadığının xatırladılması gün kimi aşkardır. Bu həm şəxsiyyətə pərəstişin tərəqqi edərək yeni mərhələyə qədəm qoyduğu yeni Türkiyənin bir ayıbı, həm də hakimiyyətə seçki yolu ilə gəlməyib dolayısı ilə də arxasında xalq dəstəyini hiss etməyən Davudoğlunun təyin edilmiş birisindən başqası olmadığının ona xatırladılmasıdır.
alt=”Baş nazir, yoxsa baş kukla? ” title=”Baş nazir, yoxsa baş kukla? ”
Etyən Mahcubyan haqqında qısa arayış:
1950-ci ildə İstanbulda erməni ailəsində doğulan Etyən ilk təhsilini İstanbuldakı Robrt kollecində alıb. 1968-ci ildə bu kolleci bitirdikdən sonra Boğaziçi universitetinin kimya mühəndisliyi fakultəsinə daxil olub. 1972-ci ildə fakultəni bitirən Mahcubyan 1974- cü ildə də həmin fakultənin idarətmə bölümündən magistraturanı bitirdi. Daha sonra, 1977-ci illər arasında Ankara universiteti beynəlxalq iqtisadiyyat fakultəsindən aspirantura oxuyan Mahcubyan 1980-96-cı illər arasında müxtəlif şirkətlərdə çalışdı. 1997-ci ildən etibarən “Radikal” qəzetində yazmağa başladı. Daha sonra “Radikal”dan ayrılan Mahcubyan 2001-ci ildə “Zaman” qəzetində yazmağa başladı. 2007-ci ildə Hrant Dinqin öldürülməsindən sonra “Zaman”dakı sürəkli yazılarına son qoyaraq “Aqos” qəzetinə baş redaktor keçdi. 2010-cu ilin oktyabrında “Aqos”un baş redaktorluğundan istefa edən Mahcubyan 2014-cü ilin mayında da “Zaman” qəzeti ilə əlaqəni tamamən kəsmişdir. Oktyabrda isə baş nazir Əhməd Davudoğlunun baş müşaviri təyin edilmişdir. Əslində kim-kimin müşaviridir onu gələcək göstərəcək. Çünki Mahcubyan yuxarıdan və böyük tapşırıqla gəlmiş birisidir.