Arif Hacılının gəlişində, İsa Qəmbərin isə gedişində formalizm elementləri

0
6

Arif Hacılının gəlişində, İsa Qəmbərin isə gedişində formalizm elementləri

Arif Hacılının Müsavata yeni başqan seçilməsindən bir ay ötdü. Çoxları partiyada «postqəmbər» dövrünün başlanacağını proqnozlaşdırırdı. Ancaq deyəsən, yanılıblar. İsa Qəmbər heç kabinetini də Arif Hacılıya etibar etmək istəmir.
Son bir ay ərzində Arif Hacılının poz verib çəkdirdiyi şəkillərdə də onu tək görmək mümkün deyil. Bütün şəkillərdə İsa Qəmbərin yanında görünür. Bəli, məhz yanında. İsa Qəmbərlə bərabər deməyə adamın dili gəlmir. Çünki cərəyan edən siyasi proseslər göstərir ki, İsa Qəmbərin partiyadan gedişi, Arif Hacılının isə başqanlığı arasında bir bənzərlik var. Bunu bir sərrast ifadə ilə də çatdırmaq mümkündür — formalizm.
Azərbaycan siyasətində bənzər hadisələr olub. Tanınmış siyasi xadimlər partiyadan getdiklərini bəyan etsələr də, yaratdıqları mənəvi liderlik institutu vasitəsilə bütün proseslərə nəzarət edə bilirlər. Etibar Məmmədovu, Lalə Şövkəti bu sıraya aid edə bilərik. İsa Qəmbər isə partiyadan birdəfəlik gedəcəyini deyirdi. Hər halda, digər liderlərin partiyanı nəzarətdə saxlamağı bir qədər bayağı görünmür. Heç olmasa kabinetlərini boşaldıblar. Artıq vəziyyət o yerə çatıb ki, faktiki olaraq Arif Hacılıya «beyət» etməyən müsvavatçılar da bütün proseslərin İsa Qəmbər tərəfindən idarə edildiyinə işarə vururlar. Bütün bu fikirlərdən isə bir nəticə hasil olur — İsa Qəmbər partiyanı müvəqqəti «etibarnamə» ilə Arif Hacılıya verib. Anologiya aparıb Müsavat Partiyasını bir avtomobilə bənzətsək, onda belə qənaətə gəlinər ki, Arif Hacılının avtomobili yalnız sürmək icazəsi var. Özü də sahibi ilə məsləhətləşmək şərtilə.
Bizim bu arqumentlərimizi Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy da qəzetimizə verdiyi müsahibədə təsdiqləyib. İsa Qəmbərin sabiq müşaviri bildirir ki, Müsavatın yeni başqanlığına Arif Hacılının seçilməsi sırf birincinin istəyi əsasında reallaşıb: «Hacılı İsa Qəmbərin projesi idi.
Belə düşünənlər tam haqlıdır. Məhz İsa Qəmbərin dəstəyi sayəsində Hacılı çox çətinliklə qələbə çaldı. Bu gün Müsavatın mətbəxinə az-çox bələd olanlar gözəl bilir ki, bütün zamanlarda, xüsusən 2003-cü ildən sonra Hacılını siyasətdə saxlayan məhz İsa Qəmbər olub.
Hacılı İsa Qəmbərsiz siyasi arenada duruş gətirmək iqtidarında deyil. İsa bəy bu gün onun arxasından çəkilsə, Hacılı, 2006-cı ildə olduğu kimi, partiyadan getmək barədə qərar qəbul edər.
Nədən İsa bəy Hacılını bu qədər dəstəkləyir? Bu sual indi çoxlarını düşündürür. Hər kəsin bir qənaəti ola bilər, mənim də var və inşallah, zamanı çatanda onu açıqlayacam».
Hər halda, Səxavət bəy İsa Qəmbərlə Arif Hacılı arasında gizli bir razılaşmanın olmasına işarə edir. Deyəsən, bu razılaşma partiyadaxili intriqaların sərhədləri ilə məhdudlaşmadığı üçün sabiq müşavir anonsu da ehtiyatla verir. Ancaq bilinən budur ki, İsa Qəmbər partiyanın idarəetməsindən çəkilməyib.
Müsavatın sabiq üzvü, politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki, partiyası hazırda durğunluq dövrünü yaşayır. Onun sözlərinə görə, son hadisələr ictimai rəydə partiyanın imicini kəskin surətdə zədələdi: «Artıq Müsavat hər hansı tarixi missiyanı yetirəcək gücə malik qurum kimi dəyərləndirilmir. Halbuki, vaxtilə bu partiyaya böyük ümidlər bəslənirdi. Ancaq son dövrlərdə bu ümidlər, demək olar ki, tamamilə ölüb. Görünür, İ.Qəmbər passivlik nümayiş etdirməklə sübut etməyə çalışır ki, onun baş verən qarşıdurma ilə heç bir əlaqəsi yoxdur. Amma susmaq ya razılıq, ya da biganəlik əlamətidir. İ.Qəmbər lider statusundadır. Ola bilsin ki, bu yaxınlarda nizamnaməyə dəyişiklik edərək ona partiyanın bütün məsələlərinə qarışmaq səlahiyyəti də verilsin. Fikrimcə, belə bir adamın susması partiyanın xeyrinə yox, ziyanına işləyir. İ.Qəmbər istəsə, tərəfləri barışdıra, onlar arasında vasitəçi rolunu oynaya bilər. Bu gün faktiki olaraq İsa Qəmbər Müsavatda istənilən qərarı qəbul etdirmək gücündədir».

Məhəmmədəli QƏRİBLİ

LEAVE A REPLY