“Sərhəd Hərəkatı” mənim şah əsərimdir”

0
4

“Sərhəd Hərəkatı” mənim şah əsərimdir”

Ramiz Tağıyev: “Sərhəd Hərəkatı”nın tarixi mahiyyəti barədə əsaslı, faktlarla danışa bilən yoxdur. Danışdıqları ilə həm özlərini, həm də XX əsrin ən böyük hərəkatını gözdən salırlar”

“H.Əliyev olmasaydı Naxçıvan əldən getmişdi”

“A.Mütəllibovun qarşısında AXC-nin qeydiyyat məsələsini qaldırmışdım. Razılaşdıq ki, o, AXC-ni qeydiyyata alacaq, biz də tətilləri dayandıracağıq”

(Əvvəli ötən saylarımızda)

-Deyirlər ki, ölkəmizdə idmanın inkişafına xüsusi diqqət yetirilir. Siz necə düşünürsünüz?

-Buna şübhə etmək düzgün olmazdı. Son on ildə ölkədə istifadəyə verilmiş çoxsaylı idman qurğuları bir daha təsdiq edir ki, idmana xüsusi qayğı və diqqət var. İdmançılarımızın beynəlxalq yarışlarda göstərdikləri nəticələr də bunu söyləməyə əsas verir. İdman ölkəmizin beynəlxalq aləmdə təbliği üçün ən gözəl vasitələrdən biridir. Ancaq mən idmanın iki növündə yaxşı nəticələri daha çox arzulayıram. Futbol və şahmatda.Təsadüfi deyil ki, böyük və təcrübəli dövlət xadimi Heydər Əliyev də həmin idman növlərinə böyük diqqət göstərirdi. Futbol komanda oyunudur. Birlik və əzm tələb edir. Şahmatda isə ağıl və zəka daha önəmlidir.
Həmişə arzulayıram ki, şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov reytinq cədvəlində erməni Levon Aronyanı üstələsinlər. Təəssüf ki, hələlik bir az geridədirlər. Etiraf etmək lazımdır ki, Heydər Əliyev ölkəmizdə şahmatın inkişafı üçün əvəzsiz işlər görür. Əlbəttə, böyük uğurlara da imza atıldı. Erməni də olsa, şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov Azərbaycan şahmat məktəbinin yetirməsi olub.

-Futbolda vəziyyət çox acınacaqlıdır…

-Belə deməzdim. Futbolun inkişafı üçün az iş görülməyib. Birdən-birə olmur axı. Hər halda Azərbaycan çempionatı keçirilir və ildən-ilə çempionat daha maraqlı olmaqdadır. Sadəcə olaraq futbolun təbliği çox zəif təşkil olunub. Telekanallarda futbola aid verilişlər təşkil olunsa da, futbolla bağlı bir neçə qəzet nəşr olunsa da hələlik təbliğat çox zəifdir.

-Bəlkə təklifiniz var?

-Bilirsiniz, mən sizin idmanla bağlı suallarınıza nə üçün cavab verməyə razı oldum?

-Maraqlıdır, nə üçün?

-Dedim axı, idman ölkənin təbliğatı və tanıtımı üçün ən gözəl vasitədir. 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları Azərbaycanımızı bir daha dünyada nə qədər tanıda biləcəyini təsəvvür etmək çətin deyil. Baxmayaraq ki, bəzi xəyanətkar qüvvələr həmin oyunların boykot edilməsinə çağırışlar edir. İdman müəyyən qədər də siyasətə xidmət edir. Bu baxımdan siyasilərin idman aləmindən məlumatlı olması lazım gəlir. Futbol milyonların oyunu olduğu üçün daha maraqlıdır. Təəsssüf ki, bizdə hələ futbolu milyonların maraq dairəsinə sala bilmirik. Bunun üçün tanınmışların futbola maraq göstərməsi lazımdır. Məsələn, millət vəkillərinin hər biri ölkə çempionatında iştirak edən komandalara azarkeşlik etməli, vaxt tapdıqca oyunları canlı izləməyə çalışmalıdır. Və yaxud tanınmış incəsənət xadimlərinin, siyasətçilərin yerli komandaların oyununu izləmək üçün stadiona getmələri yerinə düşərdi. Hətta telekanallarda onların futbol barədə münasibətləri öyrənilsə yaxşı olar. “Bakılı oğlanlar”ın məşhur nümayəndəsi Bəhram Bağırovun tez-tez stadionda görünməsindən örnək götürmək yerinə düşərdi.
Ölkə prezidenti İlham Əliyevin idmana qayğısını qiymətləndirmək olmaz. Heç bir ölkənin prezidenti İlham Əliyev qədər idmana diqqət göstərə bilməz. Təəssüf ki, rayon rəhbərləri bölgələrdə idmana lazımi qədər diqqət yetirmirlər. Ölkə prezidentinin təşəbbüsü ilə bölgələrdə inşa edilmiş olimpiya komplekslərinin əksəriyyətinin qapısı bağlı qalıb. Ölkəmizdə idmanın boks, karate, güləş, gimnastika kimi növlərinə xüsusi olaraq diqqət yetirildiyindən idmançılarımız həmin növlər üzrə beynəlxalq yarışlarda böyük uğurlara imza atırlar.

-Bəlkə ötən illərə, Culfada çalışdığınız zamanlara qayıdaq. Əvvəllər hansı sahələrdə çalışmısınız?

-Əlbəttə, öz ixtisasım üzrə müəllimlik etmişəm. Sonra dərs hissə müdiri və Orta Texniki Peşə məktəbində direktor vəzifəsində çalışmışam. Deyilənə görə, pis pedaqoq olmamışam. (gülür)

-Eşitdiyimizə görə Naxçıvan Ali Məclisinin deputatı da olmusunuz?

-1990-cı ildə bütün seçkilərdə iştirak etmişdim. Şəhər, rayon, Naxçıvan Muxtar Respublikası və Azərbaycan Ali Sovetinə seçkilərdə namizədliyimi irəli sürmüşdüm.

-Seçilə bildinizmi?

-Seçkilərin hamısında uğur qazansam da, o zamankı Azərbaycan rəhbərliyinin birbaşa göstərişiylə Azərbaycan Ali Sovetinə Culfa dairəsindən keçirilmiş seçkilərin nəticələri ləğv edildi. Ayaz Mütəllibov məni deputat kimi görmək istəməmişdi. Culfa şəhər və rayon, Naxçıvan Ali Məclisinə isə deputat seçildim. O zamankı qanuna görə yalnız iki mandat daşımaq mümkün olduğundan Culfa şəhər sovetinə deputatlıqdan imtina etdim.

-Ayaz Mütəllibov nə üçün məhz Ramiz Tağıyevin Azərbaycan Ali Sovetinə deputat seçilməsinin qarşısın aldı?

-Həmin illər mən çox fəal idim. Milli Azadlıq Hərəkatının ən qaynar nöqtəsi məhz Culfa sayılırdı. Təşəbbüsümlə 1989-cu ilin iyun ayında SSRİ-də ilk dəfə olaraq dəmiryol tətilləri başlamışdı. SSRİ rəhbərliyinin nümayəndələri və o cümlədən Azərbaycan rəhbərləri tez-tez Culfaya səfər edib, mənimlə eyni masada müzakirələr aparmaq məcburiyyətində qalırdılar. O zaman Azərbaycan Nazirlər Sovetinin sədri olan A.Mütəllibovla da belə görüşüm olmuşdu.

-Yəqin anlaşmamışdınız?

-Tətillərdə bir çox tələblərimiz olurdu. Zamanı uzatmaq üçün yeni-yeni tələblər də irəli sürürdük. A.Mütəllibovun qarşısında AXC-nin qeydiyyat məsələsini qaldırmışdım. Razılaşdıq ki, o, AXC-ni qeydiyyata alacaq, biz də tətilləri dayandıracağıq. Söz verdiyi kimi Bakıya qayıdıb Nazirlər Soveti tərəfindən AXC-nin qeydiyyata alınmasını təmin etdi.

-Bəs siz necə, tətilləri dayandırdınızmı?

– Bir günlük dayandırdıq. Axı, Ayaz Niyazoviçlə tətili neçə gün dayandıracağımız barədə söhbətimiz olmamışdı.(gülür) Ancaq onu daha çox qəzəbləndirən Qanlı Yanvar faciəsindən sonra ona ünvanladığım açıq məktub olmuşdu. Mən onu Vətənin qəhrəman övladlarının qanını tapdalayıb, bir daha Qorbaçova nökərçilik etməyə razı olduğuna görə sərt tənqid etmişdim. Bir də “Qardaşlıq” adlanan qoçu cəmiyyəti yaratmasına ilişdirmişdi. Bu səbəbdən də seçkilərin nəticəsini ləğv edib, mənim Azərbaycan Ali Sovetinə gedən yoluma sədd çəkə bilmişdi.

-Siz daha çox “Sərhəd Hərəkatı”nın lideri kimi tanınırsınız. Ancaq bəziləri qısqanclıqla yanaşır sizin belə adlandırılmanıza…

-Kimin necə yanaşması məni bir o qədər ilgiləndirmir. Fakt faktlığında, tarix də tarixliyində qalır. “Sərhəd Hərəkatı” mənim şah əsərimdir. Tanrını tanıyanlar, əqidələrinə sadiq qalanlar,əxlaqlı insanlar heç bir zaman tarixi saxtalaşdırmağa can atmazlar. Təəssüf ki, paxıl, kinli-küdrətli, pislikdən savayı nəyəsə xidmət etməyən biriləri də var ki, özlərindən başqa kimsəni qəbul etmək istəmirlər. Belələrini çox görmüşəm. Ekstremal şəraitdə, çətin durumlarda qaçıb gizlənməkdən başqa heç nəyə yaramayıblar. İndi bəzisi kitab yazır, bəziləri də fürsət yaranan kimi televiziyada, radioda bülbül kimi ötməklə, özlərini cəmiyyətə sırımağa çalışsalar da, millətimiz kimin kim olduğunu yaxşı bilir. Diqqət yetirsəniz “Sərhəd Hərəkatı”nın tarixi mahiyyəti barədə əsaslı, faktlarla danışa bilən yoxdur. Danışdıqları ilə həm özlərini, həm də XX əsrin ən böyük hərəkatını gözdən salırlar. Sevinirəm ki, Qüdrət Həsənquliyev, Əli Şamilov kimi dəyərli, obyektiv ziyalılarımız, siyasi xadimlərimiz var. Onlar əsil həqiqətləri daima önə çəkiblər.

-Elə bu yaxınlarda Modern.az saytı sizi “Sərhəd Hərəkatı”nın ideya müəllifi kimi təqdim etmişdi…

-Onlara minnətdaram. Bilirsiniz həqiqət mənim üçün deyil, Millətimiz, Vətənimiz və tariximiz üçün böyük önəm kəsb edir. Zaman-zaman düşmənlərimiz tərəfindən tariximizin saxtalaşdırılması nəticəsində nələr çəkmədik? Birmənalı olaraq deyirəm, tarixi kim saxtalaşdırırsa, o, kimliyindən asılı olmayaraq millətimizin düşmənidir.

-Ramiz bəy, Culfa rayonuna rəhbərlik etmisiniz. Çətin deyildi?

-O illər getsin, gəlməsin. Blokada nəticəsində çörəklə imtahana çəkilirdik. İşıq, istilik üzünə həsrət qalsaq da, yaşayıb, ümidimizi itirmirdik. Yaxşı ki, Heydər Əliyev Naxçıvanda idi. Onun idarəçilik, dövlətçilik təcrübəsi sayəsində ağır imtahandan üzüağ çıxa bildik. 1990-93-cü illərdə Naxçıvan həm ermənilər, həm də Azərbaycanın o zamankı rəhbərliyi tərəfindən blokadaya alınmışdı. Yalnız Heydər Əliyevin böyük, dünya səviyyəsində olan hörməti nəticəsində Naxçıvan yaşadı. O, qonşu ölkələrlə-Türkiyə və İranla siyasi-iqtisadi əlaqələr qurmaqla Naxçıvanın toxunulmazlığının, yüksək səviyyədə iqtisadi təminatına şərait yarada bilmişdi. Tam əminliklə söyləyirəm, H.Əliyev olmasaydı Naxçıvan əldən getmişdi. Elə daxili çəkişmələr bizi məhv edə bilərdi. İndi də qürur duyuram ki, Heydər Əliyevin Naxçıvan Ali Məclisinə sədr seçilməsinin də ilk təşəbbüskarı olmuşam. Bir çox cəbhədaşlarım həmin gündən mənə düşmən münasibəti bəsləsələr də, mən bu gün də həmin zaman ən düzgün seçimi etdiyimin qənaətindəyəm. Mən, Heydər Əliyevin tövsiyyəsi ilə rayon rəhbəri oldum. Fəaliyyətimi də onun məsləhətlərinə əsasən qurmuşdum. Əlimdən gələn qədər çalışdım. Nə bilim, Culfaya hər dəfə gedəndə insanların mənə olan xoş münasibətindən hiss edirəm ki, rayona pis rəhbərlik etməmişəm. (gülür) Təbii ki, 1991-95-ci illər çox ağır zaman idi. Arzuladığım hər layihəni həyata keçirmək iqtisadi cəhətdən mümkün olmurdu. Bir onu bilirəm ki, mən ağalıq iddiasında olmadım, hər kəsə xidmət göstərməyə çalışdım. Demokratik düşüncəli kadrların azlığı o zamanın ən ağrılı problemlərindən biri idi.

-Bakıya nə zaman köçdünüz?

-1998-ci ildə, Culfada 3 il işsiz qaldım. İşsizlik çox çətindir. Həm ailə üçün, həm də işləyib çalışmağa adət etmiş insana işsizlik öldürücü təsir göstərir. Bakı mənə yaxşı heç nə vəd etməsə də, burada lazım gələndə əlimin zəhmətiylə ailəmi dolandıra bildim. Əzablı-əziyyətli günlərim hədsiz çox oldu. 10 il ərzində 15-ə yaxın kirayə mənzil dəyişməyin nə qədər əziyyətli olduğunu köç edənlər yaxşı bilər.

-İndi necə, mənziliniz varmı?

-Birotaqlı evim var və buna da şükr edirəm. Dəbdəbəli həyatın peşində olan insanlardan deyiləm. On minlərlə vətəndaşımız çadırlarda yaşadı. Şükürlər olsun ki, dövlətimiz onlara şərait yaratdı. Mənim çadırlarda yaşayanlardan nəyim artıqdır ki? Əlbəttə, imkanım olsa 2 və ya 3 otaqlı mənzildə yaşamağı arzu edərəm. Ancaq bu günkü reallıqla hesablaşmalıyıq. Ən başlıcası odur ki, övladlarım sağlam, gözümün qarşısında, məndə onların yanındayam. Tanrıdan arzum odur ki, sevimli Millətimiz bütün ailələrinə, övladlarına xoşbəxtlik nəsib etsin. Müqəddəs torpaqlarımızı qaytarıb, həmin günü bayram edə bilək. Bunu isə yalnız birliyimiz, mehribançılığımız sayəsində edə biləcəyik. Ölkəmizdəki əmin-amanlığı hər kəs qoruyub saxlamaq üçün öz töhfəsini verməlidir. Sıravi vətəndaş da, məmurlar da. Əlbəttə, məmurların üzərində daha böyük məsuliyyət var. Onlar xalqımıza ləyaqətlə xidmət göstərməli, kimsəni narazı, ümidsiz etməməlidirlər.

-Yorulmadınız?

-Yox! Söhbət uzun olsa da, düşünürəm ki, siz məni, mən də sizi yormadım. Hər halda gələn müsahibələrinizə də sualları saxlamalısınız. (gülür) Hələlik, məncə yetərlidir. Məni kifayət qədər tanıtmağa çalışdınız. Sizə də, oxucularınıza da cansağlığı, gözəl günlər arzulayıram.

Nicat Sadiq

LEAVE A REPLY