Sərdar Cəlaloğlu: “İsa Qəmbərə xəbərdarlıq etmişdim, başqanlıqdan getsən, hər şey qarışacaq”

0
1

Sərdar Cəlaloğlu: “İsa Qəmbərə xəbərdarlıq etmişdim, başqanlıqdan getsən, hər şey qarışacaq”

“Əslində mən peyğəmbərlik etmirəm. Politologiyadan xəbəri olan adam bilir ki, siyasi partiyalarda ciddi dəyişikliklər baş verəndə, əgər situasiya adekvat deyilsə, süni surətdə həyata keçirilirsə, ciddi mənfi nəticələr olur”.

Bunu Modern.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib. Onun fikrincə, İsa Qəmbərin Müsavat Partiyası başqanlığından getməsi ilə bağlı heç bir ciddi obyektiv səbəb yox idi: “Bu, subyektiv bir səbəb idi. Səbəb ondan ibarət idi ki, nizamnaməyə bir nəfərin iki dəfədən artıq başqan ola bilməyəcəyi ilə bağlı bir maddə əlavə olunub. Adətən, bizim nizamnamələr ideal bir cəmiyyətin, ideal bir sistemin nizamnaməsi kimi formal olaraq nəzərdə tutulur. Nizamnamədə çoxlu müddəalar var. O müddəaların heç birini partiya həyata keçirə bilmir. Belə olan təqdirdə niyə o müddəaya “Quran” ayəsi kimi mütləq əməl olunmalıdır?!”.

Sərdar Cəlaloğlunun sözlərinə görə, “İsa Qəmbər partiyanı idarə edə bilmir, nüfuzu yoxdur, xəyanət edib” kimi iddialar səslənsəydi, nizamnaməni kənara qoyub onu başqanlıqdan uzaqlaşdırmaq olardı:
“Hamıya məlumdur ki, bu adam həbsxanaya salınıb, yaşının az olmasına baxmayaraq prezident səlahiyyətlərini icra edib, ən çətin dövrlərdə Azərbaycan müxalifətinin aparıcı simalarından biri olub, həyatı risk altında olub, işində çoxlu nailiyyətlər əldə edib. Belə bir lideri partiyanın başqanlığından uzaqlaşdırmaq nə deməkdir?!

İkincisi, İsa Qəmbər gedənə qədər Müsavat Partiyasında artıq zaman-zaman qruplaşma izləri görünürdü. Qurultay ərəfəsində isə bu qruplaşmalar partiyanı parçalanma səviyyəsinə gətirib çıxarmışdı. Belə olan halda yeganə çıxış yolu İsa Qəmbərin geri çəkilməməsi, neytral keçid təyin edilməsi, ya da Müsavatda həmsədrlik institutunun yaradılması idi. Hər iki qanadın nümayəndəsi həmsədr kimi partiyanın idarəçiliyində iştirak etməli idi. İndiki gərgin situasiyadan qorunmağın dolayı yolları bu idi”.

ADP sədri bu gün Müsavatda baş verənlər barədə öncədən İsa Qəmbərə xəbərdarlıq etdiyini də vurğulayıb: “Əvvəlcədən də İsa bəyə AMİP, ALP və liderləri gedən digər partiyaların nümunəsini göstərərək demişdim ki, ortalıqda belə acı nümunə var. Mən demişdim ki, bu nümunələrini nəzərə almayıb partiyanın başqanlığından getsən hər şey qarışacaq. İsa bəy isə hər şeyin nəzarət altında olduğunu bildirirdi. Reverin bir sözü var. “Siyasətçi göz ölçüsünü düzgün müəyyən etməlidir”. Partiyanın rəhbəri kimi hamıya “sakit durun” deməklə, kənarda dayanıb “sakit durun” demək fərqlidir. Bu o deməkdir ki, göz ölçüm yoxdur. Konkret əlində səlahiyyət olan İsa Qəmbərlə heç bir səlahiyyəti olmayan İsa Qəmbərin eyni adamlara təsiri eyni ola bilməz. Bunu İsa Qəmbər hesablaya bilməmişdi. O düşünürdü ki, başqanlıqdan gedəndən sonra da hamıya “yerində otur!” deyə biləcək. Amma hər şey əksinə baş verir. Nə qədər cəhd etsə də, partiyadan ayrılırlar, ziddiyyətlər səngimir. Bunu vaxtında nəzərə almaq lazım idi”.

LEAVE A REPLY