Orta məktəblərdə təhsilin vəziyyəti və ya “kurikulum” təlimi nə qazandırdı?

0
3

Orta məktəblərdə təhsilin vəziyyəti və ya “kurikulum” təlimi nə qazandırdı?

“Kurikulum sistemi bütövlükdə qarmaqarışıq və olduqca çətin tədris sistemidir”

Artıq bir neçə ildir orta məktəblərin tədris proqramında dəyişikliyə gedilərək kurikulum təliminə keçilmişdir. Bu təlimə keçilmə səbəbi təhsil səviyyəsinin yüksəldilməsinə yönəlik kimi izah edilsə də, gerçəklikdə hədəflənən başarı əldə edilibdirmi? Kurikulum təliminə yeni keçildiyi zaman bütün ibtidai sinif müəllimləri bir aylıq kurslara göndərilərək kurikulum təliminin standartları öyrədilməyə çalışıldı.
Kurikulum təliminə keçilməsi uşaqları təhsil alan valideynlər arasında da narazılıq doğurub. Onlar bu sistem ilə gedilərsə, uşaqların kütləvi savadsızlaşmasından narahatlıqlarını bildirir. Tədris proqramının olduqca ağır olması şagirdlərin qavramasında da çətinlik yaradır.
Kurikulum təlimləri ilə bağlı ən yaxşı mənbənin ibtidai sinif müəllimlərindən biri ilə söhbət etmək olduğunu düşündüm. Və bu məqsədlə məktəbə yollandım. Müsahibimiz Ləkətağ kənd orta məktəbinin ibtidai sinif müəlliməsi Sahilə müəllimədir.

-Salam, Sahilə müəllimə.

-Salam.

-Bu il siz növbəti dəfə 4-cü sinfi təhvil verərək Azərbaycan təhsil sisteminə kiçik miqyasda da olsa öz töhvənizi verdiniz.

-Təşəkkür edirəm. Bizim müəllimə sənətini seçərkən qarşımıza qoyduğumuz məqsəd və peşəmizi sevdirən səbəb də elə bu deyilmi?

-Müəllimə, siz on ilə yaxın bir müddətdir ki, körpələrimizə elmin, biliyin, əsil mənasında həyatın əlifbasını öyrədirsiniz. Amma siz özünüz də müəllimə işləməyə başlayandan sonra tədris sistemində köklü dəyişikliklərə gedildi və ənənəvi təhsil sisteminin əvəzinə yeni- kurikulum tədris sistemi gətirildi. Siz də bu tədris sistemi ilə bağlı kurslarda iştirak etmiş və uğurla başa vuraraq sertifikat almış müəllimə olaraq iki tədris sistemi arasındakı fərqləri necə izah edərdiniz?

-İstəyirsiniz əvvəlcə birincilərin tədris proqramı ilə tanış olaq. Çünki proqramı bilmədən anladacaqlarımın o qədər də dəyəri olmayacaq.

-Buyurun.

-İlk yarımildə əlifba, daha sonra ana dili, riyaziyyat, həyat bilgisi, informatika, ingilis dili, musiqi, təsviri incəsənət, fiziki tərbiyə və sair dərslər keçirilir. Kurikulum təlimində şagird tədqiqatçı, müəllim fasilitatordur. İdrak fəaliyyətinin fəallaşdırılmasının ən başlıca mexanizmlərindən biri ənənəvi təlim sxeminin dəyişdirilməsidir. Yəni, ona tədqiqat xarakteri verilməsi, şagirdin bilikləri mənimsənilməsi prosesinin başlıca simasına, bərabər hüquqlu subyektinə çevrilməsidir. Bu da təlim prosesində şagirdlərin və müəllimin mövqələrinin və ionların funksiyalarının dəyişdirilməsi hesabına əldə oluna bilər.

-Bu təhsil sistemində müəllimin üzərinə düşən rol və sinifə onun mövqeyi necə olmalıdır?

-Müəllimin mövqeyi bələdçi, fasilitator, aparıcı, istiqamət verən mövqedir. Fəal təlim prosesində şagirdləri biliyə aparan yolda müəllimin bir bələdçi kimi əsas funksiyası təyinedici, rolu fasilitasiya, (ingiliscə facilitation-əlverişli şərait yaratma) adlanır. Bu müəllim liderliyinin yeni tipidir. Bu liderlik müəllimlə şagirdin təhsilin məqsədinə nail olmağına yönəldilmiş birgə fəaliyətinə əsaslanır. Bu zaman müəllim nüfuz sahibi kimi sinif üzərində “ağalıq” etmir və özünü şagirdlərdən yüksəkdə tutmur. Əksinə o sistemli, ardıcıl və məqsədyönlü şəkildə şagirdlə əməkdaşlıq edir.

-Ənənəvi təhsil sistemi ilə kurukilum tədris sistemləri arasında şagirdə yanaşma arasında daha nə kimi fərqlər vardır?

-Bunu bir neçə mərhələdə dəyərləndirə bilərik:
Mərhələ 1. Hər bir şagirdə mərhəmətli, hörmətcil fərdi münasibət bəsləməsi.
Mərhələ 2. Sinifdəki mühiti xüsusi həssaslıqla duyması zəruridir.
Mərhələ 3. Müəllimin şagirdlərə xeyirxah münasibəti, hörməti, onları olduqları kimi qəbul etməsi və daim dəstəkləmək meyli, bacarıqlarına inandığını göstərmək.
Mərhələ 4. Problemin həlli üzrə irəli sürülən fərziyələri təsdiq və ya təkzib edən habelə qoyulan tədqiqat sualına cavab verməyə kömək edə biləcək faktları tapmaq zərurəti ortaya çıxır.
Mərhələ 5. Yadda saxlama, xatırlama, tanıma. Yadına salma, izah etmə, məsələni bir ifadə vasitəsindən başqasına çevirmə, öz sözləri ilə təsvir etmə.
Bu mərhələnin sayı ümumiyyətlə otuza yaxındır, amma düşünürəm ki, bunlar sizin o qədər də diqqətinizi çəkməz. Burada sadəcə ən önəmlilərindən bir neçəsini misal olaraq çəkdim ki, kurrikulum tədris proqramının mahiyyəti sizə daha anlaşılabilən olsun.

-Mümkünsə bizə dərslərin tədrisi və qiymətləndirmə ilə bağlı qısa məlumat verərdiniz…

-Bilirsinizmi, kurrikulum təliminin ənənəvi tədris sistemindən ayıran ən önəmli xüsusiyeti problemin həlli yollarını göstərərək şagirdləri bu problemlərin həllinə təşviq etmək və onların məsələlər ətrafında düşünməsinə nail olaraq şəxsi təfəkkürlərinin inkişaf etdirilməsidir. Məsələn, sizə bir misal çəkəcəyəm. Şagirdlərə fikrində tutduğu sözlə bağlı cümlələr deyir. Şagirdlər isə bu cümlələrə əsasən həmin sözü müəyyənləşdirirlər. Misal üçün, onunla yük daşınır, onunla sərnişin daşınır, onlar bir- birinə qoşulduqda qatar əmələ gəlir. Vaqon cavabını aldıqdan sonra beş hərfi lövhədən asılır müzakirə yolu ilə sözdəki samitlər müəyyən edilir.
Qiymətləndirmədə isə müəllim meyar cədvəli hazırlayır. Dərsin bütün mərhələlərində qiymətləndirmə aparır. Meyarlar ədədin tərkibini müəyyənləşdirir, məsələ qurur, müqayisə edir, nəticə çıxarır.
Bütün bunlarla yanaşı, kurikulum sistemi hər nə qədər şagirdlərdə şəxsi təfəkkürün inkişafına hesablanmışdırsa da, bütövlükdə qarmaqarışıq və olduqca çətin tədris sistemidir. Hər halda ənənəvi təhsil sistemi ilə kurikilumun yaxşı yönlərini birləşdirərək daha ideal tədris proqramı ortaya çıxarmaq olardı. Bütün bu çətinliklər, narazılıqlar da baş verməzdi.

Zaur

LEAVE A REPLY