Kəbirə Məmmədovanın zülmü fəryad doğurdu…

0
3

Kəbirə Məmmədovanın zülmü fəryad doğurdu…

Müflisləşmiş sahibkar intihara əl atmaq istəyir.

“Binə” ticarət mərkəzindən zaman-zaman şikayətlər edilsə də, Kəbirə Məmmədova kimsəni tanımaq istəmir, “burada mənəm, Bağdadda kor xəlifə” deyib, qanunsuz əməllərini sıralamaqda davam etməkdədir. İndiyə qədər bazar rəhbərliyinin çoxsaylı başabəla “layihə”lərinin onlarla qurbanı olub.
“Millətim”ə üz tutmuş müflisləşmiş sahibkar Tofiq Cəfər oğlu Cəfərov K.Məmmədovanın yüzlərlə qurbanlarından biridir. “Binə” Ticarət Mərkəzi “bina” olan gündən orada fəaliyyətini genişləndirmək istəyən sahibkar, nəinki arzularını gerçəkləşdirə bilmiş, əksinə olan-qalan vəsaitinin də itkisiylə barışmaq məcburiyyətində qalmışdır.
Artıq kimsəyə sirr deyil ki, “Binə” ticarət mərkəzinə on minlərlə pul ödəyib alanlar faktiki olaraq öz əmlaklarının əsil mülkiyyətçisinə çevrilə bilməyiblər. Bu azmış kimi T.Cəfərov ödədiyi pulun əvəzində heç nəyə sahib ola bilməyib. Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan sahibkar ömrünün 25 ilini Ukraynada keçirərək, Azərbaycanı ləyaqətlə təmsil edənlərdən olub. Belə ki, T.Cəfərov uzun illər Donetsk vilayətinin Salvyansk şəhərində Azərbaycan cəmiyyətinin sədri olub. Əslən Culfa rayonundan olan sahibkar Ukraynada çalışaraq blokada şəraitində yaşamağa məcbur edilmiş həmvətənlərinə daima yardım etməsilə xatırlanan şəxslərdəndir. Sonradan Azərbaycana qayıdaraq burada biznes fəaliyyətini qurmaq istəsə də, “Binə” ticarət mərkəzinin direktoru Kəbirə Məmmədova onun pullarını mənimsəyib. Düz 7 ildir ki, öz haqqını tələb edən T.Cəfərov bir çoxları kimi “Binə” ticarət mərkəzinin direktoruna haqlı olduğunu sübut edə bilmir. Çünki K.Məmmədova birmənalı olaraq ölkə qanunlarını tanımaq istəmir. Gəlin, bütün bunları T.Cəfərovun öz dilindən eşidək: “Uzun müddətdir ki, YAP üzvü olan bir şəxsin “Binə” ticarət mərkəzinin rəhbərliyi tərəfindən ələ salınması, haqqını tələb edə bilməməsi ürəyimi ağrıdır. Ukraynadan böyük ümidlərlə Vətənə qayıtmışdım ki, burada fəaliyyətimi qurub, özümlə yanaşı bir çox vətəndaşımızın da dolanışığı üçün şərait yaradım. İndi nə yazıq ki, Kəbirə Məmmədova kimilərin qanunsuz əməlləri ucbatından özüm və ailəm çörəklə imthana çəkilmişik. Əvvəlcə Culfa rayonunda çalışırdım. Obyektim dövlət əhəmiyyətli işlər üçün lazım olduğundan məmnuniyyətlə dövlətə satılmasına razılıq verdim. Heç bir şikayətim olmadı. Oradakı əmlakımın pulu tam qaydasınca ödənildi. Düşünürdüm ki, Bakıda da belə olar. Çox təəssüf ki, düşündüyümün tam əksi ilə qarşılaşmalı oldum. Məhz, K.Məmmədovanın sayəsində illərdir ki, ondan verdiyim pulun əvəzində nə işlək dükan, nədə ki halal pulumu ala bilmirəm. O, birmənalı olaraq pulumu qaytarmayacağını söyləyib, “get, hara istəyirsən şikayət et” deyir. Haqlıymış… Bütün dövlət orqanlarına şikayət etsəm də, nəticəsi olmadı. Ticarət mərkəzindəki digər dükan sahibləri mənə əvvəlcədən söyləmişdilər ki, “Kəbirənin arxası güclüdür, ona kimsə bata bilməz. İllərdir onun zülmüylə üzləşib, müxtəlif dövlət strukturlarına şikayət etsək də, Kəbirəyə “gözün üstə qaşın var” deyən olmayıb. Pulunu itmiş hesab et.”
K.Məmmədovanın sahibkarlara zülm çəkdirdiyi barədə YAP yetkililərinin və həmçinin digər millət vəkillərinin ayrı-ayrı zamanlarda münasibətləri olub. Millət vəkilləri Fazil Mustafa, Azay Quliyev “Binə” ticarət mərkəzinin sahibinin adı çəkilən ticarət mərkəzində çalışan icarədarlara qarşı etdiyi qanunsuzluqlara dəfələrlə etiraz ediblər. Hələ ötən il ticarət mərkəzində etiraza qalxmış icarədarların müdafiəsinə qalxmış YAP-çı deputat Aydın Mirzəzadə bunları yazmışdı: “Bu,siyasi aksiya deyil, əmək münaqişəsidir. Xırda sahibkar cəmiyyətin əsasını təşkil edir. Təəssüf edirəm ki, “Binə” ticarət mərkəzinin sahibi icarədarlarla dil tapa bilməyib. Bu baxımdan hesab edirəm ki, əmək münaqişəsinin əsas səbəbkarı ticarət mərkəzinin rəhbərliyidir. Məsələni bu həddə çatdırmamalıydı. Bu hadisə ictimaiyyətin diqqətindən kənarda qala bilməz. Müəyyən müxalif qüvvələr, xüsusilə də radikal müxalifət istənilən məsələni siyasiləşdirməyə çalışır. Onlar istənilən məsələ ilə bağlı narazılığı hakimiyyətə qarşı çevirməyə, öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Amma bu onlarda alınmır”.
Millət vəkilinin hələ ötən il söylədikləriylə razılaşmamaq olmur. K.Məmmədova kimi qanunsuzluqlara imza atıb, çoxlarını narazı salan sahibkarların əməlindən hakimiyyətə qarşı istifadə etmək istəyən qüvvələr daima olub və olacaq. Suç kimdədir?
Əlbəttə, ilk öncə K.Məmmədova kimi ölkədə yaradılmış sabitlikdən istifadə edərək milyonlarını qazanıb, ölkənin müqəddəs qanunlarına sayğısızlıq göstərənlərdə. K.Məmmədova kimlərin taleyi ilə oynamayıb? Onun hətta şəhid ailəsinin başına müsibətlər açdığını bilməyən qalıb? Təəssüf ki, “Binə” ticarət mərkəzinin direktoru öz qanunsuz əməllərini davam etdirməkdə israr edir. Bu, onun T.Cəfərova qarşı etdiklərindən açıq-aşkar görünür. Çünki “Binə” ticarət mərkəzindən obyekt almış Şuşa şəhərindən olan məcburi köçkün, şəhid ailəsi Aybəniz Xasay qızı Məmmədovanın başına açdığı müsibəti bu gün Kəbirə Məmmədova eyni olaraq T.Cəfərovun üzərində təkrarlamaqdadır. Bunu təsdiq etmək üçün şəhid ailəsi Aybəniz xanımın ölkə prezidenti cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyeva, Milli Təhlükəsizlik naziri Eldar Mahmudova, Daxili İşlər naziri Ramil Usubova daha öncə ünvanladığı müraciətlərindən bəzi məqamları “Millətim”in səhifəsinə çıxarmağı lazım bildik. O, müraciətində yazıb: “Hörmətli Prezident! “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova Şuşa şəhərindən köçkün düşən şəhid ailəsinin-yəni bizim mülkiyyət hüquqlarımızı kobudcasına pozur. Daha dəqiqi, xanım biznesmen bizim ölkənin başına inanılmaz oyun gətirir. Mənim qardaşım Təvəkkül Qarabağ müharibəsində şəhid olub. Şuşa şəhərinin işğalından sonra Bakı şəhərində məskunlaşmışıq. 2007-ci ildə “Binə” Ticarət Mərkəzi Aeroport yaxınlığından Qaradağ rayonu ərazisinə köçürülərkən yeni mərkəzdən obyekt almaq istədik. Bu məqsədlə Kəbirə Məmmədovaya məxsus “Binə” Ticarət Mərkəzindən-rəsmi qeydiyyatdan şirkəti olan “Araz-Avia” şirkətiylə müqavilə bağladıq. Müqavilənin şərtinə görə, yeni tikilən kompleksdə 31 kvadratmetr mülk-20 kvadratmetr anbar və 11 kvadratmetr ərazisi olan mağaza mənə -Aybəniz Məmmədovaya verilməlidir. Bu mülkü almaq üçün “Araz-Avia” şirkətinə 24600 manat pul ödəmişəm”.
Ardınca A.Məmmədova müraciətində qeyd edir ki, Ticarət Mərkəzinin inşası başlananda siyahıda 44-cü adam olmasına baxmayaraq, indi ona Ticarət Mərkəzinin 15-ci sırasında yer ayrılacağını deyirlər.
Qeyd etdim ki, A.Məmmədovanın daha öncə ölkə rəsmilərinə ünvanladığı müraciəti təkrarlamaqda məqsədim T.Cəfərovun da bu gün onunla eyni taleyi yaşadığını təsdiqləməkdir: “Bütün dövlət strukturlarına etdiyim müraciətlərin nəticəsi isə məhkəməyə üz tutmaq tövsiyyəsi oldu. Axı K.Məmmədovayla münasibətlərim tək mülki məsələ deyil, onun əməlində dələduzluq olduğundan cinayət tərkibi var. Mən xarici dövlətdə pul qazanıb, Azərbaycanda iş qurmaqla məgər cinayət etmişəm? Yaxşı bəs bizim qazandığımızı əlimizdən aldadıb alaraq xarici dövlətlərdə yatırım etmək isə cinayət deyil?”
Bunları isə T.Cəfərov söyləyir. Əslində isə söyləmir, sanki fəryadıdır ürək yanğısıyla söhbət açdıqları: “Qeyd edim ki, K.Məmmədova 2007-ci ilin avqustunda dükan, onun təmiri və bazarın açılışı üçün məndən külli miqdarda pul alıb. Mənə isə 4-cü sırada dükan yeri verəcəyini demişdi. Borc edərək həmin pulu ödədim. Dükanlar 200-250 min manata satıldı, mənə isə boş, yararsız torpaqda 14-15-ci sıralardan mağaza verildi. O, 2007-ci ildən mənim 91 min 500 manat pulumdan yararlanır, mən isə borc içində boğuluram.
2011-ci ilin 01 iyununda Qaradağ rayon İcra Hakimiyyətindən mənə zəng edərək qəbula çağırdılar. Məni Elbrus müəllim qəbul edib, Heydər Əliyev Fondundan məktubla göstəriş aldığını bildirdi. Elə həmin ayın 3-də K.Məmmədovanın Elbrus müəllimlə görüşünə gedib, 40 dəqiqə baş tutan görüşündən sonra “Binə” Ticarət Mərkəzinin direktoru mənim pulumu qaytarmayacağını söylədi. Əvəzində isə iki mağaza yerinə tam təmirli bir mağaza tikərək 15 gündən sonra verəcəyini bildirdi. Uzun müddətli əzabıma rəğmən və həyəcanlı olduğumdan razılaşdım, lakin K.Məmmədova yenə məni aldatdı. Onun mənə təklif etdiyi yer işləməyən bir ərazidə olduğundan fəaliyyət göstərə bilməyəcəyimi anlayıb yenidən Elbrus müəllimə zəng edib K.Məmmədovanın yeni oyunu barədə məlumat verdikdə o, dedi ki, bu iş artıq prezident səviyyəsində həll olunmalıdır. Kəbirənin söz verdiyi mağaza bu günə kimi təmir olunmayıb. Pulumu tələb etdikdə isə “get, hara istəyirsən şkikayət et” kəlmələrini eştməli oluram.
2009-cu ildən Bakıda kirayə mənzildə yaşamaq məcburiyyətində qalmışam, çünki borclarımı ödəmək üçün evimi satmalı oldum. Bütün bunların bir səbəbi var, K.Məmmədova aldadaraq məni müflis edib. Əslində isə aldadaraq, mənə qarşı dələduzluq edib söyləsəm, daha düzgün olar. Ancaq nə edim, onun etdiyi hər cinayət kimi, mənə etdikləri də cəzasız qalıb. Hələ də başa düşə bilmirəm, necə olur ki, ölkəmizdə qoyun oğrusunu tez bir vaxtda tapıb cəzalandırırlar, amma bizləri aldadıb pulumuzu mənimsəyənlərin arxasında isə kimlərsə möhkəm dayanıb. Görün, nə günə qalmışıq ki, qoyuna bizlərdən çox dəyər verilir.”
Bəli, bu gün T.Cəfərov əzab çəkir, fəryad edir, ailəsini yaşatmaq üçün iş aramaqda da çətinliklə üzbəüz qalıb. Ancaq yenə də ümidini itirməyib, inanır ki, onun başına gətirilən müsibətlərdən xəbər tutan ölkə rəsmiləri ona yardım əlini uzadacaq. Elə biz də inanmaq istəyirik ki, K.Məmmədovaya yerini göstərib, onu başa salan tapılacaq ki, sən bu millətin hesabına milyonlar qazanmısan, onların son qəpik-quruşlarına göz dikib, ailə-övladlarını çörəkiz qoymaqdan bəlkə usanıb, çəkinməyin zamanıdır?!

Turan Türk
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

LEAVE A REPLY