İstiqlal tarixində Gəncə: əzəli və şanlı adın bərpası uğrunda mücadiləyə bir baxış

0
3

Boran Əziz

İstiqlal tarixində Gəncə: əzəli və şanlı adın bərpası uğrunda mücadiləyə bir baxış

(Əvvəli ötən saymızda)

Məqalənin sonunda redaksiya materialı müzakirə məqsədi ilə dərc etdiyini, bu məslə barədə tarixçilərin, dilçilərin etnoqrafların, ədəbiyyat və incəsənət xadimlərinin, əlaqədar təşkilatların fikirlərini də bilmək istədiyini də qeyd etmişdi. Beləliklə, bir proses başlamış oldu. Tezliklə, məqalə həm Azərbaycanda, həm də xaricdə ictimai rezonans doğurdu, qəzetə yüzlərlə oxucu məktubu göndərildi. Görkəmli alimlərdən Qasım Qasımzadə, Kamran Məmmədov, Tofiq Sultanov və Qulu Xəlilov birgə məqalə yazaraq, S.Əliyarlının mövqeyini müdafiə etdilər.
Xarici ölkələrdə, o cümlədən, Türkiyədə də bu məqaləyə müsbət münasibət bildirmişdir. O dövrdə Türkiyədə çıxan ,,Yeni İstiqalal” qazetinin 30-mart 1966-cı il sayında ,,Sovetlərin türk köylərini tarixi bağlardan qoparmaq üçün girişdiyi kampaniya” adı ilə bir məqalə çap olunmuşdur. Redaktor adından verilən yazıda bildirilirdi: ,,Dikkatla okununca Azərbaycanlı türk doçentinin endişeleri, üzüntüleri çox iyi anlaşılmaqda, kommunistlərin türk köylərini isimlerinə varıncaya kadar nasıl ruslaşdırmaq istedikleri , fakat bu durumun türkleri ne kadar müteessir ettdigi görünmektedir”.
Onu da vurğulayaq ki, bu yazının redaksiya heyətində müzakirə edilmədən çapa verilməsində o zaman qəzetin məsul katibi olan mərhum yazıçımız Əlfi Qasımov əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdi. Bu məsələyə görə hətta onu işdən uzaqlaşdırmış və bir müddət işsiz saxlamışdılar.
Lakin sovet dövründə rus kommunistlərinin sevimlisi olan S.Mkirovun adı verilmiş bu qədim şəhərin əvvəlki adını özünə qaytarmaq o qədər də asan deyildi. Bu çətinliklərə baxmayaraq, ciddi adımlardan biri 70-ci illərdə atıldı. Həmin dövrdə respublikaya rəhbərlik edən görkəmli ictimai-siyasi xadim, mərhum prezident H.Əliyevin razılığı və tapşırığı ilə Kirovabad şəhrində iki yeni rayon yaradıldı və onlardan birinə Gəncə adı verildi. Həmçinin orada salınan təzə yaşayış massivi də ,,Yeni Gəncə” adlandırıldı. Beləliklə, Gəncə sözü yenidən rəsmi sənədlərdə işlənməyə başlandı. Bu, şübhəsiz ki, milli şüura, düşüncəyə təsir edən hadisə oldu.
Kirovabad şəhərinin Gəncə ilə əvəzlənməsi yolunda həlledici addımlar isə XX yüzilliyin 80-ci illərinin II yarısında atıldı.
1987-ci il fevralın 13-də Bakıda keçirilən Azərbaycan jurnalistlərinin VII qurultayında çıxış edən ,,Kirovabadskiy raboçiy” şəhər qazetinin redaktor müavini Nüşabə Məmmədli hərtərfli əsaslandırmaqla Gəncə adının bərpa olunmasını təklif etmişdi. Rəyasət heyətində əyləşmiş Azərbaycan KP MK-nin birinci katibi K.Bağırov əlini Nüşabə Məmmədliyə tərəf uzadaraq qəzəblə demişdi: ,,Nədi, milətçilik toxumu səpirsiniz? Alma-Ata hadisələri bəyəm sizə dərs olmadı?.. Baxın, aramızda xalq düşməni oturub və belələrinə qarşı amansız olmalıyıq”. Maraqlıdır ki, bir çoxları birinci şəxsin daha çox rəğbətini qazanmaq üçün belə hallarda yaltaqlığın ən inanılmaz formasında istifadə etdikləri halda, əvvəlcə heç kim onu dəstəkləmədi. Salondan səs çıxmadı. Belə olduqada K.Bağırov ,,Siz məni müdafiə etmirsiniz? Eybi yox, əsl kommunistlər məni düz başa düşərlər” – deyə əsəbi formada dillənmişdi. Yalnız bundan sonra ,əsl kommunistlər” ürəklənib həmişəki kimi əl çalmış və xitabət kürsüsünə çıxıb birinci katibin mövqeyini müdafiə etmişdilər.
Beləliklə Gəncə adının bərpası uğrunda mübarizədə yeni, həlledici mərhələ başlamış oldu. Qurultaydan sonra N.Məmmədli ciddi təqib və təzyiqlərlə üzləşdi. ,,Yuxarılar” onun işdən çıxarılmasını tələb edirdilər. Lakin ,,Kirovabadskiy raboçiy” qazetinin baş redaktoru Rauf Rəcəbli əsl cəsarət göstərərək , bundan boyun qaçıraraq, Nuşabə xanımı müdafiə etdi. O dövürdə Azərbaycan jurnaslitlər ittifaqının sədri mərhum Hacı Hacıyev də N.Məmmədlinin mövqeyini müdafiə etmişdi. Nə qədər qəribə olsa da, N.Məmmədlinin bu cəsarətli təklifinə Moskvadan da böyük dəstək gəldi. 1987-ci il martın 7-də Moskvada nəşr olunan ,,Sovetskaya kultura” qəzetində şöbə müdiri işləyən Fərhad Ağamalıyevin ,,Qrajdanstvennost” (,,Vətəndaşçlıq”) məqaləsi dərc olundu. O, bir çox məsələ ilə yanaşı, Gəncə adının bərpa olunması məsləsini də qaldırmış, bunu ciddi şəkildə əsaslandırmışdı. Cəmi üç gün sonra, – qəzetin növbəti nömrəsində, məhz həmin səhifədə ,,Biz kirovabadlıyıq” adlı utanc verici bir yazı dərc olunmuşdu. Yuxarıların tapşırığı ilə xüsusi təşkil olunaraq, necə deyərlər, ildırım sürətilə Moskvaya ötürülən bu rüsvayçı yazının altında əməkdar müəllim X.Hüseynovanın, şəhərin baş memarı F.İmamquliyevin, Alimünim Zavodunun aparatçılar briqadiri, SSRİ Ali Sovetinin deputatı A.Mayılovun, 10 saylı məktəbin direktoru A.Xaçaturovun və başqa şəxslərin imzaları qoyulmuş və ünvan olaraq ,,Kirovabad” yazılmışdı. Bir qədər sonra bu vətənpərvər jurnalist nəinki şöbə müdirliyindən, hətta işdən çıxarılmışdı. Belə təqib və təzyiqlərə baxmayaraq toxum səpilmişdi. Onun cücərməsini çox gözləmək lazım gəlmədi. Yeri gəlmişkən, ,,dövr belə idi, mənim də arvad-uşağım vardı” deyib hər fəsildə ,,qabığını” dəyişib özünə haqq qazandıran adamların nəzərinə çatdırıram ki, Kirovabad şəhər partiya komitəsində ciddi təzyiq, işdən çıxarılmaqla hədələnmələrinə baxmayaraq, bir çox adamlar ,,Biz kirovabadlıyıq” yazısına qol çəkmədilər. Belə kişilərdən biri də gəncəli ağsaqqal, ehtiayda olan mayor, qvardiya minomyot briqadasının keçmiş batareya komandiri, müharibə veteranı Muqbil Nəzərov olmuşdu. Qeyd edim ki, o, Gəncə ağsaqqaları ilə birlikdə şəhərin adının bərpası üçün dəfələrlə Ali Sovetə Azərbaycan KP MK-da olmuş, bu işdə hər əziyyətə qatlaşmışdı.

Dəyərli jurnalist Ə.İsayev yazır: ,,Mərkəzi qəzetlərin birində – gərək ki, ,,İzvestiya” da idi-müharibə və əmək veteranı Ağa Ağayevin Gəncə adının bərpası barədə bir yazısı çıxmışdı. İstədim zəng çalıb təbrik edim. Bir də gördüm ki, Ağa müəllim hiddətindən əl-ayağı əsə-əsə gəlib çıxdı. Yer göstərdim , oturdu. Halı pərişandı.
– Ağa müəllim nə olub belə?
– Yenə qorkoma çağırmışdılar – dedi – Bir saat dərs keçdilər mənə. ,,Qələmi yerə qoy. Baş tutan sevda deyil, havayı yerə özünü yorma” – dedilər.
– Bəs sən nə dedin?
– Nə deyəcəm ki. Yəni onların sözüylə başlamışdım ki, onların sözüylə də qurtarım? Əhməd, onlara dedim ki, bizi istəyən adamsan, sən də bil, mən ölsəm qəbrim də ,,Gəncə, Gəncə” deyəcək”.
A.Ağayevin Gəncə adının bərpası uğrunda mübarizəyə başlaması səbəbi də maraqldır. Məlum olur ki, 1947-ci ilin dekabrında Moskvada P.Çaykovski adına konsert salonunda N.Gəncəvinin 800 illik yubileyi keçirilərkən məşhur şərqşunas Bertels çıxış edərək demişdir: ,,Mən Gəncəni və Gəncəliləri ona görə sevirəm ki, 800 il bundan əvvəl knyaz Yuri Dolqoruki Moskvanın təməlini yenicə qoyarkən Gəncə nəinki tarixi bir şəhər kimi mövcud idi, hətta cahana şərqin poeziya günəşi Nizami Gəncəvini və göllər gözəli Göygölü vermişdi. O bildirir ki, akademiki dinlədikcə öz-özümə düşündüm: ,,Bəs hardadır o qədim Gəncə?” Və o gündən Gəncə adının bərpası uğrunda mübarizəyə başladım”.
1988-ci ilin sonu 1999-cu ilin əvvələrində Gəncə adının bərpası uğrunda çağrışlar artmağa başladı. Belə ki, 1989-cu ilin sentyabr-oktyabr aylarında şəhərin adının dəyişdirilməsi məqsədi ilə şəhər əhalisi içərisindən imza toplanma kampaniyası başladı. Millətsevər insanların istiqamətləndirdiyi bu kampaniya nəticəsində 60 minə yaxın imza toplanmışdı. Maraqlıdır ki, bu kampaniyada azərbaycanlılardan əlavə şəhərdə yaşayan ruslar, ukraynalılar və yəhudilər də iştirak etmiş, onlar da ədalətin bərpasına tərəfdar olduqlarını bildirmişdilər
Respublika rəhbərliyinin isə bu məsələnin həllinə münasibəti tamamilə fərqli olmuşdu. Dəyərli ziyalımız, o dövrdə, elə indi də Gəncədə yaşayan dosent Əlvan Əliyev xahişimlə mənə yazıb göndərdiyi xatirələrində bildirir: ,,…Günlərin birində mənə çatdırdılar ki, şəhər prokuroru səni axtarır. Tərəddüd etmədən getdim. Əmin idim ki, Gəncədə ad çıxarmış Eyyub Fətəliyevdən ziyan gəlməz. O, görkəmli Azərbaycan riyzaiyyatçısı Əşrəf Hüseynovun bacısı oğlu idi və xalq hərəkatı fəallarına qarşı ciddi təqiblərin olmamasının əsas qarantı idi. Şəhər prokurorunun kabinetində yarım saatlıq söhbət zamanı o, mənə aşağıdakıları söylədi: ,,Əlvan müəllim, Əbdürrəhman Vəzirov şəhərdə baş verənlərdən çox narahatdır. Görünür, ali məktəb müəllimi olduğundan sənin adını tez-tez çəkir, deyir ki, Gəncə adının bərpası zəruridir. Lakin bunu indi etmək olmaz. Gəncəlilərə deyin ki, mən şəhərin tarixi adını 1991-ci ilin ortalarında bərpa edəcəm. Bunun ardınca o mənə dedi ki,əgər şübhən varsa, bu dəqiqə kabinetimdəki dövlət telefonu ilə əlaqə yaradım, özünüz onunla danınış. Mən bundan imtina etdim və söylədim ki, yolumuzdan dönəsi deyilik, gözləməyə də vaxtımız yoxdur. Məni yola salarkən o ucadan dedi: ,,Mən xəbərdarlıq etdim. Sonrakı məsuliyyət sizin boynunuzadır”. Amma üzünün ifadəsindən başa düşdüm ki, ,,gedin işinizlə olun” deyir. Amma heyif, ondan soruşmadım ki, Ə.Vəzirov 1991-ci ilin ortaları ilə nə demək istəyirmiş”.
1989-cu ilin dekabrn 9-da Kirovabad şəhər Xalq Deputatları Sovetinin sessiyası açıldı. Sessiyada deputatlardan çox ziyalılar, qonaqlar iştirak edirdi. Hamının maraqla iştirak etdiyi bu iclasda şəhərin adının bərpası məsələsi müzakirə olunmuş və qərara alınmışdı ki, bununla bağlı yuxarı instansiyalara məktub yazılsın, bu iş üçün lazım olan vəsait toplansın.
Elə həmin vaxtlarda Ə.İsayevin yazdığı ,,Hardasan qədim Gəncə” məqaləsi diqqəti cəlb edir. Bu dövürdə respublikada Mədəniyyət Fondu ,,Gəncə” adının bərpasına vəsait toplamaq üçün bankda xüsusi hesab açmışdı. Vətənpərvər insan, respublikanın əməkdar jurnalisti Ə.İsayev də Gəncənin XIII əsr tarixi barədə yazdığı ,,Üsyan” romanından aldığı qonorarın bir hissəsini bu fonda keçirmişdi.
1989-cu ilin 29 noyabrnda növbəti dəfə Kirovabad Şəhər Xalq Deputatları Sovetinin sessiyasında sözügedən məsələ müzakirə olunmuşdu. Şəhər XDS İcraiyyə Komitəsi adından Nizami Xəlilov, AXC Gəncə şöbəsi adından Əlvan Əliyev (Kəbirli) məruzə etmişdilər. Digər çıxışlardan da sonra Gəncə adının bərpası təklifi qəbul edlmiş və ertəsi gün qərar verilmişdi. Həmin ilin 30 dekabrında Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti bu qərarı təsdiq etdi. Qərarda deyilirdi: ,,Kirovabad şəhərinin Gəncə şəhəri adlandırılması haqqında Azərbaycan Soveti Ali Soveti Rəyasət Heyətinin Fərmanı:
Gəncənin tarixi adını bərpa etmək haqqında şəhər vətəndaşlarının, əmək kollektivlərinin və respublikanın geniş ictimaiyyətinin çoxsaylı müraciətini, Kirovabad Şəhər Xalq Deputatları Sovetinin xahişini nəzərə alaraq və Azərbaycan SSR konstitusiyasının 114-cü maddəsinə (18-ci bənd) uyğun olaraq Azərbaycan Sovetinin Ali Sovetinin Rəyasət Heyəti qərara alır:
– Kirovabad şəhəri Gəncə şəhəri adlandırılsın”
1990-ci il yanvarın 2-də bu münasibətlə Gəncədə təntənəli iclas keçirilmiş və xalq bunu böyük ruh yüksəkliyi ilə qarşılamışdı.
Beləliklə, vətənsevər insanların illərlə uğrunda mübarizə apardığı, bu yolda təqiblərə, təzyiqlərə məruz qaldığı bir iş sonda uğurla nəticələndi.

LEAVE A REPLY