Zamiq Qafar Adnalı
BİR BAYBURTLU DESTANI
Mən bir Azəbaycanlı, Mən bir Qızılbaş, Mən bir Oğuz, Mən bir Türk, Mən bir Bayburtlu
“Qızılbaşlar tarixi” kitabında Səfəviləri təşkil edən aşirətlər sırasında Bayburtlu tayfasının da adı çəkilir. Bir müddət Bayburtlu tayfasının hansı Oğuz boyuna aid olduğunu araşdırdım Lakin heç nə tapa bilmədim. Bayburtlu tayfasının əslən indiki Türkiyə ərazisində, Qaradəniz bölgəsində yerləşən bir şəhərdən – Bayburtdan çıxdığını bilənə qədər. Türkiyənin Anadolu hissəsində yerləşən bu şəhərin tarixi e.ə III minillikdən başlayır. Qaynaqlara görə bu şəhərin əsasını Azzilər qoymuşlar. Firidun Cəlilov “Azər xalqı” kitabında “az” etnonimindən və onun müxtəlif formalarından söz açır. Kitabın 13-cü səhfəsində o, Orta Asiyada As, Assa; Ural və Volqa-Kama bölgələrində Assı, Ası; Krımda Ass, Temes-Ass, Assı-Çorakçı kimi toponimlərin adını çəkir. O, həmçinin “az” etnonimini həmdə “as” formasında göstərir. Urmiya nəzəriyyəsindən başlamış bu günki Pazırıq, Ukok və s. bu kimi paleoantropoloji və arxeoloji tapıntılar Az ərənlərinin prototürk olduğunu sübut edir. Bütün bunları qeyd etməyimin “azzi”lərlə əlaqəsi ondan ibarətdir ki:
-Azzi ifadəsi özündə iki hissəni “Az” və “zi” hissələrini birləşdirir.
– Assı toponiminə daha çox Urmiyadan şimalda və şimal -qərbdə ( yuxarıda qeyd etmişdim ) rast gəlmək mümkündür. Maraqlısı burasındadır ki, “Azzilər”də Urmiyadan Şimal-qərbdə məskunlaşmışlar.
– Azzi ifadəsinin ikinci hissəsi olan “zi” Assı toponimindəki “sı” hissəsi ilə eynidir. ( AzAs , zisı )
– biri etnonim digəri toponim olsada, məlumdurki tayfanı ya yerşəldiyi yerə görə adlandırırlar, yada həmin yerə tayfanın adına uyğun ad verirlər. Deməli “Assı” və bu kimi digər toponimlərin əsasında elə “Az” etnonimi dayanır. Həmçinin “azzi”lərində kökündə “Az” ərənləri dayanır.
– Türkiyəli tarixçilərdə Bayburtun 5 minillik bir türk yurdu olduğunu qeyd edirlər. Bu da “azzi”lərin prototürk olduğunu və “Az” boyundan qoparaq şimal-qərbə hərərəkət etdiyini, Qaradəniz bölgəsində məskunlaşdğını sübut edir.
Bu şəhər erməni qaynaqlarında Payperd; bizans qaynaqlarında Payper, Baberd, Paypert; Marco Polonun “Səyahətnaməsi”ndə bu yer Paipurth, Baiburth; ərəb qaynaqlarında Babirt: Ağqoyunlu mənbələrində isə Papırt adlanır Sözün mənası “yüksək qala, yüksək yer”dir. Osmanlı qaynaqlarında bir mənalı olaraq Bayburd kimi göstərilir.
Bayburtda azzilər yaşasada hakimiyyətdə daim dəyişiklik olmuşdur. E.ə 770-665-ci illərdə iskitlər (saqalar) buraya yürüş etmişdir. E.ə I minilliyin sonlarına qədər bu şəhər iskit tabeliyində qalmışdır. Daha sonra şəhər medlərin və farsların hakimiyyəti altına düşmüşdür. E.ə II yüzillikdən etibarən Pontus krallığına bağlı olan Bayburt e.ə 40-cı illərdə Roma hakimiyyətini qəbul etmişdir. Bayburt Roma hakimiyyəti dönəmində Haltia adlanan əyalətin tərkibinə daxil edilir.
Ərəb yürüşləri dövründə Bayburtun işğalı 705-ci ilə təsadüf edir. 715-ci ildə Bayburt yenidən Bizanslılar tərəfindən tutulur.Uzun müddət türk-bizans döyüşlərinə səhnə olan Bayburt şəhərinə türklərin növbəti axını Səlcuqlu Toğrul bəyin 1054-cü ildəki səfərinə təsadüf edir. 1071-ci il Malazgird döyüşündən sonra Bayburt və ətraf ərazilər üstündə Saltuklu və Danışmendilər mübarizəyə başlayır. Bir müddət Saltukluların daha sonra isə Danışmendilərin hakimiyyətinə altına düşən Bayburt şəhərini yenidən 1202-ci ildə Saltuklulardan Anadolu Səlcuqluları geri ala bilir. Bayburtun inkişafı Səlcuqlular dönəminə təsadüf edir. Bayburtda Yustinian tərəfindən tikilmiş qalanı səlcuqlular Trabzon imperiyasından gələ biləcək təhlükənin qarşını almaq üçün bərpa edirlər. I Ələddin Keyqubadın dövründə Monqollara qarşı yeni qalalar inşa edilir. 1243-cü ildə Kösedağ savaşında monqolların əlinə keçən Bayburt anlaşmaya görə Səlcuqlu idarəsində qaldı.
Elxanilərin hakimiyyəti dövründə Təbriz-Trabzon yolu üstündə yerləşən Bayburt günü-gündən inkişaf etməkdə idi. Monqolustana gedərkən buradan keçən Marko Polo şəhərdə gümüş mədənlərinin olduğunu bildirir. Məhz bu dövrdə Darülcəlal adı ilə tanınan Bayburt şəhərində Mahmudiyyə və Yakutiyyə mədrəsələri qurulmuşdu. Son Elxani Hökümdarı Əbu Səidin ölümündən sonra Eretanoğullarının əlinə keçən Bayburt, daha sonra Ərzincan əmirlərinin hücumlarına məruz qalmışdır. Bir müddət sonra Azərbaycan Bayandurlu süaləsinin hökmdarı ( Ağqoyunlu dövləti ) Qazi Bürhanəddin tərəfindən işğal edildi. Ağqoyunlu dövlətinin əsasını təşkil edən tayfalardan birinə çevrilən bayburtlular Baharlı sülaləsinin hakimiyyəti altında olmuşlar. Nəinki tayfa şəklində hətta ərazi olaraq Bayburt şəhəri Qaraqoyunlular ( Baharlı sülaləsi ) tərəfindən ələ keçirilmişdi. Uzun müddət Qaraqoyunlul dövlətinin tərkibində qalan Bayburt şəhəri Ağqoynlular tərəfindən tutulur. 1501-ci ilə qədər Ağqoyunluların tərkibində qalan Bayburt Azərbaycan Səfəvilər dövləti tərəfindən zəbt olunur. 1507-ci ildə Trabzon sancaq bəyi şahzadə Səlim Bayburt üzərinə yürüş təşkil edir. Daha sonra Osmanlılar Bayburtu ələ keçirməyə cəhd edirlər. 500 illiyi tamam olan Çaldıran döyüşü ərəfəsində Osmanlı tərəfində qalan sünni bayburtlularla, Səfəvilər tərəfindən çıxış edən və uc torpaqlarının sahibi olan şiə bayburtlular üz-üzə gəldilər. Çaldıran döyüşü türk dünyasının faciəsidir. Lakin türk dünyasından öncə mənim soy kökümün faciəsidir. Çünki heç bir zaman bir-birindən küsməyən, aralarında inciklik olmayan bayburtlu ailələr, qohumlar Çaldıran düzündə bir-birinə qılınc çəkdilər, qan tökdülər.
Yaşlı nəslin nümayəndələrindən aldığım informasiyaya görə Çaldıran düzündəki döyüşdən sonra ayrı düşən Bayburtluların bir qismi İrəvana, İrəvandan isə bir neçə ailə Təbrizə köç etmişdir. Osmanlı idarəsində qalan Bayburt şəhəri Şah Təhmasibin yürüşlərinə məruz qalır. Lakin geri alınmır. Həmin dövrdən sonra Osmanlının tərkibində inkişaf edən Bayburt şəhəri kürdlərə də yurd-yuva olur. Buradakı kürdlər Osmanlı dövlətindəki kürdlərin bir neçə fazini təşkil edirdi. Eyni zamanda bu ərazidə lazlarda məskunlaşırlar.
Azərbaycan Səfəvilər dövlətinin tərkibində qalan bayburtlular İrəvanda xüsusən kompakt şəkildə Uluxanlıda yerləşirlər. XVIII əsrdə bayburtlular Nadir şahın qoşununda bir neçə döyüşdə iştirak etməklə tarix səhnəsində yer ala bilirlər. Bir müddət İrəvan xanlığında önəmli vəzifələr tutusalarda xanlığın dağılmasından sonra Bayburtlu tarixində təxminən 2 əsrlik bir durğunluq dövrü başlayır. Bu dövrdə Qərbi Azərbaycanda yaşayan digər azərbaycanlılar kimi bayburtlulara da rahatlıq verilmir. Xüsusilə İrəvana ermənilərin köçürülməsi onların vəziyyətini daha da ağırlaşdırır. Fiziki cəhətddən məhv olunmaq üzrə olan bayburtlulardan 3 ailə XIX əsrin sonlarına yaxın Moskvaya üz tuturlar. Lakin bir daha həmin ailələrdən xəbər alınmır. XX əsrin əvvəllərində Bayburtlular təxminən 10 ailədən ( müsahibin dediyinə görə hər ailədə təxminən 6-7 nəfər varmış ) ibarət kiçik tayfa şəklində qalmışdılar.
XX əsrin sonlarına yaxın bu statistikada bir dəyişiklik olmur, hətta bəzi informasiyalara görə ailələrin sayı 15 -ə çatır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ərəfəsində bu nəsildən 2 gənc oğlan hökümətlə birgə işləmək üçün Tiflisə yollanır. Həmin ilin sentyabr ayında Azərbaycan ziyalıları ilə birlikdə Bakıya gələn gənclər dekabr ayında ermənilər tərəfindən öldürülür.
23 ay ərzində özünü yenidən toplayan bayburtlular 1920-ci ildə yenidən fiziki işgəncələrə məruz qalırlar. Bu haqda müsahibimin – Toğrul Məhəmməd oğlunun danışdığı rəvayəti nəzərinizə çatdırım:
– “Atamın danışdıqlarına görə hələ AXC-dən öncə nəslin oğlanları kiçik qruplar şəklində ermənilərlə cəngə çıxardılar. O zaman Uluxanlıda Daxmalıq deyilən bir yer vardı. Nə quş uçmaz, nədə çaqqal ulamazdı. Bizimkilər Xətai demişkən “karvan basan quldur deyilik” deyib əliyalın döyüşə gedərdilər. Erməni çaqqalıda daş, dəyənək götürüb gələrdi. Döyüş ərəfəsində məğlub olduğunu görən ermənilər kəndə doğru qaçardılar. Bu zaman da geriyə dönən Bayburtlar çiyinlərində kimisə ölü vəziyyətdə gətirərdilər.”Ermənilərlə mübarizə bayburtlular üçün ənənəyə çevrilmişdi. Hətta Azərbaycanlıların deportasiya olunduğu dövrdə də bu tip qarşılarşmalar olmuşdur. Müsahibim davam edir:
– “1946-cı il idi, 20 yaşında olardım o vaxt. Bir neçə dəfə ermənilər bizim evə silahlı basqın eləmişdilər. Basqında atamı, anamı öldürmüşdülər, bizədə evdən çıxmaq üçün bir neçə gün vaxt vermişdilər. Atamın, anamın ölümü məni erməniləri məhv etməyə and içdirdi. Bir neçə dostumla birlikdə ermənilərdən birini tutub ona lazım olan yerdə görüşməyi təklif elədim. Bu ölümə gözü yumulu getmək idi. Həmin vaxt deyilən yerdə idik, təxminən 6-7 nəfərə qarşı 10-15 nəfər erməni gənci gəlmişdi. Bir də heç vaxt unutmuyacağım psixi xəstə ( dəli ) olan erməni. Cəngin ortasında kimsə məni arxadan ağac kötüyü ilə vurdu, yığıldım, duranda gördüm ki həmin psixi xəstə. Özünü normal idarə edə bilmirdi ama məni kötüklə vura bildi. Üstünə cumdum. Əsəbimdən əlimi boğazından çəkib vura bilmirdim. Boğmaq istiyirdim. Ruslar gəldi hərə bir tərəfə qaçdı. Həmin erməni isə qışqıra-qışqıra qaçırdı. İki gün sonra bir rus zabitindən eşitdim ki həmin erməni “üstümə canavar cumur, kömək eliyin” , “məni yeyəcək” deyə-deyə ürəyi partlayıb ölmüşdü” Müsahibimə verdiyim suallar və aldığım cavablar:
-Bir bayburtlu üçün ən böyük düşmən kimdir?
-Sən soruş kimlərdir, mən deyim. Cavabı Şeytan və ermənilərdi.
-Bir bayburlu üçün tarix hansı dövrdən başlayır?
-İbrahim Peyğəmbərin dövründən. Çünki bir bayburtlu Allahı tanıdığı gün var olmuşdur. Dinsizlik, Allahsızlıq bizə görə deyildir.
– Bir bayburtlu üçün tarixin ən böyük səhvi?
-Çaldıran döyüşü ( susur ).
-Bəs ən böyük günah ?
-Bir Bayburtlu üçün ən böyük səhv Çaldıran döyüşüdür. Ən böyük günah elə o səhvin nəticəsidir – o döyüşdə qan qardaşına əl qaldırdığı üçün qazandığı günahdır.
-Bayburtlu üçün din önəmldir, yoxsa millət ?
-Sən bu sualı mənim atama versəydin böyük ehtimal o sənə yaxşı bir sillə vurardı. Bir bayburtlu üçün din də, millət də önəmlidir. O, bunlarda birini üstün tutsa bu onun məhvidir. Çaldıranda biz dini üstün tutduq, daha doğrusu dini yox məzhəbi. O bizim sonumuz ola bilərdi. Oldumu görəsən yoxsa yox ?! mən, sən və bir neçə bayburtlu qalıb deyə sevinməliyik ?! Sünnilik, şiəlik bizə görə deyildir. Müsəlmanlıq gözəldir. Onu parçalamaq isə bir bayburtlunun heç zaman xeyrinə olmaz. Əgər tarixi qurdalasan aramızda islamın hər məzhəbindən, hələ üstəlik xristan, musəvi olanı da taparsan. Din Allaha və onun peyğəmbərlərinə bağlıdır. Onun adlarına və ya ibadət formasına yox.
– Bir bayburtlunun məqsədi nə olmalıdır?
– Tarixin səhvlərindən nəticə çıxararaq, onu ələkdən keçirərək Tarixi təkrarlamaq!
– Son olaraq, bir bayburtlunun xarici görünüşü və xasiyyəti necədir, onu necə tanımaq olar?
– Uzaqdan iti baxışlı monqol sərkərdəsinə bənzəyən bayburtlu yaxından dağ vüqarlı oğuzdur. Boyları çox zaman orta olar, arıq və sür-sümüklü görünmək bizə xasdır. Sifətlərindəki mimika başqalarında əsəb, nifrət hissi yaradır, sanki bu dəqiqə kiminləsə cəngə çıxacaq. Əslində elədir çox əsəbidirlər. Düşmənə dözümləri yoxdur. Onu dinləmək, asta cavab vermək onlara görə deyil. Danışan dilləri olsada vuran əlləri daim hazır vəziyyətdə olar. Ən əsas bayburtluların üz quruluşları tarixdəki bütün türk sərkərdələrinə, hökmdarlarına bənzəyər. Ən güvənilir insandırlar, hər əmanəti gözləri kimi qoruyarlar. Vətənə xəyanət, bayrağı yerə atmaq, öz millətini alçatmaq onlara görə deyildir. Bu dünyaya gəldiyi andan etibarən oturub, “mən millətim, dinim üçün nə edə bilərəm? sualına cavab tapmağa çalışar bir bayburtlu. Qorxduqları iki şey vardır : göydəki Allah və öz millətinin məhvini görmək.
Verdiyi gözəl məsləhətlər və məlumatlar üçün müsahibim Toğrul Məhəmməd oğluna dərin təşəkkürlərimi bildirirəm. Xatırladım ki, soy adını unudan Toğrul kişi ( Qara Məhəmməd kimi də tanınır ) 4 ay öncə vəfat etmişdir. Allah yerini uçmaq etsin.
Mənbə:
Marco Polo, Travels of Marco Polo. London 1929
Övliya Çelebi, Seyahatnâme, II, 344
Besim Darkot – Osman Turan, “Bayburt”
V. J. Parry, “Bāybūrd”, EI² (İng.), I, 1128
Osman Turan, Selçuklular Zamanında Türkiye Tarihi, İstanbul 1971, s. 374
Şehabeddin Tekindağ, “Yeni Kaynak ve Vesikaların Işığı Altında Yavuz Sultan Selim’in İran Seferi”,
Abdürrahim Şerif Beygu, Erzurum Tarihi, İstanbul.1936
İsmet Miroğlu. “Bayburt-un Tarixi”
Toğrul Məhəmməd oğlu və başqa bayburtlularla müsahibə. 2013. 2014.
P.S.Mən Bakıda sağsalamat, babalarım İmişlidə, onların babaları İrəvanda, ulu babalarım isə Bayburtda uyuyur. Tarix yazmaq zamanı gəlmişdir artıq, keçmək üzrədir. Ona görədə öz tariximi özüm yazacam!!!