Əli Kərimli Arif Hacılıya yerini göstərdi.

0
3

Əli Kərimli Arif Hacılıya yerini göstərdi.

“Milli Şura”nın oktyabrın 12-də keçirdiyi mitinq bir çox qaranlıq məqamlara aydınlıq gətirə bildi. Həmin mitinqə toplaşanların əksəriyyəti məhbusların yaxınları olduğundan “milli şura”nın, əslində isə həmin adla cəmiyyəti növbəti dəfə aldatmağa çalışan AXCP-nin gücsüzlüyünü ortaya qoydu. Belə ki, AXCP yetkililəri mitinqə 7 min insanın toplaşdığını iddia etsələr də, Məhsul stadionuna gələnlərin cəmi min nəfər olduğunu saymaq çətin olmadı.
Mitinqə Müsavatın sabiq və hazırkı başqanlarının təşrifi təşkilatçılar üçün gözlənilməz oldu. “Milli Şura”nın səlahiyyətsiz sədri Cəmil Həsənli İsa Qəmbər və Arif Hacılını tribunaya dəvət etmək istəsə də, AXCP sədri Ə.Kərimli “Arifə elə bu gündən yerini göstərməliydik. Yaxşı ki, özü buna şərait yaratdı”, deyib onların tribunaya dəvət olunmasına birmənalı etiraz etdi. Bu, çoxları kimi mənim də diqqətimdən yayınmadı.
Növbəti dəfə bir qrup tərəfdarını yuxarıdan aşağı seyr etmək şansı qazanmış Ə.Kərimli mitinq iştirakçılarının sayının azlığından pərt görünsə də, özünü sındırmamağa çalışırdı. Yəqin ki, AXCP sədri növbəti fiaskonun ona baha başa gələcəyini anlamamış deyildi. Mitinq keçirməklə Qərbdəki himayədarlarından maliyyə vəsaiti qoparmaq məqədi güdən Ə.Kərimlinin gücsüzlüyünü müşahidə edənlər çətin ki, ona bir daha yardım əli uzatsınlar. Beləsi kimə lazımdır ki?
Müsavatın yeni başqanı Ə.Kərimliyə aşağıdan yuxarı baxmaq məcburiyyətində qalsa da, AXCP sədrinə atamacalarından qalmırdı. O, AXCP sədrinin saç düzümündən, pafoslu nitqindən söhbət açıb ətrafdakıları güldürürdü. İ.Qəmbər isə A.Hacılının atmacalarını gülüşlə qarşılayıb, cəmi bir cümlə ilə AXCP sədrinə münasibətini açıqladı: “Allah köməyi olsun, açıq-aşkar danışığından, sir-sifətindən görünür ki, Əli ciddi xəstələnib, psixiatra ehtiyacı var.”
Mitinq mənim üçün həmin qarşılıqlı münasibətlərlə yadda qalan oldu. Uğursuzluqdan “şok” keçirmiş natiqlərin çıxışları hədsiz sönük və mənasız idi. Mitinqə aparıcılıq edən AXCP sədrinin müavini Əbülfəz Qurbanlının şit hərəkətləri onsuz da həvəzsiz görünən məhbus qohum-əqrəbalarında ikrah hissi doğururdu. Onların məyusluğu diqqətimi çəkdiyindən, bir neçə məhbus qohumuyla dərdləşməyi qərara aldım. Açıq söyləyim, məhbus qohumları adlandırdıqlarım etiraf edib: “Bura toplaşmağımızdansa ölkə rəhbərliyinə müraciət ünvanlasaydıq, daha effektli olardı, Ə.Kərimli dərman bilsə öz başına sürtər”, deyib, bir daha “milli şura”nın çağırışına qoşulmayacaqlarını söylədilər.

Etiraf edim ki, “milli şura”nın bu qədər uğursuzluğa məruz qalacağını gözləmirdim. Ancaq nə etmək olar, atalar “elin gözü tərəzidir” deyib. Hər kəs qiymət verməyi bacarır. “Milli şura”nın da xalqdan aldığı qiymət göz qarşısındaydı. Əgər onlar bir daha mitinq keçirmək çağırışı edəcəklərsə, onda İ.Qəmbərin Ə.Kərimlinin xəstəliyi barədə söylədiyinə qətiyyən şübhəm qalmayacaq. “Milli şura”nın mitinqə hazırlaşdığı ərəfədə “Millətim”in baş məsləhətçisi Ramiz Tağıyevə müraciət edib, onun münasibətini öyrənmək istədikdə o bunları söyləmişdi: “indi mitinq zamanı deyil. İŞİD qardaş Türkiyə Cümhuriyyətinin sərhədinə dirənib, təxribatlar baş alıb gedir, bu bədbəxtlər də mitinq keçirmək istəyir. Əli Kərimli Azərbaycanda çaxnaşma yaratmaq üçün İŞİD-lə də müttəfiqlik edər. İŞİD-i də, elə Ə.Kərimlini də bir sıra Qərb dövlətləri ortaya atıb. Diqqət yetirin, Ermənistanda etiraz mitinqləri başlayan kimi bizim ənənivi xəyanətkar müxalifətimiz də ortalığı qarışdırmağa çalışır. Bunu təsadüf adlandırmaq mümkün deyil. Ermənistan müxalifəti də, bizim ənənəvilər də eyni mərkəzdən idarə olunurlar. Elə bu səbəbdən də millətimiz Cəmil Həsənli, Ə.Kərimli kimi satqınlara dəstək verməz.”
R.Tağıyevin əksər zamanlarda olduğu kimi sonuncu proqnozu da özünü doğrultdu. “Milli Şura” tam fiaskoya uğradı. Millətimiz birmənalı olaraq onlara dəstək verməkdən imtina etdi.
“Milli Şura”nın keçirdiyi mitinq ancaq, AXCP sədri Ə.Kərimli ilə Müsavatın keçmiş başqanı İ.Qəmbər və yeni başqan A.Hacılının qarşılıqlı atmacalarıyla yadda qaldı. Çünki siyasi ekspertlər həmin mitinqdən söhbət açan zaman yalnız İ.Qəmbər və A.Hacılının tribunaya dəvət edilməməsini önə çəkib, bunu AXCP ilə Müsavat partiyası arasında mövcud olan intriqanın nəticəsi kimi dəyərləndiriblər.
Müsavat Partiyası başqanının sabiq müavini, politoloq Qabil Hüseynli qeyd edib ki, Müsavat Partiyası Milli Şuradan onu pis vəziyyətdə qoyaraq çıxdı. “İndi isə mitinq məsələsi müzakirə edilərkən Müsavat Partiyası nə müzakirələrdə iştirak etdi, nə də öz nümayəndəsini göndərdi. Mitinqin bir qaydası var. Mitinqdə iştirak etmək istəyən partiya müzakirələrdə iştirak edir. Müsavat Partiyası yalnız bir gün qalmış mitinqdə öz üzvlərinin iştirakına icazə verdi və müzakirələrdə iştirak etmədi”.
Politoloq hesab edir ki, “Milli Şura” İsa Qəmbər və Arif Hacılını mitinq zamanı tribunaya çağırmamaqda düzgün etdi: “çünki onlar tərəfdarlarını, partiya üzvlərini mitinqə gətirə bilməmişdilər. Yalnız İsa Qəmbər və Arif Hacılı hərəsi bir şəkil götürüb mitinqə gəlmişdilər, yəni mitinqin kütləviliyinə heç bir qatqıları yox idi. Bu səbəbdən də sıravi mitinqçi kimi kənarda qaldılar.”
Onun sözlərinə görə, bunu Ə.Kərimlinin İ.Qəmbər üzərində qələbəsi kimi də qiymətləndirmək olar. Çünki İsa Qəmbər yavaş-yavaş siyasi səhnədən silinir. Artıq İ.Qəmbər öz şəxsi işləri ilə, memuar yazmaqla məğul olur, arada bir partiyaya gəlir, tapşırıqlar verib gedir.”
Politoloqun İ.Qəmbər barədə söylədikləri həqiqətə uyğun gəlsə də, onun Əli Kərimlini qalib kimi dəyərləndirməsi gülüş doğurur. Ətrafına 5-10 insanı toplayıb, normal mitinq keçirə bilməyən Ə.Kərimlini qalib hesab etmək hansı məntiqə uyğun gəlir?
A.Hacılı Müsavata başqan seçildiyi gün söyləmişdik, bundan sonra ənənəvi müxalifət yalnız Ə.Kərimli ilə A.Hacılının çəkişmələriylə yadda qalacaq. Görünən odur ki, yanılmamışıq. Sadəcə olaraq ürək ağrıdan bir məqam var, o da belə çığalların yersiz çəkişmələrinə bəzi tərəfdarlarının cəlb edilməsidir.
Dünyanın qlobal problemlərlə üz-üzə dayandığı bir zamanda Əli Kərimli ilə Arif Hacılının tribuna çəkişmələri gülünc görünmürmü?

Turan Türk

LEAVE A REPLY