Bir anın faciəsi…

0
1

Lalə Ramizqızı

Bir anın faciəsi…
Xoşbəxtliyin, yoxsa kədərin başlandığı gün?

Ölkə bir anda kədərə bürünür. Gəlin gətirməyə yollanan avtomaşın karvanı yenə qəza törədib. Trafik “canavarı” növbəti dəfə doqquz insanın canını aldı. Kimi lənətləyək və yaxud kimdir günahkar? Doğurdanmı gəlini gətirmək üçün onlarla avtomaşını sıraya düzüb, bununla qürurlanmaq lazımdır? Nədən dünyada analoqu olmayan şit-şit adət-ənənələrə bizlər imza atırıq?
Hörmətli millət vəkili, həmkarımız Etibar Hüseynovun “facebook” səhifəsində yazdığı şərhə təəccübləndim. O, Göyçay rayonunda baş vermiş dəhşətli avtoqəzaya görə həmin rayonun Yol Polis Xidmətinin rəisinin işdən azad olunmasını təklif edib. Guya YPX-nin əməkdaşları gəlin gətirməyə gedən avtomaşın karvanını müşaiyət etməyə borcluymuş. Başa düşmək olar, Etibar müəllimin həmin qəza nəticəsində çox sayda həmvətənlisi faciəvi şəkildə həlak olub. Əlbəttə, baş vermiş qəza heç də bizim ürəyimizi millət vəkilinin ürəyindən az acıtmır. Ancaq nə etmək olar, faciə baş verib, nə qədər ağlasaq da, sızlasaq da. Təəssüf ki, hər il ölkəmizdə onlarla toy məclisinin bir anda yasa çevrildiyinə şahid etməli oluruq. Günahkar isə özümüzük və özümüzün ildən-ilə bayağılaşdırdığımız adət-ənənələrimizdi. Axı nəyə və kimə lazımdır uzun-uzadı avtomaşın karvanı? Onsuz da həm şəhərdə, həm də respublika əhəmiyyətli yollarda avtomaşın sıxlığı olur. Toy karvanları da bir tərəfdən…
Nəzərə alınsa ki, şəhərimizdə yüzlərlə şadlıq sarayları var və boş şadlıq sarayı tapmaq müşkülə çevrilib, onda toy karvanları barədə düşünməyə dəyər. Kimsə inciməsin, son illər nə toyda, nədə ki yas mərasimlərində ağsaqqal sözünə, məsləhətinə məhəl qoyulmur. Söz sahibi cavanlar olub. Onlar da ki, bir-birilə bəhsə girməkdə, lazımsız-lüzumsuz rəqabətdə maraqlı görünürlər. Bəlkə, toy karvanını bahalı avtomaşınlarla uzatmaqla müqəddəs torpaqlarımızı qaytarmaq istəyirlər, mən xəbərsizəm…
Və ya karvan uzandıqca mədəniyyətimiz, elmimiz zirvəyə yüksəlir? Gəlin, özümüzü aldatmayaq! Elmdən, yeni texnologiyadan, sürətli avtomaşınlardan yalnız geriləmək üçün istifadə edirik. Elmimiz rüşvətə, yeni texnologiyalar-internet, digər rabitə vasitələri söyüş və təhqirə, sürət isə avtoşluqdan savayı nəyəsə xidmət göstərə bilmir. Bəzən sosial şəbəkələrə qadağalar tətbiq edilməsi barədə təkliflər səslənir. Belə təkliflərə münasibətim müsbət deyil. Çünki həmin şəbəkələr bir güzgüdür. Baxdıqca, izlədikcə özümüzün kimliyini müəyyən edə bilirik. Orada hər kəs olduğu kimi görünür, əxlaqlı da, əxlaqsız da… Hətta bəzi zərif cins nümayəndələri elə qeyri-etik ifadələr işlədirlər ki, onların bizim millətin nümayəndəsi olduğuna şübhəylə yanaşıram.
Adını siyasətçi, islahatçı qoymuş qadınların rəqiblərini küçə söyüşlərinə “qonaq” etməsi elə özlərinin əxlaqından-tərbiyəsizliklərindən xəbər verir. Bircə kəlmə olsun milləti düşündürən problemlərdən söhbət açmaq istəməyənlər, ölkədə nə qədər xoşagəlməzliklər varsa, səbəbkar kimi iqtidar nümayəndələrini göstərirlər. Bəlkə, hərəmizə bir polis nəzarət etməlidir ki, gündəlik həyatımızı qayda-qanuna riayət etməklə keçirək?

Yas mərasimlərinin dəbdəbəli keçirilməməsi barədə müzakirələr ürəyimcə olsa da, bu barədə Milli Məclis səviyyəsində münasibət bildirməyin əleyhinəyəm. Bu I Pyotrun islahatlarına bənzəyirdi. Onda qalacaq, bizdə saqqal vergisi yığmaq.
Son günlər baş verən avtoqəzaların neçə can aldığına diqqət yetirsək, hər ailənin bu vacib məsələ ətrafında ciddi müzakirə aparmasına zəruri ehtiyac duyulur. Bəziləri ölkəmizdə kasıblığın baş alıb getdiyi barədə car çəksələr də, demək olar ki, çox az sayda ailə hələlik avtomaşınsızdır. Görünən odur ki, hər ailənin bir üzvü hər gün avtomaşın idarə edir. Bu sırada gənclərin üstünlük təşkil etdiyini kimsə inkar edə bilməz. Gənclərin isə nəsihətə, tövsiyyəyə hər an ehtiyacları var. Təbii ki, “avtoş”luq edənlər də gənclərdir. Açıq söyləyim, YPX-nin əməkdaşları avtoşluğa qarşı nə qədər mübarizə aparsalar da, hələlik nəticə qənaətbəxş deyil. Deməli, avtoşluqla mübarizə həm də ümumxalq işinə çevrilməlidir. Belələrinin şoularıyla rastlaşan hər kəs təcilli YPX-nin əməkdaşlarını məlumatlandırmağı vətəndaşlıq borcu hesab etməlidir.
Avropalılar, xüsusilə alman xalqı küçəyə siqaret kötüyü atana belə etiraz edir və həmin şəxsin qanunla cəzalanmasına nail olur. Bizdə isə vicdanlı vətəndaşlara “işverən” adı qoyub, el qınağına məruz qoyurlar. Nəticədə avtoxuliqanlıq toyları yasa cevirir, yüzlərlə ailə dəhşətli faciə yaşamalı olur.
Gəlin lüzumsuz rəqabətlərdən-toylarda, yaslarda dəbdəbə yaratmaqdan nə qədər gec deyil, çəkinək. Övladlarımızı gündəlik “avtoyarış”lardan çəkindirək. Nəzər alsaq ki, əzəli düşmənlərimiz hər bir soydaşımızın faciəli ölümünə toy-bayram edir, gəlin, onları belə sevincdən məhrum edək. Bir anda baş vermiş faciə, birimizin bir anlıq səhlənkarlığından, cılız “qəhrəmanlıq” etmək istəyimizdən yaranır. Elə bir zamanda yaşayırıq ki, canımızı yalnız Vətənimiz naminə qurban verməyə çalışmalıyıq. Böyük amallarla yaşamalı, qurub-yaratmağa, xoşbəxt anlar yaşamaq naminə özümüzü və yaxınlarımızı, ümumən Millətimizi qorumalıyıq. Hər şey bir anda baş verir-Uğur, Xoşbəxtlik və çox təəssüf ki, Faciə də.
Özünüzü bir anın faciəsindən qoruyun, əziz və sevimli Millətim!

LEAVE A REPLY