Bahar Muradova ATƏT PA-da Artaşes Gegamyanı susdurdu
ATƏT Parlament Assambleyasının Cenevrədə keçirilən (İşveçrə) payız sessiyasının (3-5 oktyabr) birinci günü Aralıq dənizi forumunda bir şox nümayəndə heyətləri, o cümlədən Azərbaycan nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova və Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Gegamyan debatlarda çıxış ediblər.
Modern.az saytının məlumatına görə, erməni deputatın Azərbaycandakı vəziyyətlə bağlı qeyri-obyektiv və qərəzli fikirlərinə cavab olaraq söz alan Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova müzakirə olunan məsələlərə, xüsusilə terrorizmlə mübarizə məsələsi ilə bağlı mövqeyini bildirib.
Bahar Muradova deyib ki, Azərbaycan Yaxın Şərqdəki terror aktlarında və hərbi əməliyyatlarda iştirak edən şəxslərin cəzalandırılmasını tələb edən ölkələrin mövqeyini dəstəkləyir:
“Hesab edir ki, biz dünyanın müxtəlif ölkələrində təzahür edən hər cür ekstremizmi kökündən məhv etməliyik”.
Bahar Muradova bildirib ki, iclasda Artaşes Gegamyanın (Ermənistan nümayəndə heyətinin rəhbəri) Bakıda terrorçu “İŞİD” döyüşçülərinin mühakimə olunması faktına istinad etməsi, əslində hüquqi dövlət kimi Azərbaycanda məhkəmə sisteminin düzgün işlədiyini göstərir.
“Mən cənab Gegamyanın yerində olsaydım, onun həmkarlarını Ermənistan parlamentində güllələyən və hakimiyyəti əldə etmək üçün onlardan istifadə edən şəxsləri mühakimə edərdim. Azərbaycan ekstremizm, terrorizmlə mübarizə aparan dünyəvi müsəlman dövləti kimi hər kəsə nümunə ola bilər”.
Azərbaycan nümayəndə heyətinin rəhbəri deyib ki, insanların Yaxın Şərq ölkələrindən ATƏT dövlətlərinin ərazisinə köçürülməsi detallı şəkildə öyrənilməlidir.
“Çünki Suriya ərazisində hərbi əməliyyatların aparıldığı ölkə olduğu üçün başqa ölkələrə köçürülmüş şəxslər özləri də terror aktlarında iştirak edə bilərlər.
Onların ATƏT ölkələrinə qarşı terror aktlarında iştirak etmə potensialı da var. Bu problem bizi çox narahat edir. Siz bildiyiniz kimi Ermənistan Suriyadakı ermənilərin Dağlıq Qarabağa köçürülməsi üçün müxtəlif vasitələrdən istifadə edir. Bu faktlar ATƏT-in sənədlərində də öz əksini tapıb. Əsas erməni terror təşkilatlarının Suriya və Livanda fəaliyyət göstərdiyini nəzərə alsaq, köçürülən şəxslərin bizim ölkəmiz və bütövlükdə region üçün təhlükə törədən ASALA təşkilatına üzv olmalaı ehtimalı da var.
Düşünürəm ki, biz suriyalı ermənilərin işğal olunmuş torpaqlara köçürlüməsinin və qanunsuz yerləşdirilməsinin qarşısını almalıyıq. Xüsusən qeyd olunmalıdır ki, bu, beynəlxalq humanitar normalara ziddir və azərbaycanlı köçkünlərin öz doğma evlərinə geri dönməsinə mane olur.
ATƏT-in Minsk qrupu həmsədrlərinin işğal olunmuş torpaqlarda demoqrafik strukturu dəyişməyə hesablanmış addımları dayandırmağı tələb edən çıxışlarının nəzərə alınmaması sülh danışıqlarını çətinləşdirə bilər. Təkrar edirəm, Suriyadakı situasiya, o cümlədən humanitar böhran dünyanın digər hissələrində, həm də Azərbaucanda vəziyyəti gərginləşdirməməlidir”.