Əli Kərimlidən Arif Hacılıya hücum xəbərdarlığı…

0
5

Əli Kərimlidən Arif Hacılıya hücum xəbərdarlığı…
Müsavatla AXCP-nin çəkişməsinin yeni mərhələsi başladı.

Müsavat partiyasının qurultayı baş tutsa da, problemlərinin hələ uzun müddət çözülməyəcəyi artıq məlumdur. Siyasət aləmində yalnız intiriqalara meyilli biri kimi tanınmış yeni başqa Arif Hacılının Müsavatı çəkişmələrin məkanına çevirəcəyi barədə mülahizələr gerçəkləşməkdədir. İsa Qəmbərin təşkilat məsələləri üzrə müavini olmuş A.Hacılı qurultaya hazırlıq dövründə təşkilatçılıq təcrübəsindən öz qələbəsi üçün lazımı qədər istifadə edə bildi. Müsavatın qurultayına seçilmiş nümayəndələrin əksəriyyəti A.Hacılının “süzgəc”indən keçirilmişdi.
Başqanlığa namizəd olmuş Qubad İbadoğlu və Səxavət Əlisoy artıq qurultayda baş vermiş saxtakarlıqlar barədə yetərincə açıqlamalar edə biliblər. A.Hacılı isə hələlik onların üstünə getməkdən çəkinmiş kimi görünür. Belə ki, faktlar yeni başqanın xeyrinə işləmir.
Müsavat partiyasındakı etibarlı mənbənin verdiyi məlumata inansaq, A.Hacılı partiyadaxili çəkişmələri arxa plana çəkmək naminə, yeni davaya “start” vermək barədə düşünüb. Davanın obyekti kimi isə AXCP sədri Əli Kərimli seçilib. Uzun illərin barışmaz rəqibləri sayılan bu iki şəxsin bir-birini bitirməyə çalışacaqları inandırıcı görünür.
A.Hacılının AXCP sədrini ilk olaraq hədəfə alması səbəbsiz deyil. Belə ki, AXCP açıq-aşkar onun rəqiblərini təbliğ edir, əsasən, Qubad İbadoğluna dəstəyini gizlədə bilmirdi. Əslində buna dəstəkdən çox, Müsavatı qarışdırmaq adı vermək daha obyektiv olardı. Çünki Ə.Kərimli Q.İbadoğlundan savayı, digər namizəd Tural Abbaslıya da Müsavatın qurultayı öncəsi bir neçə dəfə məxfi görüşlər keçirmiş və müəyyən qədər öz istəyinə nail ola bilmişdi. Həmin görüşlərdən sonra müsavatçı gənclərin nümayəndəsi hesab edilən T.Abbaslı mətbuata açıqlama verərək AXCP ilə ən yaxın müttəfiqliyə və hətta partiyaların birləşməsinə çalışacağı vədini vermişdi. Göründüyü kimi Ə.Kərimli növbəti dəfə öz məkrli siyasətini yürüdə bilib, həm T.Abbaslını, həm də Q.İbadoğlunu dəstək olacağına inandıra bilib. A.Hacılını yaxından tanıyanlar, onun AXCP sədrini bağışlamayacağı proqnozunun doğrulacağı günün uzaqda olmadığına qətiyyən şübhə etmirlər.
Bir çox partiyalardan təbrik eşitmiş A.Hacılı Ə.Kərimlinin səssizliyinə dözməyib, AXCP sədrinin ünvanına sərt ifadələr işlədib. Müsavatın yeni başqanının əzəli rəqibinin seçilməsi Ə.Kərimlinin narahatlığına səbəb olub. Son zamanlar baş bayraqdar Elman Türkoğlundan entiyatlanıb, bir sıra tədbirlərə qatılmaqdan imtina etmiş AXCP sədrinin A.Hacılı ilə bir masa arxasında əyləşə bilməyəcəyi şübhəsizdir. Ə.Kərimli Müsavatdakı tərəfdarlarından maksimum istifadə etməyə səy göstərir. Çünki Müsavatın daxili çəkişmələri bitincə Ə.Kərimlinin qara günləri başlayacaq.
AXCP sədri Müsavata qarşı əsas “silah”ı olan “Azadlıq” qəzetindən yararlanmağa çalışır və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə münasibətlərin yaxşılaşması üçün həmin qəzetin tanınmış yazarlarından istifadə etməsi mümkün görünür. Belə ki, R.Arifoğlu da “Azadlıq”la münasibətin yaxşılaşmasında maraqlıdır. O, məlum olduğu kimi 2015-ci ildə aktiv siyasi fəaliyyətə qayıtmaq barədə düşünür. Məhz həmin səbəbdən də “Azadlıq”la münasibətin yaxşılaşması “Yeni Müsavat”ın baş yazarının mənafeyinə uyğun gəlir. Görünən odur ki, Ə.Kərimli, R.Arifoğluyla yaxınlığından, A.Hacılını “Yeni Müsavat”ın tribunasından məhrum etmək istəyir.

AXCP sədri öz müavinlərinə, xüsusi olaraq Fuad Qəhrəmanlıya Müsavatın yeni başqanına hücum etməyi tövsiyyə edib. Beləliklə o, A.Hacılını öz səviyyəsində olmadığını və ona rəqibliyi AXCP-nin ikinci, üçüncü dərəcəli yetkililərin edəcəyini nümayiş etdirəcək. Onsuzdakı A.Hacılı ilə F.Qəhrəmanlı arasında münasibətlər bir o qədər isti deyil. F.Qəhrəmanlının “facebook” səhifəsində Q.İbadoğluna açıq-aşkar dəstək verməsi A.Hacılının yaddaşından belə tezliklə silinə bilməz.
Siyasi ekspertlərin mövqeyi belədir ki, yaxın zamanlarda AXCP-Müsavat münaqişəsi açıq müstəviyə keçəcək. Bununla hər iki təşkilat bir müddət siyasi gündəmdə qalmağa çalışsalar da, onların cılız intriqalarından yorulmuş tərəfdarları birmənalı olaraq Müsavat və AXCP-dən üz döndərəcək. Görünən odur ki, 2015-ci ildə keçiriləcək parament seçkilərində acı məğlubiyyətlə qarşılaşmaq məcburiyyətində qalan hər iki təşkilat birdəfəlik dağılmaqdan xilas ola bilməyəcək. Bunu hər iki təşkilatın sıravi üzvləri də etiraf etməyə başlayıblar. Onlar da öz zamanlarını A.Hacılı Ə.Kərimlinin cılız şəxsi intriqalarına sərf etməkdə maraqlı görünmürlər.

Turan Türk

LEAVE A REPLY