“SATIŞI QADAĞANDIR” – yeni proqram vaxtı keçmiş malı bu sözlərlə ifşa edəcək

0
1

“SATIŞI QADAĞANDIR” – yeni proqram vaxtı keçmiş malı bu sözlərlə ifşa edəcək

“İstehlak bazarında vaxtı keçmiş məhsulların satışını əngəlləmək üçün müasir texnologiyalardan istifadə olunmalıdır”. Bunu Modern.az-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. “Bəzi mağazalar gecələr soyuducuları söndürür, mallar temperatur riskinə məruz qalır. Həmin mağazalara daxil olanda məkandan pis qoxu gəlir. Məsələn, Bakı-Sumqayıt yolundakı “Salam” marketindəki kimi…”

AİB sədri qeyd edib ki, qiymətlərin və istehsal tarixinin yenidən etiketləşdirilməsi hallarının qarşısını almaq üçün yeni proqram mövcuddur. “Əgər mağazalar həmin proqramı kompüterlərinə yükləsələr, vaxtı keçmiş malların satışına avtomatik qadağan qoyulacaq. Bu proqramı “Yan” ştrix-kod şirkəti ilə bir yerdə tətbiq etməyə hazırlaşırıq. Lakin mağazalar bunu qəbul edib, razılıq verməlidirlər. Azərbaycan hökuməti, İqtisadiyyat və Sənaye Nazirliyi bunu dəstəkləyərsə, istehsalçıların hüquqlarını qorumağı önə çəkərsə, proqram dövlət hesabına kompüterlərə yüklənə bilər”.
E. Hüseynov vurğulayıb ki, istehsal tarixi keçmiş və ya yenidən etiketləndirmə halları baş verərsə, həmin mağazanı 1500 manat həcmində cərimə gözləyir.

“Bəzi inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanaq bu proqramı Azərbaycanda da tətbiq etmək qərarına gəldik”. Bunu isə yeni proqramın təşkili və tətbiqi ilə məşğul olan “QS1 Azərbaycan” Cəmiyyətinin baş direktoru Vəfa Əliyev deyib. “Bu gün Azərbaycandakı mağazalara gətirilən məhsullar 13 rəqəmli kodlarla kodlaşıb. Orada yalnız istehsal tarixi qeyd olunub. Mağazalarda mallar anbara gələndə operator tərəfindən həmin mallar kompüterlərə kodlaşdırılır. Yəni onların qiyməti də kodlara vurulur və kassalara göndərilir ki, məhsulun satışı zamanı qiymət monitorda göstərilir. Lakin yeni proqramda bunlarla yanaşı satış vaxtı da qeyd olunacaq. Belə ki, satış (istehsal) vaxtı keçmiş mallar monitordan keçməyəcək. Ekranda “Satışı qadağandır” yazılacaq”.

V. Əliyevin sözlərinə görə, bu proqramı həyata keçirməyin ən yaxşı yolu nüfuzlu sahibkarla birgə fəaliyyət göstərməkdir. “Hər müəssisə bu proqramı öz kompüterlərindəki proqrama uyğun yazdırmalıdır. Mağazalara qalsa, bunu qəbul etməyəcəklər. Bunu öz prestijini saxlamaq istəyən, pullu sahibkarla həyata keçirmək lazımdır. Çünki bunun maliyyə tərəfi də var. Həmçinin imic formalaşdırmaq və geniş auditoriyaya çatdırmaq üçün təbliğat aparmaq lazımdır”.

LEAVE A REPLY