Səxavət Əlisoy Arif Hacılıya dəstəkləri “zəhmətkeşlərin məktubu”na bənzətdi

0
1

Səxavət Əlisoy Arif Hacılıya dəstəkləri “zəhmətkeşlərin məktubu”na bənzətdi

Müsavat Partiyasının başqanlığa namizədlərinə xarici ölkələrdə yaşayan soydaşlarımız da dəstək verir. Bu bəyanatlarda yalnız başqanlığa iddialılardan Arif Hacılı və Qubad İbadoğlu dəstəklənir. Xaricdən gələn dəstəklərin qurultayda keçiriləcək başqanlıq seçkisinə təsiri ola bilərmi? Modern.az bu sualla başqanlığa namizədlərə müraciət edib.

Arif Hacılı bildirib ki, xaricdəki nümayəndələrin səs vermək hüququ olmasa da, onların Müsavat Partiyasının qurulmasında fəaliyyətləri böyük olub:

“Onlar yeni başqanın kim olması ilə bağlı fikirlərini bildirirlər. Həmin şəxslər mühacirətdə olsalar da, Müsavatın siyasətini dəstəkləyirlər. Siyasi məhbusların azadlığa çıxması yönündə və partiyanın digər fəaliyyətlərində yaxından iştirak edirlər. Bundan başqa, partiyanın xarici siyasətinin müəyyənləşməsində də müəyyən qədər rolları var. Ona görə onların sözü qurultay nümayəndələri üçün önəmlidir. Onlara hörmət edən, fikirlərinə müsbət yanaşan adamlar dəstəklərini nəzərə alacaqlar”.

Tural Abbaslı isə hesab edir ki, bu bəyanatlar yalnız qurultay nümayəndələrinə təsir etmək imkanı baxımından dəyərlidir.

Səxavət Əlisoy isə bu bəyanatları populizm əlaməti və primitiv hesab edir: “Bəyanatların partiyanın fəaliyyətinə heç bir təsiri yoxdur. Dəstək bəyanatları sadəcə olaraq SSRİ dövründəki “zəhmətkeşlərin məktubu”na bənzəyir. Onların dəstək söhbətini doğru hesab etmirəm. Müsavatın gələcək fəaliyyəti üçün bunu ziyanlı hesab edirəm. Bu dəstəklərin verilməsini bolşevik metodu kimi dəyərləndirirəm. Hətta rayonlarda, bölgələrdə toplaşaraq dəstək verməyi də populizm hesab edirəm”.

Onun sözlərinə görə, xaricdən gələn dəstəklərin içində mətbuata bəlli olmayan məsələlər var:

“Almaniyada Müsavatın iki özəyi var. Onlar tamamilə başqa mövzuda söhbət aparıblar. Başqa bir texniki prosedurla nümayəndələr seçilməsini təklif ediblər. Bu barədə müzakirələr olub. Lakin bir-iki nəfər tələskənlik edərək, guya bəyanat kimi qəbul ediblər. Proseslərin daha da böyüməməsi üçün onlara bunu mediaya çıxartmamağı məsləhət gördüm. Çünki burada bu dəstəyin heç bir əhəmiyyəti yoxdur. Mənim xarakterimdə populizm yoxdur, ətrafımda təkamül yolu tutan insanlar var. Müsavat partiyası populizmdən birdəfəlik imtina etməlidir! Bütün bu dəstəklər qurultaydan sonra partiyada gərginliyin yaranmasına səbəb olacaq”.

Qubad İbadoğlu isə dəstək bəyanatlarını belə şərh edib: “Bunlar ictimai dəstəkdir. Nümayəndələr proseslə bağlı narahatlıq, eyni zamanda bu prosesin gələcəyinə olan fikirlərini bölüşmək üçün bəyanatlar səsləndirirlər. Lakin bu sadəcə ictimai dəstək olduğu üçün partiyanın fəaliyyətinə ciddi təsir göstərə bilməz. Buna baxmayaraq, istənilən şəxsin fəaliyyəti partiyada diqqətdən kənarda qalmadığından, onların fəaliyyəti də kimlərinsə fikirlərinə təsir göstərmək gücünə malikdir. Bu dəstəklər müəyyən bir qrup qurultay nümayəndəsinin fikirlərinə təsir edə bilər”.

Müsavat Partiyasının sentyabr ayının 27-də keçiriləcək qurultayında dörd namizəddən biri başqan seçiləcək.

LEAVE A REPLY