İslamda ayparanın mənası nədir?

0
6

İslamda ayparanın mənası nədir?

Aypara simvolunun yaranması və mənası barədə müxtəlif fərziyələr söylənilir. Bəzi mənbələr ayparanın İslamdan neçə min illər böyük olduğuna dair bilgilər verir. Bu simvolun nə vaxt yaranması haqda dəqiq məlumat yoxdur.

Amma mənbələrin əksəriyyətinin verdiyi məlumatlara əsasən, demək olar ki, bu qədim astronomik simvol – bir çox xalqlarda Günəşə, Aya və Səma ilahəsinə inandıqları zaman yaranıb. Belə bir məlumatlar da var ki, aypara və ulduz Karfagen ilahəsi Tanit və ya Yunan ilahəsi Diananın simvolu olub. Bundan başqa, aypara Bizans şəhərinin (indiki İstanbul) simvolu olub. Digər bir məlumata görə isə, bu simvol İlahə Diananın şərəfinə seçilib. Daha bir məlumatda isə deyilir ki, eramızdan əvvəl 340-cı ildə Makedoniya çarı II Filippin ordusuna qarşı vizantiyalıların məğrur döyüşünün şərəfinə bu simvol seçilib. Hadisə belə olub:

… liman – şəhər Bizansın (Konstantinopolun) mühasirəyə alınması üçün makedoniyalıların hərbi-dəniz donanması olmadığından, onlar liman-şəhərə quru yolla hücum etmək qərarına gəlirlər və gecə şəhərə hücum edəcəklərini planlaşdırırlar. Makedoniya ordusu gecə şəhərə hücum edərkən, aylı gecə olduğundan makedon əsgərləri aydın görünür və bu hücum çox asanlıqla dəf edilir. Makedon əsgərləri geri çəkilməyə məcbur olurlar. Şəhər əhalisi bunu təntənəli surətdə bayram etməklə yanaşı, Bizansın “himayəçi”si olan İlahə Hekata dualar oxuyur, onun şərəfinə pullar buraxırlar. Bu pulların üstündə aypara və 6 guşəli ulduz şəkli həkk edilir. Düşməni gecə, ay işığının köməyi nəticəsində dəf etdikləri üçün vizantiyalılar “Ulduzlu Aypara”nı şəhərin simvoluna çevirirlər. Bu simvol Bizans şəhəri Konstantinopol olanadək qalır. Yəni 330-cu ilədək, şəhər Roma imperiyasının paytaxtı olanadək…
1453-cu ildə şəhəri Osmanlı türkləri tutduqdan sonra əvvəl bütpərəstlərin, sonra isə xaçpərəstlərin simvolu olan Aypara, sonda İslam simvoluna çevrilir.

Əfsanələrə görə, 1299-cu ildə Osman Kiçik Asiyada (İndiki Türkiyə ərazisi) balaca bir ərazinin hakimi olur. O, yuxusunda dünyanın bir başından o biri başına qədər hərəkət edən Aypara görür. Bunu xoş xəbər, xoşbəxtlik müjdəçi kimi qəbul edir və öz sülaləsinin simvoluna çevirir. Yuxu Osmanı aldatmır. Onun sülaləsi böyük bir ərazini əhatə edən bir imperiyanın xələfləri olur və müsəlman aləminin böyük hökmdarlarına çevrilir…

Bundan başqa, yuxarıda qeyd olunduğu kimi, “Ulduzlu Aypara” öncə Bizansın, sonra Konstantinopolun, türk zəfərindən sonra isə türklərin simvoluna çevrilib. Türklər bunu öz qələbələrinin simvolu kimi qəbul ediblər. Bundan sonra “Ulduzlu Aypara” müntəzəm olaraq müsəlmanlığın və müsəlman dünyasının simvoluna çevrilir.

Hazırda bu simvola İslam ölkələrinin bayraqlarında, pullarında, gerblərində, məscidlərdə, poçt markalarında rast gəlmək mümkündür.

Neçə yüzilliklər Osmanlı İmperiyası müsəlman dünyasını idarə edib. Həmin dövrlərdə, hətta indinin özündə belə, “Ay – Ulduz” istər müsəlman, istər qeyri-müsəlmanların təsəvvüründə “müsəlman simvolu” kimi qalıb. Amma bu simvolun yaranma tarixi İslamdan çox-çox qədimlərə gedib çıxır.

Bir çox müsəlmanlar “Ay-Ulduz” simvolunun kulonunu boyunlarında gəzdirirlər.

Jalə Orucova

LEAVE A REPLY