İnformasiya təhlükəsizliyi, yoxsa senzura?

0
1

Lalə Ramizqızı

İnformasiya təhlükəsizliyi, yoxsa senzura?
Təhlükəli olanların təhlükəsizliyini kimlər təmin etmək istəyir?

Cəmiyyətdə və müstəqil media qurumlarında belə bir fikir formalaşıb ki, Milli Məclis sentyabrın 30-da işə başlar-başlamaz informasiya təhlükəsizliyi haqqında qanun qəbul etməklə daha bir senzura tətbiq edəcək. Bundan sonra isə azad sözə son qoyulacaq. Bəzilərinin qənaətinə görə nəinki mətbuatda, hətta ictimai yerlərdə Qarabağ və cəbhə bölgələrindən söhbət açmaq məsuliyyət anlamına gələcək.
Ərazisi işğal altında olan ölkənin vətəndaşlarının informasiya təhlükəsizliyinə həssaslıqla yanaşmasının tərəfdarı olmuşuq və bu barədə dəfələrlə mövqeyimizi bəyan etməyi vəzifə borcumuz hesab etmişik. “Millətim”in toxunduğu Dezinformasiyalar kimlərə xidmət edir” mövzusu haqlı olaraq oxucularımız tərəfindən bəyənilib və geniş müzakirəyə səbəb olub. Hər kəs etiraf edib ki, müharibə şəraitində yaşayan, düşmənin qonşuluq etmək məcburiyyətində qalmış Azərbaycan kimi bir ölkənin öz informasiya təhlükəsizliyi barədə tədbirlər görməsi çox vacibdir. Əslində, həmin problemin necə həll olunması strateji sənəddə-“Milli Təhlükəsizlik konsepsiyası”nda öz əksini tapmışdır. İndi əsas məsələ söz və mətbuat azadlığını heç bir halda məhdudlaşdırmağı nəzərdə tutmayan həmin strategiyadakı müddəaları həyata keçirməkdir. İnformasiya təhlükəsizliyini bəhanə gətirərək, media və söz azadlığına maneələr yaratmaq yoverilməzdir. Düşünürəm ki, milli mediamızın səviyyəsi ürək açan olmasa da, ölkəmizdə söz və mətbuat azadlığına kifayət qədər sərbəst şərait yaradılıb. Yəni istədiyimizi düşünüb, yazmaq öz ixtiyarımızdadır. Kimisi tərif yazır, kimisi isə tənqidi istədiyi hədəfə ünvanlamaqda tam azaddır. Bunu inkar etmək nadanlıq olardı. Təbii ki, tənqiddən narahatlıq keçirən xeyli məmurumuz və hətta deputatımız var. Son zamanlar onlar tərəfindən sevincək media və söz azadlığına qadağalar tətbiq etmək barədə təkliflər səsləndikcə cəmiyyətimiz narahatlığını gizlətmir. Xüsusən Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi son qətnaməyə rəğmən belə bir təkliflərin səsləndirilməsi sağlam məntiqə sığmır.
Müstəqil media və söz azadlığı demokratiyanın əsas atributlarından biridir. Etiraf etmək lazımdır ki, demokratik cəmiyyətin idarə olunmasında müstəqil medianın rolu böyükdür və inkaredilməzdir. Bu dünyanın demokratik məkanlarında sınaqdan keçirilib.

Əlbəttə, düşmənin informasiya təminatçısına çevrilməyi söz azadlığına qətiyyən bənzətmək olmaz. Söz var ki, Vətəninə, sözdə var ki, düşməninə xidmət göstərə bilər. Bu mənada əlinə qələm almış hər bir media nümayəndəsi məsuliyyətini dərk etməlidir. Son zamanlar aparılmış geniş müzakirələrin jurnalistlərə təsirsiz ötüzməyəcəyi qənaətindəyəm. Ancaq həmin müzakirələrin fonunda jurnalistlərə edilən sərt hücumları qəbul etmək çətindir. Sanki hər şey tərsinə çevrilib, tənqid etməli, qüsurları, cəmiyyətimizdə baş verən neqativ halları ölkə əhalisinə çatdırmaq peşə borcu olan jurnalistlər bir çox rüşvətxor, harınlamış məmurlar tərəfindən ardı-arası kəsilməyən əsassız hücumlara məruz qalıb. Təəssüf ki, həmin məmurlar nə etdiklərini ya anlamır, yada ki anlamaq iqtidarında deyillər.
Baxmayaraq ki, bir çox məmurun əlində bəzi KİV-lər cəmləşib, amma nədənsə onlar həmin qəzetlər vasitəsilə müstəqil media nümayəndələrinin yazdıqlarına əsaslandırılmış cavablar vemək əvəzinə, daha asan və demokratik dünya tərəfindən qəbul edilməyən, azad mətbuatı boğmaq yoluna üstünlük verirlər. Əslində bu acizlik əlamətidir. Özünü azad medianın nümayəndələri hesab edib, bizlərə dodaq büzən və guya kimlərdənsə asılı olduğumuz barədə rəy yaratmağa çalışan bəzi qaraguruhçularla barışmadığımız xeyli məqam var. Lakin biz onlardan nə qorxuruq, nədə ki çəkinirik. “Millətim”in oxucuları söylədiklərimin həqiqət olduğunu yəqin ki, inkar etməz. Bizim öz yolumuz, öz mövqeyimiz var. Haqq bildiyimiz yolu gedir və ədalətli olmağı öz peşə-müqəddəs borcumuz hesab edirik. Açıq söyləyim, “Azadlıq” və bir çox qəzetlər kimi həm xaricdən, həm də hakimiyyət tərəfindən maliyyə vəsaiti alaraq fəaliyyət göstərmirik. Və yaxud bir o qədər maliyyə vəsaitinə sahib çıxan qəzetlər kimi ağlayıb-sızlamaqdan çox uzağıq. Bizim üçün önəmli olan Vətənimiz, birdə ki sevimli Millətimdir.
Təəssüf ki, bəzi millət vəkilləri də azad sözə, müstəqil mediaya barışmaz mövqe sərgiləməkdədir. Əslində onlar daha məsuliyyətli olmalı, dövlətimizin demokratik imicinə xələl gətirən açıqlamalar etməkdən birmənalı çəkinməlidirlər. Axı Ümummilli lider Heydər Əliyevin yolunu gedirik deyə, pafoslu danışanlar, böyük və təcrübəli dövlət xadiminin birmənalı sevmədiyi senzuradan bir kəlmə olsun belə söhbət açmamalıdır.
Və yaxud hörmət bəslədiyim görkəmli tarixçi, millət vəkili Yaqub Mahmudov Azərbaycanda ölüm hökmünün bərpa olunması təklifi ilə çıxış etməsi ölkəmizin imicinə divident qazandırır?
Ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan demokratik inkişaf yolundan heç bir zaman dönməyəcək. Burada aydın olmayan məqam varsa, onda izahını demokratiyanın atributlarını sevməyən məmurlar, millət vəkilləri versinlər.
Məlumdur ki, bir çox məmurlar, millət vəkilləri o qədər tənbəlləşib və ya ölkənin gələcək taleyinə biganədirlər ki, onları tənqid edib, hərəkətə gətirmək istəyənlərlə dialoqdan ya çəkindikləri, yada ki, buna zaman ayırmağa həvəsləri olmadığı üzündən (bir çoxu yalnız şəxsi işləriylə-restoranları və müxtəlif obyektlərini idarə etməkdən, vəzifə borclarını çoxdan unudub-L.R.) müstəqil medianın tamamilə sıradan çıxarılmasında maraqlı görünürlər. Axı Milli Məclisdə düyməni belə basmağı digərlərinin öhdəsinə buraxanlardan nə gözləmək olar?
Etiraf edin, cənablar! Sizin çoxunuzu ətalət basdığından, sağlam rəqabətdən qaçırsınız. Və yaxud gözükölgəlik qarşınıza sədd çəkib. Barı susun! Yersiz bəyanatlarınızla ölkəmizin imicinə zərbə vurmaqdan çəkinin!
Burada bir lətifəni xatırlatmaq yerinə düşərdi. “Bir tənbəlin evində yanğın baş verir. Evdəkilər səs-küy salıb, qonşuları köməyə çağırdıqda, tənbəl bir ağız da mənim əvəzimdən çağırın deyir.”
Heç bir halda ümidimi itirmirəm. İnanıram ki, Heydər Əliyev siyasi kursunun layiqli və yorulmaz davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev Ümummilli liderin ləğv etdiyi senzuranın tətbiq edilməsinə heç bir zaman imkan verməyəcək.

LEAVE A REPLY