Hakimiyyət təşviş keçirirmi?

0
1

Hakimiyyət təşviş keçirirmi?
Avropa Parlamentinin mövqeyi və Əli Kərimlinin anlaşılmaz sevinci

Sentyabrın 18-də Avropa Parlamentində Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı qətnamə layihəsi müzakirə edilərək səsvermədən keçib. Müzakirələr zamanı avropalı parlamentarilərin bəzisi Azərbaycanda vəziyyəti tənqid ediblər. Müzakirələrin yekunu barədə Avropa Parlamenti məlumat da yayıb. Məlumatın bəzi məqalarına toxunmağı və ona münasibət bildirməyi vətəndaşlıq borcum hesab etdiyimdən “Millətim”in hörmətli oxucularıyla da bu barədə bölüşməyi qərara aldım.

Diqqət yetirək, məlumatda deyilir: “Avropa Parlamentinin üzvləri Azərbaycan hakimiyyətinin insan hüquqları sahəsində ciddi islahatlar aparmağa, vətəndaş cəmiyyəti təşkilatlarına, müxalifət partiyalarına, müstəqil jurnalistlərə hücumları dayandırmağa, sərbəst toplaşma ilə bağlı qadağanı aradan qaldırmağa çağırır.
Avropa Parlamentinin deputatları Leyla və Arif Yunusların, Rəsul Cəfərovun, İntiqam Əliyevin, Həsən Hüseynlinin həbsini pisləyir və qeyd şərtsiz azad olunmasını tələb edir”.
Qəribədir, elə deyilmi? Qəribəlik məhz elə orasındadır ki, Avropa Parlamenti əslində diktatorluq nümayiş etdirib, nə xahiş, nədə ki, tövsiyyə edir. Sanki tabeliyində olan kimlərəsə əmr verə bilməsini nümayiş etdirməyə çalışır. Bunun harası demokratiya oldu? İzahını vermək artıq həmin Avropa Parlamentinin işidir. Məlumatda qeyd olunana bəzi məqamlarla razılaşsam da, bütövlükdə qətnamə layihəsinə münasibətim hədsiz pisdir. Əvvəla, ona görə ki, Avropa Parlamenti illər uzunu bütövlükdə Azərbaycan xalqının hüquqlarını daima himayə etdiyi ermənilər tərəfindən pozulmasını görməzdən gəlib. Torpaqlarımızın 20 faizinin Avropa Şurasının üzvü olan Ermənistan tərəfindən işğal edilməsi nəticəsində uzun müddətdir ki, müharibə vəziyyətində yaşayan Azərbaycandan “supper” demokratiya tələb etməyin özü gülüncdür.
İnsan haqları və hüquqları sahəsində fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatlarına (QHT) ölkəmizdə xeyli sərbəstlik verildiyi qənaətindəyəm. Yüzlərlə belə təşkilat Ədliyyə Nazirliyi tərəfində qeydiyyata götürülərək fəaliyyətini davam etdirməkdədir.
Ölkəmizdə fəaliyyət göstərən müxalifət partiyalarına hansı qadağaların tətbiq edildiyinə işarə vururlu, bunu anlamaq olmur. Belə ki, son prezident seçkiləri zamanı müxalifət partiyalarına mitinq və digər tədbirlər keçirmək üçün lazım olan bütün şərait yaradılmışdı. Onsuzdakı ölkə müxalifəti yalnız seçkidən-seçkiyə mitinqlər keçirməklə işini bitmiş hesab edir. Əgər Avropa Parlamenti düşünürsə, hökumət müxalifətin əvəzindən fəaliyyət göstərməlidir, bu təbii ki, mümkün məsələ deyil. Əslində isə etiraf etmək lazımdır ki, özlərini ölkənin aparıcı müxalifət partiyaları hesab edənlərin tərəfdarı və ya elektorat bazası hədsiz zəifdir. Belə olan halda müxalifət hansı səmərəli fəaliyyətdən uğurdan söhbət aça bilər.
Digər tərəfdən ölkə müxalifətinin zəifləməsində də əsas günah Avropa Parlamenti və digər beynəlxalq qurumların üzərindədir. Çünki həmin təşkilatlar əksər zaman ölkə müxalifətinin əvəzinə Azərbaycan hakimiyyətinə qarşı müxalif mövqe sərgiləməkdədir. Bu isə ölkə müxalifətinin bəzi nümayəndələrini arxayınlaşdırır. Guya beynəlxalq təşkilatlar onları hakimiyyət kürsüsünə əyləşdirəcək.

Müstəqil jurnalistlərə kim hücum edib?

Allah qapısını açsın, “ps Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəylinin. Yaxşı yadımdadır, ötən həbsindən azadlığa çıxdığı zaman üzləşdiyi bir hadisədən bizə söhbət açmışdı. S.Əlibəyli deyirdi: “Həbsdən azad olunduqdan sonra bir sıra beynəlxalq təşkilatlar mənimlə təmas qurmağa çalışdı. Dəvət etdilər, görüşlərinə getdim. Söhbət əsnasında Azərbaycanda jurnalistlərin təqib edilməsindən, mətbuat azadlığının olmamasından söhbət açıb, mənə əməkdaşlıq təklif etdilər. Hazırlıqlı getmişdim. “ps Nota” qəzetinin bir çox sayı əlimdə olduğundan, onlara göstərib, bir baxın, görün Azərbaycanda necə mətbuat azadlığı var ki, hər saymızda ölkə rəhbərliyi sərt tənqid olunub dedim. Bundan sonra onlar söhbəti dayandırıb, mənimlə əməkdaşlıqdan vaz keçdilər.”
Belə hadisələrlə bizdə üzləşmişik. “Millətim”ə müəyyən təzyiqlər edildikdə ABŞ səfirliyinə və digər beynəlxalq qurumlara yaxınlaşmaq istədik. Yaxına belə buraxmadılar. Çünki biz onların şəbəkəsinə daxil deyildik. Avropa Parlamentinin qəbul etdiyi qətnamə layihəsindən də hiss etmək mümkündür ki, beynəlxalq təşkilatlar yalnız onların müxtəlif şəbəkələrinə aid olan və ya bir sıra ölkənin xüsusi xidmət orqanlarıyla əməkdaşlıq edənlərin taleyindən narahatdır.
Avropa Parlamentinin ədalətsiz mövqe sərgiləməsindən sonra ölkə əhalisinin əksəriyyətini bir sual düşündürür; doğurdanmı, ölkəmizdə mətbuat azadlığı yoxdur? Sevindirici haldır ki, hər kəs həmin suala cavabı özü tapır. Əgər Azərbaycanda mətbuat azadlığı olmasaydı “Azadlıq” və ona bənzər şər-böhtan yayan KİV-lər fəaliyyət göstərə bilməzdi.
Avropa Parlamenti qətnamə layihəsində “Azadlıq”a xüsusi yer verib. Guya müstəqil qəzet olan “Azadlıq”a süni surətdə maliyyə problemi yaradılıb və həmin səbəbdən qəzet dəfələrlə fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Fakt isə başqa söz deyir. Həmin “Azadlıq” qəzetinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan dəfələrlə böyük miqdarda maliyyə vəsaiti ayrılıb. Görəsən, Azərbaycan həbsxanasında L.Yunusun necə yatıb-durmasından məlumatlı olan Avropa Parlamentinin, Azərbaycan hökumətinin “Azadlıq”a nə qədər yardım etməsindən xəbəri olmayıb? Tənqid edirsiniz edin, qətnamə qəbul etmək də öz işinizdir, ancaq heç olmasa zərrə qədər vicdanınız olsun, biz az da həqiqəti söyləyin.
“Azadlıq”ın maliyyə poblemiylə üzləşməsi inandırıcı deyil. Özünü xalqın sevimli qəzeti hesab edən “Azadlıq” nə üçün tirajını artıra bilmir və yaxud qəzetin gəliri ilə fəaliyyətini ardıcıl davam etdirməyin mümkünsüzlüyündən söhbət açır.
Digər tərəfdən “Azadlıq” bəyənmədiyi iqtidarın ayırdığı vəsaiti qəbul etməklə öz simasını açmayıb?

Avropa Parlamentini kimlər idarə edir?

Artıq şübhə etmək olmur ki, Avropa parlamenti oyuncaq quruma çevrilib. Qlobal məsələlərin həllində çeviklik göstərə bilməyən, münaqişə ocaqlarındakı alovları söndürməkdə acız görünən bu qurum çeynənmiş qətnamələri ilə ikrah hissi doğurur.
Məsələn, Naxçıvandakı ofisində sərxoşluqla məşğul olub, dostu tərəfindən əzişdirilən hüquq müdafiəçisi İlqar Nəsibovun adı Avropa Parlamentinin qətnamə layihəsində yer alıb. Ayıb deyilmi, cənablar?
Ancaq yüz minlərlə vətəndaşımızı ev-eşiyindən didərgin salan, yüzlərlə insanın-qocaların və körpələrin qatili olan Ermənistan prezidenti Serj Sarkisyanın başı, daima Avropa parlamentariləri tərəfindən sığallanmaqdadır. Belə bir parlamentin qəbul etdiyi qətnamə layihəsinə yalnız S.Sarkisyanın tərəfdarları sevinə bilər. Necə ki, sevinirlər.
Avropalıları müxalifətin Bakının mərkəzində toplaşmağına imkan verilməməsi də bərk narahat edibmiş. Yenə bir sual doğur; Ukraynanın paytaxtı Kiyevin mərkəzi meydanı Kreşatikdə milyonların toplaşmasına şərait yaradıldı. Nəticəsi nə oldu? Əlbəttə, mən zalım Yanukoviçi dəstəkləyənlərdən olmamışam, lakin Ukraynada davam edən uzunmüddətli xaosun aradan qaldırılmasına Avropanın lazımi dəstəyinin olmaması da fakt olaraq qalır.
Ölkəmiz son illər bir sıra beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir ki, həmin tədbirlərin yüksək səviyyədə təşkil edilməsinə beynəlxalq təşkilatlar da şahid olub. Buna baxmayaraq Avropa Parlamentinin Beynəlxalq Olimpiya Komitəsi və quruma üzv ölkələrə müraciət edərək Azərbaycan hakimiyyətinə təsir etmək tövsiyyəsini verməsini antidemokratik addım kimi qəbul olunmalıdır. Çünki görülən işə, keçirilmiş tədbirlərin səviyyəsinə qiymət vermək əvəzinə Avropa parlamentariləri Azərbaycanı nüfuzdan salmaq istəklərini ortaya qoyub. Sirr deyil ki, Azərbaycana belə münasibət sərgilənməsində AXCP sədri Əli Kərimlinin və onun yaxın əqidədaşlarından sayılan Leyla Yunusun az xidməti olmayıb. Bir müddət öncə adlarını qeyd etdiklərim müxtəlif beynəlxalq qurumlara müraciət ünvanlayaraq 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa oyunlarının boykot edilməsinə çağırış etmişdilər. Belə nəticəyə gəlmək olur ki, Avropa Parlamenti Ə.Kərimli və L.Yunus kimi öz dövlətlərinə düşmən kəsilmiş-çörəyini yeyib, havasını udduqları Azərbaycanı nüfuzdan salmaq üçün dünya qarşısında timsah göz yaşları axıtmağı özlərinə peşə etmiş biriləri tərəfindən idarə olunur. Bu səbəbdən də beynəlxalq qurumlarla, eləcə də Avropa Parlamenti ilə münasibətlərə yenidən baxmağın tam zamanıdır.

Əli Kərimlinin şirin yuxusu çin olacaqmı?

AXCP sədri Əli Kərimli yenə başlayıb köhnə havaları zümzümə etməyə. Təbii ki, həmin zümzümələr ətrafına toplaşmış azsaylı diletantı həvəsləndirib, yenidən ortalıqlara atmağa hesablanıb.
Başının üstünə Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin şəklini vurub, Elçibəyin qatı düşməni kimi tanınmış Leyla Yunusla sıx əlaqələr yaradaraq, onun alovlu müdafiəçişisinə çevrilməkdən xəcalət çəkməyən Ə.Kərimli Avropa Parlamentinin məlumatından dərhal sonra “facebook” səhifəsində sevincək cızmaqara etməyi yaddan çıxarmayıb. AXCP-yə sədrlik etdiyi müddətdə bircə dəfə olsun beynəlxalq qurumların Dağlıq Qarabağ probleminin həllinə laqeyd münasibət bildirməyən Ə.Kərimlinin Avropa Parlamentinin qəbul etdiyi qətnamə layihəsindən cuşa gəlməsi, onun Vətənini sevmədiyini bir daha təsdiqlədi. Diqqət yetirək, Ə.Kərimli nələri cızmaqara edib: “Çox əhatəli və obyektiv qətnamədir. Təsdiq olundu ki, rejimin saxta təbliğatı onları aldada bilməyib. Bizim ölkədə baş verənlər haqda həqiqətləri bilirlər. Azərbaycan hökuməti qarşısında çox ciddi tələblər qoyulub.”
Qəbul edək ki, iqtidarın təbliğatı beynəlxalq qurumlar tərəfindən qəbul olunmayıb. Bəs,Ə.Kərimlinin beynəlxalq qurumlara casusluq etməsinin Azərbaycan xalqına xidməti olub? Guya Ə.Kərimli təbliğatı Qarabağ proleminin həllinə yönəlib?
Özünü vətənpərvər kimi təqdim edən AXCP sədri daha sonra yazıb: “Kürü diplomatiyası da, neft müqavilələri də, lobbiçilərə xərclənən milyonlar da batdı. Rejim sivil dünyadan tam təcrid olunur. Gərək hər cür vətənpərvərlik və məsuliyyət hissindən məhrum olasan ki, Qarabağ kimi bir problemin olduğu halda, ölkəni dostlarsız, müttəfiqlərsiz qoyasan, dünyadan təcrid edəsən, hamının qınaq obyektinə çevriləsən. İndi gördünüz kimlərdir antimilli?”
Əlbəttə, TANAP-ı görməməzliyə vuran Ə.Kərimlinin ağıllı birisi olmadığına qətiyyən şübhə etmək olmur. O ki qaldı nələrinsə batmasına, məncə bu dəfə də batan AXCP sədrinə və onunla şərikliyi artıq kimsəyə sirr qalmayan L.Yunusa beynəlxalq təşkilatların ayırdığı milyonlar olacaq.
Ə.Kərimli guya Azərbaycanın sivil dünyadan təcrid olunacağına sevinclə xəbər verir ki, bu da onun siyasi naşılığının əlaməti hesab oluna bilər. Əvvəla, Azərbaycanın sivil dünyadan təcrid olunması ona görə mümkün deyil ki, ölkəmiz Ermənistan və yaxud Rusiya kimi işğalçı dövlət deyil. İkincisi, Azərbaycanın Türkiyə Cümhuriyyəti ilə əsil qardaşlığı, ayrılmaz müttəfiqliyi bizə yetərlidir. Qardaş Cümhuriyyətin prezidenti Rəcəb Tayib Ərdoğanın və ardınca baş bakanı Əhməd Davudoğlunun ilk olaraq Azərbaycana səfər etmələri bir daha söyləməyə əsas verir ki, istənilən qurum Azərbaycanımızı təkləyə bilməz.
İqtidarı antimillilikdə suçlayan Ə.Kərimlinin Türkiyə-Azərbaycan münasibətlərini saymazdan gəlməsi- qardaş Cümhuriyyətə barmaqarası münasibət sərgiləməsi onun özünün antimilliliyindən bir daha xəbər verir. Bunu uzun-uzadı subut etməyə ona görə ehtiyac duymuram ki, Ə.Elçibəyin zamanında Türkiyə ilə münasibətə böyük önəm verən AXCP-nin, Ə.Kərimlinin antimilli siyasəti nəticəsində həmin təşkilatın qardaş Cümhuriyyətlə əlaqələrinin heçə endiyini bilməyən qalmayıb. Mənə elə gəlir ki, AXCP üzvləri artıq Ə.Kərimliyə özünəməxsus sualı ünvanlamalıdılar; Türkiyə ilə münasibətlərə böyük önəm verən Azərbaycan iqtidarı, yoxsa AXCP-ni ermənipərəst Qərbin ağuşuna atmaq istəyən, türkçülükdən birdəfəlik imtina edən Ə.Kərimli antimillidir?
Ə.Kərimli ölkə iqtidarının Azərbaycanı dostlarsız, müttəfiqlərsiz qoymaqda ittiham etməyə çalışıb. Bu isə onu tanıyanlarda gülüş hissi doğurub. Belə ki, bir zamanlar lider partiyası olan, ətrafına onlarla təşkilatı toplayıb müttəfiqlik etməyi bacaran AXCP-nin Ə.Kərimlinin uğursuz siyasəti, məkri,eqoistliyi və təkəbbürü nəticəsində təkləndiyini görməmək siyasi korluqdan savayı nə adlana bilər?
Ə.Kərimlinin müraciətində bir abzasla azacıq da olsa razılaşmaq zorundayam. Çünki həmin abzasda bir az obyektivlik nümayiş etdirə bilib və etiraf edib ki, Azərbaycanda hər şey xalqın istəyi ilə həll oluna bilər: “Rejimə qarşı ən sərt sanksiya isə heç şübhəsiz ki, öz xalqımızdan gələcək. Hələlik əli-qolu, hətta ağzı belə bağlıdır. Amma xalqımız hər şeyi görür. Rejimin bütün etdiklərini dəftər-kitabına yazır. Bir gün bütün hesabları toplayıb rejimin qarşısına qoyacaq.”
Azərbaycan xalqının münasibəti son prezident seçkilərində bütün dünyaya aydın oldu. Xalq, sürətli iqtisadi inkişafa, böyük quruculuq işlərinə, sabitliyə, ardıcıl davam edən demokratik islahatlara və mübariz ordu quruculuğuna səs verdi. Ə.Kərimlinin rejim adlandırdığı sistem Azərbaycanda deyil, onun rəhbərlik etdiyi AXCP-də hökm sürür. Həmin təşkilatın Ə.Kərimlinin dirijor çubuğuyla idarə olunduğunu hətta digər müxalifət təşkilatları müşahidə etməkdədir.
Bəli, Azərbaycan xalqı baş verənləri görür və dəftər-kitabına yazır. Həmin dəftər-kitabda ardıcıl olaraq qeyd olunur ki, İlham Əliyev xalqını sevən və onun əmin-amanlıqda yaşamasına, maddi rifah vəziyyətinin yüksəlməsinə böyük ürəklə xidmət edən ən layiqli Prezidentdir. O, ölkədə kimsənin əl-qolunu, ağzını bağlamaq fikrindən uzaq olduğunu dəfələrlə bəyan edib. Ona hər kəs inanır, çünki ölkəmizdə insanların əli-qolu, ağzı bağlansaydı, həmin sırada birincilərdən AXCP sədri olmalıydı. Sən isə gördüyümüz kimi danışırsan və hətta yazırsan. Demək ağzın da bağlanmayıb, əl-qolun da. Təəssüf ki, danışdıqların da, yazdıqların da xaricilərin milyonları müqabilindədir və bir çox ermənipərəst ölkələrin xüsusi xidmət orqanlarının istəyi ilə baş tutur.
Sonda bir daha Ə.Kərimli ilə razılaşdığım digər məqamı xatırlatmaq istəyirəm. AXCP sədri xalqın hesab soruşacağı gündən söhbət açıb. Razılaşıram, həmin gün mütləq olacaq və Ə.Kərimli etdiyi xəyanətlərin hesabını xalqın tələbi olaraq alacağı cəza ilə ödəmək məcburiyyətindən xilas ola bilməyəcək.

Turan Türk

LEAVE A REPLY