“Həmin gün 2 saylı cəzaçəkmə müəssisəsinə hərbi qüvvə yeridilmişdi”

0
6

“Həmin gün 2 saylı cəzaçəkmə müəssisəsinə hərbi qüvvə yeridilmişdi”

Ramiz Tağıyev:“Vətənə xəyanətdə suçlandırılan biriləri barədə palaz-palaz yazılar yazanlar, Milli Azadlıq Mübarizəsinin fəallarından olmuş, bir neçə qəzetin və jurnalın yaradıcısını yada salmaq belə istəmirlər”

Son günlər ölkə gündəmi olduqca hərəkətlidir. Avqust ayı boyunca cəbhə bölgəsində olan gərginlik, bu müddətdə ölkə mediasının hadisəyə münasibəti, qardaş Türkiyə Cümhuriyyətində keçirilən seçkilər və son günlər baş verən həbslərə münasibət birmənalı deyil. Bütün bu məsələlər barəsində baş məsləhətçimiz, CANP-nın sədri Ramiz Tağıyevlə geniş söhbət apardıq. Oxucularımıza müsahibəni təqdim edirik.

(IV hissə)
(Əvvəli ötən saylarımızda)

-Tanınmışlardan daha kimlərlə görüşünüz olub?

-2 saylı cəzaçəkmə müəssisəsində İ.Ağazadə, İ.İbrahimli ilə 5-6 ay bir yerdə olduq. Müsavatçı Kənan Hacıəkbəroğluyla münasibətimiz qardaşlıq səviyyəsindəydi. Jurnalistlər-Şövqi Vaqifoğlu və “İdeal” qəzetinin baş redaktoru Nazim Quliyevlə çörək kəsmişik. Şövqi mənim üçün çox doğmadır. Həbsxana həyatı zamanı gənc olsa da, dözümlü və özünü qətiyyən sındırmayan yüksək əxlaqa malik məhkumlardan biri məhz Şövqi oldu. Elə orada da haqsız, ədalətsiz münasibətlər gördü.

-Məhkumlar tərəfindən?

-Əsla…Təəssüf ki, həmin müəssisənin rəhbərliyi 2005-ci ilin 18 fevralında müəyyən qatı cinayətkar qruplara qarşı sərgilədiyi sərt tədbirləri Şövqi və Nazimə də şamil etdi. Onlara ağır işkəncə verib, sonra Penitensiar Xidmətin Mərkəzi müalicəxanasına köçürmüşdülər. Həmin gün 2 saylı cəzaçəkmə müəssisəsinə hərbi qüvvə yeridilmişdi. Belə hadisə 5-10 ildə bir dəfə müşahidə edilsə də, bizim qismətimizdən yan keçmədi. Təbii ki, onlara qarşı edilmiş haqsızlığa göz yüma bilməzdim. Elə həmin gün müəssisəyə gələn səlahiyyətlilərə Şövqi və Nazimə qarşı edilmiş vəhşiliyin təfsilatını danışdım.

-Tədbir görüldümü?

-Düşünürəm ki, nəticəsiz qalmadı. Çünki müəssisənin bəzi əməkdaşları mənə yaxınlaşıb yalvarırdılar ki, gəl səninlə Şövqi və Nazim arasında telefon əlaqəsi yaradaq, onlardan xahiş et, bizdən şikayət etməsinlər.

-Telefon əlaqəsi yarada bildilərmi?

-Nazimlə danışdıq. Səhhətlərinin yaxşılaşdığını öyrəndikdə rahatlandım.

-Şikayət ərizəsi yazmışdılarmı?

-Şikayət etmək onların xarakterinə uyğun deyil. Qeyd etdim ki, Nazim və Şövqi dözümlü, əsil Türk kişisinə xas olan xarakterə malik oğullardır. Təəsüf ki, Nazim yenidən, özü də sərt cəzaya layiq görülüb. Düzdür, onun yazılarındaki bir çox ifadələri qəbul etməmişəm. Xüsusilə, qadınlar barədə yazdıqlarına daima irad tutmuşam. Tənzilə xanım Rüstəmxanlıya ünvanladığı yazı isə məni də təbdən çıxarmışdı. Ancaq Nazimi çətin günlərdə tanıdığımdan, bilirəm ki, Millətsevər, Vətənsevər, cəsarətli oğuldur. O, belə sərt cəzaya layiq deyil. Nazimə tətbiq edilən maddələrin onun əməlinə adekvat olduğuna qətiyyən inanmıram.

-Hansı maddələri nəzərdə tutursunuz?

-Xüsusilə, ona tətbiq edilən 182.2-ci (hədə-qorxu ilə tələb etmə), 221.1-ci (xuliqanlıq) və 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekusorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri inandırıcı deyil. Nazim xaraktercə hədsiz qürurlu insan olduğundan özünü sındırıb kimsədən pul tələb edə bilməzdi. Xuliqanlığı tamamilə ona yaraşdırmaq olmazdı. O ki qaldı narkotik və psixotrop maddələr məsələsinə, bu tamam absurd bir şeydi. Nazim belə işlərlə məşğul olanlarla həm cəzaçəkmə müəssisələrində olanda, həm də azadlıqda açıq mübarizə aparıb. Zaman-zaman həmin mövzuya müraciət edərək, narkobaronları ifşa etməyə çalışıb.

-Bəs nə üçün Nazimi müdafiə etmirsiniz?

-Haqlısınız. Yığılıb qalmış şəxsi problemlərimin çoxluğu üzündən Nazimi diqqətdən kənarda qoymağımı yaxşı hal hesab etmirəm. Onunla ən çətin günlərdə dostluğumuz olub, çörək kəsmişik. Ancaq bəzi KİV-lər kimi Nazimin həbs edilməsini sevinclə qarşılamamışıq. O, azadlıqda olanda barəsində bir cümlə yazmağa cəsarəti çatmayan qəzetlər, Nazimi qolu qandallı görən kimi ağızlarına gələni yazmağa başladılar. Bu da onların məlum sifətlərinə uyğun gəlir. Nazim qələmiylə, mövqeyiylə ölkə rəhbərlərini ən çox müdafiə edən jurnalistlərndən biri olub. Bu gün Vətənə xəyanətdə suçlandırılan biriləri barədə palaz-palaz yazılar yazanlar, Milli Azadlıq Mübarizəsinin fəallarından olmuş, bir neçə qəzetin və jurnalın yaradıcısını yada salmaq belə istəmirlər. Əksinə, onun həbs edilməsinə sevinclərini gizlətmirlər də. Nə deyəsən belə xislət sahiblərinə? İnanın ki, ağır cinayət törətmişlərdən savayı kimsənin bağlı qapı arxasına düşməsinə razı deyiləm. Bir söhbətlə islah oluna biləcək insanları uzun müddət azadlıqdan məhrum etmək nə fayda verəcək? İnanın ki, əks effekt verir. Əksəriyyət məruz qaldıqları ədalətsizliyə rəğmən, uzun müddət bununla barışa bilmir.

-Həbsxana həyatınızda ədalətsizliyə məruz qalanlarla çoxmu raslaşdınız?

-Təəssüf ki, belələri az deyil. Kürdəxanıda yerləşən BİT-də Zirəddin adlı əslən Tovuzlu bir kişi ilə tanış olmuşdum. Öz dərdimi unudub onun halına acıyırdım. Yaşı 50-ni ötmüş Zirəddin kişini avtoqəza hadisəsinə görə yeddi il altı ay həbs cəzasına məruz qoymuşdular ki, bu gün də cəzasını çəkməkdədir. Mən onun günahsız olduğuna tam əminəm.

-Şahidi olmadığınız hadisə barəsində necə belə əminliklə münasibət bildirirsiniz?

-Onun barəsində olan istintaq materiallarıyla ətraflı tanış olduqdan sonra belə qənaətə gəldim.

-Maraqlıdır…

-Həm də çox kədərlidir. Zirəddin kişinin mikroavtobusu varmış. Tovuz ərazisində hərəkət edib, öz kəndləri istiqamətinə dönən zaman arxadan gələn avtobus qayda-qanunu pozaraq onun avtomobilinə çırpıldıqdan sonra yoldan çıxıb, aşıb. Nəticədə həmin avtobusda olan, deyəsən 8 insan dünyasını dəyişib.

-Deyirsiniz ki, Zirəddin kişinin günahı yoxdur?

-Bunu tək mən demirəm. İstintaq materiallarından açıq-aydın görünür. Arxadan gələn avtobusun yüksək sürətlə hərəkət etməsi, yolun özünə aid olmayan hissəsinə keçməsi tam təsdiq olunub. Avtobusda olan şahidlər bunu ifadələrində göstəriblər.

-Həmin avtobusun sürücüsü cəzalandırılmayıb?

-10 il həbs cəzasına layiq görülüb. Onu da qeyd edim ki, həmin sürücü bundan öncə ağır qəza törədib 5 nəfər insanın ölümünə səbəbkar olduğundan uzun müddət həbsdə olub. Növbəti qəzanı törətdiyi zaman cəza müddəti bitməyibmiş. Yəni “komendatura” ərazisində olmalıydı. Üstəlik də sürücülük vəsiqəsi olmayıb. Cəza müddəti başa çatmadığından həmin vəsiqə ona qaytarılmayıb. Hadisənin şahidləri, qəza nəticəsində dünyasını dəyişmiş insanların yaxınları yalnız həmin sürücünün günahkar olduğunu ifadələriylə təsdiq etsələr də, Zirəddin kişinin sərt cəzay məruz qalması ürək ağrıdır. Axı hər kəsə aydındır ki, avtomobil qəzalarında yalnız bir tərəf günahkar olur.

-Ölkədə kifayət qədər Qeyri Hökumət təşkilatları (QHT) var ki, insanların hüquqlarını müdafiə etməklə məşğul olduqlarını bəyan edir. Nə üçün Zirəddin kişi kimi günahsız insanların pozulmuş hüquqları müdafiə olunmur?

-Yaxşı olar ki, bu sualı həmin QHT –lərə ünvanlayasınız. Bildiyim budur ki, onların əksəriyyəti alverlə məşğul olmağa üstünlük verir. Bir çoxlarının adını siyasi məhbus qoyub, onların müdafiəsindən qrant almaq üçün istifadə olunur. Digər günahsız məhkumlar ölkə vətəndaşı deyil? Söyləsinlər görək, bu günə qədər siyasətdən kənar bir insanın taleyilə maraqlanıblar? Ortada pul yoxdur axı…

-Söylədiniz ki, günahsız məhkumlar az deyil…

-Belələri az deyil. “Məşədi Dadaş” məscidinin sahibi Atamoğlan kişinin həbs edilməsinin motivini anlamaq çətindir.

-Onu nə üstündə həbs ediblər?

-“Kibinka” deyilən ərazidə əmisi oğlu ilə mübahisəli mülkləri olub. Atamoğlanın oğlu mübahisə zəminində atasının əmisi oğlunu qətlə yetirib və 15 il həbs cəzası alıb.

-Bəs, Atamoğlan kişinin suçu nədən ibrətdir?

-Guya qətlin sifarişini o verib. İnandırıcı görünmür. Dinli-imanlı, daima ibadətlə məşğul olan ağsaqqalın qətl sifarişi verdiyinə inanmaq çətindir. Hansı ata öz oğlunun 15 il cəza almasına razı ola bilər?Əlbəttə, oğlu cinayət törədib və layiq olduğu cəzanı alıb. Atasının həbs olunmasını düzgün hesab etmirəm.

-Onu da müdafiə edən yoxdur?

-QHT-lər qalsın bir yana, bu gün “Məşədi Dadaş” məscidinə sahib çıxanların nə üçün Atamoğlan kişinin taleyinə biganə qaldıqları düşündürücüdüür. “Məşədi Dadaş” məscidinin sosial şəbəkələr vasitəsilə müsəlman aləminə qarşı edilən hücumlara etiraz etməsinə şahidi olsam da, həmin məscidə ömrünün böyük hissəsini sərf etmiş Atamoğlan kişinin dərdinə şərik olmamaları qəbul edilən deyil. Nə bilim, bəlkə də onun həbs edilməsi onların mənafeyinə uyğun gəlib.

-Vəzifə sahiblərinin həbs olunması da zaman-zaman baş verir. Həbs olunmuş sabiqlərlə rastlaşmısınızmı?

-Səfər müəllim var, deyəsən maliyyə nazirinin müavini olub. Bir-iki dəfə görüşüb, dərdləşmişik. Məndə xoş təəssürat yaratmışdı. Elə insanları həbsxanada görmək istəməzdim. Daha çox isə Nəşriyyatın direktor müavini Qalib Məmmədbəylinin həbs edilməsinə təəssüfləndim.

-Onu nə üçün həbs ediblər?

-“Muray” MTK-nın işiylə bağlı həbs edilib. Onu bilirəm ki, Qalib bəyin həmin işlə əlaqəsi olmayıb. Bir mənzili bir neçə nəfərə satmış dələduzlar özlərini xilas etmək üçün Q.Məmmədbəylini şərləyiblər, kifayət qədər tanınmış, əlaqələri güclü olan Qalib bəyin yüksək səviyyədə müdafiə olunacağını və bunun sayəsində qurtula biləcəklərini düşünən dələduzlar növbəti dələduzluqlarını edib, onu aid olmadığı cinayət işinə cəlb etdirməyə nail olublar. Həbsxanadakı davranışlarından açıq-aydın hiss etmək olurdu ki, Q.Məmmədbəyli ədalətsizliyə məruz qalıb. Əlimdən nə gəlir ki, yalnız Allaha dua edə bilirəm ki, qapısını tez açsın.

-Kürdəxanıdakı İstintaq təcridxanasında gününüz necə keçirdi?

-Zamanımı boş keçirmədim. Əsas mütaliə etməklə təskinlik tapırdım. Maraqlı kitab olanda oxuyub qurtarmamış aralana bilmirdim. Gözlərim ağrıyırdı, üzümü soyuq su ilə yuyub, yenidən mütaliəmi davam etdirirdim. İdmanla məşğul olmağa da zaman ayırırdım. Orada şərait yaxşıdır. Hər “kamera”nın ayrıca gəzinti yeri var. Yalnız üstü açıq olan eyvandır. Uzunluğu 5-6 metr, eni isə təxminən 4 metrə yaxın olardı. Hər gün 1500-2000 dəfə eyvanın o baş, bu başına addımlayırdım. Qəzetlər vasitəsiylə ölkə və dünyada baş verənlərdən məlumat almaq imkanından mütəmadi istifadə edə bilirdim. Radioya qulaq asmaq imkanımız da var idi. Deyirlər ki, indi televizorlar da var. Cəzamın ədalətsiz olduğundan şikayətlənsəm də, saxlanma şəraitindən heç bir zaman narazı qalmamışam. Yenə qeyd edirəm, Penitensiar Xidmətin rəsisi Mədət Quliyev çox uğurlu kadrdır. Onun apardığı islahatların məhkumların şəraitinin yaxşılaşmasına yönəldiyinin şahidi oldum.

-Məlumdur ki, bu dəfə sizi Ciddi rejimli cəzaçəkmə müəssisəsinə “ezam” etmişdilər. Orda qatı cinayətkarların çoxluq təşkil etdiyi şübhəsizdir. Yola gedə bilirdinizmi?

-Kürdəxanıdan sonra 7 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərildim. Qatı cinayətkarlarla eyniləşdirilməyim əlbəttə, mənə çox ağır gəlirdi. Ancaq həmin cinayətkar aləm mənə böyük hörmətlə yanaşdı. Bəzən cəzaçəkmə müəssisəsində olduğumu unudurdum. Elə bilirdim ki, kiçik bir kənddəyik. Əslində oranı kiçik ölkə də adlandırmaq olar. Çünki ölkənin hər bölgəsindən “nümayəndə”lər var. Ara-sıra dava-dalaş baş versə də, çox zaman əmin amanlıq, mehribanlıq hökm sürür. Təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyəm ki, məni cəzaçəkmə müəssisəsinin ağsaqqalı kimi qəbul etmişdilər. Orda kifayət qədər əxlaqlı, gününü oxuyub, öyrənməyə sərf edən məhkumlar var. Elələri var ki, məhkumluq müddətində bir neçə xarici dil öyrənib. Sağlamlıqlarını qoruyan, idmanla müntəzəm məşğul olan insanlar da az deyil. Qaydasız döyüş üzrə dəfələrlə Respublika və Avropa çempionu olmuş Yasəf Mehdiyevin sayəsində idmana meyl edənlər xeyli çoxalmışdı.

-Azadlığa çıxdıqdan sonra orada tanış olduqlarınızla əlaqəniz olurmu?

-Əlbəttə. Çoxları ailə qurur, yeni həyata başladıqca sevinirəm. Toylarına dəvət etdikdə məmnuniyyətlə iştirak edirəm. Elə bu yaxınlarda uzunmüddətli cəza çəkmiş Mahmudun və İmişli rayonunda Bilovhərin toyunda iştirak etmişəm. Hər ikisinin cəmiyyətimiz üçün yararlı insanlar olacağına qətiyyən şübhə etmirəm. Gənclik, təcrübəsizlik üzündən həbsxana həyatı yaşayanların hamısının islah olunacağına inanmaq istəyirəm.

-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəcib bir təşəbbüslə çıxış edib. Belə ki, azadlığa çıxmış məhkumlar üçün adaptasiya mərkəzi yaradılacağı nəzərdə tutulub. Sizcə, həmin adaptasiya mərkəzləri azadlığa çıxmış məhkumların gələcək həyatına təsir göstərə biləcəkmi?

Ardı var…
Nicat Sadiq

http://milletim.info/index.php?newsid=551

http://milletim.info/index.php?newsid=502

http://milletim.info/index.php?newsid=476

LEAVE A REPLY