“Aliyə”dən illər sonra maraqlı açıqlamalar…
Məşhur “Aliyə” serialı ilə karyerasının zirvəsinə yüksələn və qəfil qərarla Amerikaya köçən türkiyəli aktrisa Sənəm Çəlik yenidən kino aləminə qayıdıb.
İllər sonra Dərviş Zaimin rejissorluğu ilə ərsəyə gələn “Balıq” filmi ilə çəkiliş meydançasına dönən Sənəm bir çox məsələlərə aydınlıq gətirib. O məhz həmin film üçün Amerikadan Türkiyəyə getdiyini bildirib:
“Başqa dildən, mədəniyyətdən yenidən öz ölkəmə qayıtdım. Uzun müddətdir kameralar qarşısında olmadığıma görə çox həyəcanlı idim. Dərviş bəyin təklifini alanda “yox” deməyəcəyim bir ssenari olacağına əmin idim. Özümü bir anlıq Filiz rolunun içində tapdım”.
“Aliyə” serialından sonra şöhrətinizin ən pik nöqtəsində hər şeyi yarıda qoyub Amerikaya getdiniz. Səbəb nə idi” sualına aktrisanın cavabı belə olub:
“Heç nəyi tərk edib, heç yerə getmədim. Amerikaya ona görə köçdüm ki, məni dünya gözləyirdi. Hələ də gəzəcəyim çox yer var. Bir otağın pəncərəsindən baxıb yenilənmək, öyrənmək mümkün deyil. Özümüzü yeniləməsək, inkişaf edə bilmərik. Mən dünyaya yerimdə saymaq üçün gəlməmişəm. Xəyal qurdum, plan hazırladım və reallaşdırdım. Əmək sərf etmədən heç nə alınmır. Ümid edirəm ki, bu seçimimlə heç kimin xətrinə dəyməmişəm”.
Sinəm Çəlik bununla yanaşı, aktrisalıq sənətindən ötrü çox darıxdığını etiraf edib:
“Bir qədər kaprizliyəm, düzdür. Aktrisalıq özümü ifadə edə biləcəyim peşədir. Buna görə, bu sənətdən bir qədər uzaq dayanıram. Amma aktrisalığın həsrətini elə çəkirəm ki… Tamaşaçım məni başa düşür. Mən bu peşəyə çox istəmədiyimdən deyil, əksinə, pərəstiş etdiyimdən yaxın durmuram. Gələn film təkliflərini isə, hansında izləyicinin qarşısında alnıaçıq dayana biləcəyəmsə, onu seçirəm”.