Elnur Eltürk
Düşmən bizi öz əlimizlə vurmağa çalışır
Cəmiyyətdə hər kəsin öz siyasi əqidəsi və tutduğu yol var. Amma siyasi əqidəsini pula satmaq və nələrəsə qurban verməyə heç bir ad tapmaq olmur. Müxalifətçilik mövqeyində durmaq vətən satmaq deyil, əsas odur ki, müxalifətçilik adı altında vətəni satmayasan. Yox, əgər kimsə vətən və millət məsələsində milli maraqları bir kənara qoyub, millətini istəməyən qüvvələrin yanında yer alırsa, o, bizdən deyil və onun mənsub olduğu millətin soyadını daşımağının heç bir önəm və əhəmiyyəti yoxdur. Biz istiqlalımızı və azadlığımızı ona görə qazanmadıq ki, hansısa qüvvələrin marağına qurban verək.
Xüsusilə, geopolitik dəngələrin dəyişdiyi bir vaxtda Azərbaycanın tutduğu siyasi kurs bir sıra qüvvələri narahat edir. Azərbaycanın mövqeyinin artdığı bir zamanda ölkəmizi istəməyən qüvvələrin də sayı artır. Belə olan halda, ehtiyatlı olmalı və ölkəmiz əleyhinə yönəlik təzyiqlərin qarşısının alınmasına çalışmalıyıq. Təxribatçı qüvvələrin oyununa getməməliyik. Təəssüf ki, bu prosesdə düşmənlərimiz bizi öz əlimizlə vurmağa çalışır və bəzi hüquq müdafiəçiləri və s. adı altında öz istəklərinin realizə olunmasına çalışırlar. Bəzi insanlar bunu anlamır ki, özləri bu qüvvələrin əlində alətdirlər və zaman keçdikdən sonra istifadə olunmuş alət kimi kənara atılacaqlar… Yeni müstəqilliyini qazanmış dövlətlərdə demokratiya və insan hüquqları ilə bağlı problemlər olur. Bunu da əsas götürüb düşmən mövqeyində durmağın heç bir əsası yoxdur.
Arzu Qeybullayevanı “Aqos”a gətirən səbəblər
Türkiyənin keçmiş baş naziri Rəcəb Tayyib Ərdoğanın Avrasiya məsələləri üzrə müşaviri olmuş mərhum Qeybulla Qeybullayevin qızı Arzu Qeybullayeva Türkiyədə ermənilərin əsas tribunası olan “Aqos” qəzetində Azərbaycan əleyhinə məqalələr yazır. Guya bunu özünün dünya görüşü əsaslandırır. Özü bunu necə əsaslandırır, bu, onun şəxsi işidir. Hesab edirəm ki, onun bu addımının bircə adı var: düşmən dəyirmanına su tökmək və vətənin əleyhinə olanlarla işbirliyində bir sıra durmaq. Hələ üç il öncə bu xanımın adı “Ərəb baharı” prosesində – 2011-ci ildə Bakıda aprel mitinqlərinin təşkil olunmasında çəkilirdi. Guya “Ərəb baharı”nın ölkəmizə gəlib çatdığını əsaslandırmağa çalışırdılar və hadisələrin ölkəmizə hansı “xeyirlər” gətirəcəyi ilə bağlı təbliğat aparırdılar. İnqilabın nələrə gətirib çıxartdığı ortadadır: Bircə onu qeyd edə bilərik ki, “Ərəb baharı”nın “uğurlu” nəticəsi ərəb xalqının zəlil günə qalması ilə sonuclandı və hələ bundan sonra da ərəblər bunun altından çıxa bilməyəcəklər. Elə cəmiyyətlər var ki, inqilabi proses onları yüz illərlə geri çəkir. Uzun illər əldə olunmuş uğurları sıradan çıxarır. Bu barədə çox yazmaq olar. Keçək əsas mətləbə. “Xalq diplomatiyası”nın dəstəkçisi və “Aqos”da çalışmaqla özünü liberalçı kimi təqdim edən bu xanım qəzetdə ona heç bir problem olmadığını bildirir. Təbii ki, onun ortaya qoyduğu fikir və düşüncələr özünün şəxsi yanaşmasıdır, baxışıdır. Amma bu baxışın xalqımıza heç bir faydası və xeyri yoxdur. Təəssüf edirsən ki, bu cür istedadlı insan öz intellektini bizi istəməyən qüvvələrin marağına sərf edir. Olmaz ki, qələmə aldığı məqalələrində Qarabağ və Xocalı məsələsini gündəmə gətirsin?! Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini ortaya qoysun?! Xarici mediada bununla bağlı çıxışlar etsin?! Təbii ki, bu, ona sərf etmir. Çünki bununla hansısa qrant layihələrində yer almaq qeyri-mümkündür. Üstəlik, tapşırıq aldığı qüvvələrin xoşuna gəlməyəcək. Elə insanlar tanıyıram ki, illərlə siyasi əqidələrini dəyişmirlər və onlar heç bir zaman ölkəmizi istəməyən qüvvələrin yanında yer almırlar. Bu, gerçək vətəndaşlıq yanaşmasıdır.