Dilənçilik peşədirmi?

0
4

Lalə Ramizqızı

Dilənçilik peşədirmi?

Hər sabah eyni məkanlarda dilənçilərlə qarşılaşmalı oluruq. Hərəkət etdiyimiz səkilərin üstündə əyləşmiş dilənçiləri görəndə halına acıyır, imkanımız daxilində yardım əli uzatmağa çalışırıq. Son günlər onların sayı xeyli artıb. Həmin sıraya azyaşlı övladlarının əlindən tutub, digər əlləriylə imdad diləyən bəzi gənc atalar da qoşulub.
Fiziki görkəmləri sağlam görünən ataların nə üçün bu yola düşdüklərini soruşduqda, “iş yoxdur, ailəmi saxlaya bilmirəm” cavabını birnəfəsə söyləyirlər. İnandırıcıdırmı? Əlbəttə, yox! Axı, hər yerdə elanlar vurulub ki, həmin elanların məzmunu işçi aramaqdan ibarətdir.
Bu azmış kimi, gənc qızların, cavan gəlinlərin də əl açıb diləndiklərinin hər gün şahidiyik. Geyimlərindən ehtiyacı olanlara bənzəməsələr də, dilənirlər. Çayxanalarda, kafelərdə onların əlindən dinclik tapmayanlar, şikayət edir, onların qarşısını kimlərinsə kəsəcəyi barədə soruşurlar. Doğrudan da, dilənçiliklə mübarizə aparmaq, onun qarşısını almaq vacib məsələdir. Axı paytaxtımız hər gün beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib.
Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov xoşməramlı təklif irəli sürüb. Tezliklə həbsdən azad olunanlar üçün adartasiya mərkəzi yaradıla bilər. Həqiqətən, çox önəmli məsələdir. Sirr deyil ki, keçmiş məhkumlar azadlığa çıxır, iş arayır, istəyinə nail ola bilmədikdə yenidən cinayət əməli törədirlər. Cəmiyyətimiz belə hallarla dəfələrlə üzləşdiyindən, cənab S.Müslümovun irəli sürdüyü təşəbbüsün tam zamanı olduğuna kimsə şübhə edə bilməz.
Düşünürəm ki, dilənçilərlə bağlı təşəbbüsə də zəruri ehtiyac duyulur. Dilənçiliyin qarşısı mütləq alınmalıdır, yoxsa şəhərimizə gələn saysız-hesbsız qonağa bunun səbəbini izah etməkdə çətinlik çəkəcəyik.
Əl açıb dilənən cavan gəlinə “nə üçün dilənirsən?” sualını verdikdə, cavabından heyrətlənməli oldum. Utanıb-qızarmadan “adətimizdir” deyə, dişlərini ağartdı. İndi nə etməliyik? Kimlərinsə “adət”inə görə gələn qonaqların qarşısında başımızı aşağı dikməliyik?
Sözsüz ki, zəruri ehtiyacları üzündən əl açıb, imdad diləyənlər də var. “Əhmədli” metrostansiyasının yaxınlığında yerdə sürünərək, iki ayağı dizdən yuxarı kəsilmiş ortayaşlı kişiyə məndə yardım əli uzatmağa çalışıram. Ancaq belə olmaz…Əsaslı tədbirlər mütləq görülməlidir. Dilənçiliyi peşə etmək istəyənlərin sayı “yağışdan sonrakı göbələklər” kimi hər gün artmaqdadır.
Təbii ki, ölkə rəhbərliyi bütün bunlardan xəbərdar deyil. Bəs rayon rəhbərləri, onların tabeliyində çalışan saysız-hesabsız məmurlar hara baxır? Küçənin başından axırına qədər səkilərdə əyləşib, gedən-gələnə əl açan dilənçiləri görməmək mümkündürmü?
Bəlkə də, bu mövzuya toxunmazdım, ancaq rastlaşdığım bir məqam mövqeyimi açıqlamağa şərait yaratdı. Hər gün keçdiyim bir küçədə orta yaşlı, siması nurlu qadının dilənçilik etdiyini görürdüm. Abır-həyasını gözləyir, bir kəlmə belə olsun danışmır, sadəcə olaraq əlini azacıq önə uzadıb, diləndiyini biruzə verməyə çalışırdı. Zaman-zaman məndə yardım etməyə cəhd göstərirdim. Çox keçmədi ki, yaxınlarımızdan biri çalışdığı ofisdə xadiməyə ehtiyac duyulduğunu söylədi. Sevincək həmin qadını tapıb, ona yaxşı maaşla xadiməlik işi tapdığımı xəbər verdim. Qaşqabağını sallayıb, əsəbi şəkildə “mən xadimə işləyənəm” cavabını verdi. Pərtliyimi birtəhər gizlədib, geri döndüm. Bundan sonra bir daha həmin qadına yardım etməyəcəyimə qərar verdim. Təəssüf ki, belələri saysız-hesabsızdır. Əl açıb dilənməyi peşə edənlərin sayı hər gün artdığından, qeyd etdiyim kimi rəsmi təşkilatlar tərəfindən təcilli tədbir görülməsi, günün vacib məsələsi olmalıdır. Düşünürəm ki, “peşəkar” dilənçilər üçün də adoptasiya mərkəzi yaradılsa, onların bəhanələrinin qarşısı biryolluq alına bilər. Həmin mərkəzlərdə saxlanılarkən, sənət öyrədilər və az sonra öyrəndikləri peşə üzrə müxtəlif müəssisələrdə işlə təmin oluna bilərlər.
Etiraf etməliyik, ali təhsilli mütəxəssislər üçün iş tapmaq çətin olsa da, müxtəlif sənət və peşə sahiblərinin iş tapa bilməsi problemsizdir. Təki arzu və istək olsun.

LEAVE A REPLY