“Bandotdel”in təcridxanasında saxlanma şəraiti dəhşətli dərəcədə pis idi”

0
7

“Bandotdel”in təcridxanasında saxlanma şəraiti dəhşətli dərəcədə pis idi”

Ramiz Tağıyev: “Heydər Əliyev ABŞ-da səfərdə olduğundan həbs olunmağımdan gec xəbər tutmuşdu. Məlumat alan kimi, dərhal azad olunmağım barədə göstəriş vermişdi”

Son günlər ölkə gündəmi olduqca hərəkətlidir. Avqust ayı boyunca cəbhə bölgəsində olan gərginlik, bu müddətdə ölkə mediasının hadisəyə münasibəti, qardaş Türkiyə Cümhuriyyətində keçirilən seçkilər və son günlər baş verən həbslərə münasibət birmənalı deyil. Bütün bu məsələlər barəsində baş məsləhətçimiz, CANP-nın sədri Ramiz Tağıyevlə geniş söhbət apardıq. Oxucularımıza müsahibəni təqdim edirik.

(III hissə)

-AXCP adından istifadə edən başqa təşkilatlar da var. Onlara münasibətiniz necədir?

-Yəqin ki, AXC adını nəzərdə tutursunuz?

-Tamamilə doğrudur…

-Mənim KXCP-də xeyli dostum var, Mirmahmud bəyə də münasibətim daima yaxşı olub. Ancaq təşkilatın adını hələ də qəbul edə bilmirəm. Klassik Xalq Cəbhəsi… Belə adla bir çox partiyanın, təşkilatların birləşdiyi qurumu adlandırmaq daha düzgün olardı. Dünyada həmin formatda cəbhələr zaman-zaman olub. Ancaq bir partiyanın özünü klassik adlandırması, məncə düz alınmayıb.

-Bütöv Azərbacyan Xalq Cəbhəsi də var…

-BAXCP AXC-nin qanuni varisi sayılmağı haqq edən təşkilatdır. Orada Milli Azadlıq Hərəkatının nüfuzlu isimləri daha çoxdur.

-Kimlər var ki?

-Qüdrət Həsənquliyev, Telman Siyabov, Bünyamin Qəribli, Zöhrab Abdullayev, Elçin Mirzəbəyli, Mikayıl bəy… Bu sıranı daha uzatmaq mümkün olsa da, məncə yetərlidir. Çalışdım ki, xüsusi xidmətləri olanları xatırladım. Digər tərəfdən, BAXCP özünü daha çox AXC-nin varisi hesab etməyi haqq edir ki, AXC-nin bitirə bilmədiyi işi öz öhdəsinə götürüb. Bilirsiniz ki, AXC Azərbaycanın müstəqilliyinə nail olmaq və ikiyə parçalanmış Azərbaycanı birləşdirmək missiyasını öz üzərinə götürmüşdü. Kimlərinsə inkar etməsinə baxmayaraq, AXC Azərbaycanın müstəqilliyi uğrunda şərəfli mübarizə yolu keçib və həmin missiyanı ləyaqətlə yerinə yetirə bildi.
Adından göründüyü kimi Azərbaycanı bütövləşdirmək missiyasını BAXCP öz üzərinə götürüb. İndi, siz mənə söyləyin, AXC-nin varisi hansı təşkilatı hesab etmək olar? Diqqət yetirsəniz daha aydın görərsiniz ki, AXCP ancaq ölkədə çaxnaşmalar yaratmağa cəhd edir, bu isə Azərbaycanı növbəti parçalanmaya çəkməkdir. BAXCP daha milli ruhlu təşkilat olduğu üçün mənə doğma görünür. BAXCP sədri Q.Həsənquliyevin daima həbs olunmuş Milli Azadlıq Hərəkatının nümayəndələrinin azadlığa qovuşması uğrunda səylər göstərməsini diqqətdən qaçırmaq olarmı? Nemət Pənahlının, Sərdar Əlibəylinin, Əvəz Zeynllının və hətta Qurban Məmmədovun azadlığa qovuşması üçün çalışdığından kifayət qədər məlumatlıyam. Mənim və eləcə də Milli Azadlıq Hərəkatının tanınmış simalarından olan Fərəməz Allahverdiyevin azadlığa çıxmağımızda Qüdrət bəyin rolu az olmayıb. Keçmiş AXC fəallarını daima diqqətdə saxlaması da Q.Həsənquliyevin AXC-nin həqiqi varisi sayılan BAXCP-nin nüfuzuna əlavə dividentlər qazandırır. Bu, mənim şəxsi qənaətimdir-BAXCP AXC-nin varisi və layiqli davamçısıdır.

-Ramiz bəy, söhbət həbslərdən düşmüşkən, nədən həbsxana həyatınız barədə danışmağı xoşlamırsınız və ya yazılarınızda həmin mövzuya toxunmursunuz?

-Siz nə zaman maraqlandınız ki, mən cavab verməkdən boyun qaçırdım? Sizi hansı həbsxanadakı həyatım maraqlandırır? Axı, mən demək olar ki, bütün istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində olmuşam.(gülür)

-Maraqlıdır… Sirr deyilsə, haralarda olmusunuz?

-(Gülür) Çoxları istirahət məkanlarında, xarici ölkələrdə olmalarıyla fəxr edir, deyirsiniz ki, məndə olduğum “istirahət” məkanlarından söhbət açım…

-Mümkünsə… Mənim üçün, həm də oxucularımız üçün maraqlı olar.

-İlk olaraq Mütəşəkkil Cinayətkarlığa Qarşı İdarənin, jurnalistlərin “Bandotdel” adlandırdıqları məkanın təcridxanasının “qonağı” olmuşam. Bu, 1994-cü ildə baş verib. Şükür ki, çox saxlanılmadım. Heydər Əliyev ABŞ-da səfərdə olduğundan həbs olunmağımdan gec xəbər tutmuşdu. Məlumat alan kimi, dərhal azad olunmağım barədə göstəriş vermişdi. Həmin illərdə “Bandotdel”in təcridxanasında saxlanma şəraiti dəhşətli dərəcədə pis idi.

-Yəqin ki, işkəncə verirdilər?

-Birmənalı olaraq bildirirəm ki, həm orada, həm də sonradan həbs olunduğum zaman saxlanıldığım istintaq təcridxanalarında hörmət görmüşəm və heç bir formada işkəncəyə məruz qalmamışam.

-Bəs, digər müxalifət nümayəndələri həbs olunan kimi işkəncəyə məruz qaldıqlarını bəyan edirlər…

-Bilirsiniz ki, siyasi şoular yaratmağın əleyhinəyəm və olmayan bir şeyləri yaymaqla, kimlərdənsə qisas almaq fikrindən də çox uzağam.

-Elə bu yaxınlarda Leyla Yunus işkəncəyə məruz qaldığını bəyan edib…

-Təbii ki, mən L.Yunus kimi artistlik edə bilmərəm. Onun yalan bəyanatlarına Cəmil Həsənli kimi Azərbaycan həbsxanalarının indiki durumundan bixəbərlər inana bilər.

-Nemət Pənahlı da şikayət edirdi?

-Nemət bəy 17 saylı cəzaçəkmə müəssisəsində baş verən qanunsuzluqlardan söhbər açıb. Etiraf etmək lazımdır ki, cəzaçəkmə müəssisələrində bir çox çatışmazlıqlar var. Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında təqsirləndirilən şəxslər üçün,mən deyərdim ki, ideal şərait yaradılıb. Orada saxlanılan şəxslərin şikayətinə İstintaq Təcridxanasının rəhbərliyi tərəfindən dərhal reaksiya verilir.

-Bildiyimizə görə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında da saxlanılmısınız. Orada vəziyyət necə idi. İşkəncələrin şahidi olmamısınızmı?

-MTN-nin İstintaq Təcridxanası digərlərindən kəskin fərqlənir. Orada bir ildən artıq “qonaq” olmuşam. Bu, 2003-04-cü illərdə olub. Həmin təcridxanada qayda-qanun hökm sürürdü. Saxlanıldığım zaman təcridxananın rəisi İsfəndiyar adlı istefada olan MTN polkovniki idi. Mən indi də ona rəhmət söyləyirəm. Yüksək əxlaqlı, qayda-qanunu sevən insana hörmət bəsləyirdim. Onun rəhbərlik etdiyi dövrdə təcridxanada işkəncədən söhbət gedə bilməzdi. Səliqə-səhman var idi. Sadəcə olaraq dünyadan xəbərin olmur.

-Qəzet almırdınız?

-Alırdım. Həftədə bir dəfə evdən sovqat gətirilirdi. Qəzetləri də məhdudiyyətsiz alırdım. Onu demək istəyirəm ki, yanaşı “kamera”da kimlərin ola bilməsindən xəbərsiz olursan. Bir sözlə, MTN-nin İstintaq Təcridxanasında hörmət görmüşəm, bunu inkar edə bilmərəm. Xəstələnmişdim, rəis tanınmış həkimləri təcridxanaya dəvət edib, lazım olan bütün tibbi yardımların göstərilməsini təmin etdi. Heç yadımdan çıxmaz, rəhmətlik İsfəndiyar müəllim hər bayram saxlanıldığım “kamera”ya gəlib, bayram münasibətilə məni təbrik edər, “sən buralıq insan deyilsən, Allah qapını tez açsın” deyərdi. Bir neçə dəfə evində plov bişitdirib, mənə gətirmişdi. Həmin anlarda edilən yaxşılıqları unutmaq olarmı?

-Yenə sual doğur, axı bir çox siyasilər MTN-nin istintaq təcridxanasında qorxulu anlar yaşadıqlarını söyləyirlər…

-Mən orada qorxulu heç nə görmədim. Nə bilim, bəlkə məndə qorxu hissi yoxdur. (gülür) Mən təkrar söyləyirəm, siyasi şouları heç sevmədim. MTN-nin İstintaq Təcridxanasında xoşlamadığım darıxdırıcı şərait və bir də saxlandığım uzun müddətdə yalnız bir dəfə yaxınlarımla görüş verilməsi oldu. Təbii ki, görüş istintaq orqanının razılığı ilə baş tuta bilər.

-Bayıl türməsində də olmusunuz?

-Təxminən bir ilə yaxın orda saxlanılmışam. Yaxşı ki, “Bayıl” türməsini zamanında görə bildim, yoxsa söküldüyündən görə biıməyəcəkdim. (gülür). Saxlanma şəraiti çox pis olsa da, maraqlı məkan idi. Peşəkar cinayətkarlar “Bayıl” türməsinə təkrarən bir neçə dəfə düşmələrinə belə haqq qazandırırdılar: “Bayıl”ın suyu şirindir, adamı təkrar bura çəkir”. Kaş Kürdəxanıdakı yeni İstintaq Təcridxanasının suyu şirin olmaya. Yoxsa şirin su məni birdə çəkib Kürdəxanıya aparar.

-Bir daha həbs olunmaqdan qorxursunuz?

-Qorxu hissini çoxdan itirmişəm. Ancaq nə üçün həbs olunmalıyam? Guya indiyə qədər həbs olunmağımın hansısa əsası vardı? Oldu, keçdi, bitdi və getdi. Gələcəkdə nə olacağını söyləyə bilmərəm. O qədər təsadüflər olur ki…

-Ruhdan düşmək lazım deyil. Bir çoxları həbsdən çıxan kimi Milli Məclisdə fəaliyyətə başladılar. Sizdə Millət vəkili olmağı arzulamırsınız?

-Kim deyir ki, ruhdan düşmüşəm? Mənə elə gəlir ki, işləmək, xalqa xidmət etmək üçün ömrümün ən yaxşı çağını yaşayıram. Həmin imkanlardan məhrum edilsəm də, çalışıram millətim, dövlətim naminə əlimdən gələni edim. Ancaq xahiş edirəm, həbsxanadan birbaşa parlamentə gedənlərlə məni müqayisə etməyin. Onların “istedadı” məndə yoxdur.

-Qayıdaq, həbsxana və cəzaçəkmə mövzusuna. Daha haraların “qonağı” olmusunuz?

-Qeyd etdim ki, Bayıldan sonra Kürdəxanı İstintaq Təcridxanasında olmuşam. Bəzilərinin şikayətlənməsinə inanmayın, 1 saylı istintaq təcridxanası 3 ulduzlu otel kimidir. Etiraf edim ki, Mədət Quliyev Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi təyin edildikdən sonra həmin sistemdə ciddi islahatlar aparılıb. 1 saylı BİT tamamilə Avropa standartlarına uyğun gəlir. L.Yunusu niyə razı salmayıb, onu bilmirəm. (gülür). Allah onun da qapısını açsın, yaşlı qadındır, mənə elə gəlir nəzərə alarlar. Yaxşı ki, onlara Bayıl türməsinin his-pasağını, bit-birəsini görmək nəsib olmayıb. Gör, onda nələrdən şikayətlənəcəkdilər.

-İstintaq Təcridxanalarında tanınmış məhbuslarla görüşə bilirdinizmi?

-MTN-nin İstintaq Təcridxanasında qeyd etdiyim kimi, kimsəylə görüşmək imkanın olmur. Vəkilin yanına da elə aparıb-gətirirlər ki, heç kəslə rastlaşa bilməzsən. “Bayıl” türməsində vəziyyət fərqli idi. Görüş otağına aparılanda çoxlarıyla salamlaşmaq imkanımız olurdu. Orada Pənah Hüseyn, İqbal Ağazadə, Rauf Arifoğlu, İbrahim İbrahimli, Sərdar Cəlaloğlu və 2003-cü il oktyabr hadisələrində həbs edilmiş digərləriylə tez-tez rastlaşırdıq.

-İndi onlarla küsülüsünüz deyəsən?

-Kişi olan bəndə küsməz. Hə, onların bir çoxu mısmırıqlı görünür. Arif Hacılıyla Kürdəxanı türməsində yenidən görüşməli olduq. Çox səmimi görüşdük. Siyasəti şəxsi münasibətlərə çevirənlərdən zəhləm gedir. Birdə görürsən biri iqtidar nümayəndəsinin, digəri müxalifətin yas mərasiminə getmir. Səbəb kimi isə fərqli siyasi baxışlar göstərilir. Ayıb deyilmi, hansı əsrdə yaşadığımızı unuduruq.

-Tanınmışlardan daha kimlərlə görüşünüz olub?

Ardı var…
Nicat Sadiq

http://milletim.info/index.php?newsid=502

http://milletim.info/index.php?newsid=476

LEAVE A REPLY