Ənənəvi müxalifət toparlana biləcəkmi?

0
5

Ənənəvi müxalifət toparlana biləcəkmi?
Tural Abbaslı Müsavatla AXCP-ni birləşdirir?

Ənənəvi müxalifət son illərin ən çətin dövrünü yaşamaqdadır. Necə deyərlər, “olum və ya qalım” mübarizəsi gedir. Belə ki, müxalifət partiyalarının bu günə qədər yaratdığı qurumlar özünü doğrulda bilməyib. Çünki həmin qurumlar qarşılıqlı səmimiyyət üzərində qurula bilməmişdi. Müxalifət partiyalarının və bir sıra Qeyri Hökümət Təşkilatlarının (QHT) 2013-cü il prezident seçkilərindən öncə toplandıqları “Milli Şura” demək olar ki, fəaliyyətini başa vurub. Həmin qurumun yalnız pafoslu bəyənatlar verməklə kifayətləndiyini görmək bir o qədər çətin deyil.
“Milli Şura”nın uğursuzluğa məruz qaldığını müəyyən edib, yollarını ayırmış Müsavat partiyasında da durum fərqli deyil. Yalnız qurultay “oyunu” ilə hələlik gündəmdə qalmağa çalışan İsa Qəmbərin Müsavatı başqanın nəzarətindən çıxmış kimi görünür.
Müsavatın sentyabrın 27-də keçirmək istədiyi qurultayın sakit keçməyəcəyini proqnozlaşdırmaq siyasi ekspertlər üçün problem yaratmır. Başqanlığa iddialı olan 4 namizəd arasında barışmazlıq hökm sürür ki, qurultaydan sonra barışıq əldə etmək mümkün olmayacaq.
Başqanlığa namizədlərin sırasında favorit sayılan Arif Hacılının başqan seçiləcəyi təqdirdə digər 3 namizədin onunla birgə fəaliyyətlərini davam etdirə biləcəkləri inandırıcı görünmür. Bu daha çox tanınmış iqtisadçı Qubad İbadoğlu və radikal baxışlarıyla seçilən digər namizəd Səxavət Əlisoya aid edilə bilər. Əsasən, gənclərdən dəstək gözləyən Tural Abbaslının bəyənatlarından görünən odur ki, o, daha çox barışığın tərəfdarıdır.
T.Abbaslı hətta başqan seçiləcəyi təqdirdə AXCP ilə birləşməyin tərəfdarı olduğunu gizlətməyib. Onun belə açıqlaması Müsavatda birmənalı qarşılanmadığından, rəqibləri T.Abbaslını AXCP sədri Əli Kərimlinin partiyadakı emissarı kimi təqdim etməyə başlayıblar. Burada müəyyən qədər həqiqətin olduğunu AXCP-dən sızan informasiyalar təsdiq etməkdədir. Aldığımız məlumat T.Abbaslının son zamanlar AXCP sədri ilə dəfələrlə gizli görüşlər keçirdiyini təsdiq edir. Ə.Kərimlinin daima gəncləri öz təsiri altına salmağa üstünlük verdiyini nəzərə alsaq, məlumatın doğruluğu qənaətinə gəlmək olar.
S.Əlisoyun yeni yaranmış Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə isti münasibətləri olması da Müsavat partiyasında geniş müzakirə mövzusuna çevrilib. Bir çox müsavatçı S.Əlisoyun başqanlıq kürsüsünə əyləşdiyi zaman S.Əkbərin rəhbərlik etdiyi təşkilatla birləşməyə gedəcəyini istisna etmir. Belə ki, son günlər mətbuata açıqlama verən S.Əkbər Müsavatdakı durumdan narahat olduğunu qeyd edib.

Əli Kərimli “bataqlıq”dan çıxa biləcəkmi?

AXCP-də vəziyyət daha mürəkkəb olaraq qalmaqdadır. Ekstremal vəziyyətlərdə başını daima itirən AXCP sədri Əli Kərimli işini yalnız “facebook”da müraciətlər ünvanlamaqla bitmiş hesab edir. Həmin müraciətlərin əksəriyyəti daha çox özünü müdafiə xarakteri daşıyır ki, AXCP sədri şəxsi durumunun qənaətbəxş olmadığını anlamamış deyil. Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunusun həbs edilməsindən sonra ciddi sarsıntı keçirdiyi söylənilən Ə.Kərimlinin maliyyə fırıldaqlarının aşkarlanacağı təqdirdə həm beynəlxalq təşkilatlar, həmdə ki, öz partiyadaşları tərəfindən ciddi qınaq obyektinə çevrilməkdən ehtiyat etməsi şübhəsizdir. Sirr deyil ki, Ə.Kərimli əsasən L.Yunus tərəfindən maliyyələşdirilib. Həmin maliyyə vəsaitlərinin bir sıra beynəlxalq təşkilatlar tərəfindən qrant adıyla verildiyini nəzərə alsaq, həmin təşkilatlar AXCP sədrinin ayrılmış qrantları siyasi məqsədlər üçün deyil, şəxsi məqsədlərinə istifadə etdiyini nəzərə alıb, ona dəstək verməkdən birdəfəlik imtina edəcəklər. Təbii ki, bu da AXCP sədrinin siyasi süqutuna səbəb ola bilər. Çünki Ə.Kərimli aldığı vəsaitin cüzi bir hissəsini “Azadlıq” qəzeti və digər KİV-lərə sərf etməklə özünün siyasi yaşamına şərait yarada bilirdi. Əlbəttə, L.Yunusun və digər qrant alverçilərinin danışacağı halda Ə.Kərimlinin həbs olunma ehtimalı da böyükdür.
Ə.Kərimlinin sözçüsü,AXCP İnformasiya xidmətinin rəhbəri Natiq Adilovun Gürcüstana keçmək istərkən sərhədçilər tərəfindən saxlanmasını təsadüfi hesab etmək olmaz. Belə ki, N.Adilov bir müddət öncə ABŞ-a səfər etmiş və okeanın o tayında uzun müddət qala bilmişdi. Onun səfər zamanı sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin yaxınlarıyla görüşdüyü barədə də dövrəyə məlumatlar ötürülmüşdü ki, Ə.Kərimlinin F.Əliyevlə yenidən əlaqə qurmaq istəyinin baş tutması inkar olunmur. O da inkar olunmur ki, adları qeyd edilən hər iki şəxsin ABŞ xüsusi xidmət orqanları qarşısında öhdəlikləri var. Siyasətlə azacıq maraqlanan hər kəsə aydındır ki, dəfələrlə Azərbaycanda dolanışığının çətin olduğunu bəyan edən N.Adilovun ABŞ kimi ölkədə bir neçə ay yaşaması hansı vəsait hesabına baş tuta bilər. Görünən odur ki, Ə.Kərimlinin itirdiyi “kələfin ucu” ölkə istintaq orqanlarının əlinə keçib.
AXCP sədrindən fərqi olaraq, digər müxalifət nümayəndələrinin L.Yunusu müdafiə etməkdə bir o qədər həvəsli görünməmələrinin arxasında da, son illər ölkəyə axmış böyük qrant vəsaitlərindən pay ala bilməmələri durur.

İsgəndər Həmidovun növbəti fiaskosu

Siyasətdən bir neçə dəfə getdiyini bəyan edən sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun qeyri-ciddiliyinə artıq yaxın tərəfdarları da inanıb. Seçkidən-seçkiyə ümidlənib ortaya düşən İ.Həmidov Milliyətçi Demokrat Partiyasının növbəti qurultayında sədrlikdən imtina edəcəyini bildirib. O, səbəb kimi yaşlandığını, yorulduğunu göstərsə də, əsil həqiqətdə siyasi prespektivsizliyini anlayaraq siyasətdən çəkildiyi aşkarlanıb. “Boz qurd”ların düşdüyü durum daha ağırdır. Tufan Kərimlinin yaratdığı Milli Demokrat adlı partiyadan tamamilə uzaqlaşmış “boz qurd”lar bir müddət Qələndər Muxtarlının ətrafına yığışsalar da, istədikləri kimi yola davam edə bilməyiblər. Etiraf etmək lazımdır ki, “boz qurd”ların sırasında kifayət qədər cəsarətli, Vətən torpaqları uğrunda döyüşlərdə igidlik göstərmiş oğullar var. Nə yazıq ki, həmin oğullar özlərinə lider seçməkdə hələ də problem yaşayırlar.
İ.Həmidovun həbsxana həyatı zamanı təşkilatı qoruyub saxlaya bilmiş, onu ardıcıl olaraq müdafiə etmiş “boz qurdlar”, azadlığa çıxdıqdan sonra liderlərindən yalnız üzüdönüklük, cəsarətsizlik görmək məcburiyyətində qaldılar. Ən qəribəsi odur ki, partiyasını param-parça etmiş İ.Həmidov guya siyasi fəaliyyəti varmış kimi, təşkilatının ən yaxın müttəfiqləri olacaq partiyaların adını açıqlayıb. Həmin sırada AXCP, Müsavat və KXCP partiyalarının adını vurğulayıb. Qəribəlik məhz ondadır ki, Tufan Kərim tərəfindən partiyası əlindən alınana və buna uzun zaman münasibət bildirməkdən çəkinən İ.Həmidov özünü az-çox tanınan və müəyyən qədər siyasi gündəmdə qalmağı bacaran təşkilatlara müttəfiq hesab edir.
Əsil həqiqətdə isə, sabiq DİN naziri növbəti dəfə fiaskoya uğradı ki, bu onun siyasətdən birdəfəlik və uğursuz gedişindən xəbər verir.

“Klassik”lər yeni siyasi şəraitə uyğunlaşa biləcəkmi?

Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi partiya hələlik müəyyən əlamətdar günlərdə fəxri və şəhidlər xiyabanlarını ziyarət etməklə gündəmdə qalmağa nail olmaq istəyini gizlətmir. Sentyabrın 15-də “klassik”lər növbəti dəfə şəhidlər xiyabanında oldular. KXCP-nin müxalifət partiyalarının yeni formatda birliyini yaratmaq cəhdləri hələlik uğursuz alınır. Həmin birliyin alınmamasına əsas səbəbkarın Ə.Kərimli olduğu məlum olsa da, nədənsə “klassik”lərin yetkililəri onunla açıq savaşdan çəkinmiş kimi görünürlər. Əksinə, Ə.Kərimliyə meydan oxumaqdan çəkinməyən baş bayraqdar gözlənilmədən KXCP-dən istefa verməli oldu.
KXCP sədri Mirmahmud Mirəlioğlu, müavini Xəzər Teyyublu, Ali məclisin sədri Bəybala Əbil “Milli şura”nın son sessiyasında iştirak etməyiblər. Çox güman ki, bu AXCP sədri Ə.Kərimlinin KXCP-nin ofisində keçirilmiş bir neçə tədbirə qatılmaqdan imtina etməsinə cavab olub. X.Teyyublu B.Əbilin “Milli şura” nın sessiyasına qatılmamaqlarının səbəbi kimi Bakıdan kənarda olmaları ilə əsaslandırmaqları inandırıcı deyil.

Sərdar Cəlaloğlu hücuma keçir

Yay tətilində müavini Taliyət Əliyevlə Naxçıvandakı Əshabi-Kəhf ziyarətgahını ziyarət etmiş ADP sədri Sərdar Cəlaloğlu digər siyasətçilərdən xeyli aktiv görünür. ADP sədri yeni təkliflərlə çıxış edərək, müxalifətin birləşməsi uğrunda səylər göstərdiyini açıqlayır. AXCP sədrinin tərəfdarları S.Cəlaloğlunun fəallaşmasını qısqanclıqla qarşılayıb ona atmacalar atsalar da, o, tutarlı cavabları ilə “cəbhəçi”ləri məyus edə bilib. Belə ki, “cəbhə”çilər S.Cəlaloğlunun Ümid partiyasının arxasından yapışaraq, nəyə isə nail olmaq istədiyinə işarə vurublar. ADP sədrinin cavabı daha sərt olub: “Əli Kərimli 1995-ci və 2000-ci illərdə deputat mandatı əldə edəndə kimin harasından yapışmışdı?” deyib. Düzdür, Sərdar bəyin son zamanlar siyasətdən kənar mövzulara meyl etməsi-tarixi şəxsiyyətlər barədə mənfi mülahizələr yürütməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da, onun siyasi fəallığı nəzərəçarpacaq dərəcədədir. Çox güman ki, həmin fəallığın nəticəsi olaraq 2015-ci il parlament seçkilərinə qədər S.Cəlaloğlu Müsavat, KXCP, Ümid partiyaları ilə birgə, 2005-ci ildə müxalifətin “Azadlıq” seçki blokuna bənzər müxalifətin yeni formatda birliyinin yaranmasına nail olacaq ki, bu da Ə.Kərimlinin siyasi mənafeyinə xidmət göstərən “milli şura”nın tam dağılmasına səbəb olacaq. Əslində isə “Milli şura” indidən süqut etmiş kimidir. Son sessiyada sıralarına xaricə qaçmış İsa Sadıqovu, Qənimət Zahidi qatmış “Milli şura” daha çox boğulanların saman çöpünə tutunmasına bənzəyir.
“Milli Şura”nın Əli Kərimlinin robotuna çevrilmiş “rəhbər”i Cəmil Həsənli mətbuata verdiyi hər açıqlamasıyla özünü daha gülünc vəziyyətə salır.

Turan Türk

LEAVE A REPLY