Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində süründürməçilik…

0
8

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində süründürməçilik…

Zaur Muradxanlı Səlim Müslümovdan kömək gözləyir.

Zaur Muradov (Muradxanlı) I qrup əlildir. Hərbi xidmət vəzifəsini yerinə yetirərkən ağır xəsarət alıb. 2001-ci ilin iyul ayının 26-da döyüş tapşırığını yerinə yetirən Zaur, elə həmin zamandan işıq üzünə həsrət qalıb. Ancaq ruhdan düşməyib, əlinə düşən ilk imkandan-müasir texnologiyadan istifadə etməklə jurnalist fəaliyyətinə başlayıb. Yəqin ki, “Millətim”in oxucuları Zauru daha yaxından tanıyırlar. Belə ki, o, müxtəlif mövzulara müəlliflik etmiş, hətta “Paraşütçülər” adlı roman üzərində işləmişdir. Təəssüf ki, “Millətim”də işıq üzü görən həmin roman Zaurun səhhətində yaranmış problemlərlə bağlı yarımçıq qalmışdır. O, “Millətim”in əməkdaşı olaraq qalır və müalicəsini bitirdikdən sonra oxucularımız romanın davamını oxuya biləcək.
Yaxşı olar ki, öncə Zauru yaxından tanıyaq və onun üzləşdiyi süründürməçiliyin nədən ibarət olduğunu öyrənib, dərdinə şərik olmağa çalışaq.
Zaur 1978-ci ildə Naxçıvan MR Culfa rayonunun Milax kəndində dünyaya gəlib. Ziyalı ailəsində böyüyən Zaur 1995-ci ildə Milax kənd orta məktəbini əla qiymətlərlə bitirərək, elə həmin il Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub.
1999-cu ildə hərbi xidmət borcunu yerinə yetirməyə başlayıb. Naxçıvanda əskəri xidmət keçən Zaurun hazırlığını yüksək qiymətləndirən komandanlıq onu Bakıya-Peşəkar Xüsusi Təyinatlı qüvvələrin sırasına köçürüb. Orada da fərqlənib, döyüş tapşırıqlarını ustalıqla yerinə yetirdiyinə görə dəfələrlə mükafatlandırılıb, təşəkkürlər ala bilib. Təəssüf ki, növbəti döyüş tapşırıqlarının birində ağır yaralanıb. Qeyd etdiyim kimi, həmin hadisə 2001-ci ilin iyul ayının 26-da baş verib. Müalicəsi Mərkəzi Hərbi Kliniki Hospitalda aparılıb. Həkimlərin səyi nəticəsində həyatı xilas edilən Zaurun, təəssüf ki, gözləri işıq üzünə həsrət qalıb.
Hərbi Həkim Komissiyasının 2001-ci il 26 oktyabr tarixli qərarına əsasən Zaur Bayram oğlu Muradova ömürlük I qrup əlillik dərəcəsi verilib. Mədəni, yüksək əxlaqi keyfiyyətlərə və ən başlıcası böyük iradəyə malik olan Zaur heç bir zaman ruhdan düşməyib, yazıb, yaratmaqla həyatını davam etdirməyə qərar verib.

Ancaq, nə etmək olar? Ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə məmurlara vətəndaşları süründürməmək barədə tapşırıqlar versə də, Z.Muradovun başına gətirilənlər başabəla məmurların hələ də öz çirkin əməllərini davam etdirdiyinin bariz nümuməsidir. Belə ki, Zaur hələ 2005-ci ildə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) müraciət edərək, əlillər üçün nəzərdə tutulmuş avtomaşın almaq istəyənlərin siyahısında yer alıb. Sonradan ailəsi ilə birlikdə Abşeron rayon Masazır qəsəbəsində məskunlaşan Zaur əlaqədar təşkilatlara müraciət edərək, avtomaşın növbəsinin Abşeron rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə köçürülməsini xahiş edir. Buna qədər isə onu bir dəfə Naxçıvan MR ƏƏSMN-ə dəvət edib, tez bir zamanda avtomaşınla təmin ediləcəyinə söz veriblərmiş. Zaur özü bu barədə deyir: “Naxçıvanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəvət aldıqda xeyli sevindim. Orada məni bir daha ümidləndirib, narahat olma, səni 1 ay ərzində avtomaşınla təmin edəcəyik, vədini verdilər. Təəssüf ki, sonradan eşitdim ki, növbəmi başqasına satıblar. Bundan sonra ümidimi Abşeron rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə bağlasam da, onların yalanları üzündən 3 dəfə Naxçıvana getməli oldum. Gah dedilər ki, Naxçıvana sorğu göndərmişik cavabı gecikir, gah da Hərbi-Həkim Tibbi Ekspertizasında olan möhürün solğun olduğunu bəhanə etdilər. Sonunda da həmin Mərkəzin məsul işçisi Maya xanım məzuniyyətdə olduğunu söylədi. Hətta iş o həddə çatdı ki, məndən sürücülük vəsiqəsi tələb edildi. Əgər mən I qrup gözdən əliləmsə, kim mənə sürücülük vəsiqəsi verər ki?”
Zaur uzun get-gəldən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə rəsmi məktub ünvanlanmasına nail olub. Məktubu həmin nazirliyin “Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar” şöbəsinin müdiri Azad Tağızadə 15 avqust 2012-ci ildə imzalayıb.
Abşeron rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru həmin məktubun icrasını öz dərkənarıyla mərkəzin əməkdaşı Maya Cabbarovaya tapşırıb. Əlbəttə, nazirliyin şöbə müdiri A.Tağızadənin imzaladığı rəsmi məktubun məzmunu ilə tanış olmaq maraqlıdır. Bunu nəzərə alıb, məktubun nöqtə-vergülünə toxunmadan “Millətim”in səhifəsinə çıxarmağı qərara aldıq. Məktubda deyilir: “ Abşeron rayon Əhalinin Sosial Müdafiəsi
Mərkəzinin direktoruna

Abşeron rayon sakini, hərbi xidmət vəzifəsini yerinə yetirərkən I qrup əlil olmuş Muradov Zaur Bayram oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək pulsuz avtomaşın almaq üçün növbədə olduğundan nəqliyyat xərci üçün kompensasiyanın ödənilməsinə köməklik olunmasını xahiş etmişdir.
Bildiririk ki, “Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil ilə təmin edilməsi qaydaları haqqında” Respublika Nazirlər Kabinetinin 5 avqust 1993-cü il tarixli 433 saylı Qərarına əsasən Muradov Zaur Bayram oğlu 31.05.2005-ci il tarixindən pulsuz avtomaşın almaq üçün Nazirlikdə növbədə olduğundan ona nəqliyyat xərci kimi kompensasiya ödənilməlidir.
Yuxarıda qeyd olunan Qərara uyğun olaraq Muradov Zaur Bayram oğlu pulsuz avtomaşın alanadək ildə iki dəfə nəqliyyat xərci kimi yaşa görə pensiyanın baza hissəsinin 20 faizi məbləğində pul kompensasiyasının ödənilməsi Sizə tapşırılır.”

Məktubda açıq-aşkar qeyd olunur ki, Muradov Zaur Bayram oğlu 31.05.2005-ci il tarixindən avtomaşın növbəsindədir. Əslində isə Zaur bir neçə il əvvəldən növbəyə dayansa da, məmur süründürməçiliyi sayəsində növbəsi xeyli sonraya atılıb. Yəni, bu bir o qədər fərq etmir. Belə ki, bir neçə aydan sonra Zaurun növbəyə yazılmasının 10 illik “yubiley”i qeyd oluna bilər.
Ölkə prezidenti isə dəfələrlə qeyd edib ki, Müharibə zamanı və döyüş tapşırıqlarını yerinə yetirərkən əlil olmuş şəxslərin avtomaşınla təmin olunması tez bir zamanda həll olunmalıdır. Təəssüf ki, bəzi məmurların səhlənkarlığı, süründürməçiliyi və sirr deyil ki, maddi maraqları ucbatından Zaur kimi zəruri ehtiyacı olan əlillərin problemləri həll edilmir ki, edilmir.
Zaurun bir münasibətini də əlavə etmək yerinə düşərdi: “Bu ilin aprel ayında Abşeron rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə dəvət edib dedilər ki, Sənə avtomaşın veririk. Yenə sevindim. Bir müddət sonra bir daha əlaqə saxladım, bu dəfə tamam başqa “hava” çalındı. Həkim Tibbi Eskpertizasının sənədi olmadığını bəhanə etdilər. Guya həmin sənəddə qeyd olunmalıymış ki, Zaur maşın sürə bilər. Dedim ki, mən bütün sənədləri təqdim etmişəm. Hətta Hərbi-həkimTibbi eskpertizasının I qrup əlilliyim barədə sənədi də Sizə təqdim etmişəm, dedim. Məcbur olub üç dəfə nazirliyə getmişəm. Qəbul şöbəsində əyləşən Famil və Bayram adlı məmurlar yuxarıda əyləşən Kamran müəllimlə əlaqə saxladılar. Bu dəfəki bəhanələri lap gülünc oldu. Söylədilər ki, Naxçıvana sorğu göndərmişik, hələ cavabı gəlməyib. Necə olur ki, nazirliyin rəsmisi Abşeron rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoruna yazdığı rəsmi məktubda açıq-aşkar qeyd edir ki, Muradov Zaur 31.05.2005-ci ildən nazirlikdə avtomaşın növbəsindədir, ancaq məni yenidən aldadırlar ki, Naxçıvana sorğu göndərmişik. Həmin yalanın axırına çıxmaq üçün bu ilin avqust ayında Naxçıvana səfər edib, orada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində oldum. Heç bir sorğunun göndərilmədiyini dəqiqləşdirdikdən sonra, belə qənaətə gəldim ki, mənim gözlərimin görməməsindən istifadə olunaraq, açıq-aşkar süründürməçiliklə məşğuldurlar. Hələ ümidimi itirməmişəm. Nazir Səlim Müslümova inamım böyükdür. Onun çıxışlarını daima izləyirəm. İnanıram ki, süründürməçiliklə məşğul olan məmurların bir-bir “dərs”lərini verəcək.
Sizdən isə xahiş edirəm ki, mənim səsimi cənab S.Müslümova çatdırın. Ona inanıram. Ümidim bu dəfə də boşa çıxsa, mütləq ölkə prezidentinə və ehtiyacı olan hər kəsin qayğısına qalan ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edəcəyəm”.
Düşünürəm ki, birinci qrup əlil, “Millətim”in əməkdaşı, həmkarımız Zaur Bayram oğlu Muradovun rastlaşdığı qanunsuzluq və süründürməçilikdən ətraflı söhbət aça bildim. Necə deyərlər, yazması bizdən, oxuyub, eşidib, gözlərinin nurunu Vətən yolunda itirmiş Vətən övladına yardım edilməsi isə Səlahiyyətlilərimizdən.

Nihat

LEAVE A REPLY