Şəmkir təhsilində “qiyamət”…
Yeni təhsli ilinin başlanğıcı deyəsən bəzi təhsil müəssələrində və təhsil idarələrində heç də sakit, səssiz-küysüz olmayacaq. Təhsildə aparılan dəyişikliklər və yoxlamalar bir çoxlarının eyiblərini üzə çıxardıb, bir çoxlarının isə qanunsuz fəaliiyətlərini ifşa edib. Elə Şəmkir rayon təhsil şöbəsindəki kimi.
Artıq neçə gündür rayon ərazisindəki məktəblərdə qalaqlanmış problemlər və neqativ hallarla bağlı KİV-lərdə ardı arası kəsilməyən məlumatlar getməkdədir. Hətta, bunların içərsində elə məlumatlar da yer aldı ki, baş verən hadisələri nə milli mentalitetimizə, milli dəyərlərimizə, nə də əxlaqi normalara sığışdırmaq mümkün olmadı. Məsələn, ötən həftə məlumat yayıldı ki, Şəmkirin Mahmudlu kəndində 1956-ci il təvəllüdlü Cəfərov Ramiz adlı məktəb direktoru ilə həmin məktəbdə uşaq təşkilatının rəhbəri çalışan 35 yaşlı xanımın eşq macərası acı sonluqla bitib. KİV-lərin məlumatına görə, xanımın telefonunda direktorun eşq dolu mesajlarını ələ keçirən əri onu bıçaqlayaraq xəstəxanalıq edib. Hazırda həmin xanım Bakıdakı xəstəxanaların birində yatır. Qadının ərini isə bu əməlinə görə həbs edib, barəsində cinayət işi açıblar. Ortada isə bir azyaşlı uşaq qalıb. Kənd camaatı isə öz işçisi ilə eşq macərası yaşayan direktorun nəinki tutduğu vəzifəsindən, hətta pedoqoji fəaliyyətdən uzaqlaşdırılmasını tələb edirlər. Təhsil Nazirliyi və Rayon Təhsil şöbəsi isə bu biabırçılığı ört-basdır etməyə çalışır. Bəlkə də bu hadisəyə məişət zəminində baş verən sıradan bir hadisə kimi də baxmaq olar. Amma söhbət gənc nəslin təlim tərbiyəsindən, onun gələcək psixoloji və mənəvi davranışlarının aşılandığı məkanda çalışanların əməllərindən və davranışlarından gedirsə, artıq bu ictimai xarakter daşıyır. Buna sadəcə, diqqət yetirməmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, şagird üçün təkcə müəllimin verdiyi dərs, bilik önəm daşımır, həm də həmin müəllim xarakterinə, daxili-mənəvi keyfiyyətlərinə, hətta, xarici görkəminədək etalona çevrilir. Ona görə də digər peşə sahiblərindən fərqli olaraq müəllim peşəsi daim diqqət mərkəzində olan, nümunə rolu oynayan peşədir. Lakin böyük bir təhsil ocağına rəhbərlik edən direktorun başqa çatışmamazlıqlarının üzərindən bəlkə də keçmək , ona göz yummaq olar. Lakin belə xoşagəlməz hadisənin gizlədilməsinə göstərilən cəhd, onun nəinki həmin vəzifədə qalmasına, hətta bundan sonra pedaqoji fəaliyyətlə məşğul olmasına şərait yaradanlar gənc nəslin təlim-tərbiyəsinə vurulan ciddi zərbənin məsuliyyətini birgə daşıyırlar. Üstəlik də, Mahmudlu kənd orta məktəb direktoru cənab Cəfərov Ramizin diğər qanunsuz əməlləri də aparılan yoxlamanın nəticəsi olaraq üzə çıxıb. Məlum olub ki, həmin məktəbdə ingilis dili müəllimi işləyən qızı Cəfərova Aytən Ramiz qızının, dil-ədəbiyyat müəllimi Namazova Sara Nadir qızının və ibtidai sinif müəllimi Məmmədova Lena Rəfael qızının diplomları saxtaymış. Güya onlar ixtisasları üzrə ali təhsillərini Gürcüstanda alıblar. Bu qalsın bir tərəfə hər üç müəllimin işə qəbulu isə Təhsil nazirliyinin qəbul etdiyi qaydalar üzrə deyil, şəxsən birbaşa həyata keçirilib. Vakant yerləri gizli saxlayan R.Cəfərov havadarı olan rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski ilə bərabər kadrları öz bildikləri kimi işə götürür, öz mülahizələrinə və maraqlarına uyğun yerləşdirirlər. Yeri gəlmişkən, məktəbdə ingilis dili müəllimi işləyən Məmmədova Tamara Hüseyn qızının uzaqlaşdırılması da qaranlıq məqamlardan xəbər verir. Yəqin ki, rayon məhkəməsinın bu qaranlıqları aydınlatmağa gücü çatacaq. Aldığım məlumatlara görə Şəmkir Rayon prokurorluğunda təkcə Mahmudlu kənd orta məktəbində deyil, rayon ərazisindəki digər məktəblərdə olan neqativ və qanunsuz hallarla bağlı araşdırma aparılır. Təbii ki, qanunsuzluqlarla bağlı aparılan mübarizə təqdirə layiqdir. Lakin bu araşdırmalar və yoxlamalar görüntü xarakteri daşıyacaqsa, hansısa məmurun əlavə gəlir və rüşvət mənbəyinə xidmət edəcəksə, yaxud da, daha bir cəzasızlığa gətirib çıxaracaqsa “təhsil bizim gələcəyimizdir” ritorikası da, qanunların aliliyinin qorunması və hüquq-mühafizə orqanlarının qanunlarımzın keşiyində durmaları barədə deyilənlər öz əhəmiyyətini itirəcək. Bütün bu mələlərlə bağlı istər Təhsil Nazirliyi, İstər Şəmkir rayon prokurorluğu, istər rayon icra strukturları ilə əlaqə saxlamağa çalışsaq də cəhtlərimiz baş tutmadı və əlaqədar dövlət qurumlarından müfəssəl məlumat ala bilmədik. Amma yenə də bu ictimai məna daşıyan məsələyə aydınlıq gətirilməsini istərdik.
Orxan Dağlı