Müsavatdakı gizli qruplaşmanın arxasında kim durur?

0
5

Müsavatdakı gizli qruplaşmanın arxasında kim durur?

İsa Qəmbər mövqeyini gizlədə bilmədi.

Müsavat partiyasının qurultayını keçirəcəyi günə çox az qalsa da, başqanlıq yarışında kimin qələbə çalacağına aydınlıq gətirmək hələlik mümkün deyil. Təşkilat son illərin ən çətin günlərini yaşamaqdadır. Əslində isə Müsavat partiyasında dağılma prosesi gedir ki, bunu müəyyən etmək o qədər də mürəkkəb məsələyə bənzəmir.
Başqanlıq yarışının son zamanlara qədər favoriti sayılan Arif Hacılı mövqeyini xeyli zəiflədib. Müsavat başqanının müşaviri Səxavət Əlisoydan nümunə, götürüb vəzifəsindən istefa verən A.Hacılıya qarşı birləşmiş partiyadaxili qrupların fəaliyyəti öz bəhrəsini verməkdədir. Belə ki, qarşı tərəf A.Hacılının iqtidarla gizli əlaqələrinin olduğunu təbliğatlarının əsas mövzusuna çevirib. Onun Ümid partiyasının sədri İqbal Ağazadənin vasitəçiliyilə iqtidarın bəzi rəsmilərinə müraciət göndərdiyi söylənilir. A.Hacılının 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən həmin müəssisənin rəhbərliyinin yardımı sayəsində dövlət rəsmilərinə etiraf məktubu yazdığı da son günlərin müzakirə mövzusuna çevrilib. Təbii ki, rəqiblərin təbliğatı onu dəstəkləyənlərin sayını əhəmiyyətli dərəcədə azaldıb.
A.Hacılının bu ərəfədə hətta əsəblərini cilovlaya bilməməsi, bir neçə dəfə rəqibləriylə əlbəyaxa savaşa qalxması partiya daxilində ciddi etiraza səbəb olub.

A.Hacılının tərəfdarlarını itirməsindən yararlanmağı isə İsa Qəmbərin sabiq müşaviri Səxavət Əlisoy bacarıb. Bir neçə ay öncə şansı ən aşağı qiymətləndirilən S.Əlisoyun hətta seçkinin birinci mərhələsində qələbə çalacağı ehtimal edilir. Düzdür, onun əslən naxçıvanlı olması rəqiblərinin əsas tənqid arqumenti kimi istifadə olunmağa başlanıb. Rəqibləri S.Əlisoyun bir müddət öncə Müsavat partiyasını tərk etmiş Sülhəddin Əkbər və İbrahim İbrahimli ilə eyni regiondan olmasını xüsusi olaraq vurğulamaqdadırlar. Ancaq sabiq müşavirin dönməz mübarizə adamı olduğunu qəbul edənlərin sayı kifayət qədərdir. Onun 2010-cu il parlament seçkilərində Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova rəqiblik edə bilməsi xüsusi olaraq müsbət dəyərləndirilir.
Tanınmış iqtisadçı Qubad İbadoğlu da fəal görünür. Bu arada rəhbərlik etdiyi Qeyri Hökumət Təəşkilatının (QHT) fəaliyyəti ilə bağlı prokurorluq tərəfindən dindirilən Q.İbadoğlunun zəif siyasətçi olduğu barədə münasibətlər səslənsə də, Müsavat başqanı İ.Qəmbərin və ona yaxınlığı ilə seçilən qrupların Qubad bəyə açıq dəstək verməyə başlamaları iqtisadçının mövqeyinə xeyli əlavə güc qata bilib. Böyük ehtimalla qurultay nümayəndələri A.Hacılının məhz həmin səbəbdən Müsavat başqanını sərt tənqid etməyinə şahidlik edəcəklər.
Mövqeyini daima ustalıqla gizlətməkdə mahir olan İ.Qəmbərin Q.İbadoğluna açıq dəstək verməsi A.Hacılını yetərincə məyus edib. A.Hacılının yaxın ətrafından aldığımız məlumata görə, o, başqanın 22 illik fəaliyyətsizliyi barədə çıxış hazırlayıb ki, həmin çıxış Müssvat partiyasının dağılmasına səbəb ola bilər. Aldığımız məlumatda A.Hacılının Müsavat başqanını ayrı-ayrı iqtidar məmurlarından uzun illər ərzində böyük miqdarda maliyyə vəsaiti aldığı barədə “şok” məlumatlar verəcəyinə işarə vurulur. Məlumatda A.Hacılının əsasən İ.Qəmbərin xaricdə yaşayan qardaşının Q.İbadoğluna açıq dəstək verməsindən sonra əsəbləşdiyi bildirilir. A.Hacılı “başqanın razılığı olmasaydı,qardaşı belə mövqe sərgiləməzdi” deyib.

Müsavatçı gənclərin lideri sayılan Tural Abbaslının da iddialı olduğu görünəndir. Gənclərin böyük əksəriyyəti onu dəstəkləyəcəklərini birmənalı bəyan edib. Son zamanlar əksər bölgələrə səfər edən T.Abbaslı görüşlərində “qoca” müsavatçıları sərt tənqid atəşinə tutub. Müsavat partiyasının 22 illik uğursuz fəaliyyəti məhz İ.Qəmbərin, A.Hacılının və digər “qoca”ların adına yazılıb. Gənclər Müsavat partiyasında müsavatçılıqdan əsər-əlamət qalmadığı qənaətinə gəliblər.
İndi bir çoxları Müsavatın toparlanıb qurultay keçirə biləcəyinə şübhəylə yanaşır. İ.Qəmbər tərəfindən müxtəlif bəhanələrin səsləndirib, qurultayın uzun müddətə təxirə salınacağını söyləyənlər də çoxdur. Başqan partiyadaxili vəziyyətdən ehtiyatlanmağa başlayıb. 22 illik başqanlıq “karyera”sının böyük uğursuzluqla sonuclanacağı onu bərk narahat etməyə başlayıb. İ.Qəmbərin başqanlığa namizədlərlə ayrı-ayrılıqda apardığı müzakirələr də səmərəsiz olub. Əksinə, sabiq müşaviri S.Əlisoy İ.Qəmbəri mövqesizlikdə suçlayıb.

Müsavat daxilində daha bir gizli qruplaşmanın olduğu da aşkarlanıb ki, həmin qruplaşmaya “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun rəhbərlik etdiyi söylənilir. Belə ki, “Yeni Müsavat”ın baş yazarı başqanlığa iddialı olsa da, son zamanlar sürətlə itirilən mövqeyindən ehtiyatlanaraq namizədliyi irəli sürməkdən vaz keçib. Onun rəhbərlik etdiyi qrup qurultayın təxirə salınması üçün çalışır. Qurultay 2015-ci ilə qədər təxirə salındığı təqdirdə, R.Arifoğlunun başqanlıq uğrunda yarışa qoşulacağı şübhəsizdir. O, gələn il keçiriləcək parlament seçkilərində uğur qazanmaq naminə aktiv siyasi fəaliyyətə-real müxalifətçiliyə başlayacağı barədə yaxın ətrafına mövqeyini açıqlayıb.

Müsavatın elan etdiyi qurultayın keçiriləcəyi günə sayılı günlər qalıb. Təşkilat bu ərəfədə demokratik prinsiplərə uyğun fəaliyyət göstərdiyini cəmiyyətə təqdim etməyə çalışsa da, əsil həqiqətdə görünən odur ki, Müsavatda anarxiya-tarixində yaşamadığı hərcmərçilik baş alıb gedir. Müsavatın ana müxalifətçilik uğrunda əzəli rəqibi sayılan AXCP isə belə məqamdan istifadə etməkdə qərarlı görünür. AXCP sədri Əli Kərimlinin Müsavatdakı emissarları yenidən AXCP ilə birləşməyə və Ə.Kərimlini birləşmiş təşkilatın başqanı etməyə çağırışlar səsləndirməklə hərəkətə keçiblər.

Zaur

LEAVE A REPLY