“Əksər müxalifət təşkilatları ermənipərəst beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliyinə çevriliblər”

0
5

“Əksər müxalifət təşkilatları ermənipərəst beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliyinə çevriliblər”

Ramiz Tağıyev:“Avropa liberal ittifaqı hara, müsavatçılıq hara? Və yaxud, bütün münasibətlərini Türkiyə üzərində quran Elçibəy AXC-sinin Qərbin köləsinə çevrilməsi nə qədər qəbulediləndir?”

“Türkiyə müxalifəti uğursuz Azərbaycan variantından istifadə etməklə öz məğlubiyyətinə şərait yaratdı”

(Əvvəli ötən saymızda)

-Türkiyədə keçirilən son seçkilərin nəticələri sizi qane edirmi? Ərdoğanın prezidentliyi dönəmində Azərbaycana münasibəti necə olacaq?

-Əsas odur ki, oradakı seçkilərin nəticələri qardaş ölkədə yaşayan Türk millətini qane etsin. Mən, onların seçiminə hörmətlə yanaşıram. Əlbəttə, hər zaman türk millətçilərinin-MHP-nin uğur qazanmasını arzulamışam. Düşünürəm ki, onlar hakimiyyətə gəlsələr Azərbaycanla bağlı daha qətiyyətli mövqe sərgiləyərlər. Ancaq onu da etiraf etmək lazımdır ki, Ərdoğan 10 illik baş nazirlikdən sonra prezident seçkilərində qələbə qazanıb. Bu, onun ağıllı siyasətçi olmasından xəbər verir. Seçkidə topladığı səs bir o qədər arxayınlaşmağa imkan vermir. Türkiyə müxalifəti uğursuz Azərbaycan variantından istifadə etməklə öz məğlubiyyətinə şərait yaratdı. Ekmələddin İnsanoğlu nüfuzlu şəxsiyyət olsa da, onun siyasi fiqur olmaması seçkinin nəticələrinə təsir göstərdi. Mənə elə gəlir ki, ən şanslı namizəd MHP başqanı Dövlət Baxçalı ola bilərdi. Digər müxalifət partiyaları onun namizəd olmasını qəbul etsəydi, vəziyyət büsbütün fərqli ola bilərdi.
Ərdoğanın prezidentliyi dönəmində Azərbaycana münasibət dəyişməyəcək. Yəni, əvvəllər necə olubsa, o xətlə davam edəcək. Türiyədə iqtidarda hansı partiyanın olmasından asılı olmayaraq, qardaş Cümhuriyyətin bizə olan münasibəti daima yaxşı olacaq. Əlbəttə, iqtidarda olanların qətiyyəti böyük önəm kəsb edir. Kipr məsələsində rəhmətlik Bülənt Ecevitin cəsarəti və qətiyyəti böyük rol oynamışdı. Təəssüf ki,qardaş Cümhuriyyətin AKP iqtidarı İraq və Suriya məsələsində qətiyyət nümayiş etdirə bilmədi. Bu gün İrada türkmənlərin əzab çəkməsi məhz həmin qətiyyətsizliyin nəticəsidir. Türkiyə regionda baş verənlərə biganə qalmamalıydı. Ölkəmizin prezidenti cənab İlham Əliyev elə bu yaxınlarda açıq-aşkar bəyan etdi ki, Azərbaycan ən çətin anlarında təkləndi, heç yerdən yardım almadı. Bunun nəyə işarə olduğunu anlamaq çətin deyil. “Uman yerdən küsərlər” deyiblər. Düşünürəm ki, Ərdoğan Qarabağ probleminin həllində daha aktiv olacaq, qətiyyətli münasibət sərgiləyəcək. Bizim prezidentimiz qardaş Cümhuriyyət barədə söylənən iftiralara kəskin cavab verməklə, əsil qardaşlığın necə olduğunu dəfələrlə nümayiş etdirib.

-Bəzi beynəlxalq təşkilatlar ölkəmiz barədə xoş olmayan münasibətlər bildirirlər. Nədən qaynaqlanır belə münasibətlər?

-Onların münasibətini ciddi qəbul etmirəm. 20 ildən artıq bir zamanda bütövlükdə Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirən beynəlxalq təşkilatların ölkəmizdə baş verən hər hansı həbs hadisəsinə “çevik” münasibət bildirmələri gülüncdür. Onların qeyri obyektivliyini sübut etmək üçün Qarabağ probleminə olan biganə münasibətlərini görmək lazımdır. Beynəlxalq təşkilatların həmin problemin həllində konkret addımlarını görməyincə, onların hər hansı münasibətini ciddi qəbul etmək fikrindən çox uzağam. Açıq söyləyim, müsəlman ölkələrinə, o cümlədən Azərbaycana qarşı hədsiz ögeylik görürəm. Görürsünüz, Ukraynaya aqressiya nümayiş etdirən Rusiyaya qarşı necə konkret tədbirlərə əl atılır. İşğalçı Ermənistanın isə hələ də “başı” tumarlanır. Bu azmış kimi hələ həmin beynəlxalq aləm Türkiyə-Ermənistan sərhədlərinin açılmasını tələb edirdilər. Ermənistana embarqo qoymaq əvəzinə, belə tələbin hansı məqsəd daşıdığını dərk etmək çətindirmi? Bizim içimizdəki satqınlar buna diqqət yetirmək əvəzinə, bəzi beynəlxalq təşkilatların qeyri-obyektiv hesabatlarını alqışla qarşılayırlar. Əslində isə müxalifət beynəlxalq təşkilatların Azərbaycana olan münasibətini daha sərt tənqid etməlidir. Qardaş Türkiyə Cümhuriyyətində belədir. Bizdə isə əksinə, əksər müxalifət təşkilatları ermənipərəst beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliyinə çevriliblər. Belə mövqe ilə iqtidara gəlmək istəyirlər. Nökər psixologiyasına malik olanların hakimiyyətə gəlmələrinin hansı fəsadlar törədəcəyini öncədən proqnozlaşdırmaq bir o qədər çətin deyil.

-Ölkəmizdə də bəzi səhvlər Beynəlxalq təşkilatların etirazına səbəb olur. Elə götürək Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevin məhkəməyə cəlb edilməsini…

-Burada qəribə nə isə axtarmaq lazım deyil. Özünü ziyalı adlandıran şəxs başqalarına qarşı təhqirdən, böhtandan istifadə etməz. Nə olub ki, gərək elə hər yetən polisin üstünə hücum çəksin? Olmaz…Əvvəla, ona görə ki, Azərbaycan polisi 20 il bundan öncəki polis deyil. Yenə qeyd edirəm, ölkədəki sabitliyə görə Azərbaycan polisinə minnətdar olmalıyıq. Neçə-neçə polisimizin müqəddəs torpaqlarımız uğrunda şəhid olduğunu hər an xatırlamaq lazımdır. Polisdə çalışanlar bizim qardaşlarımız, övladlarımız deyilmi? Biri polisin papağını tolazlayır, digəri onların asılmasını tələb edir. Tədbir görülməsə, daha nələr baş verər? Əlbəttə, əksər müxalifət nümayəndələri polisin qanunsuz askiyalar keçirilməsinə imkan verməməyindən narazı ola bilər. Ancaq bir sual ortalığa çıxır; görən, həmin müxalifət nümayəndələri iqtidara gəlsələr, polisdən sabitliyin qorunmasını tələb etməyəcəklərmi?
Digər tərəfdən,E.Quliyev hansı ziyalılar birliyinin sədridir? Üç-dörd nəfəri ətrafına toplayıb, bütün Azərbaycan ziyalıları adından danışmağa onun haqqı çatırmı? O, təşkilatının adından Azərbaycan kəlməsini mütləq çıxarmalıdır.

-Belə görünür, siz E.Quliyevin cəzalandırılmasının tərəfdarısınız?

-Əlbəttə, həbs edilməsinin tərəfdarı deyiləm. Ancaq polisdən üzr istəməlidir. O da, Leyla Yunus da. Xaricilərin qarşısında boyunlarını bükənlər, yaltaqlananlar, özümüzkülərin üstünə “kişi”lənməkdən vaz keçməlidirlər.

-Yeri gəlmişkən, siz daha öncə Müsavat Partiyası və AXCP-nın də adlarından imtina etməklərini məsləhət bilmişdiniz. Buna həra hansı arqumentləriniz var?

-Müsavat və eləcə də AXC adı ilə hamımız qürur duyuruq. Hər iki təşkilat zamanında böyük tarixi missiyanı ləyaqətlə yerinə yetirib. Babalarım Müsavat ideologiyasına xidmət göstəriblər. Hər iki babam həmin ideologiyanın daşıyıcısı olduqlarına görə “37” repressiyasına məruz qalıblar. Hətta ana babam iki dəfə-həm Çar Rusiyasının, həm də SSRİ imperiyasının repressiyasına məruz qalıb. Anamın atası Bağır kişi 1914-15-ci illərdə millətçi kimi dahi yazıçımız Məmməd Səid Ordubadi ilə birlikdə Çaritsın da (indiki Volqoqrad) sürgün həyatı yaşamalı olub. Ata babam Məşədi Rzaqulu kişi 1918-ci ildə Ordubabda və eləcə də Zərgəzurda ermənilərə qarşı vuruşan könüllülərə rəhbərlik edib. Məhz həmin səbəbdən də SSRİ zamanında Azərbaycan NKVD-sində çoxluq təşkil edən ermənilər tərəfindən bir dəfə həbs edilib, ikinci dəfə isə, yəni 1937-ci ildə ailəlikcə Qazaxıstan çöllərinə sürgünə göndərilib. Nə qədər qəribə olsa da, sürgünə göndərilən zaman Məşədi Rzaqulu kişinin 75 yaşı olub.
Məndə mübarizədən kənarda qalmamışam. 1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatının fəallarından olmuşam. Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasında, uğurlarında müəyyən xidmətlərim olub. Mənim kimi çoxları var ki, yaratdığımız, uğura daşıdığımız AXC-nin varisləri hesab olunan təşkilatlar tərəfindən dəfələrlə təhqirə, böhtana məzur qalmışıq. Bu bizim haqqımızdırmı? Özlərini Müsavatın, AXC-nin varisləri hesab edən təşkilatların düşdüyü gülünc vəziyyət ürək acıdır.

-Həmin təşkiltların fəaliyyətində nələr size qane etmir?

-Söhbət tək mənim qənaətimdən getmir. Məsələ həmin təşkilatların Məmmədəmin Rəsulzadə, Elçibəy yolundan tam uzaq düşmələriylə bağlıdır. Həmin təşkilatlar hər iki liderin hədsiz sevdikləri Türkiyədən, türkçülükdən birmənalı uzaqlaşıblar. Avropa liberal ittifaqı hara, müsavatçılıq hara? Və yaxud, bütün münasibətlərini Türkiyə üzərində quran Elçibəy AXC-sinin Qərbin köləsinə çevrilməsi nə qədər qəbulediləndir? Təbii ki, bu gün onlar həmin kursu münasib biliblər, öz işləridir. Ancaq bütün bunları Rəsulzadənin, Elçibəyin yolu olduğu adıyla cəmiyyətə sırımaq xəyanətdir.

-Bildiyiniz kimi M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə bu gün Müsavat partiyasında təmsil olunur. Məgər o, Müsavat partiyasının bu günkü səhvlərini görmürmü? Bəs nə üçün etiraz etmir?

-Rəis bəyə böyük hörmətim var. Onlarla nəsillikcə yaxın olmuşuq və bu gün də yaxınlıq davam edir. Onun atası-Böyük Məmmədəmin Rəsulzdənin oğlu Azər Rəsulzadə Qazaxıstanda sürgündə olarkən valideynlərimə, eləcə də əmilərim Murtuz və Sadıq Sadıqlıya müəllimlik edib. Sonradan Qazaxıstanın Karaqanda şəhərinə köçmüş Azər müəllimlə əmilərim ömrünün axırına qədər əlaqə saxlayıblar. Azər müəllim dünyasını dəyişdikdə əmim-professor Murtuz Sadıqlı Ümummilli liderimiz Heydər Əliyevin qəbuluna getmiş və onu məlumatlandırmışdı. Məhz ondan sonra H.Əliyev Azər müəllimin cənazəsinin Bakıya gətirilməsi üçün xüsusi təyyarə ayrılmasına göstəriş vermişdi. Xatırlayırsınızsa, bir neçə il bundan öncə “Yeni Müsavat” qəzetinə müsahibə verən, hazırda Qırğızıstanda ölkəmizin səlahiyyətli səfiri, hörmətli Hidayət Orucov söylədiklərim barədə ətraflı məlumat vermişdi. Bunları xatırlatmaqda məqsədim M.Ə.Rəsulzadə nəslinə olan münasibətimizi açıqlamaqdır. Rəis bəyi həmin nəslin layiqli davamçısı hesab edirəm. Gözəl ziyalı, yüksək əxlaqlı insandır. Ancaq siyasətçi deyil. Müsavat partiyasına üzvlüyü babasının xatirəsini əziz tutmasıyla bağlı ola bilər. Onun xəstələnməsini təəssüflə qarşıladım. Ölkə prezidentinin Rəis bəyi Almaniyaya müalicəyə göndərməsi bir daha cənab İlham Əliyevin böyüklüyünün təsdiqidir. Mənə elə gəlir ki, Rəis bəyin müalicəsini təmin etmək dəbdəbəli həyat sürən, bahalı maşınlarda gəzən, övladlarını dünyanın ən bahalı univetsitetlərində təhsil verməyə qadir olan Müsavat “boss”larının işi olmalıydı. Özləri dünyanın istənilən məkanına səyahət edə bilirlər, ancaq nə yazıq ki, ağır xəstəlik keçirmiş partiyadaşlarını xaricə müalicəyə göndərə bilmirlər. Sabiq müsavatçı, Müsavat partiyasına xeyli xidmət göstərmiş yazıçı Vaqif Səmədoğluna da ölkə rəhbərliyindən savayı kimsə diqqət göstərmədi. M.Ə.Rəsulzadənin isə ən çətin zamanında belə soydaşlarının köməyinə yetişdiyini tarix təsdiq edib. Müsavatın tarixini öyrənib, onu gələcək nəsilə təbliğ etməkdən başqa yol görmürəm. Həmin təşkilat öz tarixi missiyasını 1918-20-ci illərdə ləyaqətlə yerinə yetirib.

-Bəs, AXCP-nin suçu nədən ibarətdir?

-Mənə Əbülfəz Elçibəyin bir qohumunu və yaxud yaxın dostlarından birini göstərin ki, AXCP-də təmsil olunsun. AXC-ni yaradanlardan orada kim qalıb? Əksinə, qeyd etdiyim kimi, özünü AXC-nin varisi hesab edən təşkilat- AXCP ancaq Milli Azadlıq Hərəkatında müstəsna xidmətləri olmuş şəxsləri ləkələməklə- şər-böhtan atmaqla məşğuldur. İş o yerə çatıb ki, bir zamanlar AXC-yə millətçi təşkilat kimi yanaşan, sıx əlaqələr quran Türkiyə millətçiləri AXCP-dən bir dəfəlik üz çeviriblər. Budurmu, Ə.Elçibəyin davamçılarıyıq deyənlərin siyasi kursu? Budursa, onların AXCP adını daşımağa mənəvi haqları çatmır. Ə.Elçibəyin dünyasını dəyişmə xəbərinə qol götürüb oynayanlar, indi onun şəklini başı üstünə asıb, siyasi dəllallıqla məşğuldur.
AXC ən şərəfli yol keçmiş, SSRİ imperiyasına qarşı ləyaqətlə mübarizə aparmış XX əsrin ən böyük təşkilatı olub. Onun tarixdə belə xatırlanmasını istəyirəm.

-AXCP adından istifadə edən başqa təşkilatlar da var. Onlara münasibətiniz necədir?

Ardı var…
Nicat Sadiq

LEAVE A REPLY