Son cəbhə olayları müxalifətin çoxillik tezislərindən birini də yerə vurdu
Ramiz Tağıyev: “Bu hadisələr bir daha sübut etdi ki, müxalifətin uzun illər üzərində işlədiyi bir piar kampaniya da fiaskoya uğradı”
Azərbaycan-Ermənistan döyüş xəttində gərginliyin bir neçə gün ərzində davam etməsi yeni bir mənzərəni ortaya qoydu. Bəlkə də heç kimin gözləmədiyi şəkildə ölkədə tam bir müharibə ab-havası yarandı, insanlar orduya yazılmaq üçün komissarlıqlara axın etdi. Ermənistan ordusunun cəbhə xəttində Azərbaycan Ordusunun mövqelərinə qəfil hücum etməsindən sonra yaranmış vəziyyət ölkədə geniş əks-səda doğurmaqla yanaşı, müharibə çağırışlarını da aktuallaşdırdı. Son günlərin müşahidələri onu deməyə əsas verir ki, Azərbaycan xalqı Vətən müharibəsi ab-havasına köklənib. Hətta mətbuatda belə bir fikirlər səslənir ki, hazırda torpaqlarımızın işğaldan azad edilməsi naminə Vətən müharibəsini başlatmaq üçün unikal şans yaranıb. İlk dəfədir ki, xalq heç bir təbliğat, çağırış olmadan müharibəyə bu şəkildə kökləndi. Cəbhə xəttində baş verənlər ictimaiyyəti silkələyib və gözlənilmədən ölkədə güclü savaş ovqatı yaranıb. Hətta Müdafiə Nazirliyi xalqa müraciət edərək orduya verilən dəstəyə görə təşəkkürünü ifadə etdi. Məhz bu vəziyyəti görən Ermənistan rəhbərliyi Rusiya prezidenti Putinə müraciət edərək, Azərbaycanı hərbi əməliyyatlardan yayındırmaq xahişini etdi. Bu vəziyyət həm də uzun illərdir müxalifətin əlində bayraq etdiyi bir şüarı da darmadağın etdi. Onlar iddia edirdi ki, iqtidar uzunmüddətli atəşkəs rejimini saxlamaqla xalqın döyüş və vətənpərvərlik ruhunu sındırıb. Son hadisələr müxalifətin üzərində daha çox manipulyasiya etdiyi bu fikrin də əsassızlığını sübut etdimi? Milli Azadlıq hərəkatının tanınmış üzvlərindən, CANP-nın sədri Ramiz Tağıyev açıqlamasında bildirdi ki, yaşananlardan heyrətə gəlib. Onun sözlərinə görə, bunun bir sıra səbəbləri var: “Mən 90-cı illərin əvvəlində müharibəni Naxçıvanda görmüşəm. Həmin vaxtda əhalidə böyük ruh yüksəkliyi vardı. Əhali düşmənə qarşı yumruq kimi birləşmişdi. Sədərəkdə bir güllə atılanda Ordubaddan, Culfadan axın-axın insanlar könüllü, əliyalın köməyə gedirdi. Bəlli səbəblərdən sonra atəşkəs əldə olundu. Bəzi partiyalar iqtidarı xalqın milli ruhunu sındırmaqda tənqid edirdi. Demək olar ki, belə fikirlərə tez-tez rast gəlirdik. Ancaq son hadisələr məni də təəccübləndirdi. Bu, əhali arasında, sosial şəbəkələrdə, küçələrdə hiss edildi. Yaşından asılı olmayaraq, hamı könüllü cəbhəyə yollanmaq istəyirdi. Mən rast gəldim ki, cəmiyyətin çox tanınmış adamları könüllü cəbhəyə yollanmaq üçün Prezidentə açıq müraciət edirdi. Bunların heç biri populizm deyildi. Bəli, bu hadisələr bir daha sübut etdi ki, müxalifətin uzun illər üzərində işlədiyi bir piar kampaniya da fiaskoya uğradı. Siz təsəvvür edin ki, ölkə başçısı cəbhəyə getməklə bağlı xalqa müraciət etsə, hansı ab-hava yaranar? İnandırım ki, milyonların marşını görərik. Şəxsən mən millətimin bu halı ilə qürur duydum.
Məhəmmədəli QƏRİBLİ